Məhkəmə qərarları › İş №2-2(103)-845/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-845/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-845/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: sığorta müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin "xxxx" ASC-yə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qətnaməsindən "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir.

2. M0756/23 nömrəli avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə görə İddiaçı MMC-yə məxsus “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-xx.xx.2024 müddəti üçün sığorta edilmişdir.

3. İddiaçı MMC (alıcı) ilə X4 (satıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə görə satıcı 2022-ci il buraxılışlı “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobilin alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qiymətinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür.

4. İddiaçı MMC (lizinq verən) X5 (lizinq alan) arasında bağlanmış xx.xx.2023cü il tarixli, A804 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq verən 2022-ci il buraxılışlı “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

5. İddiaçı MMC tərəfindən X3 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə görə sonuncuya xx.xx.2024-cü il tarixədək iddiaçının mülkiyyətində olan “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti verilmişdir.

6. Bakı şəhər DYPİ-nin polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə X4 “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir.

7. Bakı şəhər DYPİ-nin polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara görə X4 “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. X4 (iddiaçı) "xxxx" ASC (cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 025 manat zərərin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında “Nissan Patrol” minik markalı, ** AR *** dövlət nömrə nişanlı abtomobili idarə edir. Avtomobil İddiaçı MMCnin mülkiyyətindədir. İdarə etdiyi avtomobillə əlaqədar cavabdeh ilə aralarında xx.xx.2023cü il tarixdən kasko sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə edilən avtomobilə maddi zərər dəymişdir. Zərərin ödənilməsi ilə əlaqədar cavabdeh sığorta şirkətə müraciət olunmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, avtomobilə dəymiş zərərlə bağlı 2430 manat ödənilməsinə razılıq verilməsi qeyd olunmuşdur. Qeyd olunan məbləğin ödənilməsi ilə razı deyil, belə ki, avtomobilə daha çox zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Nissan Patrol” minik markalı, ** AR *** dövlət nömrə nişanlı avtomobillə bağlı 4980 manat məbləğində işlərin görülməsi məsləhət görülmüşdür. Arayışın qeyd hissəsində göstərilmişdir: Qeyd: təmir prosesində nəzərdə tutulmuş ehtiyyat hissələrinin ilə təmin olundu. Bundan əlavə digər ehtiyyat hissələri hazırda anbarda olmadığından sifariş əsasında gəlir. Həmin ehtiyyat hissələrinin adları və bu günə olan sifariş qiymətləri aşağıdakılardır: təkərin hava təzyiqini göstərən datçik 1 ədəd-245 azn, disk 2 ədəd-qabaq və arxa sol-1 ədədi 2990 azn, 2 ədədi 5980 azn, arxa bufer-480 azn, ön bufer-560 azn, padnoşkalar 1 ədədi-2650 azn, ön fara 1 ədəd 3300 azn, arxa buferin salaskası-30 azn. Yuxarıda sifariş olunan ehtiyyat hissələrinin dəyişdirilməsi üçün zəhmət haqqı 300 Azn olacaq. Arxa bufer dəyişdirildikdən sonra əlavə parlaq arxa sol ölü zona radarı qoyulacaqdır. Arxa ölü zona radarının qiyməti 2120 Azn olacaq. Ölü zona radarların dəyişdirilmə xərci 30 Azn. Proqramlaşdirma 350 Azn olacaq. Hesab edilir ki, yuxarıda qeyd olanan cəmi məbləğ 21 025 Azn cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X4 əsl İddiaçı MMC (iddiaçı) ilə əvəz edilmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) göndərilmişdir.

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın qismən, 7105 manat miqdarında (500 manat azadolma tətbiq edilməklə) təmin edilməsini, qalan hissədə təmin edilməməsini xahiş etmişdir. Cavabdehin yazılı etirazı aşağıdakı kimi əsaslandırılmışdır:

- Elnur Hüseynov tərəfindən məhkəməyə təqdim edilən M0720/23 saylı sığorta şəhadətnaməsi İddiaçı MMC-yə məxsus “BMW 740 İM sport hibrid” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə aiddir. “Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilin sığorta şəhadətnaməsi isə M0756/23 saylı sığorta şəhadətnaməsidir. - M0720/23 saylı sığorta şəhadətnaməsi M0756/23 saylı sığorta şəhadətnaməsindən aşağıdakı fərqləri mövcuddur: M0720/23 saylı sığorta şəhadətnaməsində azadolma 1000 (min) manat, M0756/23 saylı sığorta şəhadətnaməsində isə 500 (beş yüz) manatdır; M0720/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin yalnız bərpa xərcləri, bərpası mümkün olmadıqda eynisi ilə əvəz olunma xərcləri bu şərtlərin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla sığortaçı tərəfindən ödənilir və təmir işləri “BMW”-nin rəsmi təmir müəssisələrində həyata keçirilir. M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin yalnız bərpa xərcləri, bərpası mümkün olmadıqda eynisi ilə əvəz olunma xərcləri bu şərtlərin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla sığortaçı tərəfindən ödənilir və təmir işləri sığortaçı tərəfindən təyin olunmuş təmir müəssisələrində həyata keçirilir. Göründüyü kimi, hər iki sığorta şəhadətnaməsində hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin sığortaçı tərəfindən yalnız bərpa xərclərinin ödənilməsi öhdəlik kimi qəbul edilmişdir. Əlavə olaraq M0720/23 saylı sığorta şəhadətnaməsindən fərqli olaraq M0756/23 saylı sığorta şəhadətnaməsində (“Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilə) sığortaçı tərəfindən rəsmi servis təminatı verilməmişdir. - “Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilə rəsmi servis təminatı verilmədiyi halda avtomobilə faktiki sahiblik edən şəxs Elnur Hüseynov "xxxx" MMC-dən qüsur aktı əldə edərək məhkəməyə təqdim etmiş, məhkəmədə ekspertiza keçirilən zaman həmin qüsur aktını ekspertə təqdim etmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyi də yalnız xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin qüsur aktına istinad etməklə avtomobilə dəymiş zərərin miqdarını müəyyən etmişdir. Bu səbəbdən ekspert rəyi mötəbər hesab edilə bilməz. - Ümumiyyətlə, M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin yalnız bərpa xərcləri, bərpası mümkün olmadıqda eynisi ilə əvəz olunma xərcləri sığortaçı tərəfindən ödənilir və təmir işləri sığortaçı tərəfindən təyin olunmuş təmir müəssisələrində həyata keçirilir. Göründüyü kimi həmin avtomobilin zədələnmiş hansı ehtiyyat hissələrinin bərpa edilməsinin mümkünlüyü araşdırılmamışdır. Halbuki, M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin sığortaçı tərəfindən yalnız bərpa xərclərinin ödənilməsi öhdəlik kimi qəbul edilmişdir. Həmçinin M0756/23 saylı sığorta şəhadətnaməsinin 13-cu bəndinə əsasən zədələnmiş nəqliyyat vasitəsinin təmirinə Sığortaçı tərəfindən nəzarət aparılacaq və təmirlə bağlı qərarlar (ehtiyyat hissəsinin dəyişdirilməsi və ya təmir edilməsi, detalın boyanması və ya cilalanması və s.) sığortaçı ilə razılaşdırılmalıdır. - Digər tərəfdən M0756/23 saylı sığorta şəhadətnaməsində həmin avtomobilə rəsmi servis təminatı verilməməsi də nəzərə alınmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi əsaslı olmadığından həmin avtomobilin fotoşəkilləri əsasında onun zədələnmiş ehtiyyat hissələrinin dəyərini, işçilik xərclərini və hansı ehtiyyat hissələrinin bərpa edilməsinin mümkünlüyünün araşdırılması zəruri olduğundan cavabdeh tərəfindən sığorta bazarına nəzarət edən dövlət orqanın – Azərbaycan Respublikasının Mərkəzi Bankının reyesterində qeydiyyatda olan müstəqil ekspertlərə müraciət edilmişdir. Qoşmaya əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının reyesterində qeydiyyata alınan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyinə əsasən həmin nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 7605 manat, xx.xx.2024-cü il tarixli digər müstəqil sığorta eksperti rəyinə əsasən isə dəymiş zərərin miqdarı 7365 manat müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyindəki zərərin miqdarı digər müstəqil sığorta eksperti rəyindən sığortalının xeyrinə fərqlənir. - Nəzərə almaq lazımdır ki, xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyində "xxxx" MMC-də təklif edilən ehtiyyat hissələrinin yenisinin qiyməti əks edilmişdir. M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndində əks edilmiş müddəadan çıxış edərək həmin ehtiyyat hissələrinin təmir edilməsi yolu ilə bərpasının mümkün olduğundan yenisi ilə əvəz edilməməlidir, təmir edilməklə bərpa edilməlidir. Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericilyinin tələblərinə əsasən hazırki mülki iş üzrə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyi xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə yanaşı qiymətləndirilməlidir. - Lakin hər bir halda məhkəməyə aydın olmalıdır ki, aşağıda qeyd edilən əsaslar üzrə xx.xx.2024-cü il tarixli ekspert rəyi mötəbər rəy hesab edilə bilməz: Həmin avtomobilə rəsmi servis təminatı verilmədiyi halda ekspert xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin qüsur aktına istinad etməklə ehtiyyat hissələrinin rəsmi servis qiymətini müəyyən etmişdir; Ekspertizanın aparılması zamanı həmin nəqliyyat vasitəsinə baxış keçirilmədiyindən həmin avtomobilin hansı ehtiyyat hissələrinin zədələnməsini dəqiq müəyyən edilməmişdir, belə ki, avtomobilin yuxarıda qeyd edilən səbəblərdən arxa ölü zona radarı zədələnməsi istisna edilir. Göstərilənlər nəzərə alınaraq AR MPM-in 103.2-ci maddəsinə əsasən hesab edilir ki, məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə razılaşmamalıdır və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyinə əsaslanmalıdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsinə görə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2022-ci il buraxılışlı “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 21025 manat (dəyişilməli hissələrin qiyməti – 19 810 manat, təmir-bərpa işlərinin qiyməti - 1215 manat) müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən, avtoehtiyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avto-servislərin xidmət səviyyəsindən, həmin ehtiyyat hissələrinin zədələnmə dərəcəsindən və sair asılı olaraq müxtəlif qiymətlərdə olur. Həmçinin, avto ehtiyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişçi ilə sifarişi yerinə yetirən tərəf arasında qarşılıqlı razılılaşma əsasında müəyyən edilir. Bakı şəhəri avto hissələr satışı bazarlarında, mağazalarında (Nurgün Motorosdan əldə edilmiş məlumat) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə 2022-ci il buraxılışlı “X9” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ayaqaltının (padnoşka) hal-hazırki dövrə sifariş əsasında orta bazar qiyməti nəzəri qaydada təxminən 2485 manat (ƏDV daxil) müəyyən edilir. İddiaçı MMC-nin mülkiyyətində olan 2022-ci il buraxılışlı “X9” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobildə zədələnmiş detalların dəyişdirilib-dəyişdirilməməsinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilir ki, həmin sual sahə üzrə ixtisaslaşmış mütəxəssislər (dəmirçi, armaturçu, çilingər, rəngsaz və sair) tərəfindən cavablandırıla bilər.

15. Birinci instansiya məhkəməsinin 02 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh tərəfindən 20 360 manat məbləğində pul vəsaitinin, 151,08 manat məbləğində dövlət rüsumu, ümumilikdə 20 511,08 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halı olduğundan iddiaçı hazırda cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin müvafiq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. İddiaçıya məxsus əmlaka dəymiş zərərin məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən (sol ayaqaltı-padnoşkanın qiyməti istisna olmaqla), ayaqaltıpadnoşkanın qiyməti isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sığorta müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış 500 manat azadolma məbləği nəzərə alınmaqla, iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 20 360 manat (xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş zərər (18375 manat) + xx.xx.2025ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş zərər (2485 manat) – 500 manat azadolma məbləği) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

17. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilərək iş üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli rəyinə əsaslanaraq yekun qərar çıxarmışdır. Cavabdeh tərəfindən dəfələrlə müraciət edilsə də, "xxxx" MMC tərəfindən görülmüş işlərin və qüsur aktında göstərilən dəyişdirilən və sifariş edilən ehtiyat hissələri haqqında təhvil-təslim aktını və ödənişi təsdiq edən sənəd müxtəlif bəhanələrlə məhkəməyə təqdim olunmaqdan imtina edilmişdir. Nəticə etibarı ilə X4 həmin avtomobilin servis təminatı olmadığı və bəzi ehtiyat hissələrinin dəyişdirilmədən bərpası mümkün olduğu halda iddiaçı və cavabdeh arasında olan sığorta münasibətlərindən sui-istifadə etməklə sığorta münasibətlərini əsassız varlanmanın predmeti kimi istifadə etmək niyyəti açıq-aydın göründüyü halda məhkəmə buna şərait yaratmışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

18. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsində işin tam, obyektiv və hərtərəfli araşdırıldığını bildirmiş və apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmişdir.

Apellyasiya baxışı, izahatlar

19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

21. Maddə 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.

22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

25. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

26. Madə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

29. Maddə 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 101-1.1. İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər.

33. Maddə 101-1.2. İşdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir.

34. Maddə 101-1.3. Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini 13.255 manat məbləğində pul vəsaitinin və 151,08 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına rəğmən, iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh isə iddia tələbinin 7.105 manat məbləğində hissəsini qəbul etmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

43. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

44. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 934.1-ci maddəsi təşkil edir. (§ 26)

45. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

46. Belə ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dair tərəflər arasında xx.xx.2023-cü il tarixdə könüllü sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində (xx.xx.2024-cü il tarixdə) sığorta hadisəsi baş vermiş və sözügedən avtomobilə ziyan dəymiş, bununla da, cavabdehin Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən sığorta ödənişinin verməsi öhdəliyi yarandığından iddiaçı sığorta ödənişinin ödənilməsi tələb etməkdə haqlıdır.

47. Kollegiya qeyd edir ki, göstərilən hallar işin mübahisəsiz hallarını təşkil edir, cavabdehin mübahisələndirdiyi hal isə sığorta ödənişinin məbləği ilə bağlıdır.

48. İş materialları ilə müəyyən olunur ki, M0756/23 nömrəli avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişinin yuxarı həddi 150000 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir.

49. Kollegiya, iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

50. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iş materiallarında olan aktları, xüsusilə də ekspert rəyini qarşılıqlı təhlil edərək, dəymiş zərərin məbləğinin 20360 manat ola biləcəyi nəticəsinə gəlmişdir.

51. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən dəymiş zərər 21025 manat müəyyənləşdirilmiş və birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/8377 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2022-ci il buraxılışlı “X9” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 21025 manat, xx.xx.2025-ci il tarixli, 9/893 nömrəli ekspert rəyinə əsasə isə 2022-ci il buraxılışlı “X9” markalı 77-AR969 dövlət qeydiyyat nişanlı avtomobilin ayaqaltının (padnoşka) hal-hazırki dövrə sifariş əsasında orta bazar qiyməti nəzəri qaydada təxminən 2485 manat (ƏDV daxil) müəyyən edilmiş və avtoehtiyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avtoservislərin xidmət səviyyəsindən, həmin ehtiyyat hissələrinin zədələnmə dərəcəsindən və sair asılı olaraq müxtəlif olduğu, həmçinin, avtoehiyyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişçi ilə sifarişi yerinə yetirən tərəf arasında qarşılıqlı razılılaşma əsasında müəyyən edildiyi bildirilmişdir.

52. Ziyanın məbləği ilə bağlı müstəqil ekspert tərəfindən tərtib olunmuş rəyin əsas götürülməli olduğu barədə cavabdehin arqumentini kollegiya əsaslı hesab etmir.

53. Digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 mart 2020-ci il tarixli Qərarı).

54. Bununla belə, formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması qəbul edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.1

55. Məhkəmə kollegiyası həmçinin ona da diqqət çəkir ki, xx.xx.2025-ci il tarixli, 9/893 nömrəli ekspert rəyi məhz cavabdehin vəsatəti əsasında təyin edilmiş və ona ekspertizada iştirak etməsi, eləcə də sənədlərin təqdim olunması üçün prosessual baxımından şərait yaradılmışdır.

56. Digər tərəfdən cavabdeh ekspertiza qərarının mötəblərliyini yalnız qüsur aktı məlumatlarına əsasən tərtib edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" MMC dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“ avtomobil brendinin Azərbaycanda rəsmi distribütorudur. Belə olan halda cavabdeh bu halın konkret olaraq zərərin məbləğinə və ümumilikdə keçirilmiş ekspertizanın düzgünlüyünə necə təsir etməsi barədə hər hansı dəlil təqdim etməmişdir.

57. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, digər sübutları nəzərə almaqla yanaşı Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, dəymiş zərərin məbləğinin 20.360 manat olması nəticəsinə gəlmişdir.

58. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1200/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 53

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar