Məhkəmə qərarları › İş №2-2(103)-84/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-84/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-84/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xidmət müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(113)-3828/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 08 fevral 2019-cu il tarixli HMC/X193/0219 nömrəli xidmət müqaviləsi üzrə cavabdehdən 21.500 manat borcun (xidmət haqqı) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasan iddiaçı cavabdehin tələbinə uyğun olaraq "Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi üçün özünə məxsus SHANTUİ SD 22 markalı, AZ32T212 dövlət nömrə nişanlı Buldozer vasitəsilə qazma, yükləmə, yük qaldırma və daşınma işlərini icra etməyi öhdəsinə götürür və bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəyir. Tərəflər arasında razılaşmanın 3.1-ci bəndinə görə müqavilə üzrə bir aylıq xidmət haqqı (28 gün hesab ilə) SHANTUİ SD 22 markalı AZ 32T-212 dövlət nömrə nişanlı Buldozerə vergilər daxil 7400 manat təşkil etmişdir. Müqavilə üzrə yerinə yetirdiyi işlər üzrə hər gün üçün 264.28 manat xidmət haqqı müəyyən edildiyindən cavabdeh iddiaçıya 41.500 manat məbləğində pul verməlidir. Cavabdeh isə həmin məbləğdən yalnız 20.000 manat ödəmiş və hazırki günədək 21.500 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilmiş olsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş və üzərinə götürdüyü öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri kobud şəkildə pozmuşdur. Tərəflər arasında razılaşmanın 3.6-cı bəndinə görə müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank köçürmə yolu ilə həyat keçirilir. Göründüyü kimi, tərəflər arasında razılaşmada öhdəliyin icrası müddəti təyin edilməsinə baxmayaraq və iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə ödəməli olduğu 21.500 manat borcu bu günədək ödəməkdən boyun qaçırmışdır. Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-2(113)-2479/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 08 fevral 2019-cu il tarixli HMC/X193/0219 nömrəli xidmət müqaviləsi üzrə "X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən 21.500 manat borcun və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3828/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilənin 3.3-cü bəndinə əsasən icraçı texnikalar üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında xidmətlərin təhvil- təslim aktı tərtib olunur imzalanır, möhürlənir. Lakin iş materiallarında gündəlik xidmət cədvəli mövcud deyil. Eyni zamanda, məhkəmə təhvil-təslim aktlarına istinad etsə də, göstərilmiş xidmətlərin ödənilməsi üçün elektron qaimələr də iş materiallarında mövcud deyil. Hansı qaimələr üzrə ödənişlər aparılıb hansılar isə ödənişlər aparılmayıb məhkəmədə araşdırılmamışdır. Buna görə də, hesab edirik iddia tələbinin heç bir əsası yoxdur. İşə apellyasiya qaydasında baxılması 15.12.2021-ci il tarixə təyin edilmiş, cavabdehin iştirakının təmin edilməsi üçün 19.01.2022-ci il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(113)-3828/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçıun xeyrinə 7400 manat borcun tutulması hissəsində rədd edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehin tələbinə uyğun olaraq "Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi (QırlıGürcüstan sərhəddi hissəsi, km 82+200 km 130+150 layihəsində) üçün özünə məxsus SHANTUİ SD 22 markalı, AZ32T-212 dövlət nömrə nişanlı Buldozer vasitəsilə qazma, yükləmə, yük qaldırma və daşınma işlərini icra etmiş, bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, görülmüş işlərə görə ümumilikdə 20.000 manat ödənilmiş, 21500 manat vəsaitin ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 5 ədəd təhviltəslim aktından görünür ki, iddiaçı tərəfindən 2019-cu ilin oktyabr ayı üçün 7764,29 manat, 2019-cu ilin noyabr ayı üçün 6900 manat, 2019-cu ilin dekabr ayı üçün 6900 manat, 2020-ci ilin yanvar ayı üçün 5667,86 manat, 2020-ci ilin fevral ayı üçün 6900, ümumilikdə 34132,15 manat dəyərində göstərilmiş xidmət cavabdeh tərəfindən təhvil alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci, 755-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 2019-cu ilin oktyabr, noyabr və dekabr, 2020-ci ilin yanvar və fevral ayları üzrə ümumilikdə 34131,86 manat dəyərində göstərilmiş xidmətin cavabdeh tərəfindən təhvil alındığı təsdiq edildiyindən məhkəmə tərəfindən cavabdehin iddiaçıya görülmüş işlərə görə 21500 manat borcu qaldığı müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən cəmi 34132,15 manat dəyərində işlərin görülərək təhvil-təslim edildiyi barədə sübut təqdim edildiyi və cavabdeh tərəfindən 20.000 manat ödəniş həyata keçirildiyi müəyyən olunduğundan 34132,15 manatdan 20.000 manat çıxıldıqda qalıq borcun 21500 olduğu sübut edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı 2019-cu ilin sentyabr ayında dəyəri 7400 manat olan işin təhvil verildiyinə dair təhvil-təslim aktı mövcud olduğunu bildirərək həmin aktın kserosurətini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə hesab edir ki, iddiaçı 2019-cu ilin sentyabr ayında dəyəri 7400 manat olan işin təhvil verildiyinə dair təhvil-təslim aktının birinci instansiya məhkəməsinə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən, o cümlədən aktın əsli məhkəməyə təqdim edilmədiyindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş 04.10.2019-cu il tarixli təhvil-təslim aktı məhkəmə tərəfindən sübut kimi qəbul edilmir və həmin akt üzrə tələb edilən 7400 manat borcla bağlı hissədə iddia əsassız hesab edilərək rədd edilir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə hesab edir ki, işdəki təhvil-təslim aktları ilə iddiaçının müqavilə üzrə öhdəliyini icra etdiyi və icranın cavabdeh tərəfindən qəbul edildiyi təsdiq edildiyindən gündəlik iş cədvəllərinin və elektron qaimələrin iddiaçı tərəfindən təqdim edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhviltəslim aktı tərtib edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində işlərin təhvil verildiyinə dair kifayt qədər sübutlar olmadığını qeyd etsə də iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarının hansı səbəbdən imza və möhürlə təsdiq edildiyini izah edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2- 2(113)-3828/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 7400 manat borcun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "X1" MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(113)-3828/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 7400 manat borcun tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar