Məhkəmə qərarları › İş №2-2(103)-836/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-836/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-836/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1745/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3496,50 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4878/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təsdiq olunur ki, malların alqı-satqısı İddiaçı MMC ilə Cavabdeh MMC arasında həyata keçirilmişdir. Alqı-satqının yekununda qalıq borcun dəqiqləşdirilməsi üçün tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə “təhvil-təslim və üzləşdirmə aktı” imzalanmışdır. xx.xx.2017-ci il tarixli akta əsasən Cavabdeh MMC-də mühasib vəzifəsində çalışan X2 müəssisənin İddiaçı MMC-yə 3496,50 manat məbləğində qalıq bocunun olduğunu təsdiq etmişdir.

3. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1745/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3cü və 217.4-cü maddələrinə, Mülki Məcəllənin 385.1-ci, 442-ci və 567-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddia tələbi birbaşa sübutetmə yükü ilə bağlıdır. İddiaçı iddia tələbini təhvil-təslim və üzləşmə aktı və İddiaçı MMC ilə X2 arasında olmuş məhkəmə mübahisəsi ilə bağlı çıxarılmış qətnamə ilə əsaslandırmışdır. Qeyd olunan sənəd iddia tələbinin əsaslı olması üçün kifayət etmir. Məhkəməyə sübut qismində təqdim edilmiş qətnamələr isə "xxxx" MMC-nin “Fortis Group" MMC-yə alqı-satqı müqaviləsi üzrə borcunun yarandığını sübuta yetirmir. Əlavə olaraq məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən tərəflər arasında müqavilə razılığının olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir.

6. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh MMC iddiaçının apelyasiya şikayətinə qarşı iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, 25 avqust 2017-ci il tarixli «Təhvil-Təslim və Üzləşmə Aktı» üzrə iddiaçının iddia etdiyi 3496,50 manat məbləğində borcun mövcud olması iddiaçıya 2017-ci ildən məlum olsa da, İddiaçı MMC dörd ildən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

12. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

14. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı üzrə yaranmış 3496,50 manat qalıq borcun, 475,24 manat əldən çıxmış faydanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4878/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

20. Həmin qətnamədə qeyd olunmuşdur ki, “İşin faktiki halları ilə sübut olunur ki, “X6” MMC ilə məhsulların alğı-satqısı Cavabdeh MMC arasında aparılmış, bunu tərtib edilmiş üzləşdirmə aktlarında cavabdeh kimi Cavabdeh MMC-nin adının göstərilməsi sübut edir. X2 02 may 2016-cı il tarixdən 08 sentyabr 2017-ci il tarixədək Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləmiş və qeyd olunan aktlar məhz R.Əliyevanın həmin vəzifədə işlədiyi dövrlərdə tərtib edilmişdir. Belə olan halda borc məsələsi ilə bağlı MMC-nin nümayəndəsi qismində baş mühasibin akta imza etməsi təbii haldır və bu, tələbin ona yönəlməsinə əsas verə bilməz”.

21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2725/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4878/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. İşə apellyasiya qaydasında baxılarkən, Cavabdeh MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edimişdir.

23. Göründüyü kimi satıcı “X6” MMC (hazırda adı İddiaçı MMC) ilə alıcı Cavabdeh MMC arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanması, müqavilə üzrə satıcı tərəfindən alıcıya 3496,50 manat dəyərində malın verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunur.

24. Eyni zamanda cavabdeh həmin əşyaların dəyərini satıcıya ödəmək vəzifəsini yerinə yetirməmişdir. Çünki cavabdeh tərəfindən bununla bağlı sübutlar təqdim edilməmişdir.

25. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb edə bilər.

26. Bununla yanaşı iddiaçı tərəfindən həmin borcun ödənilməsi ilə bağlı tələb iddia müddəti ötürülməklə irəli sürülmüşdür.

27. Çünki iş materiallarından görünür ki, cavabdeh tərəfindən borcun etiraf edilməsi ilə bağlı sonuncu hərəkət 25 avqust 2017-ci il tarixli təhvil-təslim və üzləşdirmə aktı ilə edilmişdir ki, iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır.

28. Hazırkı iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə, yəni təhvil-təslim və üzləşdirmə aktı tərtib edildiyi tarixdən hesablandıqda 4 il 7 ay müddət keçdikdən sonra verilmişdir.

29. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

30. Lakin iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür.

31. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 25 avqust 2017-ci il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.

32. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş bütün bildirişlərin geri qaytarıldığını və cavabdehin məhkəmə prosesi barədə məlumatlı olmasının hər hansı sübutla təsdiq olunmadığını nəzərə alaraq kollegiya hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizənin birinci instansiya məhkəməsində deyil, apellyasiya icraatında verilməsi həmin ərizənin baxılmasına və iddia müddətinin tətbiq edilməsinə maneə yaratmır.

33. Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

34. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsi nəticəsinə gəlmiş, lakin gəldiyi nəticəni düzgün qaydada əsaslandırmamış, yəni iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən halları nəzərə almamışdır.

35. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.

36. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1745/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cavabdehdən 3496,50 manat əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar