Məhkəmə qərarları › İş №2-2(103)-837/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-837/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-837/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1188/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 125616,5 manat əsas məbləğ, 22610,97 manat ƏDV məbləği olmaqla, ümumi 148 227,47 manat məbləğində borcun, 400 manat vəkil xərcləri, 400 manat mediasiya xərcləri olmaqla, 149027,47 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1188/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1188/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2- 2(113)- 1188/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1188/2023 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1188/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1188/2023 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1188/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin qanuni nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, eləcə də cavabdehin ünvan 1 ünvanına rəsmi qaydada göndərilmiş, xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi (Əliyeva soyadlı şəxs) tərəfindən rəsmi qaydada əldə edilmişdir. Bildirir ki, Əliyeva adlı şəxsin kimliyi bizə məlum deyildir, məhkəmənin cavabdehin nümayəndəsi kimi Əliyeva soyadlı şəxsin olduğunu hansı hüquq müəyyən edici sənədə görə bildirdiyi də bizə məlum deyil. Şəxsin nümayəndə olması üşün tələb olunan sənədləri də məhkəmə iş materiallarında görünmür. Eyni zamanda məhkənin diqqətinə çatdırılmışdır ki, səlahiyyətli şəxsin Bakı şəhərində yaşamaması səbəbilə məhkəmə iclasları yekun qətnamə ilə bağlı onun məlumatı olması mümkünsüzdür. Məhkəmə tarixləri barədə də elektron sistemdən məlumat daxil olmayıb, çünki QSC həmin vaxt fəaliyyətini dayandırmış olub, eyni zamanda asan imza aktiv olmadığı üçün cavabdeh məhkəmədən xəbərsiz olmuşdur. Məhkəmə qətnaməsində külli miqdarda artıq hesablanmış pul var, hüquqlarını müdafiə etməyə şərait yaradılmadığı təqdirdə heç bir əsası olmayan məbləği qarşı tərəfə ödəmək məcburiyyətində buraxılırıq. Məhkəmə qərardadında qeyd olunur ki, şikayət vermə müddətini cavabdeh 40 gün buraxmışdır. Bildiririk ki, bu müddət cavabdehin xəbəri olmadan aparılmış və çıxarılmış məhkəmə qətnaməsinin tarixindən hesablanır, cavabdeh isə icra məmurunun məlumat verməsindən sonra xəbərdar olmuşdur. Necə olur ki, icra məmuru məlumatlandırma edə bilir, məhkəmə deyil. Hesab edir ki, məhkəmə proseslərinin vaxtı və yeri barədə cavabdehin məlumatlandırılması, onun həqiqi qanuni nümayəndəsi vasitəsi ilə olmalı idi. Hansısa Əliyevanı tapıb nümayəndə kimi təqdim etmək isə hüquqi baxımdan əsaslı deyil. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1188/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə İddiaçı MMC xx.xx.2023cü il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehin mülkiyyətində olan və barəsində icra qaydasında həbs tətbiq edilmiş nəqliyyat vasitələrinin satışına əsassız mane olmaq üçün apellyasiya şikayəti verildiyindən şikayətin təmin edilməməsini, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Vəsatətdə müddətin ötürülməsinin üzrlü səbəbi kimi qətnamənin rəsmi şəkildə əldə edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin bu arqumenti əsassızdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1188/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin qanuni nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qətnamə elektron kabinetə yerləşdirildiyi tarixdən rəsmi təqdim edilmiş sayıldığından məhkəmənin qətnaməni kağız daşıyıcıda göndərmək vəzifəsi olmadığına baxmayaraq, qətnamə eyni zamanda cavabdehin ünvan 1 ünvanına rəsmi qaydada göndərilmiş, xx.xx.2023-cü il tarixdə “Əliyeva” soyadlı şəxs tərəfindən rəsmi qaydada əldə edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. İşdən görünür ki, apellyasiya şikayəti yekun məhkəmə aktından şikayət verilməsi müddəti bitdikdən 40 gün sonra verilmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, müddətin bərpası üçün üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Hazırkı halda cavabdehin qətnaməni rəsmi əldə etdiyinə dair sübutlar olduğundan və ərizədə buraxılmış müddətin bərpası üçün üzürlü səbəb qeyd edilmədiyindən məhkəmə düzgün olaraq hesab etmişdir ki, ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar