Məhkəmə qərarları › İş №2-2(103)-834/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-834/2022

17.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-834/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2022-ci il tarixli qərardadından ərizəçi İdarənin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İdarə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan, iş üzrə Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsi məqsədi ilə sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə ərizənin, ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, iş üzrə maraqlı şəxs olan A.X1 Respublikası, Naxçıvan şəhəri, Şəhriyar küçəsi, döngə 6-da yerləşən 3 saylı evdə qeydiyyatdadır. Buna görə də, ərizə Bakı Kommersiya Məhkəməsinə deyil, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə verilməlidir. Ərizəçi İdarə həmin qərardaddan Bakı Kommersiya Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Bakı Şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş və ərizəyə əlavə edilmiş arayışdan görünür ki, iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Bakı Kommersiya Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 355-5.2-ci maddəsinə görə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə hesab edir ki, MPM-nin 355-5.2-ci maddəsində nəzərdə tutulmuş “yaşayış yeri” anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən müəyyən olunmalıdır. Belə ki, həmin maddəyə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İşdə olan sənədlərdən görünür ki, iş üzrə Maraqlı şəxs ünvan 3 ünvanında yaşayır. Bu baxımdan Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsi ərizəni yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Buna görə də, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı ləğv edilməli və ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2022ci il tarixli qərardad ləğv edilsin və ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “vergi ödəyicisinin (Maraqlı şəxs) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar