Məhkəmə qərarları › İş №2-2(103)-835/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-835/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-835/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-2756/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC-yə məxsus “Nefteqaz-64” və “Sumqayıt” gəmilərinə faktiki olaraq Cavabdeh2 MMC tərəfindən müvəqqəti istismar edildiyi dövr üzrə dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən göstərilən xidmətlərin yanvar-iyun 2020-ci il dövrü üzrə ödənilməyən ümumilikdə ƏDV daxil olmaqla 24.986,50 manat məbləğində pulun, 165,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2756/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24.986 (iyirmi dörd min doqquz yüz səksən altı) manat 50 (əlli) qəpik məbləğində pulun Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat 83 (səksən üç) qəpik məbləğində pulun Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh1 QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, Cavabdeh1 QSC-yə münasibətdə iddia tələblərinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.

Məhkəmənin mövqeyi

5. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyrimümkün hesab edilməlidir.

6. İş üzrə iddia qiyməti 24.986,50 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, Cavabdeh1 QSC tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 82,48 manat təşkil edir. 7 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: 120OPEX251840032 nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, Cavabdeh1 QSC tərəfindən 83 manat dövlət rüsumu ödənilmişdir. Lakin qəbzdə qeyd edilmiş məlumatlardan görünür ki, dövlət rüsumu təyinatı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə ödənilmişdir.

8. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə Bakı Apellyasiya Məhkəməsinə ödənilməli olduğu halda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə ödənilmişdir.

9. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

10. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2756/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar