Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-842/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X7, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İlk iddia üzrə iddiaçı “İddiaçı”in cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”ə qarşı "pul" tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 2657/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 10 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borcun, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində hesablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin, xx.xx.2021-ci il tarixdən hesablanmaqla 2.978.526,40 ABŞ dolları məbləğində pulun tam ödənilməsinə qədər hər təqvim günü üçün 408,20 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə (satıcı qismində) cavabdeh (alıcı qismində) arasında 21/18/SA nömrəli 01 mart 2018-ci il tarixli alqı- satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan mallar sifariş etmiş və iddiaçı cavabdehin sifarişləri əsasında cavabdehə ümumilikdə 17.207.588 ABŞ dolları məbləğində mal təqdim etmişdir və cavabdeh həmin malları faktiki olaraq qəbul etmişdir. 17.207.588 ABŞ dolları məbləğində malın cavabdeh tərəfindən iddiaçıdan qəbul etməsi faktı 36 sayda gömrük bəyannamələri ilə sübut edilir. Bəyannamələrin “valyuta və malların ümumi invoys dəyəri” adlanan 22-ci qrafasında cavabdehin iddiaçıdan qəbul etdiyi malların ABŞ dollarında invoys dəyəri göstərilmişdir. 36 sayda gömrük bəyannamələrində göstərilən bu məbləğləri topladıqda cəmi 17.207.588 ABŞ dollar məbləği alınır. Beləliklə, gömrük bəyannamələri ilə sübut olunur ki, cavabdeh 21/18/SA saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıdan invoys dəyəri ümumilikdə 17.207.588 ABŞ Dollar olan mal qəbul etmişdir. Bundan əlavə, bəyannamələr ilə sübut olunur ki, iddiaçı cavabdehə mallara dair bütün tələb edilən sənədləri, o cümlədən mallar üzrə hesab faktura (invoys) təqdim etmişdir, çünki bəyannamələrdə həmin hesab-fakturaya (invoys) istinad edilir və iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmiş olsaydı, malların gömrük rəsmiləşdirilməsi baş tutmuş olmazdı. Cavabdeh müqavilə üzrə malları iddiaçıdan qəbul etməsinə və hesab faktura almasına baxmayaraq bu günədək onların dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaçıdan faktiki aldığı 17.207.588 ABŞ dolları məbləğində malın yalnız 14.229.061,60 ABŞ dolları hissəsini ödəmiş, yerdə qalan 2.978.526,40 ABŞ dollan məbləğini ödəməmişdir. İddiaçı malların dəyərinin tam ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq, cavabdeh malların dəyərini hələ də ödəməmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh “İddiaçı”ə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi və cavabdehdən 8.048.061,3 ABŞ məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında müqavilə bağlanmış, lakin həmin müqavilə üzrə onlara təhvil verilmiş malların dəyəri 17207588 ABŞ dolları deyil, ******* ABŞ dolları təşkil edir. Həmin mallara görə tərəflərindən cavabdehə 14229061,6 ABŞ dolları məbləğində pul ödənilmişdir. Göründüyü kimi, alınan mallara görə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsinə baxmayaraq, onlardan əlavə olaraq pul ödənilməsi tələb edilir. Cavabdeh əsassız varlanma ilə əlavə pul tələb edir, cavabdeh onların keçmiş rəhbərliyi ilə əlbir olaraq onların vəsaitlərini mənimsəyir. Bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir. Bundan əlavə, müqavilə imzalanarkən onların baş direktorunun belə bir müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Həmin müqavilənin imzalanması səlahiyyəti onların Nizamnaməsinin 10.11.5-ci maddəsinin tələbinə əsasən Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Həmin müqavilənin imzalanmasına isə Direktorlar Şurası tərəfindən razılıq verilməmişdir. Razılıq olmadığından hər iki hüquqi şəxsin rəhbəri öz şəxsi mənafelərinə uyğun olaraq əlbir şəkildə belə bir addım atmışlar. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2657/2021 saylı 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 79.155,36 ABŞ dolları məbləğində faiz, ümumilikdə 3.057.681,76 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “İddiaçı”ə ödənilməsini, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" MMC tərəfindın apelyasiya şikayəti verilərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2657/2021 saylı 06 avqust 2021-ci il tarixli qətnaməsinin qismən - ilk iddianın təmin edildiyi hissədə ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyətin səlahiyyətsiz şəxsi tərəfindən imzalanmış 21/18/SA nömrəli, 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə sonradan bəyənmə və sonradan verilən razılıq halları mövcud olmamışdır. Belə ki, Cavabdeh MMC-nin nizamnaməsinin 10.11.5-ci bəndinə əsasən cəmiyyətin təsdiq edilmiş büdcəsində olmayan və dəyəri 3.000.000 ABŞ dollarından yuxarı olan müqavilələrin və ya mahiyyətcə eyni predmet təşkil edən silsilə müqavilələrin, borc alma və borc vermə əməliyyatları daxil olmaqla istənilən öhdəliyin təsdiqi Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Belə olan halda Direktorlar Şurasının məlumatı olmadan həmin müqavilə üzrə alınan malların gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi və ya alınan malların dəyərinin Cavabdeh MMC tərəfindən ödənilməsi əqdin bəyənilməsi kimi qiymətləndirilə bilməz. Bunanla da işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357, 358.2 və 360.2-ci maddələrini mübahisəyə səhv tətbiq edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin sonradan bəyənilməsinə dair düzgün nəticəyə gəlməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, işə baxan məhkəmə mübahisəyə birbaşa aidiyyatı olan Mülki Məcəllənin 339.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin Məcəllənin 49.4.4-cü maddəsinə əsasən, hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması nəticəsində hüquqi şəxsə və onun səhmdarına dəyən ziyana görə məsuliyyət daşıyır. Belə ki, məhkəməyə təqdim olunmuş “X21” tərəfindən tərtib olunmuş 03 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə satılmış 18 adda avadanlıqların cəmi bazar dəyəri 5.329.350 ABŞ dolları təşkil edir. Həmin rəydə avadanlıqların dəyəri birbaşa istehsalçının məlumatları, eləcə də oxşar avadanlıqları istehsal edən müəssisələrin məlumatları əsasında müəyyənləşdirilmiş və mötəbərliliyi şübhə doğurmur. “Satılan Sifarişləri”ndə qeyd olunan 11 adda avadanlıqların ümumi dəyəri on bir milyon ABŞ dolları təşkil edir, o zaman Cavabdeh MMC-yə satılmış avadanlıqların dəyərinin iki dəfədən çox şişirdilməsi müəyyən olunur. Sonradan Cavabdeh MMC tərəfindən apelyasiya şikayətinə əlavə təqdim edilərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində “İddiaçı” şirkətinin təsis olunduğu yer Çin Xalq Respublikası, otaq 1048, bina nömrə 339, Qilianshan yolu, Shanghai, baş direktoru Xu hao olaraq göstərilmişdir. Lakin nümayəndəyə verilmiş etibarnamədə və digər sənədlərdə isə “İddiaçı” şirkətinin təsis olunduğu yer Honq Konq, ünvanı isə Vanchai, Hennesy road 253-261, X16, otaq 80 8/f olaraq göstərilmişdir. Etibarnamədə qeyd edilən, yəni Honq Konqda təsis olunan şirkətin illlik maliyyə dövriyyəsi hesabatına əsasən həmin şirkətin 2019-2020-ci illərdə dövriyyəsi 0 bərabər olub. Bu fakt təsdiq edir ki, etibarnamədə göstərilən şirkət Cavabdeh MMC ilə bağladığı müqavilənin tərəfi deyildir. İddiaçının nümayəndəsi Vəkil1 verilən etibrnamə əsasında onun müqavilənin tərəfi olan şirkəti təmsil etmək hüququ yoxdur. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv olunmaqla iddia rədd olunmalıdır. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1167/2021 saylı 2021-ci il 27 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/8214 saylı 2021-ci il 21 dekabr tarixli ekspert rəyinə əsasən MMC tərəfindən Şirkətə sifariş verilən malların ümumi dəyərinin 18.745.722,0 ABŞ dolları, Şirkət tərəfindən MMC-yə göndərilən (gömrük bəyannamələri mövcud olan) malların invoys dəyərinin (bəyannamələrin 22-ci qrafasında nəzərdə tutulmuş) cəminin 17.207.588,0 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-60/2022 saylı 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq Şirkət tərəfindən MMC-yə təhvil verilmiş malların 14.229.061,60 ABŞ dolları dəyərində olan hissəsinin ödənildiyini qeyd etməklə, 2018-ci il 1 sentyabr tarixində bağlanmış müqavilənin MMC tərəfindən mübahisələndirilməsi üçün bir illik kəsici müddətin ötürülməsi nəticəsinə gəlmişdir. 34. MMC-nin müqavilə üzrə təhvil verilmiş malların dəyərinin əslində 17.207.588 ABŞ dolları deyil, 6.181.000 ABŞ dolları təşkil etməsi, həmin mallara görə tərəflərindən Şirkətə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsi barədə dəlili məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamış, ekspert rəyi ilə MMC-nin sifarişi əsasında Şirkət tərəfindən Azərbaycan Respublikasına gətirilmiş və alıcıya təhvil verilmiş malların qarşılıqlı iddia ərizəsində qeyd edildiyi kimi 6.181.000 ABŞ dolları deyil, 17.207.588 ABŞ dolları dəyərində olduğu öz təsdiqini tapmışdır. Məhz buna görə də MMC tərəfindən Şirkətə 14.229.061,60 ABŞ dolları ödəniş edilmiş, təhvil alınmış malın dəyərindən 2.978.526,40 ABŞ dolları məbləğində borc ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC-nin apellyasiya şikayətinə əlavədə irəli sürdüyü mülahizələr onun qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə ziddiyyət təşkil etmişdir. Belə ki, MMC həm hazırda ona qarşı iddia irəli sürmüş şirkətin onunla alqı-satqı müqaviləsi bağlamış Şirkət olmadığını iddia etmiş, həm də həmin şirkətə qarşı müqavilə üzrə sonuncuya ödənilmiş vəsaitin bir hissəsinin geri qaytarılmasını tələb etmişdir. Apellyasiya məhkəməsi MMC-nin mülahizələrinə münasibətdə vurğulamışdır ki, hüquqi şəxsin hüquqi və fakitiki fəaliyyət göstərdiyi ünvanların, o cümlədən direktorunun sonradan dəyişilməsi, hətta bir neçə direktorunun olması mümkün olduğundan Şirkət tərəfindən nümayəndəyə və digərlərinə verilmiş etibarnamədə şirkətin ünvanının və direktorun adının müqavilədə qeyd edilənlərdən fərqli olması həmin şirkətin başqa bir hüquqi şəxs olması və hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun omadığına dair nəticəyə gəlmək üçün əsas ola bilməz. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində və nümayəndəyə verilmiş etibarnamədəki möhür əksinin eyni olması, müqavilənin və digər sənədlərin surətlərinin iddiaçıda olması, həmin sənədlərin apostil edilməsi səbəbindən məhkəmə MMC-nin iddianın əsl iddiaçı tərəfindən irəli sürülmədiyinə dair ehtimallara əsaslanan və hər hansı mötəbər sübutla təsdiq edilməyən mülahizələrinin əsassız olması qənaətinə gəlmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Məhkəməsinin 2-2(102)-378/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-60/2022 saylı 26 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə ilk iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə hazırki işə ilk iddia üzrə iddiaçı “İddiaçı”in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X14 və cavabdehin vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, cavabdeh MMC ilə müqavilə bağlayan şirkət Şanxayda yerləşən şirkət olmuşdur, lakin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçı şirkət tərəflər arasında müqaviləni bağlayan Şanxayda yerləşən şirkət deyil, Honqkonqda yerləşən eyni adlı başqa şirkətdir. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın tam rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçının vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti ilk iddia üzrə cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsi ilk iddianın təmin edildiyi, qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə yoxlanılır. Həmçinin nəzərə alınır ki, məhkəmə qətnaməsi ilk iddianın təmin edilmədiyi hissədə ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırki işdən müəyyən olunur ki, “X11 Co.Limited” Şirkəti ilə Cavabdeh MMC arasında 2018-ci il 1 mart tarixdə 21/18/SA nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Şirkət malları təchiz edir, alıcı MMC isə həmin malları alır və dəyərini ödəyir. Hazırki işdə iddiaçı şirkət cavabdeh MMC tərəfindən müqavilə münasibətlərinə istinad edərək borcun ödənilməsini tələb edir. Cavabdeh MMC isə iddiaçı şirkətin onunla müqavilə bağlayan şirkətlə eyni şirkət olmadığını bildirir və tələbi qəbul etmir. Müqavilə və ona əlavəyə tərəflərin möhürləri vurulmaqla Şirkətin adından Xu hao, MMC-nin adından isə Ramin İsayev tərəfindən imzalarla təsdiq edilmiş, müqavilədə “X11 Co., LTD” Şirkətinin ünvanı Çin Xalq Respublikası, Shanghai şəhəri olaraq göstərilmişdir. İş materiallarında olan Şirkətlər reyestrindən təsis edilmə haqqında ******* saylı Şəhadətnamədən görünür ki, “Shangai SK petroleum equipment Co., Limited” şirkəti 2012- ci il 14 fevral tarixdə X6 32-ci fəslinə əsasən Honq Konqda təsis edilmişdir. Adın dəyişdirilməsi haqqında ******* saylı Şəhadətnamədən görünür ki, “Shanghai SK petroleum equipment Co., Limited” şirkəti xüsusi qərarla öz adını dəyişdirərək 2012-ci il 19 iyul tarixdə X6 32-ci fəslinə əsasən “X12 Co., Limited” adı ilə qeydiyyata alınmışdır. Adın dəyişdirilməsi haqqında ******* saylı şəhadətnamədən görünür ki, “X12 Co., Limited” şirkəti xüsusi qərarla öz adını dəyişdirərək, X6 32-ci fəslinə əsasən 2014-cü il 15 oktyabr tarixdə “X11 Co., Limited” adı ilə qeydiyyata alınmışdır. Şirkətin qeydiyyatına dair Qaydalar Forma 2-də “X11 Co., Limited” Şirkətinin (bundan sonra – “Şirkət”) ünvanı Honq Konq, Vanchai, Hennesy Road 253-261, Easey Commercial Building, otaq 803 8/F olaraq qeyd olunmuşdur. Honq Konq Xüsusi İnzibati Regionu rəsmi X23 Ying Janice imzası və möhürü ilə təsdiq edilməklə apostil olunmuş sənədlə Şirkətin onu təmsil etməyə və onun adından etibarnamə verməyə səlahiyyətli olduğuna dair kifayət qədər sübutun verildiyi və Şirkətin təkbaşına direktoru Li Jiaqi tərəfindən Vəkil1, X8, X10 və X4 verilmiş 2021-ci il 18 mart və 2021-ci il 14 aprel tarixli etibarnamələr mövcuddur. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduqda, müqavilə bağlanarkən MMC-nin baş direktorunun belə bir səlahiyyətə malik olmamasının qarşı tərəfin bildiyini və ya bilməli olduğunu sübut etmək vəzifəsi MMC-nin üzərinə düşmüş, lakin MMC bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Hazırkı alqı-satqı müqaviləsi MMC-nin səlahiyyətsiz şəxsi tərəfindən imzalansa da, MMC həmin müqavilə üzrə alınan malların gömrük rəsmiləşdirilmələrini həyata keçirməklə, bundan əlavə onların dəyərinin əksər hissəsini ödəməklə həmin əqdi (müqaviləni) qapalı bir şəkildə bəyənmişdir. Nəticədə alqı-satqı müqaviləsi MMC-nin hüquqi sferasında hüquqi nəticələr doğurmaqla bağlandığı andan etibarlı olmuşdur. Bu baxımdan bəyənilmiş müqavilənin sonradan MMC tərəfindən mübahisələndirilməsi Mülki Məcəllənin tələblərinə uyğun sayıla bilməz. Hüquqi şəxsin istənilən işçisi xidməti vəzifəsini icra edən zaman hüquq pozuntusuna yol verdiyi halda, bu, hüquqi şəxs tərəfindən hüquq pozuntusuna yol verilmiş kimi hesab edilir. Beləliklə, birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, kassasiya instansiyasının möqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-378/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “..... hər iki şirkətin əslində eyni hüquqi şəxs olmasını sübutetmə yükü mülki prosessual qanunvericiliyə əsasən iddiaçının üzərinə düşür və istər işə apellyasiya qaydasında baxılarkən, istərsə də işin kassasiya icraatında olduğu müddət ərzində iddiaçı bu hallara dair məhkəmə tərkibinə mötəbərliyi şübhə doğurmayan konkret sübutlar təqdim etməmiş, yalnız özünün subyektiv xarakterli mülahizələrini bildirmişdir. Hər iki hüquqi şəxsin əslində eyni hüquqi şəxs olması subyektiv mülahizələrlə deyil, Çin Xalq Respublikasınının hüquqi şəxslərin qeydiyyatını aparan dövlət orqanının verdiyi rəsmi sənədlərlə müəyyən edilə bilər. Hazırkı iş materiallarında isə buna dair ÇXR-nın rəsmi dövlət orqanlarının verdiyi belə bir sənəd yoxdur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, tərəflər arasında bağlanmış 21/18/SA nömrəli alqı-satqı müqaviləsində Çin Xalq Respublikası, Shanghai şəhərində, ünvan Otaq 1048, Bina nömrə 339, Qilianshan yolunda yerləşən şirkətlə, Honq Konq şəhərində yerəşən (ünvanı Vanchai, Hennesy Road 253-261, X16, Otaq 80 8/F) şirkətin eyni hüquqi şəxslər olub-olmaması rəsmi sənədlər əsasında dəqiq müəyyən edilməli, müqavilə Çin Xalq Respublikasının Shanghai şəhərində yerləşən hüquqi şəxslə bağlandığı, müqavilə üzrə ödənişlər həmin şəhərdə yerləşən hüquqi şəxsə ödənildiyi halda, hazırkı iddianın qaldırılması üçün nümayəndəyə etibarnamənin Honq Konq şəhərində yerəşən eyni adlı şirkət tərəfindən verilməsinin səbəblərinə aydınlıq gətirilməli və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan işə yenidən baxan məhkəmə kollegiyası tərəfindən ilk iddia üzrə iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil1 iş üzrə iddiaçı şirkətin cavabdeh MMC ilə müqavilə bağlayan şirkət olmasını, yəni hər iki hüquqi şəxsin eyni hüquqi şəxs olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin bu barədə hər hansı sübut növbəti məhkəmə prosesində təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin təkrar apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən, o cümlədən X2 Qeydiyyat Sertifikatından görünür ki, Putuo rayon Sənaye və Ticarət Administrasiyası məktub serverləri “X5 Ticarəti”nin qeydiyyatdan keçmiş ünvanının Otaq 1048, 1 Bina, No 339, line1035, Qiliansa Yolu olduğunu təsdiqləyir.....Qeydiyyat nömrəsi QLC00196. Həmçinin adı çəkilən müəssisəyə aid Biznes lisenziyasından görünür ki, X1 Trade Co., LTD MMC-nin qeydiyyata alındığı ünvan Otaq 1048, 1 Bina, No 339, xətt1035, Qiliansa yolu, Putuo rayonu, Şanxay, qanuni təmsilçisi Xiying Jiang, müəssisənin təsis olunma tarixi xx.xx.2014-cü il, müddətin bitmə tarixi xx.xx.2044-cü il tarix müəyyən olunmuşdur. X15 Lisenziyasında Qeydiyyat orqanının Milli Müəssisə Kredit X3 URL ünvanı Çin Xalq Respublikasının Sənaye və Ticarət üzrə Dövlət Administrasiyasının nəzarəti altında təqdim edilmişdir. Eyni zamanda təqdim olunan X11 Co., Limited şirkətinə aid sənəddən görünür ki, şirkətin ünvanı Otaq 803 8/F EASE ticarət binası 253-261 HENNESSY ROAD Şanxay HONQ KONQ göstərilmişdir. Eyni zamanda DENTONS Europe (Central Asia) Limited şirkətinin Azərbaycan filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqi rəyin məzmunundan görünür ki, Hədəf Şirkət (Şanxayda yerləşən və cavabdehlə müqavilə bağlayan “X11 Co LTD” şirkəti) və Honqkonqda yerləşən “X11 Co LTD” şirkətinin ingilis dilində adları eyni olsa da, iki şirkətin fərqli qeydiyyatdan keçmiş ünvanlarına və rəsmi məlumatlarına əsaslanaraq, HƏDƏF Şirkətin (Şanxayda yerləşən və cavabdehlə müqavilə bağlayan “X11 Co LTD” şirkəti) mövcud ŞANXAY Şirkəti ilə eyni şirkət olduğu, HONQKONQ Şirkəti olmadığı nəticəsinə gəlinmişdir. Həmin rəy verilərkən Putuo rayonunun Bazar Tənzimlənməsi Administrasiyasının Arxiv İdarəetmə İdarəsindən təqdim olunmuş qeydiyyat sənədlərinə, Çin Xalq Respublikası Ticarət Nazirliyinin internet saytından qeydiyyat məlumatlarına, yəni hər iki hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi ilə bağlı rəsmi məlumatlara istinad olunmuşdur. Beləliklə, hazırki işdə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yuxarıda adı çəkilən müqavilə münasibətlərindən yaranmış mübahisə ilə bağlı iddia qaldırmaqda iddiaçı şirkətin cavabdeh MMC ilə həmin müqaviləni bağlayan şirkət olmasını sübut etmə yükü iddia edən şəxs olaraq onun üzərinə düşsə də, iddiaçı bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəfindən təqdim etdiyi rəsmi mötəbər sübutlarla təsdiq olundu ki, iddiaçı şirkət cavabdeh MMC ilə müqaviləni bağlayan şirkətlə eyni şirkət deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçının hazırki iş üzrə iddia qaldırmaq səlahiyyəti olmadığından onun iddiası rədd edildiyindən bu hal həmin ilkin tələbə qarşı qarşılıqlı iddianın təmin edilməsini qeyrimümkün edir və buna görə də bu barədə əlavə araşdırmaya və əsaslandırmaya zərurət qalmadığı üçün qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2657/2021 saylı 06 avqust 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyantın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-2(103)-842/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-842/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver