Məhkəmə qərarları › İş №2-2(103)-844/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-844/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-844/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə) Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Eyvazova İddiaçı MMC Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, müqavilə üzrə ödənilməmiş 20 600 manatın, habelə dövlət rüsumunun əvəzi qismində 151,8 manatın Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi icraata götürülmüşdür. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin İddiaçı MMCyə qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, Cavabdeh MMC-nin pretenziya qaydasına əməl etməməsi və mediasiya prosesində iştirakını təsdiq edən sənəd təqdim etmədiyi əsas göstərilməklə geri qaytarılması qərara alınmış, Cavabdeh MMC-nin həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gpndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mediator təyin edilib iclas vaxtının müəyyən olunması ən tez halda 40 gün müddət tələb edir və bu müddət ərzində mediasiya prosesinin tamamlanması mümkünsüzdür. Çünkü “Mediasiya haqqında” Qanuna əsasən, qarşı tərəfə təklif ünvanlanılmalı, 10 günlük müddət tamam olduqdan sonra Mediasiya Şurasına müraciət edilməlidir. Mülki Prosessual Məcəllənin tələblərinə görə isə qarşılıqlı iddia ərizəsi 20 gün ərzində verilməlidir. Üstəlik, mübahisə predmeti eyni olduğu halda təkrar mediasiya prosesinin keçirilməsi ağlabatan olmadığı kimi, əlavə vaxt və maddi vəsait itkisidir. Belə ki, qarşı tərərfin müraciəti üzrə keçirilən mediasiya sessiyasında ortaq məxrəcə gəlinməmişdirsə, təkrarən o prosesin formal keçirilməsinin mənası yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci və 155.3-cü maddələriin əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 152.1.4-cü, 152.1.6-cı və 152.1.6-1-ci maddələrinə görə isə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3672/2022 saylı iş üzrə 14 iyul 2022-ci il tarixli qərardadı (qarşılıqlı iddianın geri qaytarılması barədə) dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar