Məhkəmə qərarları › İş №2-2(103)-838/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-838/2024

26.09.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-838/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının direktoru X1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin cavabdеhlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əqli Mülkiyyət Agentliyi) retranslyasiyanın qadağan edilməsi və pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-841/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi cavabdеhlər Cavabdeh1nə, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorar alınaraq Azərbaycan Professional Kinorejissorlar Gildiyasının xeyrinə ödənilməsi, iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-841/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin Azərbaycan Professional Kinorejissorlar Gildiyasının xeyrinə tutulması, iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qadağan edilməsi qət edilmişdir.

3. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-841/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçının və cavabdehin qanunvericiliklə malik olduqları səlahiyyət və lisenziyalarda bəhs edildikdən sonra cavabdehin heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasının həyata keçirməsinin müəlliflərin hüquqlarını kobudcasına pozduğu qeyd edilmişdir. Vurğulamaq istərdik ki, iddiaçı tərəfindən elektron məhkəmə portalına təqribən 16-17 fiziki şəxslə müəllif hüququ və əlaqəli hüquqların kollektiv idarəçiliyə verilməsi haqqında bağlanmış müqavilələrin surətləri, Cavabdehin internet səhifəsindən Azərbaycan kinofilmlərinin fotoşəkilləri olan çıxarış, bir neçə televiziya kanalı ilə bağlanmış müqavilələrin surətləri, təsis sənədləri, Ali Məhkəmənin qərarı və və Bakı Kommersiya Məhkəməsinin qətnaməsi əlavə edilmişdir. İddiaçı tərəfindən iddianı sübut edən aşağıdakı sənədlərin heç bir nə elektron məhkəmə portalına əlavə edilməmiş, nə də məhkəmədə təqdim edilməmişdir: Cavabdeh tərəfindən İddiaçının hüquqlarını təmsil etdiyi müəlliflərin əsərlərinin yayımlanmasına dair sübutlar (konkret əsərin adı, yayımlandığı tarix(lər) göstərilməklə). Cavabdehin internet səhifəsindən sadəcə kinofilmlərin səhnələrindən ibarət şəkillər bu əsərlərin yayımlandığını sübut etmir. 1-ci bəndə riayət edilməklə cavabdeh tərəfindən yayımlanmış audiovizuaıl əsərin müəllifinin məhz iddiaçı ilə müqaviləsi olan şəxsin olmasını təsdiq edən sənəd. Media haqqında” Qanunun 32.5-ci maddəsinə görə platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz. Başqa sözlə cavabdeh ölkədə yayımlanan milli kanalları retranslyasiya etməyə məcburidir və buna görə heç bir ödəniş almır. Başqa sözlə cavabdehin bu kanalları yayımlamaqda kommersiya marağı yoxdur. Bu səbəbdən bu kanalların retranslyasiyasını həyata keçirdiyinə görə hər hansı vəsaitin ödənilməsi də qanunauyğun hesab edilə bilməz. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 466 nömrəli Qərarının 38-ci bəndinə görə audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödənilir. Lakin məhkəmə tərəfindən həmin qonorar məbləği aylıq 1500 manat müəyyən edilmişdir ki, bunun hüquqi əsası yoxdur. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının da tələbi pozulmuşdur. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə görə məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazrki iş üzrə məhkəmə tərəfindən həmin qonorar məbləği aylıq 1500 manat müəyyən etməklə gsötərilən prosessual hüquq normasının tələbi pozulmuşdiur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

6. Etiraz belə əsaslandırılmışdır ki, AR NK-in 2017-ci il 20 oktyabr tarixli, 466 nömrəli qararında göstərilmişdir ki, həm efir yayımını, həm də retranslyasiyanı həyata keçirən bütün təşkilatlar audiovizual əsər müəlliflərinə hər ay qonorar ödəməlidir. Bu hüquqi asaslardan da görünür ki, həm televiziya kanalları, həm də retranslyasiyanı həyata keçirən şəxslər qonorarın ödənilməsini həyata keçirməlidir. Cavabdehin Media haqqında qanunun 32.5-ci maddəsinə istinad etməsi onu qonorar ödəməkdən azad etmir. Həmçinin cavabdehin yayım zamanı heç bir marağının olmaması fikri də tamamilə əsassızdır. Belə ki, təqdim edilən sübutlardan görünür ki, yayımlarda reklam göstərilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 və iddiaçının direktoru X3 apellyasiya şikayətinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

9. Məlumat verilməsinə baxmayaraq üçüncü şəxs və digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

11. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır.

12. Həmin qanunun 45.1 və 45.2-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: - Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; - Hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması(istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə edilməsi; - Pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

13. Həmin qanunun “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin “Audiovizual əsərlərin tamaşaçılar üçün ödənişli giriş olan yerlərdə nümayiş etdirilməsi, efir və kabel televiziyası ilə yayımlanması (ötürülməsi)” adlanan V bölməsinin tələbinə əsasən audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faiz (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən, reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) audiovizual əsər müəlliflərinə qonorar ödənilməsi nəzərdə tutulmuşdur.

14. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fəaliyyət göstərən platforma operatorları olmaqla yerüstü ümumölkə yayımçısı olan AzTV, Mədəniyyət TV, İTV, Xəzər, ATV, Space, ARB, ARB 24, ARB Günəş, MUZ TV-nin proqramlarını öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirirlər. İddiaçının qonorar ödənilməsini tələb etdiyi xx.xx.2021 – xx.xx.2023-cü il tarixlərdə də adları qeyd olunan yerüstü ümumölkə yayımçılarının proqramlarını cavabdeh öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirmişdir.

21. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü ilədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorar alınaraq Azərbaycan Professional Kinorejissorlar Gildiyasının xeyrinə ödənilməsi, iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsi qadağan edilməsini tələb etmişdir.

22. İddiaçının “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 1999-cu ildə dövlət qeydiyyatından keçmiş iddiaçı nizamnaməsinə əsasən intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır və audioviziual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonararın alınmasını təmin edir.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması həm qanunun tələbindən irəli gəlir, həm də iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması onun yuxarıda qeyd olunan nizamnamə üzrə fəaliyyət istiqamətlərinə uyğundur.

24. Məhkəmə yuxarıda qeyd olunan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun müvafiq maddələrinin tələblərini, o cümlədən iddiaçının nizamnaməsində təsbit olunan müddəalarını nəzərə alaraq qeyd etmişdir ki, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüququna malikdirlər. Bundan başqa, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsas vəzifəsi və funksiyası lisenziya verməkdən və qonorar toplamaqdan ibarətdir. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum hazırkı iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Kinorejissorlar Gildiyasdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Azərbaycan Respublikasında audiovizual əsərlərə münasibətdə qeydiyyatdan keçmiş yeganə kollektiv müəlliflik hüququ sahibinin Azərbaycan Kinorejissorlar Gildiyası olmasını təsdiq etmişdir. Əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslayasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin etmək, xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin müəllifi olan bəstəkarların, həmin audiovizual əsərin kütləvi ifası zamanı özünün musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı alınmasını təmin etmək, audiovizual əsər müəlliflərinin, ifaçıların və audiovizual əsər istehsalçılarının auidovizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti əsər istehsalçılarının audivizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti çıxarılarkən qonorar almaq hüququnu həyata keçirmək isə Azərbaycan Kinorejissorlar Gildiyasının əsas fəaliyyət istiqamətidir. İddiaçı fəaliyyət istiqaməti və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində müəlliflərin və əlaqəli hüquq subyektləri barədə məlumatları, müəllif və əlaqəli hüquqların kollektiv idarəçiliyinə verilməsi haqqında müqavilələri, müəllif və əlaqəli hüquqların siyahısını, növlərini məhkəməyə təqdim etmişdir.

25. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin iddiaçı ilə müvafiq müqavilə bağlamadan iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarının pozulması ilə nəticələndiyindən iddia həmin hissədə təmin olunmalı, iddiaçı ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir.

26. İddia tələbinin digər hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorarın alınaraq Azərbaycan Professional Kinorejissorlar Gildiyasının xeyrinə ödənilməsi təşkil edir.

27. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun yuxarıda qeyd edilən müvafiq maddələrindən (45.1 və 45.2-ci), eləcə də “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin tələblərindən göründüyü kimi, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara müəllif qonorarının yığılması səlahiyyətini ”Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12, 41-43-cü maddələri verməklə yanaşı, həmin qonorarın məbləğinin müəyyən edilməsi və yığılması qaydasını “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı müəyyən edir.

28. Məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarla bağlanmış analoji müqavilələr təqdim olunmuşdur. Həmin müqavilələrdən görünür ki, hesabat dövrü (hər təqvim ayı) üzrə müəllif qonorarın həcmi iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 1000 manat, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2000 manat, "xxxx" MMC ilə bağlanmış 01 aprel 2022ci il tarixli müqavilə üzrə 1500 manat, "xxxx" MMC (“Ailə TV”) arasında bağlanmış xx.xx.2023-cü tarixli müqavilə üzrə 1500 manat müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəlliflərə ödənilməli olan qonorar analoji fəaliyyətlə məşğul olan hüquqi şəxslərin, yəni platforma operatorlarının iddiaçı ilə bağladığı müqavilələrdəki qiymətlər əsas götürülməklə hesablanmalıdır.

29. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində cavabdeh ziddiyyətli mövqedən çıxış etmişdir. Belə ki, bir tərəfdən iddiaçının qeyd etdiyi şəxslərin əsərlərinin yayımlanmasını inkar etmiş, digər tərəfdən retranslyasiya etməyə məcbur olduğunu və kommersiya marağının olmadığını qeyd etmişdir. Cavabdeh kommersiya hüquqi şəxsidir və retranslyasiya edərkən reklam yayması (həmçinin abunəçilərdən ödəniş alması) onun kommersiya marağının olmasını göstərir.

30. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən təqdim edilən sübutların mötəbərliliyini mübahisələndirsə də, mövqeyini əsaslandırmamışdır. İddiaçı tərəfindən təqdim edilən sübutlar iddianın təsdiq edilməsi üçün kifayətedici olması ilə bərabər, birbirini tamamlayır.

31. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

32. Kollegiya Media haqqında qanunun 32.5-ci maddəsinə dair cavabdehin dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən norma cavabdehin qonorar ödəmək öhdəliyindən azad etmir.

33. Cavabdeh iddiaçı ilə müqavilə bağlamadan əsərlər vasitəsilə razılıq olmadan gəlir əldə etməsi işin mübahisəsiz halıdır. Cavabdeh müqavilə bağlamadan, aylıq gəliri təqdim etmədən zərərin məbləğinin müəyyən edilməsinə mane olmuş, eyni zamanda həmin məbləğin hesablanması qaydasını mübahisələndirmişdir. Göründüyü kimi cavabdehin hərəkətləri vicdanlı olmamış və şikayətin dəlilləri öhdəlikdən qanunsuz olaraq azad olunmağa yönəlmişdir.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-841/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar