Məhkəmə qərarları › İş №2-2(103)-839/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-839/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-839/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İdİddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2-2(113)-3459/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilənin 1 saylı əlavəsində olan malları cavabdehə satmağı, cavabdeh isə alınan malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim olunan tarixdən 5 iş günü müddətində iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

2. 12 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 50420 manat dəyərində mal cavabdehə satılmışdır.

3. 12 ədəd malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır.

4. xx.xx.2022-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya qalıq borcu 42728,81 manat əsas, 6210,44 manat ƏDV olmaqla ümumilikdə 48939,25 manat təşkil edir.

5. 10 iyun 2022-ci il tarixli 107OPX********** saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi üzrə vəkilin göstərdiyi yardıma görə 1500 manat Bakı şəhəri 30 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı 42.728,81 manat məbləğində pulun, ƏDV-yə görə 6.210,44 manat məbləğində pulun, mediasiya prosesi üçün ödənilən 400 manat pulun və hüquqi yardım üçün vəkilə ödənilən 1500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı əlavəsində olan malları cavabdehə satmağı, müqavilənin 3.3-cü bəndinə və 6.2.5-ci yarımbəndinə əsasən cavabdeh isə alınan malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim olunan tarixdən 5 iş günü müddətində iddiaçıya ödəməyi üzərinə öhdəlik kimi götürmüşdür. Müvafiq qaimə-fakturalar əsasında mallar cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi qaimə fakturada imza etməklə malların təhvil alındığını təsdiq etmişdir. Malların bir qismi isə elektron qaimə ilə cavabdehə təqdim edilmişdir. Göründüyü kimi malların satıcıya təqdim edilməsi qaiməfakturalar ilə təsdiq edilir. Cavabdeh 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsinin 3.3-cü bəndinin və 6.2.5-ci yarımbəndinin tələblərini pozaraq, alınmış malların dəyərini ödəməkdən imtina etmişdir. Belə ki cavabdeh malları təhvil alsa da, malların dəyərinə görə 42.728,81 manat məbləğində pulu, o cümlədən ƏDV-yə görə 6.210,44 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, cavabdehə malları təqdim etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş və malların dəyərini ödəməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3459/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsinə əsasən 42.728,81 manat, ƏDV-yə görə 6.210,44 manat, mediasiya xərcinə görə 397,58 manat və vəkilin göstərdiyi yardıma görə 1000 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı əlavəsində olan malları cavabdehə satmağı, cavabdeh isə alınan malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim olunan tarixdən 5 iş günü müddətində iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 50420 manat dəyərində mal cavabdehə satılmış, həmin mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı ilə cavabdeh arasında borca dair xx.xx.2022-ci il tarixli Üzləşdirmə Aktı tərtib edilməklə təsdiq edilmiş və həmin akta əsasən cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya qalıq borcu 42728,81 manat əsas, 6210,44 manat ƏDV olmaqla ümumilikdə 48939,25 manat təşkil edir.

10. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.

11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsinə və xx.xx.2022-ci il tarixli Üzləşdirmə Aktına əsasən yaranmış 42.728,81 manat əsas və ƏDV-yə görə 6.210,44 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1500 manat məbləğin 1000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab etmişdir.

13. Mediasiya xərci ilə bağlı hissədə məhkəmə qeyd etmişdir ki, mediasiya xərcinə görə 397,58 manat (400 manat (mediasiya xərcinin məbləği) – 2,42 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 397,58 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3459/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tam rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan, məhkəmə proseslərində cavabdehin iştirakını təmin etmədən, yalnız iddiaçının iddiasında irəli sürdüyü mülahizəyə əsaslanmışdır. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlansa da icrası olmamışdır. Yəni cavabdehə mal təhvil verilməmişdir. Bu səbəbdən də malların təhvil-təslim aktı yoxdur. İşə baxan məhkəmə cavabdeh qurum olaraq Cavabdehnə keçirilən məhkəmə iclasları barədə bizə heç bir məlumat vermədən işə baxaraq qiyabi qətnamə əsasında cavabdehin qanunla qorunan cavabdehin mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi və vəkili Nümayəndə1 yalnız xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə vəsatət göndərərək işdəki təhvil-təslim aktlarındakı imzanın X1 məxsus olubolmadığının məhkəmə xətşünaslıq ekspertizası keçirilməsini xahiş etsə də, həmin şəxsdən eksperimental imza nümunələrinin götürülməsi üçün məhkəmə iclasında iştirakını təmin etməmişdir.

18. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 49.2-ci maddə-hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3459/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsi bağlandığını qəbul etsə də, həmin müqavilənin satıcı tərəfindən icra edildiyini qəbul etmir. Məhkəmə cavabdehin bu etirazını əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən malların alıcıya təqdim edilməsi ilə bağlı təhvil-təslim aktları, elektron qaimələr, o cümlədən üzərində cavabdehin direktorunun imzası və möhürü olan üzləşmə aktı təqdim etmiş, cavabdeh bu sübutları təkzib edə biləcək hər hansı dəlil göstərə bilməmişdir.

22. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, təhvil-təslim aktlarını imzalayarkən Hüseynov Elşən direktor olmadığı üçün həmin aktlar səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Məhkəmə cavabdeh tərəfin bu mülahizəsini də əsassız hesab edir. Belə ki, işdən görünür ki, xx.xx.2021-ci il tarixli etibarnamə ilə Cavabdeh direktoru A.Əzizova tərəfindən X1 hüquqi şəxsin adından satın alınmış sement məhsullarının təhvil-təslim aktlarını imzalamaq səlahiyyəti verilmişdir.

23. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəməyə təhvil-təslim aktlarındakı imzanın E.Hüseynov tərəfindən icra edilib-edilmədiyinin araşdırılması məqsədi ilə iş üzrə xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət versə də, məhkəmə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə iddiaçıdan alınmış mallara görə 48939,25 manat qalıq borcun olduğunun etiraf edildiyini və bu aktın cavabdeh tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq prosessual qənaət prinsipinə əsaslanmaqla vəsatətin təmin edilməsini zəruri hesab etməmişdir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdeh məhkəmə iclaslarında eksperimental xətt və imza nümunələrinin götürülməsi üçün E.Hüseynovun iştirakını təmin etməmiş, o cümlədən, malların cavabdehə təqdim edilməsi təhvil-təslim aktları ilə yanaşı eyni zamanda elektron qaimələrlə rəsmiləşdirildiyi halda həmin qaimələrə hər hansı etiraz bildirməmişdir.

24. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair apellyasiya şikayətinin dəliləri ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda faaliyyət göstərmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh tərəfin elektron kabineti olmadığından cavabdehə iclasların vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulduğu müəyyən olunmur.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3459/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3459/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar