Məhkəmə qərarları › İş №2-2(103)-839/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-839/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-839/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) müqaviləsinin ləğv olunması, dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) müqaviləsinin ləğv olunması, dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1283/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Lizinq verən qismində Cavabdeh MMC ilə lizinq alan qismində İddiaçı arasında xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövrilikdə lizinq ödənişlərini icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər; 2.3-cü bəndinə əsasən lizinq ödənişlərini müqavilənin 1 saylı əlavəsində göstərilir; 3.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil verilməsi təhvil-təslim aktının imzalanması ilə rəsmiləşdirilir. 6.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini qəbul edərkən hər hansı çatışmamazlıq aşkar edərsə, qəbul aktında bu barədə qeyd etməli və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı yazılı pretenziyalarını 3 iş günü müddətində satıcıya qarşı irəli sürməli və bu barədə lizinq şirkətini yazılı qaydada məlumatlandırmalıdır. Göstərilən müddət ərzində lizinq obyektinin aşkar edilmiş çatışmazlıqları barədə yazılı pretenziyanın verilməməsi lizinq obyektinin müqavilənin şərtlərinə uyğun vəziyyətdə təhvil verilməsi vəzifəsinin lazımınca icrası faktını təsdiq edir; 6.4-cü bəndinə əsasən lizinq şirkəti alqı-satqı müqaviləsi üzrə satıcının öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsinə görə lizinq alan qarşısında məsuliyyət daşımır; 10.2-ci bəndinə əsasən lizinq obyekti zədələndikdə lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Bu halda müqavilə dəyişməz qalaraq öz qüvvəsini saxlayır, lizinq alan isə müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə lizinq ödənişlərinin ödənilməsini davam etdirir; 13.1-ci bəndinə əsasən lizinq şirkəti lizinq alanın lizinq obyektindən istifadə şəraiti müqavilənin şərtlərinə və ya lizinq obyektinin təyinatına, o cümlədən texniki sənədlərinin tələblərinə uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun texniki keyfiyyətini pisləşdirirsə, müqavilənin 8.6-cı bəndində nəzərdə tutulan vəzifələr lizinq alan tərəfindən pozulduqda lizinq şirkəti pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri ala və müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər.

3. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. xx.xx.2024-cü il tarixli, SL452/24 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi”nə 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, lizinq obyektinin satınalma qiyməti 457720 manat, lizinq üzrə borc məbləği 194820 manat təşkil edir. Lizinq müddəti 60 aydır. Əlavədə qeyd edilmişdir ki, lizinq alan tərəfindən ödənilməli olan ilkin ödəniş məbləği və/və ya Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ayrılmalı olan maliyyələşdirmə məbləği gecikdirildiyi halda, ödəniş cədvəli faktiki maliyyələşdirilmə tarixindən hesablanacaq və ödəniş cədvəlində göstərilmiş birinci və sonuncu ayların ödənişlərinin tarixi və məbləği əlavədə əksini tapan qrafikdən fərqlənə bilər.

5. 07.08.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən 1 ədəd “Massey Ferguson” markalı, “MF 7347S” modelli kombayn və 1 ədəd “Aktürk” markalı 8 sıralı qarğıdalı biçən başlıq satış məqsədi ilə İddiaçı təhvil verilmişdir. Aktda qeyd olunur ki, İddiaçı təhvil verilmiş malın keyfiyyətindən tamamilə razıdır və "xxxx" MMC-yə heç bir iddiası yoxdur. Akt tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

6. 00012 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2024-cü il tarixli lizinq obyektinin təsvirinin məzmunundan müəyyən olunur ki, “Massey Forgusson” markalı kombayn və “Aktürk” markalı 8 sıralı qarğıdalı başlığının ümumi dəyəri 440000 manat təşkil edir.

7. "xxxx" MMC tərəfindən tərtib edilmiş Cavabdeh MMC tərəfindən 00012 nömrəli müqaviləyə əsasən satılan texnika və aqreqatlar üçün zəmanət şərtlərinin məzmunundan müəyyən olunur ki, satıcının zəmanət öhdəlikləri, texnikanın alıcıya göndərildiyi tarixdən bir il və ya 1000 moto saat ərzində etibarlıdır.

8. xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli lizinq müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli qəbul aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı “Massey Fergusson” markalı, “MF 7347S (MCS)” model kombayn və Aktürk markalı 8 sıralı qarğıdalı başlığı təhvil verilmişdir. Akta əsasən lizinq obyekti lizinq şirkətinin iştirakı ilə lizinq alan tərəfindən yoxlanılıb və lizinq müqaviləsinin bütün şərtlərinə, o cümlədən heç bir məhdudiyyət qoyulmadan miqdar, çeşid, kompleklilik və keyfiyyət şərtlərinə uyğundur; lizinq obyekti tam, istifadəyə yararlı və işlək vəziyyətdədir; lizinq obyektində heç bir qüsur aşkar olunmamışdır; bu qəbul aktının imzalanması tarixində lizinq alanın lizinq obyektinə münasibətdə lizinq şirkətinə qarşı hər hansı iddiası yoxdur və gələcəkdə də olmayacaq. Akt tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli texniki təminatın məzmunundan müəyyən olunur ki, İddiaçı istifadəsinə verilən ZN2G5650J03050728 şassili, PLD421127 mühərrikli “Massey Ferguson” markalı, “MF 7347S (MCS)” modelli kombayna və üstündəki 3738 şassili qarğıdalı biçən başlığa 1000 motosaat və ya 1 il (hansı tez bitərsə) zəmanət verilir.

10. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli texniki təminatın məzmunundan müəyyən olunur ki, İddiaçı istifadəsinə verilən 3738 şassili, Aktürk markalı, 8 sıralı qarğıdalı biçən başlığa 1 il zəmanət verilir.

11. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina aktının məzmunundan müəyyən olunur ki, İddiaçı satış sonrası şöbə rəisi H.Əmirxana kombayn “Massey Ferguson markalı, MF 7347S” markalı kombaynın montaj zamanı baraban lövhələrinin və arxa doğrayıcının qoşulmasına etiraz etmiş, bununla bağlı yarana biləcək hər hansı qüsurların aradan qaldırılmasının məsuliyyətini üzərində götürmüşdür. Akt İddiaçı imzası ilə təsdiq edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 82600 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 5400 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 189,28 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, M-MB-0189/24 nömrəli müqaviləyə əsasən 1-ci hissədə sığorta ödənişi qeyd edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 1092,34 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, M-MB-0189/24 nömrəli müqaviləyə əsasən 1-ci hissədə sığorta ödənişi qeyd edilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3646 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.

17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3247 manat ödəniş edilmişdir.

18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3,25 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən aylıq ödəniş qeyd edilmişdir.

19. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 000520 nömrəli təmir aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən ümumi dəyəri 1353,26 manat olan təmir işləri həyata keçirilmişdir. Qeyd edilmişdir ki, baraban kəməri yenisi ilə əvəz olunub.

20. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının məzmunundan müəyyən olunur ki, qarğıdalı başlığının udlaq hissəsində qoruyucu lövhə əzilmişdir, sağ dönmə işıq sıradan çıxmışdır. Kombaynın salonundakı yan güzgüləri tənzimləmə düyməsi sıradan çıxmış, mühərrik bölməsində qoruyucu kranşteyn sıradan çıxmışdır və əlavə olaraq texnikada mühərrik yağı və hidrovlik yağı nəzərdə tutulmuş həddən çox aşağıdır və sol arxa təkərin zədələnməsi müşahidə edilmişdir. Kombaynda qeyd edilən qüsurlardan başqa heç bir qüsur aşkarlanmamışdır. Bütün elektrik və mexaniki hissələr işlək vəziyyətdədir.

21. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən 1 ədəd “Massey Ferguson” markalı, “MF 7347 S” modelli kombayn və 1 ədəd Aktürk markalı kombayn başlığı işlək vəziyyətdə, lakin müəyyən qüsurlarla "xxxx" MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

22. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq 140000 manat məbləğində pul vəsaitinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

23. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, kombaynın istismarı zamanı ciddi çətinliklərlə üzləşmişdir. Dəfələrlə eyni nasazlıq baş vermişdir ki, bu da işi çətinləşdirmiş və nəticədə ciddi maliyyə itkisi ilə üzləşmişdir. Kombaynın nasazlığı üzündən müştərilərdən biçin sahəsi ilə bağlı sifariş qəbul edə bilməmiş, bununla bağlı təhcizatçı "xxxx" MMC-yə məlumat verməsinə baxmayaraq, problemin həlli yönümündə heç bir iş aparılmamışdır. Son olaraq həm "xxxx" MMC rəhbərliyi, həm də Cavabdeh MMC-nin rəhbərliyinin razılığı ilə 1 ədəd “Massey Ferguson 7347 S” modelli kombaynı və onun qarğıdalı başlığı ilə birlikdə 24 oktyabr 2024-cü il tarixdə təhvil vermişdir. Əlavə olaraq, kombayna aid olan bütün ehtiyyat hissələri də "xxxx" MMC tərəfindın geri götürülüb. Bunu təsdiq edən akt da tərtib olunub. Yuxarıda qeyd olanları və kombaynın qüsurlu olmasını nəzərə alaraq aralarında bağlanmış SL452/24 nömrəli, 02 iyul 2024-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsini və həmin müqavilə üzrə ödənilən 100000 (yüz min) manat vəsaitin tam həcmdə müqavilədə göstərilən VÖEN hesabına köçürülməsi xahiş edilmişdir.

24. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, SL452/24 saylı 02 iyul 2024-cü il tarixli lizinq müqaviləsinə və həmin tarixli qəbul aktına əsasən lizinq obyektləri olan “Massey Fergusson” kombayn və Aktürk 8 sıralı qarğıdalı başlığı (xeder) tam işlək vəziyyətdə təhvil verilmişdir. Qəbul aktının 8-ci bəndinə əsasən lizinq alan lizinq şirkətinə qarşı hər hansı bir iddianın olmadığı və gələcəkdə də heç bir iddianın olmayacağını öz imzası ilə təsdiq etmişdir. Məktubda texnikanın lizinq şirkətinə geri təhvil verilməsi ilə bağlı iddialara cavab olaraq bildirilmişdir ki, şifahi müraciət nəzərə alınaraq SL452/24 saylı, 02 iyul 2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 7.2-ci bəndinə əsasən texnikanın yerinin dəyişdirilməsinə görə sizə icazə verilibdir. Qeyd edilmişdir ki, xx.xx.2024-ci il tarixə "xxxx" MMC qarşısında SL452/24 saylı, 02 iyul 2024-cü il tarixli daxili lizinq müqaviləsində qeyd olunmuş lizinq ödənişləri qaydasını pozduğuna görə xx.xx.2024-cü il tarixinə 3246 (üç min iki yüz qırx altı) manat gecikdirilmiş borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyin icrası təmin edilməmişdir.

25. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/M 48-141/25 saylı mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, texnikanın işlək vəziyyətdə olduğu qeydə alınmışdır. Hər hansı bir istehsalçı qüsuru müəyyən olunmamışdır. Yerləşdiyi yer texnikanın istismar edilərək yoxlanılması üçün əlverişli olmadığından “Massey Ferguson 7347 S” markalı taxılyığan kombaynda yaranmış problemlərin, nasazlığın müəyyən edilməsi mümkün olmamışdır. Müəyyən edilmişdir ki, qüsur və nasazlıqların aşkar edilməsi yalnız taxıl sahəsində biçin və istismar zamanı (yüksək yüklənmə şəraitində) mümkündür. Mütəxəssislər tərəfindən aparılan yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, baraban lövhələrinin qoşulmaması kombaynın işləmə mexanizminə heç bir mənfi təsir göstərmir. Qoşulmaması nəticəsində yalnız müəyyən funksiyaların (məsələn, əlavə təmizləmə) yerinə yetirilməsi məhdudlaşır. Arxa doğrayıcının qoşulmaması kombaynın əsas işləmə qabiliyyətinə təsir etmir. Yalnız biçilmiş məhsulun əlavə emalı funksiyasını məhdudlaşdırır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

26. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə bağlanılan 02 iyul 2024-cü il tarixli, SL452/24 nömrəli maliyyə lizinqi müqaviləsinin ləğv olunması və Cavabdeh MMC-dən lizinqə götürülən 1 ədəd “Massey Ferguson 7347 S” markalı taxılyığan kombaynın nasaz olması səbəbindən geri təhvil alındığı üçün kombayna ödənilən ilkin ödəniş və digər ödənişlər olmaqla, toplam 99821,09 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “İddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanılan 02 iyul 2024-cü il tarixli, SL452/24 nômrəli maliyyə lizinq müqavilləsinin ləğv olunması, MMC-dən lizinqə götürülən 1 ədəd “Massey Ferguson 7347 S” modelli kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması, servis işçilərinin etinasızlığı səbəbindən işləyə bilməməsi və adı çəkilən texnikanı və ona aid olan bütün ehtiyyat hissələrini geri təhvil aldıqları üçün zərərə düşdüyü 30000 manat əldən çıxmış fayda və işgüzar nüfuzuna xələl gəldiyi üçün 10000 manat mənəvi ziyan və ümumi olaraq kombayna ödənilən 100000 manat olmaqla, cəmi 140000 manat vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Ərizə onunla əsaslandırılmışdır ki, lizinqə götürülən kombayn üçün ödənilən ödənişlərdən əlavə olaraq, kombaynın nasaz olması səbəbindən (buna misal olaraq, kombaynın təhvil-təslim anında nasazlıq baş verdi ki, bu da 160-200 hektar günəbaxan sahəsi və hər hektarın biçin qiyməti 120 manat hesabı ilə təqribən 20000 manat zərər), daha sonrakı vaxtda kombaynda baraban kəmərinin (remen) qırılması səbəbi ilə həm illərlə işlədiyi fermerlərlə münasibəti korlanaraq işgüzar nüfuzuna xələl gəlmiş, həm maddi, həm mənəvi zərər çəkmiş, həm də əldə edəcəyi faydadan məhrum olmuşdur. Dəfələrlə biçin sahəsindən kəmər qırılma səbəbi ilə yarımçıq çıxmışdır ki, bu da təqribən 10000 manat dəyərləndirilir.

29. Üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə daxil olmuş ərizədə qeyd olunur ki, xx.xx.2024-cü ildə İddiaçı Cavabdeh MMC-dən lizinq yolu ilə əldə etdiyi “Massey Fergysson MF7347S (MCS)” markalı kombaynı tam saz vəziyyətdə təhvil almışdır. Həmçinin iddiaçı texnikanı təhvil alarkən onun barabanının və arxa doğrayıcısının qoşulmasına etiraz etmiş və bununla bağlı yarana biləcək hər hansı problemə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Texnikadan istifadə etdiyi müddət ərzində texnikada yaranmış tənzimləmələrlə bağlı "xxxx" MMC-nin servis mərkəzinə müraciət etmiş və servis əməkdaşları müştəriyə lazımi servis xidməti göstərmişdir. Sonradan hər hansı qüsurla bağlı "xxxx" MMC-yə müraciət olunmamışdır. Yalnız xx.xx.2024-cü ildə texnikada hansı texniki nasazlıqların olması və həmin nasazlıqların diaqnostika edilməsilə bağlı "xxxx" MMCyə iddiaçı tərəfindən müraciət olunmuş, iki tərəfin imzası ilə qüsur aktı tərtib olunduqdan sonra texnikanın təmiri üçün həmin texnikanı servisə qoymuşdur. O, bu barədə "xxxx" MMC-nin məlumatı olduğunu bildirmişdir. Lakin sonradan iddiaçı texnikadakı təmirə ehtiyac duyulan hissələrin təmiri ilə bağlı heç bir hərəkət (əqd bağlanması, ilkin ödəniş, hansısa iradə ifadəsi və s.) etməmişdir. Bu günədək texnika servis mərkəzindədir və məlum olmuşdur ki, o, texnikanın lizinqi ilə bağlı müqaviləni ləğv etməklə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının iddiası əsassız hesab edilir. Belə ki, texnikada hansısa istehsalçı qüsuru mövcud olmamış, olsaydı belə, bu, zəmanət şərtləri ilə aradan qaldırılmalı idi.

30. Məhkəmə icraatının gedişində cavabdehin vəsatəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1283/2025 nömrəli qətnaməsi iddia rədd edilmişdir.

32. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lizinq predmeti lizinq alanın istifadəsinə verilmiş, İddiaçı tərəfindən müqavilə üzrə ilkin ödəniş, sığorta ödənişləri həyata keçirilmiş, müəyyən xərclər çəkilmişdir. Eyni zamanda lizinq predmetinin satıcısı qismində hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, lizinq predmetinə dair zəmanət şərtləri müəyyən edilmiş, kombaynda yaranacaq qüsurlarla bağlı müvafiq öhdəliklər götürülmüşdür. Kombaynda yaranmış qüsurlarla bağlı da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuş, müəyyən təmir işləri (kəmər dəyişdirilmiş və s.) həyata keçirilmişdir. Qeyd olunan hallar işin mübahisəsiz hallarını təşkil edir.

33. Lizinq predmeti iddiaçıya 2024-cü il avqustun 8-də təhvil verilmişdir. Lizinq predmetində yaranmış nasazlıqla bağlı üçüncü şəxs olan satıcıya müraciətlər olmuş, sonuncu dəfə isə 2024-cü ilin oktyabr ayında qüsur aktı tərtib edilərək, iddiaçı tərəfindən üçüncü şəxsə verilmiş və bununla bağlı akt tərtib olunmuşdur. İddiaçı kombaynın geri təhvil verildiyini bildirmiş, cavabdeh isə bunu qəbul etməyərək, kombaynın təmir olunması üçün yalnız yerinin dəyişdirilməsinə icazə verildiyini, üçüncü şəxs isə kombayna dair qüsur aktının da tərib edilərək, təmir işləri üçün qəbul edildiyini bildirmişdir.

34. İddiaçı lizinq predmetinin təhvil alındığı andan nasaz olduğunu iddia etmiş və "xxxx" MMC isə kombaynın tam saz vəziyyətdə İddiaçı təhvil verildiyini, bununla bağlı təhvil-təslim aktının imzalandığı qeyd edilmişdir.

35. İddiaçı cavabdehə qarşı Cavabdeh MMC ilə bağlanılan 02 iyul 2024-cü il tarixli, SL452/24 nömrəli maliyyə lizinq müqaviləsinin ləğv olunması tələbini irəli sürmüşür.

36. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin şərtlərini, müqavilə ilə lizinq alan və lizinq verənin öz üzərlərinə götürdükləri öhdəlikləri nəzərə alaraq, hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərini nəzərə almışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması faktı aşkarlanmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövrilikdə lizinq ödənişlərini icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən hazırkı mübahisə ilə bağlı müqavilə öhdəliklərinin pozulması öz təsdiqini tapmamışdır.

37. Bundan əlavə lizinq predmetində yaranmış nasazlıqlarla bağlı qeyd edilməlidir ki, 02 iyul 2024-cü il tarixli, SL452/24 nömrəli maliyyə lizinq müqaviləsinin 6.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini qəbul edərkən hər hansı çatışmamazlıq aşkar edərsə, qəbul aktında bu barədə qeyd etməli və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı yazılı pretenziyalarını 3 iş günü müddətində satıcıya qarşı irəli sürməli və bu barədə lizinq şirkətini yazılı qaydada məlumatlandırmalıdır. Müqavilənin 6.4-cü bəndinə əsasən lizinq şirkəti alqı-satqı müqaviləsi üzrə satıcının öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsinə görə lizinq alan qarşısında məsuliyyət daşımır. Göründüyü kmi, iddiaçı lizinq obyektini qəbul edərkən hər hansı çatışmamazlıq aşkar edərdisə, qəbul aktında bu barədə qeyd etməli və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı yazılı pretenziyalarını 3 iş günü müddətində satıcıya qarşı irəli sürməli və bu barədə lizinq şirkətini yazılı qaydada məlumatlandırmalı idi. Bundan başqa, lizinq şirkətinin alqı-satqı müqaviləsi üzrə satıcının öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsinə görə lizinq alan qarşısında məsuliyyəti müəyyən edilməmişdir.

38. Eyni zamanda texnikada ciddi nasazlıqlar və istehsal qüsurları ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, lizinq obyektində nasazlıqlar, istehsal qüsurlarının olubolmaması barədə sual qoyulmuşdur. “xx.xx.2025-ci il tarixli, CVN/M 48-141/25 saylı rəydə qeyd edilmişdir ki, texnika işlək vəziyyətdədir və hər hansı bir istehsalçı qüsuru müəyyən olunmamışdır.

39. Eyni zamanda əsas mübahisəli olan baraban lövhələrinin və arxa doğrayıcının qoşulmamasının kombaynın işləmə mexanizminə təsiri ilə bağlı rəydə qeyd olunmuşdur ki, baraban lövhələrinin qoşulmaması kombaynın işləmə mexanizminə heç bir mənfi təsir göstərmir. Qoşulmama nəticəsində yalnız müəyyən funksiyaların (məsələn, əlavə təmizləmə) yerinə yetirilməsi məhdudlaşır. Arxa doğrayıcının qoşulmaması kombaynın əsas işləmə qabiliyyətinə təsir etmir. Yalnız biçilmiş məhsulun əlavə emalı funksiyasını məhdudlaşdırır. Mübahisəli məqamlardan biri də texnikanın məhz taxılı təmiz biçməməsi, əlavə təmizləmə işləri ilə bağlı olmuşdur. Arxa doğrayıcı və baraban lövhələri məhz iddiaçınnı istəyi ilə bağlı kombayna qoşulmamış, bununla bağlı xx.xx.2024-cü il tarixli imtina aktı tərtib olunmuş və aktda qeyd olunmuşdur ki, lizinq alan “Massey Ferguson markalı, MF 7347S” markalı kombayna montaj zamanı baraban lövhələri və arxa doğrayıcının qoşulmasına etiraz etmiş, bununla bağlı yarana biləcək hər hansı qüsurların aradan qaldırılmasının məsuliyyətini üzərində götürmüşdür. Akt İddiaçı imzası ilə təsdiq edilmişdir.

40. İddiaçı kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması, servis işçilərinin etinasızlığı səbəbindən işləyə bilməməsi və adı çəkilən texnikanı və ona aid olan bütün ehtiyyat hissələrini geri təhvil aldıqları üçün zərərə düşdüyünü iddia edərək, zərərə düşdüyü 30000 manat əldən çıxmış fayda və işgüzar nüfuzuna xələl gəldiyi üçün 10000 manat mənəvi ziyan və ümumi olaraq kombayna ödənilən 100000 manat olmaqla, ümumilikdə 140000 manat vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsini tələb etmişdir.

41. Məhz yuxarıda qeyd olunan əsaslarla məhkəmə hesab etmişdir ki, cavabdehin öz öhdəliklərini pozması, yaxud hər hansı hərəkətləri nəticəsində iddiaçının zərərə məruz qalması öz təqdiqini tapmadığından iddia həmin hissədə də təmin olunmamalıdır.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, zərər məbləğləri ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçının lizinq müqaviləsi ödədiyi ilkin ödəniş məbləği və digər məbləğlərin iddiaçıya qaytarılması üçün əsaslar müəyyən edilmir.

43. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qeyd olunan hissədə də təmin olunmamalıdır.

44. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.2, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442,448.1,747.1-ci maddələrinə istinad etmişdir.

45. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

46. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sadalanan qanun normalarını qətnaməyə daxil etmiş, lakin həmin normaların iddianın təmin və ya rədd olunması səbəblərindən bəhs etməmişdir. Hansı ki, istinad olunan normalar iddianın təmin olunmasını zəruri edirdi. Məsələn, Mülki Məcəllənin 21.2 maddəsi zərərin anlayışını verir. İddiaçı 100000 manat pul ödədiyi halda lizinq obyekti istismara yarasız olmuş, 3 dəfə kəmərin qırılması nəticəsində kombayının işlədilməsi mümkünsüz olmuş və nəticədə lizinq obyekti qaytarılmışdır. Yəni Mülki Məcəllənin 21.2 maddəsində nəzərdə tutulan zərər baş vermişdir. Mülki Məcəllənin 421.1-421.3 maddəsinin mübahisəyə tətbiqinin əhəmiyyətindən bəhs olunmayıb. Mülki Məcəllənin 421.1 maddəsi ümumi müddəa olub müqavilənin əvvəl dəyişdirilməsinə aiddir. 421.2 maddəsi isə müqavilənin əhəmiyyətli dərəcədə pozuntusundan və pozuntunun nədən ibarət olmasına aydınlıq gətirir. İddiaçıya 100000 manatdan çox zərər dəyməsi işin mübahisəsiz halıdır. Yəni Mülki Məcəllənin 421.2 maddəsi iddianın təmin olunmasını şərtləndirirdi. Lakin məhkəmə bu normanı düzgün tətbiq etməyərək iddianı rədd etmişdir. Mülki Məcəllənin 421.3 maddəsinin isə iddianın təmin və ya rədd olunması ilə əlaqəsi yoxdur. Mülki Məcəllənin 442 və 448.1 maddələri isə öhdəliyin icra edilib-edilməməsinə aydınlıq gətirir. Müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozulması, yəni kombayının istismara yarasız olması səbəbindən işlədilə bilməməsi işin mübahisəsiz halıdır. Yəni müqavilə öhdəliyyinə cavabdeh əməl etmədiyi üçün iddia təmin edilməli olduğu halda iddia rədd edilmişdir. Mülki Məcəllənin 385.1 və 386.1 maddəsi də öhdəliyə əsasın tərəflərin vəzifələrini müəyyən edir. İddiaçı öhdəliyə əsasən üzərinə düşən vəzifələri icra etmidir. Lakin cavabdeh isə üzərinə düşən vəzifəni lazımınca icra etməmişdir. Mülki Məcəllənin 747.1 maddəsi isə lizinq müqaviləsinə aydınlıq gətirir. Hazırkı mərhələdə bu normanın iddianın rədd olunması üçün tətbiqi qanunsuzdur. Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77-ci maddələri tərəflərin prosessual hüquqlara malik olduğunu göstərir. Lakin qətnamədə bu normaların tələblərinə kimin əməl etməməsinə aydınlıq gətirilməyib. Mülki Prosessual Məcəllənin 82.3 maddəsinin hazırkı mübahisə ilə nə yaxından, nə uzaqdan əlaqəsi yoxdur. Mülki Prosessual Məcəllənin 218.3 maddəsi isə mübahisə üzrə məhkəmənin qətnamə çıxarılmasına aiddir. Başqa sözlə iddianın rədd olunmasını şərtləndirmir. xx.xx.2025-ci ildə Şabran Aqrokopleks MMC İddiaçı kombayn xidməti üçün təklif göndərib. Lakin kombayn işləmədiyi üçün təklifi dəyərləndirmək mümkün olmayıb. İddiaçının kombaynın nasazlığı ilə əlaqədar cavabdehə ünvanlandığı elektron məlumatları məhkəmədə tədqiq edib qiymətləndirməyib. İş üçün əhəmiyyətli halların hamısı müəyyən edilməyib, müəyyən edilmiş hallara isə düzgün hüquqi qiymət verilməyib. İddiaçının qənaətinə görə məhkəmənin əvvəlcədən işi obyektiv araşdırmaq niyyəti olmayıb. Belə ki, onu müdafiəçi ilə təmin etməyərək müdafiə hüququnu pozub, iddianı təmin etmə tədbiri barədə ərizəsini təmin etməyib. İddiaçı ərizəsində taxıl yığımı mövsümündə kombayını əvəzləyici ilə təmin etməsini xahiş edib ki, vurulan zərərin qarşısı alınsın. Belə ki, taxılı mövsümündə yığmaq mümkün olmadıqda vurulan zərərin qarşısı alınsın. Belə ki, taxılı mövsümündə yığmaq mümkün olmadıqda həm taxıldan, həm də maliyyədən məhrum olursan. Başqa bir məqam ondan ibarətdir ki, iddiaçı cavabdeh təşkilatın rəhbəri ilə danışığının audio yazısını məhkəməyə təqdim edib. Həmin danışıqda cavabdehin rəhbəri iddiaçıdan xahiş edir ki, aylıq ödənişi etsin ki, əlavə problem yaranmasın, onlar da tezliklə müştəri tapıb kombayını realizə edəcək və ona vurulan zərəri qarşılayacaqlar. İddiaçı bu barədə məhkəmədəki izahatında həmin hallar barədə məlumat versə də məhkəmə təqdim olunan sübutu tədqiq edib qiymətləndirməyib. Bütün bunlarla yanaşı iddiaçının məhkəmə iclas protokolu ilə tanış olmasına da şərait yaradılmayıb. Yuxarıda sadalananlardan da görünür ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Sübutlara düzgün qiymət verilməsi iddianın təmin olunmasını zəruri edirdi. Məhkəmə qətnamə çıxararkən vurulmuş zərərin davam etdiyini, təkcə 2004-cü ilin məhsul yığımında fayda götürməkdən məhrum olmasını deyil, 2025-ci ildədə məhsul yığımından fayda götürməkdən məhrum olmasını nəzərə almamışdır. Nəzərə almaq lazımdır ki, cavabdehin qanunsuz hərəkətləri mənim digər banklardan kredit götürmək və sahibkarlıqla məşğul olmaq imkanımı da məhdudlaşdırıb

Apellyasiya şikayətinə qarşı etiraz

47. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

48. Məhkəmə kollegiyası apellyasiya şikayətini mümkün hesab edilmiş, şifahi icraat qaydasında işə baxılması xx.xx.2024-cü il tarixə, saat 11:30-a təyin edilmişdir.

49. 16.09.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddiaçı tərəfindən apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı ərizə daxil olmuşdur.

50. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

51. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

52. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

53. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1283/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar