Məhkəmə qərarları › İş №2-2(103)-846/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-846/2022

11.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-846/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4097/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkının (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 11343,64 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 15520,68 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkının (VÖEN: **********) dövlət büdcəsinə 11343,64 manat məbləğində (o cümlədən, vergilər üzrə 8287 manat, faizlər üzrə 3056,64 manat), Dövlət Sosial Müdafiə Fonduna 15520,68 manat olmaqla, ümumilikdə 26864,32 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********738700, xx.xx.2019-cu il tarixli **********691300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Maraqlı şəxs ərizəyə etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4097/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 546-k nömrəli əmri ilə “M.Şəhriyar” adına Mədəniyyət və İstirahət Parkının rəhbəri vəzifəsindən azad olunmuşdur. 5 il əvvəl həmin vəzifədən azad olunduğu halda, Parkın borcunun ödənilməsini təmin etmək üçün Parkın rəhbəri kimi onun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə vergi orqanı tərəfindən məhkəməyə ərizə verilmişdir. Əlavə olaraq bildrir ki, vergi orqanının ərizəsində göstərilən vergi borcları o, işdən azad olunduqdan sonra yaranmışdır. Belə ki, ərizədəki borclar 2017, 2018 və 2019-cu ilin illik mənfəət vergisindən yaranmışdır. Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. İşə 1-ci instansiya məhkəməsində baxılarkən, göstərilən hallar barəsində onun tərəfindən məhkəməyə məlumat verilmiş və işdən azad olunmağı barədə sənədlər məhkəməyə təqdim olunmuşdur. Lakin, məhkəmə həmin sənədlərin portal vasitəsilə təqdim olunmamasını əsas gətirərək, onları qəbul etməkdən imtina etmişdir.

7. 07.10.2022-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, “M.Şəhriyar” adına Mədəniyyət və İstirahət Parkı dövlət müəssisəsi olmaqla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhəri Mədəniyyət və Turizm idarəsinin tabeçiliyində olmuşdur. Vergi orqanında olan uçot məlumatlarında Parkın əsas fəaliyyəti daşınmaz əmlakın istismara verilməsi kimi göstərilməklə, Park qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan filial (bölmə) kimi vergi uçotuna alınmışdır. Parkın hüquqi şəxs statusu olmamış, yalnız Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhəri Mədəniyyət və Turizm idarəsinin bölməsi kimi fəaliyyət göstərmişdir. Vergi orqanı Parkın hüquqi şəxs statusuna malik olması ilə bağlı məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Qeyd edildiyi kimi, parkın əsas fəaliyyəti Baş İdarəyə məxsus daşınmaz əmlakın istismara verilməsindən ibarət olmuşdur. Park heç bir kommersiya fəaliyyəti ilə məşğul olmamış, hər hansı malın istehsalını, xidmət göstərilməsini, satış fəaliyyətini həyata keçirməmişdir. Qeyd olunmalıdır ki, vergi orqanının məhkəməyə təqdim etmiş olduğu ərizədə ümumilikdə dövlət büdcəsinə 26864,32 manat borcun olduğu göstərilmişdir ki, bunun 8287 manatı vergilərdən, 3056,64 manatı faizlərdən, 15520,68 manatı isə Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişlərindən ibarət olmuşdur. Göstərilən vergi borcu Park tərəfindən hesablanmamışdır. Həmin məbləğ vergi orqanı tərəfindən kameral qaydada Parka hesablanmış və hesablamanın da heç bir əsası olmamışdır. Belə ki, vergi orqanı kameral hesablama barədə xx.xx.2020-ci il tarixli qərarlarında hesablamanın əsası kimi heç bir sənədə, sübuta istinad etməmiş, Parkın hansı əməliyyatları aparması, əldə etdiyi gəlir, bank hesabına və ya kassasına daxil olan pul vəsaitləri barədə heç bir məlumata, sənədə istinad olunmamış, yalnız ümumi qaydada “mənfəət vergisinin bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən mənfəət vergisinin hesablandığı” göstərilmişdir. Vergi orqanının qərarında həmin əlaqəli məlumatların nədən ibarət olması da açıqlanmamışdır. Bundan sonra isə vergi orqanı qeyd olunan kameral qərarlara istinad etməklə Parka növbəti illər üçün mənfəət vergisi üzrə cari hesablamalar aparmışdır. Sosial sığorta üzrə hesablamalar isə Parkın əmək haqqı ödənişləri üzrə yaranmışdır. Göründüyü kimi, Parkın heç bir sahibkarlıq fəaliyyəti olmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.

14. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

15. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.

16. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışdan görünür ki, “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkının qanuni təmsilçisi kimi Maraqlı şəxs adı qeyd olunmuşdur.

17. Eyni zamanda Maraqlı şəxs məxsus əmək kitabçasından görünür ki, o, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 546-k nömrəli əmri ilə “M.Şəhriyar” adına Mədəniyyət və İstirahət Parkının rəhbəri vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar azad olunmuşdur.

18. Göründüyü kimi Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışda “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkının qanuni təmsilçisi kimi Maraqlı şəxs adı görünsə də, sonuncuya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2017-ci ildən “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkının rəhbəri vəzifəsindən işdən azad edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normalarını tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

20. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Ona görə də, ərizə rədd edilməlidir.

21. Apellyasiya şikayətinə əlavədə göstərilən işin məhkəmə aidiyyatı ilə bağlı dəlillərinə dair kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 103.1-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.

22. “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkının (VÖEN: **********) şəxsi hesab vərəqəsindən də görünür ki, onun dövlət büdcəsinə ümumilikdə 11343,64 manat vergi borcu vardır (vergi borcunun düzgün hesablanıb-hesablanmaması hazırki mübahisənin predmetini təşkil etmir, çünki həmin məsələyə yalnız inzibati məhkəmə icraatı qaydasında baxıla bilər).

23. Göründüyü kimi “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkı qeyrikommersiya təşkilatı olsa da, sahibkarlıq fəaliyyətindən gəlir əldə edir və dövlətə yuxarıda qeyd olunan məbləğdə vergi borcu vardır.

24. Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində isə təsbit olunmuşdur ki, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

25. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi hazırki ərizə ilə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4097/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “M.Şəhriyar” Adına Mədəniyyət və İstirahət Parkının (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 11343,64 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 15520,68 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar