Məhkəmə qərarları › İş №2-2(103)-845/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-845/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-845/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2959/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 yanvar 2021-ci il tarixli, ECO/FBS/14/01/21 saylı müqavilə üzrə 12224,80 manat əsas borc, 331 manat faiz və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli e-2-2(113)-2959/2021 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Lerik rayonu, Andurma kəndidir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələblərinə görə isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Eyni zamanda Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Lerik rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göründüyü kimi hazırki iddia ərazi aidiyyatı üzrə düzgün verilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsində göstərilən “Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir” ifadəsi hüquqi şəxsin hüquqi ünvanı kimi təfsir edilir. Bu qayda həm Mülki Prosessual Məcəllənin 35-ci maddəsinin bütövlükdə mənasından, həm də mövcud məhkəmə təcrübəsindən irəli gəlir. Əks yanaşma ərazi aidiyyətinin müəyyən edilməsində qeyri-müəyyənliyə səbəb ola bilər. Çünki hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi bir neçə ünvanı olduğu halda ərazi aidiyyətinin müəyyən edilməsi mümkün olmayacaq. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2959/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Fuad Talışinski Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar