Məhkəmə qərarları › İş №2-2(103)-84/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-84/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-84/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3623/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə X3” MMC (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMT23048 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üçün tərtib edilən qaimə-faktura və ya əlavə razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir. Müqavilənin - 1.4-cü maddəsinə görə alıcı təsdiq edir ki, bu müqaviləyə əsasən Malları Satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan alıcının adından Online Sifariş verilməsini həyata keçirən hər hansı şəxs alıcının nümayəndəsi və alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq satıcının bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur. Satıcı malları və sənədləri çatdıran (müşahidə edən), təhvil verən və alan şəxsin etibarnamə üzrə buna və ilkin uçot sənədlərinə, o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir - 2.2-ci maddəsinə görə alıcıya malların çatdırılması sifarişini verildiyi tarixdən sonra tərəflər arasında razılaşdırılmış vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, alıcı tərəfindən faksla, telefonla, Online Sifariş və/və ya elektron poçtla göndərilən sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq satıcı tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Malların çatdırılma tarixi və şərtləri satıcı tərəfindən müəyyən olunur. - 2.7-ci maddəsinə görə satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların Təhvil-Qəbul Aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. - -7.1-ci maddəsinə əsasən alıcı sifariş etdiyi malın dəyərinin 100 faizini malın təhviltəslim edildiyi gündən eibarən 5 iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. - 7.5-ci bəndinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDA 644498 nömrəli 2369,92 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 372574 nömrəli 3865,81 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 431666 nömrəli 2280,76 manat məbləğində xx.xx.2023-cü il tarixli EBDA 484117 nömrəli 319,15 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 732390 nömrəli 506,35 manat məbləğində qaimələr təqdim edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

3. . İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9342,01 manat (7916,95 manat əsas və 1425,04 manat ƏDV) borc, 19711,62 manat dəbbə pulu, 544,95 manat əldən çıxmış fayda, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ olmaqla, ümumilikdə 29918,58 manat pul və 180 manat dövlət rüsumununun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində TMT23048 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə-faktura (və ya elektron qaimə-faktura) və ya əlavə razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən, malın qiymətini Müqavilənin 7.1-ci maddəsi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.4-cü bəndinə əsasən, alıcı müqavilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, alıcı sıfariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil-təslim edildiyi gündən etibarən 5 iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə 9342,01 manat (7916,95 əsas və 1425,04 ƏDV) borcu mövcuddur. Qanunvericilik tələblərinə müvafiq olaraq, cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. Belə ki: 1. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 372574 nömrəli elektron qaiməyə əsasən, 3865,81 manat; 2. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 431666 nömrəli elektron qaiməyə əsasən, 2280,76 manat ; 3. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 484117 nömrəli elektron qaiməyə əsasən, 319,15 manat; 4. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 644498 nömrəli elektron qaiməyə əsasən, 2369,92 manat; 5. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 732390 nömrəli elektron qaiməyə əsasən, 506,35 manat həcmində malın cavabdehə təqdim edildiyi görülür. Bu günə qədər borc aktiv olaraq qalmaqdadır. Bu müqavilənin 7.5-ci bəndinə müvafiq olaraq alıcı satıcıya olan borcun ödənişini Müqavilə razılaşdırılmış şərtlərlə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü 0,5%-i miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətini dayandırdığı hallara da şamil edilir. · 9342,01 (borc) x 0.5% (cərimə məbləği) = 46.71 (bir gün üçün) · 46.71 (bir gün üçün) x 422 (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan günlərin sayı) = 19711,62 ( ümumi dəbbə məbləği) Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 9342,01 manat x 5% = 467,10 manat : 12 ay = 38,90 manat x 14 ay = 544,95 manat. Beləliklə, İddiaçı Mmc İlə Cavabdeh MMC arasında bağlanmış alğısatqı müqaviləsindən irəli gələn borcu: 9342,01 manat borcu; 19711,62 ümumi dəbbə məbləği; 544,95 manat əldən çıxmış fayda təşkil edir.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9137,71 manat ( 7743,83 manat əsas və 1393,88 manat ƏDV) borc, 19276,96 manat dəbbə pulu, 533,03 manat əldən çıxmış fayda, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ olmaqla, ümumilikdə 29267.70 manat pul və 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3623/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 9137,71 manat əsas borc, 400 manat dəbbə pulu, 533,03 manat faiz borcu, 100 manat dövlət rüsumu, 320 manat vəkil xərci, ümumilikdə 10490,74 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsi; 2. Dəbbə pulunun tutulması; 3. İllik 5% olmaqla hesablanmış faiz borcunun tutulması. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir. Cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMT23048 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 9137,71 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, satın alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair№ prezumpsiya tətbiq edilməlidir. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr malların qaytarılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi 9137,71 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab etmişdir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.5-ci bəndinə əsasən hesablanmış 19276,96 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 533,03 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

8. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3623/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Həmçinin məhkəmə tərəfindən qərar qəbul edilərkən Cavabdeh MMC-nin hüquqları kobud şəkildə pozulmuş və iş materiallarında olan sübutlar nəzərə alınmamışdır. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Bakı Kommersiya Məhkəməsinin qərarı Konstitusiya və qanunlarla qorunan hüquqları pozmaqla yanaşı bərabərlik prinsipinə riayət etmədən qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə yazılı etiraz olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

1. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Tətbiq edilən hüquq:

12. Mülki Məcəllənin: -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. -466.1-ci maddəsinə görə-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. -466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: -466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; -466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; -466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. -466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

-567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMT23048 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, lakin təqdim edilmiş ƏDV daxil 9137,71 manat məbləğində malların dəyəri ödənilməmişdir.

19. Cavabdeh isə iddiaya qarşı etirazlarını iddiaçı tərəfindən təqdim edilmiş mübahisəli malların sonradan iddiaçıya geri qaytarılması ilə əsaslandırsa da, həmin halı sübuta yetirə bilməmişdir.

20. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 567 və 598.1-ci maddələrinə əsasən cavabdehdən ƏDV daxil 9137,71 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu (müqavilədə cərimə adlandırılmışdır) və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə malı ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir.

22. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü (hər həftəsi) üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

23. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.

24. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

25. Odur ki, məhkəmə kollegiyası iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 400 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

26. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

27. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

28. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

29. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq 14 aylıq müddət üçün tutulmasını xahiş etdiyi 533,03 manat məbləğində faizlərin yalnız hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (400 manat) ilə əhatə edilməmiş hissəsini, yəni 133,03 (533,03-400) manat hissəsinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.

30. Odur ki, faizlərin tutulması hissəsində qətnamədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan faiz məbləği 133,03 manat məbləğində müəyyən edilməlidir.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissəsi isə cabandehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3623/2024 saylı qətnaməsi qismən - cavabdehdən Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tutulmalı olan faizin məbləği hissəsində dəyişdirilsin, cavabdehdən tutulacaq faizlər 133,03 manat məbləğində müəyyən edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın.

33. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, qalan hissəsi isə cabandehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar