Məhkəmə qərarları › İş №2-2(103)-838/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-838/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-838/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, satıcı alıcıya onun sifarişi əsasında bu müqavilə ilə müəyyən edilmiş məhsulları (mal) satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavəyə uyğun olaraq xarici valyutada müəyyən olunur.

4. Sözügedən müqavilənin 3.1-ci bəndinə görə, satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, alıcının malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək vəzifəsi vardır.

5. Adı çəkilən müqavilənin 4.1-ci bəndinə əsasən, satılan mala görə ödənişin şərtləri alıcı tərəfindən verilən hər bir sifariş üzrə ayrı-ayrılıqda, hər dəfə müqaviləyə edilən əlavə ilə müəyyən olunur. Həmin müqavilənin 4.2-ci bəndinə görə, müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi nağd qaydada və ya bank vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

6. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

7. Satıcı ilə alıcı arasında xx.xx.2022-ci il tarixli məhsul/xidmət satışına dair müqavilənin 1.1-ci bəndinə əsasən, alıcı bu müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcının təqdim etdiyi məhsul/xidməti alır. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir.

8. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı bu müqavilə üzrə alqı-satqını satıcıya öncədən yazılı sifarişlər (sifarişlər) təqdim etməklə həyata keçirməlidir.

9. Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən, məhsul/xidmətin üzrə qiymət və müvafiq ödəniş şərtləri, sifarişlərə (qiymətlərin razilaşdirilmasi protokolu və ya kommersiya təklifi) uyğun olaraq hər bir sifarişdə ayrı-ayrılıqda və xarici valyutatda müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı tərəfindən alıcıya hesabfaktura və e-qaime manatla (e-qaimenin alıcıya təqdim edildiyi tarixə xarici valyutanın manata olan rəsmi məzənnəsinə uyğun olaraq) təqdim edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müqaviləyə əsasən məhsul/xidmətin dəyərinin ödənilməsi bank vasitəsi ilə köçürmə yolu ilə və Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. Bu müqavilənin sifarişlərində başqa hal müəyyən edilməyibsə və ya tərəflərin razılaşması əsasında ödənişi 100% avans şəklində satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən satıcının bank hesablarına edilməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, alıcı məhsul/xidmət üzrə ödənişi bu müqavilənin 4.2-ci maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə satıcının hər gecikən gün üzrə ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır.

10. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfin imzaladığı tarixdə qüvvəyə minir və müqavilədə göstərildiyi kimi vaxtından əvvəl ləğv edilmədiyi təqdirdə növbəti il üçün avtomatik uzadılmaqla bir il ərzində qüvvədədir. Müqavilənin yenilənmə sayı məhdud deyil.

11. Həmin müqavilənin 13.2-ci bəndinə əsasən, müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

12. Təqdim olunan 2023-cü ilə aid malların təhvil-təslim aktlarına əsasən, satıcı tərəfindən alıcıya adıçəkilən mallar təhvil verilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 697442 nömrəli elektron qaimə üzrə 2663,90 manat, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 697435 nömrəli elektron qaimə üzrə 3972,86 manat, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 982266 nömrəli elektron qaimə üzrə 5407,18 manat, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 693454 nömrəli elektron qaimə üzrə 3889,89 manat, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 693458 nömrəli elektron qaimə üzrə 2236,97 manat, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 721029 nömrəli elektron qaimə üzrə 2000,05 manat, xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 373006 nömrəli elektron qaimə üzrə 4332,45 manat, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 958109 nömrəli elektron qaimə üzrə 16645,36 manat, xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 117667 nömrəli elektron qaimə üzrə 6624,07 manat, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 643850 nömrəli elektron qaimə üzrə 5088,93 manat, xx.xx.2023- cü il tarixli, EBDU seriyalı, 189421 nömrəli elektron qaimə üzrə 6062,62 manat, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 266796 nömrəli elektron qaimə üzrə 2738,00 manat, xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 521394 nömrəli elektron qaimə üzrə 6010,99 manat, xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11159787 nömrəli elektron qaimə üzrə 655,08 manat, xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 12028649 nömrəli elektron qaimə üzrə 299,94 manat olmaqla, ümumilikdə 68 628,29 manat dəyərində qaimə göndərilmişdir.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə, alıcı tərəfindən satıcıya 2000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi qeyd edilmişdir.

15. Satıcı tərəfindən alıcıya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda qeyd edilir ki, müqavilə qüvvəyə mindikdən sonra satıcı öz öhdəliklərini yerinə yetirməyə başlamış və sizə mal satmışdır. Satılan mallara görə alıcıya elektron qaimələr göndərilsə də, alıcı müqavilə üzrə öz öhdəliklərinizi pozaraq elektron qaimələr üzrə malların dəyərinin bir qismini satıcıya ödəməmişdir. Hazırda alıcının satıcıya 36 347,7 manat məbləğində borcu yaranmışdır. Müqavilə üzrə yaranmış 36 347,7 manat əsas borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək cavabdehdən 34 347,70 manat məbləğində borc, 1454,80 manat məbləğində dəbbə pulu, 8178,24 manat məbləğində əldən çıxmış fayda, 1600 manat məbləğində vəkil qonorarı xərci, 227 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 45 807,74 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır:

- xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən, alıcı qismində cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcı qismində iddiaçının təqdim etdiyi məhsul/xidməti almağı, müqavilənin 4.2-ci (4.7) bəndinə əsasən, alıcı müqavilənin sifarişlərində başqa hal müəyyən edilməyibsə və ya tərəflərin razılaşması əsasında ödənişi 10% avans şəklində satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 (on) təqvim günü ərzində ödəməyi öz öhdələrinə götürmüşlər. - Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və iddiaçı tərəfindən cavabdehə 2023-2024-cü illər ərzində ümumilikdə 68 628,29 manat məbləğində mal satmış və satılmış malların ödənişləri göstərilən e-qaimələr göndərilmişdir. - Cavabdeh öz borcundan müəyyən ödənişlər etsə də, onun iddiaçıya 36 347,7 manat məbləğində borcu qalmışdır və borca dair tərəflər xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı imzalamışlar. Satılmış malların ödənişinin edilməsi üçün dəfələrlə cavabdehə edilmiş şifahi müraciətlər nəticəsiz qalmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş və 36 347,7 manat məbləğində borcun 3 iş günü ərzində tam şəkildə ödənilməsi tələb olunmuşdur. - Pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəbzə imza etməklə qəbul edilmişdir. Pretenziyaları aldıqdan sonra cavabdeh xx.xx.2024-cü il tarixində cəmi 2000 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya 34 347,70 manat borcu qalmışdır. - Bundan əlavə, müqavilənin 4.4-cü bəndinə əsasən, cavabdeh qarşılıqlı üzləşmə aktının tarixindən bu günə kimi (40 gün) ödənilməyən məbləğin (36 347,70 manat) 0,1% məbləğində dəbbə pulu 1454,80 manat (36,37 manat x 40 gün), ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 2816,95 manat (7.75%), xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 2726,08 manat (7.5%), xx.xx.2024cü il tarixindən isə 2635,08 manat (7,25%), ümumilikdə 8178,24 manat əldən çıxmış faydanın məbləği və Vəkil Bürosuna vəkil qonorarı kimi ödənilmiş 1600 manat məbləğində pul borcludur.

18. Cavabdehin nümayəndəsi (vəkili) bildirmişdir ki, xx.xx.2024-cü il tarixli üzləşmə aktındakı imzanın mötəbər olmaması ilə bağlı ciddi şübhələrin olduğunu bildirmişdir. Həmçinin cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borcun hansı qaimələr üzrə olması iddiaçı tərəfindən tam dəqiq müəyyən olunmayıb. Cavabdehdə hazırda təxminən 11 000 manat dəyərində mallar qalıb. Həmin malların qaytarılması iddiaçıya təklif olunmuşdur. İddianı qəbul etmir və rədd olunması barədə qətnamə çıxarılması xahiş olunur.

19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasında iştirak edərək qeyd etmişdir ki, yazışmalar aparılan nömrə onundur və hazırda da həmin mağazada işləyir. Aktın şəkli onun tərəfindən göndərilmiş, şəkildəki aktın kim tərəfindən imzalandığını isə bilməmişdir. Aktları Cavabdeh imzalayırdı və şəkillər göndərilirdi. Sənədləşmə olanda Cavabdeh məlumat verilirdi. Elə hallar olub ki, akta şəxsən imza atmışdır. Əsas işi oyuncaqlar, onların sayları, kodlarını yoxlamaqdır. Malları o, qəbul etmişdir. Elə hallar olub ki, oyuncaqlar verilib lakin təhvil-təslim aktları imzalanmayıb. Aprel ayında mal verilən zaman ona görə sənədləşmə olmadı ki, dedilər sonra gəlib sənədləri verəcəklər. Sənədlər Əfqan bəy tərəfindən təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Həmin vaxt ona deyilməmişdir ki, Murad bəyə sənədlər imzalatdırılmalıdır, ona görə də sənədləri özü imzalamış və bu haqda Murad bəyə məlumat verməmişdir. Sənədi imzalayanda “Cavabdeh” yazısını görməmişdir. Təxminən avqust-sentyabr aylarında axırıncı dəfə mallar 200 manat dəyərində mal qəbul etmişdir. Həmin vaxt aktlar tərtib olunmamışdır. Satılan, lakin pulu ödənilməyən nə qədər malın qaldığını bilmir. Qaytarılma ilə bağlı e-mail vasitəsilə sənəd göndərmişdir. İddiaçı şirkətlə birinci dəfə idi ki, qaytarılma olurdu. Əvvəllər də olmuşdu, lakin yerində bildirilmişdi.

20. Birinci instansiya məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh tərəfindən 34 347,70 manat əsas borc, 1454,80 manat dəbbə pulu, 700 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 181 manat olmaqla, ümumilikdə 36 683,50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 34 347,70 manat (otuz dörd min üç yüz qırx yeddi manat yetmiş qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. - Belə ki, iddiaçı tərəfindən cavabdehə 2023-2024-cü illər ərzində ümumilikdə 68 628,29 manat məbləğində mal satılmış və cavabdehə təhvil verilmiş mallarla bağlı elektron qaimələr göndərilmiş, qaimələr cavabdeh tərəfindən qəbul olunmuş, qaimələrlə bağlı iddiaçıya hər hansı etiraz bildirilməmişdir. - Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək 36 347,70 manat borcun ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubunun tarixindən 4 gün sonra, yəni xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən həmin məbləğdən 2000 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024cü il tarixli ödəniş tapşırığının təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna etirazın edilməməsi və müqavilə qeyd edilməklə ödənişin edilməsi borcun mövcudluğunun cavabdeh tərəfindən təsdiq edildiyini sübut edir. - Məhkəməyə qarşılıqlı üzləşmə aktları adlı sənədlər təqdim olunmuşdur ki, həmin aktların bəziləri hər iki tərəfdən təsdiq olunsa da (mübahisəyə aidiyyatı olmayanları), bəziləri İddiaçı MMC tərəfindən təsdiq olunmuş, Cavabdeh tərəfdən isə onun işçisi olan X1 tərəfindən imzalanmış, sonuncu aktdakı imzanı Cavabdeh mübahisələndirmiş, İddiaçı MMC isə onun aktı imzalamadığını qəbul etmiş, lakin həmin aktın imzalanaraq məhz Cavabdeh tərəfindən “Whatsapp” üzərindən onlara göndərildiyini bildirmişdir. Mübahisə üzrə təqdim edilən, mübahisələndirilən üzləşmə aktları özlüyündə ayrıca olaraq mötəbər sübut qismində qəbul olunmur. Belə ki, həmin aktlar cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməmişdir. - Əlavə olaraq cavabdeh tərəfindən təhvil verilən malların bir hissəsi yararsız olduğundan qaytarılması tələb edilmişdir və həmin malların ümumi dəyəri təxminən 11 000 manat təşkil edir. Lakin cavabdeh tərəfindən malların yararsız olması, həmin malların qaytarılmasının iddiaçıdan tələb edildiyi və qaytarılması istənilən malların dəyərinin dəqiq olaraq nə qədər təşkil etdiyini təsdiq edən sübutlar da iş materiallarına əlavə edilməmişdir. - Cərimə borcu ilə əlaqədar məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində tam təmin edilməli və cavabdehdən 1454,80 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. - Əldən çıxmış fayda ilə bağlı isə məhkəmə hesab edir ki, cavabdehin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. - Hüquqi yardım xərci və dövlət rüsumu ilə bağlı hissədə isə məhkəmə hesab edir ki, hüquqi yardım xərci ağlabatan məbləğdə müəyyən edilməli, cavabdehdən 700 manat hüquqi yardım xərci və iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 181 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 449.1-ci, 462.1-ci, 567-ci, 598.1-ci, 598.2-ci, 598.3-cü, 600.1-ci, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. Cavabdehin nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf müqavilədə öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyi təqdirdə cavabdehin öhdəliyi yaranmır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qeyd edilən elektron qaimə faktura üzrə mallar təhvil verilməmiş, belə mallar iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı tərəf məhkəmə təqdim etdiyi hansı elektron qaimə faktura üzrə cavabdehin borcunun yarandığını izah edə bilməmiş, sadəcə bir neçə elektron qaimə-faktura işə əlavə etməklə məhkəmədə iddiasını əsaslandırmışdır. Halbuki, iddiaçı tərəf öz mallarını cavabdehə ekspeditor və sürücü ilə cavabdehin fəaliyyət göstəridiyi kommersiya obyektinə çatdırarkən hər zaman yazılı təhvil-qəbul aktı tərəflərin səlahiyyətli şəxsləri arasında imzalanmışdır. İddiaçı tərəf təhvil-qəbul aktlarının tərəflər arasında heç vaxt yazılmadığını və imzalanmadığını bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflər arasında imzalanmış bir neçə təhvil-qəbul aktı ilə tərəflərin hər sifariş üzrə mallara dair təhvil-qəbul aktı imzaladığı təsdiq edilmişdir. Qeyd edim ki, təqdim edilən təhvil-qəbul aktlarında göstərilən elektron qaimə üzrə ödənişlər cavabdeh tərəfindən edilmişdir və iddiaçının həmin mallar üzrə hər hansı pul tələbi yoxdur. İşin bu kimi faktiki halları ilə iddiaçının malların bizə təhvil vermədiyi sübut edilsə də, məhkəmə cavabdehin 11 000 manata yaxın məbləğdə satışa yararsız cavabdehin anbarında olduğunu bildirməsini məhkəmə iddia tələbinin tam həcmdə etirafı kimi qəbul etməsi isə ümumiyyətlə anlaşılan deyil və hər hansı hüquqa əsaslanmır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

24. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək belə əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətində qeyd edilən dəlilləri yalandır, belə bir hadisələr baş verməmişdir. Cavabdehə bütün sifariş olunan mallar təhvil verilmiş, hər hansı təhvil verilməyən mal qalmamışdır. Əks halda, buna dair cavabdeh tərəfindən malların təhvil verilməməsi ilə bağlı hər hansı müraciəti olardı. İş 2 materiallarında olan sənədlərlə müəyyən olunur ki, cavabdeh malların təhvil verilməməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Bundan başqa, cavabdehə Pretenziya məkətubu göndərilmiş, Pretenziya məktubu Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəbzə imza etməklə qəbul edilmiş, lakin yenə də malların təhvul verilməməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı müraciət edilməmişdir. Məhz bu səbəbdən də, işə baxan Bakı Kommersiya Məhkəməsi öz qətnaməsində (21 bənd) əsaslı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən malların yararsız olması, həmin malların qaytarılmasının iddiaçıdan tələb edildiyi və qaytarılması istənilən malların dəyərinin dəqiq olaraq nə qədər təşkil etdiyini təsdiq edən sübutlar da iş materiallarına əlavə edilməmişdir. Cavabdeh tərəfimizdən satılmış mallara dair e-qaimələr təqdim edilmişdir. Həmin e-qaimələr həmçinin Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsində iş araşdırlarkən müəyyən olunmuşdur ki, (qətnamə, 23-cü bənd) dəyərinin ödənilməsi istənilən mallar cavabdehə təhvil verilmişdir və iddiaçı verilmiş əşyanın ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Cavabdeh tərəfindən ondan tutulması tələb edilən məbləğdən ödənişlərin edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh hüquq normalarını şərh etmiş, işə baxan məhkəmə tərəfindən hansı maddi və ya prosessual hüquq normalarının pozulmasını göstərməmişdir. İşin mübahisəsiz və sübut olunan halları ondan ibarətdir ki, cavavdehlə iddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh imzaladığı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən malları cavabdehin mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Tərəflər arasında müqavilələrin bağlanması, malların müəyyən qisminin cavabdehə təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərilməsi və müəyyən ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Cavabdehə malların göndərilməsini təsdiq edən eqaimələr mövcud olduğu halda, cavabdehin həmin malların geri qaytarılması barədə, habelə malların dəyərinin ödənilməsi barədə ödəniş qəbzləri mövcud deyildir. Bu isə onu təsdiq edir ki, cavabdeh malları təhvil almış, onları satmış, satışdan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmamış, həmin pul vəsaitindən yararlanmışdır. Beləliklə, apellyasiya şikayəti bu hissədə də, əsassızdır.

Apellyasiya baxışı, izahatlar

25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə məhkəmə iclasında özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini ödəməyi öhdəsinə götürür.

30. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

31. Maddə 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

32. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

33. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

34. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Maddə 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

49. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən (əsas borc və dəbbə pulu ilə bağlı hissədə) yoxlanılması təşkil edir. Belə ki, iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh isə faktiki olaraq iddia tələbinin qismən təmin olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

51. Belə ki, iş materiallarından və tərəflərin təqdim etdikləri sübutlardan məhkəmə kollegiyası belə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən, satıcı qismində iddiaçı malları alıcı qismində cavabdehə verməyi, cavabdeh isə iddiaçıdan qəbul etdikləri malın əvəzi kimi pul ödənişini etməyi öhdəsinə götürür.

52. İddiaçı tərəfindən cavabdehə 2023-2024-cü illər ərzində ümumilikdə 68 628,29 manat məbləğində mal satılmış və cavabdehə təhvil verilmiş mallarla bağlı elektron qaimələr göndərilmiş, qaimələr cavabdeh tərəfindən qəbul olunmuşdur.

53. Kollegiya hesab edir ki, işin hallarından, müqavilənin şərtlərindən (§ 9, 13) tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur.

54. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

55. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır

56. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).

57. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.

58. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

59. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, mallara görə ödənişin edilməsi ilə bağlı cavabdehə elektron-qaimə fakturalar təqdim olunmuş, cavabdeh də ödənişləri həyata keçirmişdir.

60. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz cavabdeh, təqdim olunmuş mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir.

61. Cavabdeh bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

62. Bu halda kollegiya onu nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçıya göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə ödənilməmiş 36 347,70 manat borcun ödənilməsi tələb olunmuş və bundan 4 gün sonra, yəni xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən 2000 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna etirazın edilməməsi və müqavilə qeyd edilməklə ödənişin edilməsi borcun mövcudluğunun cavabdeh tərəfindən təsdiq edildiyini sübut edir.

63. Eyni zamanda cavabdeh apellyasiya şikayətində üzləşmə aktına (§ 23) istinad etsə də, birinci instansiya məhkəməsində çıxışları (§ 18) zamanı onların mötəbərliyini mübahisələndirmişdir.

64. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında mövcud olmuş öhdəlik hüquq münasibətləri üzrə iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh öz öhdəliklərini lazımı qaydada icra etməmiş və nəticədə müqavilənin tələblərini pozmuşdur.

65. İddiaçı tərəfindən tələb olunan dəbbə pulu ilə əlaqədar işin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 1454,80 manat məbləğində cərimənin tutulmasını tələb etməkdə haqlı idi.

66. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

67. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin

1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

68. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 14 avqust 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Nümayəndə və Parnyorları” Vəkil Bürosunun hesabına apellyasiya instansiyasında göstəriləcək hüquqi yardıma görə 1.600 manat haqq ödənilmişdir.

69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”.

70. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Yəni məhkəmə iddiaçının vəkillə bağladığı müqavilənin qiymətindən və ya vəkilə ödənilən məbləğdən asılı deyil və onları yalnız qiymətləndirmə vəzifəsi daşıyır. Hər bir halda məhkəmə ağlabatanlılıq meyarına uyğun olaraq məbləği müəyyən etməlidir.

71. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

72. Məhkəmə kollegiyası təqdim edilən sübutları düzgün qiymətləndirməklə apellyasiya instansiyasında vəkil tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmaqla ağlabatanlılıq meyarına uyğun olaraq hesab edir ki, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 1600 manatdan 300 manat vəkil xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1197/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Apellyasiya icraatı üçün iddiaçının hüquqi yardımla bağlı ödədiyi 300 (üç yüz) manat vəkil xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar