Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-838/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, nümayəndə və vəkil İddiaçı1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3088/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2021-ci il tarixli qərardadından nümayəndə və vəkil İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq 100.000 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli e-2-2(113)-3088/2021 nömrəli qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. Nümayəndə və vəkil İddiaçı1 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, "xxxx" şirkəti XXC2020R5R156F saylı leqalizasiya nömrəsi ilə 12 oktyabr 2020-ci il tarixində X4 Nazirliyi tərəfındən leqallaşdırılmış və **********7 saylı attestasiya nömrəsi ilə 12 oktyabr 2020-ci il tarixində BƏƏ-nin Seuldakı Səfirliyində təsdiq edilmiş etibarnaməni X5 East FZE (MPME) şirkətinə vermişdir. Öz növbəsində, X5 East FZE (MPME) şirkəti həmin etibarnamə üzrə ona həvalə edilmiş səlahiyyətləri 31 dekabr 2020-ci il tarixdə BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən **********1 saylı leqalizasiya nömrəsi ilə leqallaşdırılmış və 7E-3925 saylı attestasiya nömrəsi ilə 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğunda təsdiq edilmiş yeni etibarnamə ilə İddiaçı1 vermişdir. Sənədin konsulluq leqallaşdırılması - sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir. Azərbaycan Respublikası Xarici İşlər nazirinin 770 №-li əmri ilə təsdiq edilmiş, 29 dekabr 1999-cu il tarixli Konsul leqallaşdırması haqqında təlimatına əsasən, Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir. Leqallaşdırma sənədlərin və aktların beynəlxalq aləmdə hüquqi qüvvəsini təsdiqləyir. Xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan və ya məzmununa görə Azərbaycan Respublikasının mənafeyinə, yaxud da Azərbaycan Respublikasının vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirən aktlar və sənədlər leqallaşdırılmır. Məhkəmə iclasında nümayəndə və vəkil İddiaçı1 şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia ərizəsini iddiaçının adından nümayəndə İddiaçı1 imzalamışdır. İddia ərizəsinə əlavə edilmiş həmin nümayəndənin adına verilmiş etibarnaməni isə iddiaçı "xxxx" Şirkəti deyil, X5 East FZE şirkəti vermişdir. Lakin X5 East FZE şirkətinin belə səlahiyyətə, yəni "xxxx" Şirkətinin təmsil etməsi və onun adından verilmiş etibarnamələri imzalamaq səlahiyyətində olmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə ehtimallara əsaslandığı üçün əsaslı hesab oluna bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3088/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Fuad Talışinski Fuad Babayev
Məhkəmə qərarları › İş №2-2(103)-838/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-838/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver