Məhkəmə qərarları › İş №2-2(103)-834/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-834/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-834/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın qəbul olunması, podratda qüsur, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) Duman Sinanın, cavabdeh - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 nümayəndəsi X2, üçüncü şəxs - “X5 Müdiriyyəti” X14 nümayəndəsi X4 iştirakları ilə İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 may 2025ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icraçı) ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ (sifarişçi) arasında 30 noyabr 2020-ci il tarixdə LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqaviləsi” bağlanmış, müqaviləyə əsasən icraçı, müqavilə üzrə dəyəri ƏDV daxil 10 532 655,34 manat məbləğində olan sifarişçinin yeni inzibati binasının son tamamlama (tikintiquraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, sifarişçi isə həmin işləri (malların və xidmətləri) icraçıdan qəbul edib icraçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Həmin müqavilənin 2.1-ci bəndinə görə sifarişçi, "xxxx" ASC-nin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, landşaft, elektro-mexanika, sazlama, yoxlama və s.) işlərinin satın alınması üçün icraçının 10 532 655,34 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir; 2.3-cü bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği icraçının təqdim etdiyi Forma 2 aktlarına əsasən ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 5.4-cü bəndinə əsasən, sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür; 13.1-ci bəndinə görə, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və ya müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır.

4. Müqavilənin 20.2-ci bəndinə əsasən, sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmazsa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.

5. Müqavilənin 24.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.

6. Müqavilənin 25-ci bəndinə əsasən, satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i məbləğində cərimə sanksiyası müəyyəndirilmişdir.

7. Eyni zamanda tərəflər arasında 30 noyabr 2020-ci il tarixdə LWC-2020/92 saylı “Müqavilənin xüsusi şərtlərinə dair Əlavə” bağlanmış, həmin əlavəyə əsasən icraçı müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməyə, sifarişçi isə müqavilə üzrə ödəmələri icraçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparmağa öhdəlik götürmüşlər.

8. Müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində müqavilənin icra müddəti 6 ay müəyyən edilmiş, 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür.

9. 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən, icraçı tərəfindən yerinə yetirilmiş 1 413 398,76 manat dəyərində tikinti-quraşdırma işləri sifarişçi tərəfindən təhvil alınmışdır.

10. 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən, icraçı tərəfindən 383 163,88 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Akt sifarişçi tərəfindən təsdiq olunmamışdır.

11. İddiaçı MMC "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə 24 yanvar 2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-dən xeyrinə ümumilikdə 4 895 301,44 manat borc məbləğinin və məhkəmə xərclərinin əvəzi qismində 3637,65 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 21 aprel tarixli 2022-ci il qətnaməsi ilə iddia qismən təmin olunaraq 2 840 668,72 manat borc məbləğinin və məhkəmə xərclərinin əvəzi qismində 2110,56 manatın İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 yanvar 2023cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti rədd, "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin 21 aprel tarixli 2022-ci il qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv olunaraq həmin hissədə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək "xxxx" ASC-dən İddiaçı MMC-nin xeyrinə ƏDV daxil 1 513 682,64 manat əsas borc, 72 684,1 manat cərimə, 31 535,05 manat illik 5%-lə faiz borcu olmaqla cəmi 1 617 901,79 manat, 1750 manat məhkəmə xərci tutulması qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 iyul tarixli 2023-cü il qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Həmin işə baxılarkən müəyyən olunmuşdur ki, 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən İddiaçı MMC tərəfindən 1 413 398,76 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, təhvil alınmış işlərə görə ümumilikdə ƏDV daxil 282 900 manat ödənilmiş, 1 130 498,76 manat borc qalmış, 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən İddiaçı MMC tərəfindən 383 163,88 manat dəyərində tikintiquraşdırma işləri yerinə yetirilmiş, lakin dəyəri ödənilməmişdir.

15. İddiaçı MMC 1 338 209,59 manat dəyərində (ƏDV daxil) işlərin görülməsinə dair 3 nömrəli Forma 2 aktını xx.xx.2022-ci il tarixdə sifarişçiyə göndərərək həmin aktın yoxlanılmasını (məsul yoxlayıcı şəxsin təyin olunmasını) xahiş etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda sifarişçi “...hazırkı mərhələdə "xxxx" Group MMC ilə Cəmiyyət arasında məhkəmə mübahisəsinin Bakı Apellyasiya Məhkəməsində davam etdiyini, ... məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin olunduğunu, ... ekspertizanın keçirilmə vaxtı məhkəmə tərəfindən təyin olunduqdan sonra tədqiqat obyektinə baxışda "xxxx" ASC-nin nümayəndələrinin iştirak edəcəyini” bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı MMC (iddiaçı) "xxxx" ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 3 nömrəli yekun Forma 2 aktı əsasında 1 338 209,59 manat əsas borc, 904 630 manat cərimə, 1 109 679,46 manat mənfəət, ödəmələrin gecikdirdirilməsinə görə 184 343 manat faiz (Mərkəzi Bankın uçot dərəcəsi üzrə) olmaqla ümumilikdə 3 536 862,05 manatın, 410 manat mediasiya xərcinin, 2149 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia ərizəsi işin faktiki hallarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırılmışdır:

17.1. Cavabdehlə podrat müqaviləsi imzalandıqdan dərhal sonra ilkin razılaşdırılmış iş qrafikinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyin icrasına başlamış, həmin öhdəliklər üzrə layihənin mobilizasiya işləri tamamlanmış, tələb olunan işçi heyət cəlb edilmiş, mal, material və avadanlıqlar “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq cavabdehlə razılaşdırıldıqdan sonra qismən sifariş verilmiş, subpodratçı təşkilatlarla razılaşmalar əldə edilmişdir. Nəticədə 2020-ci ilin dekabr ayında icra edilmiş işlər üzrə ƏDV daxil 1 413 398,76 AZN dəyərində işlərin qəbul edilməsinə dair Forma 2 aktı təsdiq edilmiş, buna dair 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktı və həmin ayda yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayış tərtib olunaraq iddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə uyğun olaraq, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən təsdiq olunmuş Forma 2 aktı üzrə ödəniş 15 gün ərzində ödənilməli olduğu halda, cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1 nömrəli Forma 2 məbləğindən 1 130 498,76 AZN, 2021-ci ilin mart ayında cavabdehə təqdim olunmuş, lakin cavabdeh tərəfindən qəsdən təsdiq edilməmiş 2 nömrəli Forma 2 məbləğindən 383 183,88 manat ödənilməmiş qalmışdır. Qeyd olunan 2 ədəd Forma 2 aktı əsasında yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün şifahi və yazılı müraciətlər edilmiş, mediasiya prosesinin tətbiqi barədə təklif, daha sonra pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir müsbət nəticə əldə edilməmişdir. Odur ki, qeyd olunan 2 ədəd Forma 2 aktı əsasında yaranmış borcun tutulub iddiaçıya ödənilməsi tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2 840 668,72 manat borc məbləği və məhkəmə xərclərinin əvəzi qismində 2110,56 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə qismən - iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia qismən təmin edilərək "xxxx" ASC-dən İddiaçı MMC-nin xeyrinə ƏDV daxil 1 513 682,64 manat əsas borc, 72 684,1 manat cərimə, 31 535,05 manat illik 5%-lə faiz borcu, cəmi 1 617 901,79 manat pul, 1750 manat məhkəmə xərcinin tutulması qət edilmişdir. Həmin iş üzrə məhkəməyə müraciət edərkən 3 nömrəli yekun Forma 2 aktı zamanında ərizəyə əlavə və məhkəməyə təqdim edilmədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. 17.2. 2021-ci ilin mart ayında cavabdeh tərəfindən layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcənin hələ ayrılmadığı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı cavabdehin nizamnaməsinə əsasən onun bütün səhmlərinin dövlətə məxsus, eyni zamanda əhəmiyyətli və nüfuzlu təşkilat olmasını, həmçinin müqavilə üzrə risklərin azaldılması məqsədi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müddət ərzində aylıq elektrik və kommunikasiya xərclərinin ödənişini, sahənin mühafizəsini, mobilizasiya qurğularına və müvəqqəti elektro-mexaniki sistemlərə texniki xidməti, tamamlama işlərinin qorunması kimi təxirəsalınmaz tədbirləri icra etməyə davam etmişdir. Beləliklə də, həmin tarixdən xeyli müddətin keçməsinə baxmayaraq, cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən aparılan işlərin icrası müvəqqəti olaraq dayandırılmış və tərəflər arasında 30 may 2021-ci il tarixədək razılaşdırılmış icra müddətində işlərin uğurlu icrası mümkün olmamışdır. Bundan başqa, qeyd olunmuş layihə üzrə iddiaçının təchizatçı və subpodratçı şirkətlər qarşısında yaranmış borcların ödənilməsi barədə sonuncular mütəmadi olaraq iddiaçıya müraciətlər etməyə davam edirlər. Həmçinin müqavilə təminatçısı olan banklar da işlərin dayandığını nəzərə almadan icra zəmanəti ilə bağlı meydana gələn xərclərin ödənişini iddiaçıdan bu gün də tələb edirlər. Qeyd olunanlar iddiaçının cavabdehin sabiq sədri Qorxmaz Hüseynova ünvanlanmış 26 aprel 2021-ci il tarixli AZM-2021-04-005 saylı məktubunda göstərilərək, "xxxx" ASC-nin “X13 tikintisi layihəsi”nin son tamamlama işlərinin uğurlu icrasının təmin edilməsi, həmin vəziyyətlə bağlı xərclərin optimallaşdırılması məqsədi ilə qalıq məbləğin ödənişi və layihə üzrə Sifarişçinin cari ildəki gözləntiləri barədə məlumat verilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Buna cavab olaraq cavabdeh tərəfindən təkrar bildirilmişdir ki, layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcə hələ ayrılmamışdır. 04 may 2021-ci il tarixdə Qorxmaz Hüseynov "xxxx" ASC-nin sədri vəzifəsindən azad edilmiş və onun səlahiyyətlərini müavini Köçərli Həsənov həyata keçirməyə başlamışdır. Tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli LWC-2020/92 saylı “işlər üzrə satınalma” müqaviləsinə cavabdeh tərəf 27 may 2021-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşma tərtib edərək, müqavilənin icra müddətinin 28 dekabr 2022-ci il tarixədək uzadılmasını təklif etmişdir. Cavabdehin məsul vəzifəli şəxsləri ilə razılaşdırılmış həmin Əlavə Razılaşma cavabdeh tərəfindən imzalansa da, iddiaçı tərəfindən qəbul edilmədiyinə görə ona imza atmaqdan imtina edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli LWC-2020/92 saylı Müqavilənin son icra müddəti müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində qeyd olunduğu kimi 6 ay, yəni 30 may 2021-ci il təsdiq olunmuşdur. Həmin müddət ərzində iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər lazıminca yerinə yetirilmişdir. Lakin iddiaçıdan asılı olmayan və cavabdeh tərəfindən ödənişlərin qəsdən edilməməsi səbəblərinə görə, qeyd olunmuş müqavilənin icra müddətinin uzadılması, xərclərin optimallaşdırılması, işlərin dayandırılması, nəticədə isə iddiaçıya dəyən ziyanın və icra olunmuş işlərlə bağlı qalıq məbləğin ödənişi ilə əlaqədar 01 iyun və 09 iyun 2021-ci il tarixlərində tərəflərin nümayəndələri ilə birlikdə müzakirələr aparılmış və qeyd olunanlarla bağlı məlumat və hesabatların təqdim olunması iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərəfindən tələb olunan sənədlər hazırlanaraq 09 iyun 2021-ci il tarixdə cavabdehin nümayəndələrinə təqdim edilmişdir. 09 iyun 2021-ci il tarixdə tərəflərin nümayəndələrinin görüşü zamanı müqavilə üzrə icra müddəti bitdiyindən, iddiaçıya həmin müddətin uzadılması ilə bağlı cavabdehə müraciət etməsi təklif olunsa da, iddiaçı tərəfindən bildirilmişdir ki, qeyd olunan borcun ödənilməməsinə görə, habelə bir sıra məsələlərdə qeyri-müəyyənlik mövcud olduğu üçün müqavilənin icra müddətinin uzadılması məqsədə uyğun deyil və iddiaçı həmin təklifi cavabdehdən qəbul etməmişdir. Belə ki, iddiaçıya olan borcun cavabdeh tərəfindən ödəniləcəyi dəqiq tarixin müəyyən edilməsi, işlərin dayandığı müddət ərzində tikinti sahəsinə kim tərəfindən nəzarət etməsi ilə bağlı qərarın verilməsi, nəzarətin iddiaçı tərəfindən həyata keçirildiyi təqdirdə həmin müddətdə enerji və zəruri işlərlə əlaqəli aylıq xərclərin ödənişinə dair tərəflərin razılaşması, layihənin tamamlanması üçün lazım olan büdcənin ayrılacağı tarix və məbləğ barədə məlumat verilməsi, işlərin müvəqqəti olaraq dayandığı tarixdə bank xərclərinin azaldılması üçün icra zəmanətinin iddiaçıya qaytarılması, havalandırma (iqlimləndirmə) sisteminin işlədilməməsi nəticəsində zərər görmüş üzləmə materialarının təmiri və epoksi, UPS batareyaları, kimyəvi maddələr, yapışdırıcılar kimi istifadə müddəti keçmiş mal, material və avadanlıqların yenidən satınalınması ilə bağlı meydana gələcək əlavə xərclərin müqavilədə nəzərə alınması, işlərin dayandığı müddət ərzində tikinti materiallarının qiymətində meydana gələn artımların müqavilədə nəzərə alınması zəruridir. Qeyd olunan suallara dəqiq və yazılı cavab verilməyəcəyi müddətdə müqavilənin uzadılması məqsədə müvafiq deyil. Yuxarıda göstərilənlərlə bağlı müvafiq göstərişlərin verilməsi üçün iddiaçı tərəfindən cavabdehə 17 iyun 2021-ci il tarixli 06/002 saylı məktub göndərilmişdir. Lakin cavabdeh tərəfindən göstərilənlər problemlərin həlli ilə bağlı nə görüşlərdə, nə şifahi, nə də yazılı qaydada iddiaçıya bu günədək əsaslı məlumat verilmişdir. 17.3. Bundan başqa, tərəflərin işçi nümayəndələrinin arasında 09 iyun 2021-ci il tarixdə sonuncu keçirilmiş görüşdə qeyd olunan məsələlərin həll ediləcəyinin və ya müqaviləyə xitam veriləcəyinin son tarixi olaraq 31 avqust 2021-ci il qeyd olunmuş və buna görə də həmin tarixədək bina ilə bağlı işlərin davam etdirilməsi iddiaçıdan xahiş olunmuşdur. Lakin qeyd olunan tarixin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Buna görə də, iddiaçı cavabdehə müraciət edərək, xx.xx.2021-ci il tarixdən etibarən bina ilə bağlı heç bir öhdəlik daşımadığını, bununla da heç bir işçi personalı işə cəlb etməyəcəyini və heç bir əlavə xərc çəkməyəcəyini bildirmişdir. Həmçinin binanın saxlanılma xərclərinin, avadanlıqların işlədilməsi xərclərinin, kommunal xərclərin və bunlarla məhdudlaşmayan bütün xərclərin iddiaçı tərəfindən qarşılandığı, nəticədə cavabdehin iddiaçıya borcu yarandığını qeyd etmişdir. Həmin borcun ödənilməməsi iddiaçının digər layihələrində maliyyə problemləri yaratdığına görə tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi və müvəqqəti olaraq dayandırılması, o cümlədən binanın müvəqqəti olaraq iddiaçıdan təhvil alınması üçün müvafiq göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Qeyd olunanlar barədə iddiaçının 02 sentyabr 2021-ci il tarixli AZMP09/21 saylı məktubu cavabdehə həmin tarixdə çatdırılmışdır 17.4. Onu da qeyd etmək lazımdır ki, tərəflərin nümayəndələri ilə həyata keçirilmiş görüşlərdə iddiaçının tələbləri nəzərə alınmaqla müqavilənin müvəqqəti uzadılmasına dair şifahi razılıq əldə olunmuşdur. Lakin iddiaçıya təqdim olunmuş və cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş 30 noyabr 2020-ci il tarixli LWC-2020/92 saylı Müqavilənin uzadılmasına dair 1 nömrəli Əlavə Razılaşmasında iddiaçı ilə razılaşdırılmış tələblər orada qeyd edilməmişdir. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş sənədlərdə böyük ziddiyyətlər mövcud olması ilə bağlı iddiaçı cavabdehin rəhbər şəxsləri ilə görüş keçirmək istəsə də, bu mümkün olmamışdır. 17.5. 3 nömrəli yekun Forma 2 aktı və ümumi borcun təsdiq edilib ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət olunmasına baxmayaraq, heç bir müsbət nəticə əldə edilməmişdir. 14 sentyabr 2022-ci il tarixində cavabdehin nümayəndələri tikinti meydançasına gəlib tikintiyə baxış keçirmişlər. 19 sentyabr 2022-ci il tarixdə cavabdehin tikinti üzrə rəhbər şəxsi Səid bəy tərəfindən iclas keçirilmiş, həmin iclasda da iddiaçı tərəfdən 3 nömrəli yekun forma 2 aktı üzrə bütün işlərin icra olunduğu cavabdehin nümayəndələri tərəfindən də öz təsdiqini tapmışdır. Lakin bununla bağlı rəsmi məktub və ya yekun forma 2 aktının təsdiqindən qəsdən yayınmışlar. Bununla da cavabdeh ödəniş etməkdən boyun qaçırır. Əvvəlki Forma 2 aktlarının biri cavabdeh tərəfindən təsdiq edilmiş, digəri isə təsdiq edilməmişdir. 2021-ci ilin mart ayı üzrə yekunlaşdırılmış işlərlə bağlı tərtib edilmiş 2 nömrəli forma 2 aktı cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin aktda görülmüş işlərin dəyərinin 383 183,88 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu işlərin görüldüyünü qəbul etmədiyindən işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarının 60-64-cü vərəqlərinə əlavə edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən təsdiq edilməmiş forma 2 aktında (2021-ci ilin mart ayı üzrə) qeyd edilmiş işlər ("xxxx" ASC-nin yeni inzibati binasında tamamlanma işləri) tam görülmüş və görülmüş işlərin ümumi dəyəri 324 732,1 (ƏDV-siz) manat təşkil edir. 17.6. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi və həmin müqaviləyə Əlavələr imzalanmışdır. Müqavilədə və onun Əlavələrində görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Bunlara baxmayaraq, cavabdeh bu günədək öz üzərinə düşən öhdəliyini yerinə yetirməkdən qəsdən boyun qaçırır. 17.7. Yekun Forma 2 aktının cavabdeh tərəfindən təsdiq olunmamasına baxmayaraq, cavabdeh faktiki olaraq həmin akt üzrə işi iddiaçıdan qəbul etmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, cavabdeh qəsdən həmin akta imza etməmiş və bununla da hesab etmişdir ki, aktın təsdiq olunmaması onu həmin akt üzrə iddiaçı qarşısında ödənişdən və məsuliyyətdən azad edəcəkdir. İddiaçı tərəfindən 3 nömrəli yekun forma 2 aktına əsasən ƏDV daxil 1 338 209,59 manat dəyərində işlər görülmüş, cavabdeh isə həmin məbləğdən hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Ona görə də iddiaçının görülmüş işlər üzrə cəmi 1 338 209,59 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ haqlı, əsaslı və qanunidir. Belə olan halda tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəfindən görülmüş işlər üzrə muzdun, çəkilmiş xərclər üzrə pulun, ödəmənin gecikdirilməsi üçün cərimənin və pulun tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə ödənməli olan pul vəsaitinin ödənilməsini gecikdirdiyinə faizin, əldən çıxmış faydaya görə mənfəətin cavabdehdən tələb edilməsi tam qanuni və əsaslıdır. Beləliklə də tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”sinin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulduğuna görə, cavabdehin iddiaçıya bu günədək ödənilməmiş 3 nömrəli yekun forma 2 üzrə - 1 338 209,59 manat məbləğində borcu yaranmışdır. 17.8. Əlavə olaraq iddiaçının tələbetmə müddətindən ödənilməsini gecikdirdiyinə görə cavabdehdən yuxarıda qeyd olunmuş 3 nömrəli yekun forma 2 üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği tutulmalıdır. 30 may 2021 – 17 sentyabr 2021 Bank uçot faiz dərəcəsi – 6,25; 109 x (1 338 209,59 / 365 x 6,25%) = 24 977 manat; 18 sentyabr 2021 – 28 oktyabr 2021 Bank uçot faiz dərəcəsi – 6,5; 41 x (1 338 209,59 / 365 x 6,5%) = 9771 manat; 29 oktyabr 2021 – 16 dekabr 2021 Bank uçot faiz dərəcəsi – 7; 49 x (1 338 209,59 / 365 x 7%) = 12 575 manat; 17 dekabr 2021 – 27 yanvar 2022 Bank uçot faiz dərəcəsi – 7,25; 42 x (1 338 209,59 / 365 x 7,25%) = 11 164 manat; 28 yanvar 2022 – 17 mart 2022 Bank uçot faiz dərəcəsi – 7,5; 49 x (1 338 209,59 / 365 x 7,5%) = 13 474 manat; 18 mart 2022 – 27 oktyabr 2022 Bank uçot faiz dərəcəsi – 7,75; 214 x (1 338 209,59 / 365 x 7,75%) = 60 806 manat; 28 oktyabr 2022 – 15 dekabr 2022 Bank uçot faiz dərəcəsi – 8; 49 x (1 338 209,59 / 365 x 8%) = 14 372 manat; 16 dekabr 2022 – 17 aprel 2023 Bank uçot faiz dərəcəsi – 8,25; 123 x (1 338 209,59 / 365 x 8,25%) = 37 204 manat. Ümumilikdə müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsinə əsasən faiz məbləği 184 343 manat təşkil edir. 17.9. Habelə tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 20.2-ci və 25-ci bəndlərinə əsasən, Sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə ödənməlidir. 3 nömrəli yekun forma 2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq 30 may 2021 – 17 aöreı 2023-ci il dövrü götürülərək, 676 gün hesablanmışdır) bir günlük cərimə məbləği - 1338,21 manat təşkil edir. Beləliklə, 676 x 1338,21 = 904 630 manat pul vəsaiti də iddiaçıya ödənilməlidir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə üzrə forma 2 aktları çıxılmaqla qalan məbləğin (7 397 863,07 AZN) 15% dəyərində mənfəət tələbi üzrə - 1 109 679,46 manat məbləğində pul vəsaiti də iddiaçıya ödənilməlidir. Göstərilənlər barədə borc məbləğinin ödənilməsi üçün cavabdehə 01 aprel 2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş və iddiaçıya olan borc məbləğinin 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, 27 mart 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə də təklif olunmuşdur. Lakin cavabdeh mediasiya prosessində iştirak etməkdən imtina etmiş və buna dair mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış tərtib olunmuşdur.

18. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 3 nömrəli yekun Forma 2 aktı əsasında 1 338 209,59 manat əsas borc, 904 630 manat cərimə, 1 109 679,46 manat mənfəət, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 184 343 manat faiz olmaqla ümumilikdə 3 536 862,05 manatın, 410 manat mediasiya xərcinin, 2149 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz verilməmişdir.

20. Məhkəmənin 03 oktyabr 2024-cü il tarixli protokol qərardadı ilə “X5 Müdiriyyəti” X17 və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

21. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “...iş materiallarının 130-145-ci vərəqlərinə əlavə edilmiş yekun Forma 2 aktının “bu dövr” sütununda qeyd edilmiş tikinti-təmir işləri ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin yeni inzibati binasında tamamlama işləri) görülmüşdür (görülmüş işlərdə qismən tamamlama işləri qalmışdır və həmin işlər texnologiya uyğun digər təmir-tikinti işləri yekunlaşdıqdan sonra tamamlana bilər), təmir-tikinti işlərinin ümumi dəyəri 649 226,425 (ƏDV-siz) və 766 087,18 (ƏDV daxil) manat məbləğində müəyyən olunur (görülmüş işlərdə qismən tamamlanmalı işlərin dəyəri Forma 2 aktlarında ayrı-ayrılıqda göstərilmədiyindən, həmin işlərin dəyərini ayrı-ayrılıqda müəyyən etmək mümkün deyildir), Forma 2 aktlarında qeyd olunan mebel avadanlıqlarının dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertin səlahiyyətinə aid olmadığından həmin mebellərin dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı”.

22. Qismən tamamlanmalı işlərlə bağlı ekspert rəyində qeyd olunanlara aydınlıq gətirilməsi və mebel avadanlıqlarının dəyərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərardadları ilə müvafiq olaraq əlavə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizası üzrə 14 iyun 2024-cü il tarixdə rəy verildiyini, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə isə tədqiqat obyektlərinin yerləşdiyi binaya getdikdə, iş materiallarında olan yekun Forma 2 aktının “bu dövr” sütununda qeyd edilən mebel və avadanlıqların həmin sənədlərdəki göstəricilərə uyğun olaraq təqdim edilməsinin mümkün olmadığını əsas göstərməklə ekspertizanın aparılmasından imtina etmişdir.

23. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Duman Sinan iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə yanaşı həmçinin bildirmişdir ki, 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan Forma 2 aktlarında qeyd olunmuş işlər də 3 nömrəli yekun Forma 2 aktında əks olunmuş, 3 nömrəli yekun Forma 2 aktı arayışının “müqavilə tarixindən yekun” sütununda 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan Forma 2 aktlarında təsbit olunan işlər və hazırda dəyəri tələb olunan işlər, “əvvəlki yekun” sütununda yalnız 2020-ci ilin dekabr və 2021-ci ilin mart ayı üzrə olan Forma 2 aktlarında təsbit olunan işlər göstərilmiş, “bu dövr” sütununda hazırkı iddia ilə dəyəri tələb olunan işlər əks olunmuşdur.

24. Cavabdehin nümayəndəsi X6 hazırlıq iclaslarında işlərin görülübgörülmədiyinin müəyyən edilməsi üçün ekspertizanin təyin edilməsinin zəruri olduğunu bildirmiş, 14 iyun 2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra rəydə qeyd olunan tamamlanma işlərinin dəqiqləşdirilməsinə zərurətin olduğunu, əlavə ekspertiza təyin olunduqdan sonra isə 14 iyun 2024-cü il tarixli ekspert rəyində görülmüş kimi qeyd olunan bəzi işlərin görülmədiyinin müəyyən edildiyini, mebellərin bir hissəsinin cavabdehə məxsus başqa binaya daşındığını, bu mebellərin hansı mebellər olmasının onlara da tam məlum olmadığını, mebellərin dəyərinin iddiaçının mebellərin alınmasına dair təqdim edəcəyi sənədlər əsasında müəyyən etməyin mümkün olacağını irəli sürmüşdür.

25. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs “X5 Müdiriyyəti” X10 nümayəndəsi X7 mübahisə predmeti olan müqavilə üzrə hər hansı vəzifə daşımadıqlarını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin “1 109 679,46 manat mənfəətin tutulması” hissəsi üzrə icraata xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 802 manatın iddiaçıya qaytarılması qərara alınmış, eyni tarixli qətnaməsi ilə isə İddiaçı və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 3 nömrəli yekun Forma-2 aktı əsasında 1 268 872,79 manat əsas borc, 64 000 manat cərimə, əsas borca illik 5%-lə hesablanmaqla 72 794,92 manat faiz olmaqla ümumilikdə 1 405 667,71 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1347 manatın, mediasiya xərcinin əvəzi olaraq 410 manatın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tutulub İddiaçınə ödənilməsi, ekspertiza xərci olan 100 manatın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

27. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 27.1. Tərəflər arasında bağlanmış “İşlər üzrə satınalma Müqavilə”si müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından podrat müqaviləsidir və hazırkı mübahisə podrat müqaviləsini tənzimləyən normalara istinad edilməklə həll olunmalıdır. Belə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı cavabdehin yeni inzibati binasının son tamamlama (tikintiquraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, cavabdeh isə həmin işləri (malların və xidmətləri) iddiaçıdan qəbul etməyi və iddiaçının təqdim etdiyi forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 27.2. Məhkəmə tərəflərin mövqelərinə əsasən qeyd edir ki, hazırkı iş üzrə mübahisəli hallar 1) 30 noyabr 2020-ci il tarixli, LWC-2020/92 saylı podrat müqaviləsi üzrə 3 nömrəli yekun forma 2 aktının “bu dövr” sütununda qeyd olunmuş işlərin görülübgörülmədiyi, 2) podrat müqaviləsi üzrə şərtləşdirilən muzdun məbləği təşkil edir. Yekunlaşdırılmış işlərlə bağlı tərtib edilmiş 3 nömrəli yekun forma 2 aktı (yekun qəbul aktı) cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin aktın “bu dövr” sütununda təsbit edilmiş görülmüş işlərin dəyərinin 1 338 209,59 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu işlərin həcmini mübahisələndirdiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 27.3. Cavabdeh tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd olunan bəzi işlərin görülmədiyinə istinad edərək iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmiş, mebel və avadanlıqların təqdim edilməməsinin səbəb və əsaslarının müəyyən edilməsi üçün məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi mebel və avadanlıqların bir hissəsinin cavabdehə məxsus başqa binaya daşındığını, buna görə təqdim edilməsinin mümkün olmadığı, bu mebellərin hansı mebellər olmasının onlara da tam məlum olmadığını, yalnız iddiaçının mebel və avadanlıqların alınması ilə bağlı sübut təqdim edəcəyi halda, dəyərinin müəyyən edilməsinin mümkün olduğunu bildirmişdir. 27.4. Məhkəmə qeyd edir ki, maddi və prosessual hüquqlardan sui-istifadə edilməsi yolverilməzdir və öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Bu mənada məhkəmə cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli ekspert rəyində qeyd olunan bəzi işlərin görülmədiyinə istinad edərək təkrar ekspertiza təyin edilməsinə dair mövqeyinə münasibətdə qeyd edir ki, adıçəkilən ekspert rəyi 11 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, cavabdeh tərəfindən rəyin əsaslılığı şübhə altına alınmamış, rəyə etiraz edilməmişdir. Yalnız əlavə ekspertizalar üzrə tədqiqatın aparılmasından imtina edildikdən sonra (mübahisələndirilən rəy məhkəməyə daxil olduqdan 9 ay sonra) cavabdeh qeyd olunan mövqedən çıxış edərək rəyi şübhə altına almağa çalışmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin mövqeyi hüquqdan sui-istifadə olmaqla əsassızdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli ekspert rəyi əsaslıdır. Eyni zamanda, qeyd olunan ekspert rəyində qismən tamamlanmalı işlərlə bağlı göstərilənlərə aydınlıq gətirilməsi üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizası üzrə 14 iyun 2024-cü il tarixli rəy verildiyinə istinad edərək məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mövqeyindən aydın olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli ekspert rəyində müəyyən edilən məbləğ məhz görülmüş işlərin dəyərini təşkil edir. Həmçinin məhkəmə nəzərə alır ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuş, məhz buna görə iddiaçı tərəfindən işlərin tamamlanması mümkün olmamışdır. Belə olan halda, görülmüş işlərdə qismən tamamlanmalı işlərin mövcudluğu iddiaçının ziyanına şərh edilə bilməz. Odur ki məhkəmə belə qənaətə gəlir ki, mebel və avadanlıqlar istisna olmaqla görülmüş işlərin dəyəri ekspert rəyinə uyğun olaraq 766 087,18 (ƏDV daxil) manat təşkil edir. 27.5. Bundan başqa, görülmüş işlərin tərkibinə daxil olan mebel avadanlıqlarının dəyəri ilə bağlı məhkəmə bildirir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə mebel və avadanlıqların həmin sənədlərdəki göstəricilərə uyğun olaraq təqdim edilməsinin mümkün olmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, cavabdehin nümayəndəsi mebel və avadanlıqların bir hissəsinin cavabdehə məxsus başqa binaya daşındığını, buna görə təqdim edilməsinin mümkün olmadığı, bu mebellərin hansı mebellər olmasının onlara da tam məlum olmadığını, yalnız iddiaçının mebel və avadanlıqların alınması ilə bağlı sübut təqdim edəcəyi halda dəyərinin müəyyən edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə cavabdehin qeyd olunan hərəkətini də hüquqidan sui-istifadə kimi qiymətləndirir və qeyd edir ki, mebel və avadanlıqların dəyərinin müəyyən edilməsi üçün Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunan normanın tələbini hazırkı işin hallarına tətbiq edən məhkəmə bildirir ki, podrat müqaviləsi üzrə görülmüş işləri təhvil almaq öhdəliyi daşıyan cavabdeh görülmüş işin təhvil alınmaması nəticəsində işin dəyəri ilə bağlı yarana biləcək riski də daşımalıdır. Həmçinin görülmüş işlər və onun dəyəri ilə bağlı tərəflər arasında mübahisəyə məhkəmədə baxıldığı halda, cavabdehin işin nəticəsi olan mebel və avadanlığı başqa ünvana daşıması, həmin əşyaların tərkibinə aydınlıq gətirə bilməyib ekspertiza tədiqatına təqdim etməməsi və görülmüş işin dəyərinin müəyyən edilməsinə maneə yaratması iddiaçının ziyanına şərh oluna bilməz. 27.6. İddiaçının məhkəməyə təqdim etdiyi “yekun qəbul aktı (mebel hissəsi)”ndən görünür ki, mebel və avadanlıqlarla bağlı görülmüş işlərin dəyəri 502 785,61 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mebel və avadanlıqlarla bağlı görülmüş işin dəyəri 502 785,61 manat müəyyən olunmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 1 268 872,79 (766 087,18 + 502 785,61) manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 27.7. İddia ərizəsində iddiaçı 904 630 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 25ci bəndində satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10% kimi razılaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, iş üzrə mediasiya sessiyası keçirilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyə qədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən öhdəliyin uzun müddət icra edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra – 01 may 2023-cü il tarixdə məhkəmə müraciət etməklə, dəbbə pulunun artmasına rəvac vermişdir. Eyni zamanda cərimə məbləğinin yuxarı həddi müqavilə məbləğinin 10% kimi razılaşdırılmışdır. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 64 000 manat müəyyən olunması ağlabatan və ədalətlidir. 27.8. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 184 343 manat məbləğində pulun da tutulmasını tələb edir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 13.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində lakin 30 bank günündən gec olmamaq şərt ilə aparılır. 13.4-cü bənddə qeyd edilir ki, müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənələr tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin bəndləri faktiki olaraq tətbiq edilməmişdir. İddiaçının 03 aprel 2023-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq həmin tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 03 aprel 2023-cü il tarixdən hesablanmaqla iddiaçının iddia ərizəsini dəqiqləşdirdiyi müddətin sonu olan 29 may 2025-cü il tarixə qədər (cavabdeh də ərizənin icraata qəbul edilməsinə etiraz etməmişdir) 787 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 136 794,92 (1 268 872,79 manat * 5% / 100% / 365 gün * 787 gün) manat təşkil edir. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə istinad etməklə cərimə tələb etmiş, məhkəmə tərəfindən isə tələb 64 000 manat cərimə tutulması hissəsində əsaslı hesab edilmişdir. Ona görə də məhkəmə qeyd edir ki, əsas borca illik 5% ilə hesablanmış məbləğin cərimə ilə əhatə olunmayan hissəsi əsaslı olmaqla cavabdehdən tutula bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5% ilə hesablanmış məbləğ 72 794,92 (136 794,92 – 64000) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 445.2-ci, 445.4-cü, 445.7-ci, 462.1-ci, 467-ci, 560.1-ci, 560.2-ci, 560.3.4-cü, 752-ci, 770-ci maddələrinə, Müki Prosessual Məcəllənin 97.5-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir.

29. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən (iddianın təmin olunması ilə bağlı hissədə) ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin işlərin təhvil verilməsi ilə bağlı birtərəfli qaydada təsdiq olunmuş təhvil-təslim aktına və əsassız ekspertiza rəyinə istinad etməklə qanunsuz nəticəyə gəldiyi arqumenti ilə əsaslandırmışdır. Şikayətdə göstərilmişdir ki, “tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən “Sifarişçi" müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin “İşraçı"dan qəbul edilməsini və müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği “İcraçı"nın təqdim etdiyi F orma 2 aktlarına əsasən ödəməyi öhdəsinə götürür. Lakin işə baxan məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə istinad etmədən Forma-2 ilə təsdiq edilməmiş işlərə görə muzd ödəməyi cavabdehin üzərinə öhdəlik kimi qoymuşdur. Halbuki, müqavilənin şərtlərindən də göründüyü kimi işlərin təhvil alınması yalnız müəyyənləşdirilmiş formada tərtib olunan hər iki tərəfin təsdiq etdiyi Forma-2 sənədlərinə əsasən həyata keçirilir. İş materiallarından göründüyü kimi Forma-2 sənədi birtərəfli qaydada tərtib edilmiş, bir tərəfli qaydada imzalanmışdır. Bundan əlavə iş üzrə ekspert tərəfindən verilmiş rəy ilə razılaşmadığımız üçün təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edilmiş, lakin məhkəmə tərəfindən vəsatətimiz təmin edilməmişdir. Digər tərəfdən mebellərin qiymətini müəyyən edərkən məhkəmə tərəfindən yalnız iddiaçının verdiyi sənədlərə istinadən mebellərin dəyərini cavabdehdən tutmuşdur. Məhkəmə proseslərində tərəfimizdən iddiaçıya mebellərin alınmasını və onun qiymətini müəyyən edən sənədlərin, qaimələrin, ödəniş tapşırıqlarının və digər zəruri sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, lakin həmin sənədlər təqdim edilməmişdir. Belə sənədlərin olmamasına baxmayaraq məhkəmə tərəfindən o hissədə də iddia əsassız olaraq təmin edilmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

31. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan “X5 Müdiriyyəti” X14 nümayəndəsi şikayəti müdafiə etdiyini, iddiaçının qanuni nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

34. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

39. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

42. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

45. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

47. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

48. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

49. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

50. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

51. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

52. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

53. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

54. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

55. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

56. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

57. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

58. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

59. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

60. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

61. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

62. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

69. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

70. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

71. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

74. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

76. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin İddiaçı və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 3 nömrəli yekun Forma-2 aktı əsasında 1 268 872,79 manat əsas borc, 64 000 manat cərimə, əsas borca illik 5%-lə hesablanmaqla 72 794,92 manat olmaqla ümumilikdə 1 405 667,71 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1347 manatın, mediasiya xərcinin əvəzi olaraq 410 manatın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tutulub İddiaçınə ödənilməsi, ekspertiza xərci olan 100 manatın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hisəssi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbinin bir hissəsi üzrə icraata xitam verilməsinə, eləcə də iddiasının qismən təmin olunmasına baxmayaraq, iddiaçı qətnamədən və müvafiq qərardaddan şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

77. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

78. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

79. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

80. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 38, 39).

81. İddiaçının cavabdehlə 30 noyabr 2020-ci il tarixdə bağladığı müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində müəyyən xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

82. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 46) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edildiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

83. Hazırkı halda iddiaçı 3 nömrəli “Forma 2”yə istinad edərək işlərin görüldüyünü bildirir; lakin həmin sənəd cavabdeh tərəfindən imzalanmamışdır və cavabdeh görülən işlərin həcmini mübahisələndirir.

84. Qeyd olunmalıdır ki, podrat münasibətlərində işin qəbul edilməsi dedikdə, onun faktiki sahiblik və istifadəyə qəbul edilməsi, bu zaman işlərin müqavilənin şərtlərinə, şərtləndirildiyi halda keyfiyyətə, şərtləndirilmədiyi halda istifadəyə yararlığa uyğun olubolmamasının yoxlanılması başa düşülür. Tərəflərin razılaşması ilə işlərin qəbulu müəyyən formada (yazılı akt, forma 2 arayışı və s.) və ya faktiki hərəkətlərlə həyata keçirilə bilər.

85. Yerinə yetirilmiş işin qəbul edilməsi sifarişçinin hüququ deyil, vəzifəsidir (§ 61), əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sonuncu ilə bağlı nəzərə alınmalıdır ki, yerinə yetirilmiş, lakin sifarişçi tərəfindən qəbul edilməmiş istənilən iş deyil, yalnız podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməyən iş qəbul edilmiş hesab edilə bilər. Ona görə də, mübahisə bu məsələ ilə bağlı olduqda podratçı sübut etməlidir ki, işin qəbul edilməsi ilə bağlı müddət müəyyən edərək bu barədə sifarişçiyə məlumat vermişdir.

86. İşin hallarından görünür ki, podratçı (iddiaçı) 1 338 209,59 manat dəyərində (ƏDV daxil) işlərin görülməsinə dair 3 nömrəli Forma 2 aktını xx.xx.2022-ci il tarixdə cavabdehə göndərərək həmin aktın yoxlanılmasını (məsul yoxlayıcı şəxsin təyin olunmasını) xahiş etmiş, həmin məktuba cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda “...hazırkı mərhələdə "xxxx" Group MMC ilə Cəmiyyət arasında məhkəmə mübahisəsinin Bakı Apellyasiya Məhkəməsində davam etdiyi, ... məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin olunduğu, ... ekspertizanın keçirilmə vaxtı məhkəmə tərəfindən təyin olunduqdan sonra tədqiqat obyektinə baxışda "xxxx" ASC-nin nümayəndələrinin iştirak edəcəyi” bildirilmişdir.

87. İşin hallarından həmçinin aydın olur ki, podratçı (iddiaçı) 3 nömrəli Forma 2 aktı ilə bağlı xx.xx.2022-ci il tarixdə də cavabdehə məktub ünvanlayaraq, cavabdehin nümayəndələrinin xx.xx.2022-ci il tarixdə tikinti meydançasına gəldiklərini, lakin icra olunmuş real işlərin təsdiq edilməsindən boyun qaçırdıqlarını bildirmiş, ən qısa zamanda bütün sənədlərin və borc məbləğinin təsdiq olunmasını xahiş etmişdir.

88. Podrat münasibətlərində yerinə yetirilmiş işin qəbul edilməsinin və ya qəbul edilmiş hesab edilməsinin vacib əhəmiyyət daşıması ondan irəli gəlir ki, həmin halın baş verməsi bir neçə hüquqi nəticəyə səbəb olur. Belə ki, işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir, eyni zamanda, sifarişçinin qüsurlarla bağlı tələb hüququ da işin qəbul edilməsi ilə bağlıdır,. Belə ki, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (§ 62).

89. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən qəbul olunmuşdur.

90. Digər tərəfdən qeyd edilməlidir ki, görülən işlərin kəmiyyətcə yerinə yetirilməməsi qüsura bərabər tutulur (§ 50, 52), bu halda isə podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəillər təqdim etməlidir. Mülki Məcəllənin 762.2-ci maddəsinin (§ 51) məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.

91. Podratın nəticəsinin qüsurlu olması dedikdə, işin nəticələrini pisləşdirən müqaviləyə uyğunsuzluqların və ya digər çatışmazlıqların olması, işin nəticəsinin müqavilədə nəzərdə tutulmuş istifadə və ya adi istifadə üçün tam və yaxud qismən yararsız olması, işin nəticəsinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydalara uyğun olmaması və podratın nəticəsindən təyinatı üzrə istifadəyə maneə törədən digər hallar başa düşülür.

92. Podratın nəticəsinin qüsurlu olub-olmamasının müəyyən edilməsi üçün ilk olaraq müqavilə tərəfləri arasında keyfiyyətə dair şərtlərin müəyyən edilib-edilməməsi dəqiqləşdirilməlidir. Keyfiyyətə dair şərtlər müəyyən edildikdə, podratın nəticəsinin yalnız şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlməməsi müəyyən edilməli və bu zaman yerinə yetirilmiş podrat işlərinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması nəzərə alınmamalıdır. Belə ki, Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələrinin birgə təfsirinə görə podratçı podrat müqaviləsində nəzərdə tutulan işi müqavilə ilə şərtləşdirilmiş keyfiyyətdə icra etmək öhdəliyini daşıyır. Müqavilə ilə şərtləndirilmiş keyfiyyətin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olubolmaması riskini isə sifarişçi daşıyır.

93. Podrat müqaviləsi ilə keyfiyyət şərtləşdirilmədikdə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Belə olan hallarda, həmçinin podrat işlərinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması da müəyyən edilməlidir. Belə ki, həmin norma və qaydaların tələblərinə uyğun olmayan əşya istifadə üçün yararlı hesab oluna bilməz.

94. Podratın nəticəsi qüsurlu hesab edildiyi halda Mülki Məcəllənin 763-766-cı maddələrində sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Həmin maddələrin tələbləri baxımından, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi ilə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun.

95. Tərəflər arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli podrat müqaviləsində və həmin müqaviləyə xüsusi şərtlərə dair əlavədə müqavilənin keyfiyyəti və görülməli olan işlərin məzmunu ətraflı şəkildə tənzimlənmişdir.

96. Bununla belə, cavabdeh sözügedən işlərin natamam görülməsini bildirsə də, bununla bağlı tutarlı dəlil təqdim etməmişdir.

97. Digər tərəfdən kollegiya ona diqqət çəkir ki, cavabdeh işlərin qəbul aktını təsdiqləməsə də, bunun hər hansı səbəbini göstərməmiş, işlərin görülməsi ilə bağlı qüsur aktı tərtib etməmiş, uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər həcmli işlərin icra olunub-olunmadığı ilə maraqlanmamasının və əlavə tədbirlər görməməsinin ağlabatan izahını verməmişdir.

98. Əksinə cavabdehin nümayəndəsi, aktın tərtib edilməsindən uzun müddət keçdikdən sonra mübahisəyə məhkəmədə baxılarkən görülmüş işin müəyyən edilməsinin zəruriliyini bildirmiş (§ 24), müvafiq ekspert rəyi 11 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq, rəyin əsaslılığını şübhə altına almamış, yalnız əlavə ekspertizalar üzrə tədqiqatın aparılmasından imtina edildikdən sonra (ilkin rəy məhkəməyə daxil olduqdan 9 ay sonra) rəyi şübhə altına almağa çalışmışdır.

99. Mebel və avadanlıqların dəyərinin ekspert tərəfindən müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü isə cavabdehin təqsirindən baş vermişdir. Belə ki, cavabdehin nümayəndəsinin də etiraf etdiyi kimi mebel və avadanlıqların bir hissəsi cavabdehə məxsus digər binaya köçürülmüşdür və bu halda onlarla bağlı ekspertiza tədqiqatının aparılmasına şərait yaratmaq cavabdehin vəzifəsi olmuşdur.

100. Belə olan halda mübahisə üzrə qərar verilərkən, həm də Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbi nəzərə alınmalı (§ 68), cavabdeh öz hərəkətləri ilə faktiki olaraq ekspertizanın keçirilməsinə maneə törətdiyi və bu səbəblə ekspertiza təyin olunmasına əsas yaradan mübahisəli halın müəyyən olunmuş hal olduğu, görülmüş işlərin layihəyə və podrat müqaviləsinə uyğunluğu qənaətinə gəlinməlidir.

101. Başqa sözlə, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən görülmüş işlərin dəyəri qismində 1 268 872,79 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir.

102. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

103. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

104. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

105. Kollegiya, birinci instansiya məhkəməsinin “borcun ödənişinin gecikdirilməsinə görə cavabdehdən 72 794,92 manat faizin tutulması” ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.

106. Belə ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (§ 42).

107. Qeyd olunan müddəanın dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

108. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

109. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

110. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-25/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar