Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-846/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: barışıq sazişi, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 may 2025ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. 24 mart 2015-ci il tarixli təhvil-təslim aktlarına görə, cəmi 105 ədəd soyuducu (400 litr tutumu olan soyuducu – 55 ədəd, 314 litr tutumu olan soyuducu – 1 ədəd, 300 litr tutumu olan soyuducu – 49 ədəd) İddiaçı MMC-nin əməkdaşları tərəfindən Cavabdeh təhvil verilmişdir.
2. 23-24 mart 2015-ci il tarixli qarşılıqlı üzləşmə aktına görə, aktda göstərilmiş – 400 litr tutumu olan soyuducu – 55 ədəd, 314 litr tutumu olan soyuducu – 1 ədəd, 300 litr tutumu olan soyuducu – 49 ədəd, ümumilikdə 105 ədəd soyuducu Cavabdeh tərəfindən təhvil alınmışdır.
3. İddiaçı MMC ilə Cavabdeh arasında 09 aprel 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilədə Cavabdeh vəzifəsi məşğulluq təsnifatı üzrə “Agent, ekspeditor”, əmək müqaviləsi üzrə “ekspeditor” göstərilmiş, aylıq əmək haqqının məbləği 250 manat müəyyənləşdirilmişdir (i.v cild İ, səhifə 37).
4. Cavabdeh ilə İddiaçı MMC arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır.
5. Cavabdeh həmçinin fərdi sahibkar kimi (VÖEN: **********) qeydiyyatdan keçmişdir.
6. Tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “mövcud borcun etirafı haqqında” müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-yə dondurma satışından 20 335,66 manat borcunun olduğunu qəbul etmiş və borcunu 05 fevral 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
7. İddiaçı MMC-nin direktoru və Cavabdeh tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli üzləşmə aktına görə, Cavabdeh İddiaçı MMC-yə 20 335,66 manat borcu olduğunu təsdiq etmiş, 2021-ci ilin aprel ayında borcundan 1500 və ya 2000 manat ödəyəcəyini göstərmişdir.
8. 114288 saylı 17 oktyabr 2023-cü il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-yə 1000 manat vəsait ödənilmişdir.
9. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı 17 oktyabr 2023-cü il tarixli yazılı ərizədə 20 335,66 manat borcundan 1000 manat ödədiyini, qalıq borcunu qarşılıqlı razılaşma əsasında ödəyəcəyini bildirib ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir.
10. Cavabdeh 04 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə ünvanladığı izahatında tələb edilən soyuducuların 10-12 ədədinin Badamdar, Bayıl və Qum adasında olan mağazalarda olmasını, digərlərini isə İddiaçı MMC-yə təhvil verdiyini göstərmişdir.
11. İddiaçı MMC tərəfindən təqdim edilmiş analitik uçot kitablarından görünür ki, Cavabdeh 15 oktyabr 2017-ci il tarixinə 19 071,44 manat borcunun olmasını imzası ilə təsdiq etmiş, 23 dekabr 2017-ci ildə tarixdə Cavabdeh məxsus **-GO-*** nəqliyyat vasitəsinin dəyəri olan 14 500 manat qalıq borcdan çıxılmış, yekun borc 4571,44 manat müəyyən edilmiş, Cavabdeh həmin qeydi imzası ilə təsdiq etmişdir (i.v, cild İ, səhifə 140). Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 20 335,6 manat borc məbləğinin, illik 5 % olmaqla icranın gecikdirilməsinə görə 2033 manat faiz məbləğinin və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 450 manat olan 54 ədəd 300 litrlik, dəyəri 450 manat olan 1 ədəd 314 litrlik, bir ədədinin dəyəri 550 manat olan 46 ədəd 400 litrlik, dəyəri 650 manat olan 1 ədəd 600 litrlik olmaqla cəmi 102 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 50 700 (əlli min yeddi yüz) manatın və 310 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının istehsal etdiyi dondurma məhsullarının alqı-satqısını həyata keçirmiş, tərəflər arasında nisyə-alqı satqı münasibətləri olmuş, eləcə də satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən cavabdehə zəruri şərait yaradılmışdır. Belə ki, satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən cavabdehə bir ədədinin dəyəri 450 manat olan 54 ədəd 300 litrlik, dəyəri 450 manat olan 1 ədəd 314 litrlik, bir ədədinin dəyəri 550 manat olan 46 ədəd 400 litrlik, dəyəri 650 manat olan 1 ədəd 600 litrlik olmaqla, cəmi 102 ədəd soyuducu müvəqqəti istifadə üçün verilmişdir. Cavabdehlə müəssisə arasında olan alqı-satqı əməliyyatları artıq 2 ildir ki, dayandırılmış, göstərilən müddətdə cavabdehlə üzləşmə aparılmış və onun müəssisəyə alqı-satqı əməliyyatlarından 20 335,6 manat borcunun olduğu, eləcə də yuxarıda adıçəkilən əmlakların qanunsuz olaraq cavabdehin istifadəsində qaldığı müəyyən edilmişdir. Borcun mövcudluğu ilə bağlı tərəflər arasında 05 yanvar 2021-ci il tarixdə üzləşmə aktı və “mövcud borcun etirafı haqqında” müqavilə imzalanmışdır. Cavabdehdən dəfələrlə şifahi və yazılı qaydada borcun ödənilməsi və adıçəkilən əmlakların geri qaytarılması tələb olunsa da, o, borcu ödəməmiş və əmlakları geri qaytarmamışdır. Cavabdeh ilə müəssisənin işgüzar münasibətləri yoxdur, odur ki, müəssisənin mülkiyyətində olan 102 ədəd soyuducunun cavabdehin istifadəsində saxlanılmasına zərurət qalmamışdır.
14. Sonradan iddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək 19 335,6 manat borc məbləğinin, illik 5 % olmaqla icranın gecikdirilməsinə görə 1933 manat faiz məbləğinin və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 450 manat olan 54 ədəd 300 litrlik, dəyəri 450 manat olan 1 ədəd 314 litrlik, bir ədədinin dəyəri 550 manat olan 46 ədəd 400 litrlik olmaqla cəmi 101 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 50 050 (əlli min əlli) manatın və 310 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İşin məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə dair cavabdehin vəsatəti birinci instansiya məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
16. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, “...iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ... iş materiallarından və iddia ərizəsindən məlum olanlara görə, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə iddiaçı ilə bağladığı müqavilələr əsasında dondurma məhsullarının satışını həyata keçirmiş və bundan gəlir götürmək məqsədilə onların alqı-satqısı ilə məşğul olmuşdur. Hazırkı halda da iddiaçı kommersiya hüquq münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi onunla cavabdeh arasında bağlanmış 2021-ci il 5 yanvar tarixli “mövcud borcun etirafı haqqında müqavilə”nin surətindən də görünür ki, cavabdehdən tələb olunan 20 335,66 manat borc dondurmanın satışından yaranmış borc olmuşdur. Həmin müqavilədə iddiaçı və cavabdeh müvafiq olaraq “kreditor” və “borclu” kimi müəyyən edilmişlər. Eyni zamanda, sözügedən müqavilədə ona Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə biləcəyi göstərilmişdir (i/v 18). İş materiallarında olan eyni tarixdə tərəflərin imzaladıqları üzləşmə aktında da həmin borcun mövcudluğu qeyd edilmiş, həmçinin cavabdeh (ekspeditor) 2021-ci ilin aprel ayında 1500 və ya 2000 manat borcunu ödəyəcəyini qeyd edərək bunu öz imzası ilə təsdiq etmişdir (i/v 13). Eyni zamanda, iş materiallarında olan 2019-cu il tarixli kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə vəsaitlər (2019-cu il 8 iyul tarixində 400 manat, 2019-cu il 23 may tarixində 400 manat, 2019- cu il 13 iyun tarixində 400 manat, 2019-cu il 16 iyun tarixində 600 manat, 2019-cu il 15 iyun tarixində 700 manat, 2019-cu il 1 iyun tarixində 500 manat) ödənilmişdir. Qeyd olunanlar, tərəflər arasında yaranan münasibətlərin məhz mülki münasibətlərdən irəli gələn öhdəlik münasibətləri kimi xarakterizə etməyə əsas verir. Bununla başqa, iş materiallarında olan 2015-ci il 24 mart tarixli təhvil-təslim aktında iddiaçının digər ekspeditorları qarşılıqlı razılaşma əsasında soyuducuları (cəmi 105 ədəd) cavabdehə təhvil-təslim etdiklərini bildirmiş, aktı “Təhvil alan” cavabdeh də imzalamışdır (i/v 23). Həmçinin iş materiallarında olan iddiaçı ilə cavabdeh (“ekspeditor”) arasında tərtib edilmiş 2017-ci il 9 noyabr tarixli üzləşmə aktında cavabdehin iddiaçıya 19 071,44 manat borcunun olduğu, habelə cavabdehin öhdəliyində cəmi 102 ədəd soyuducunun olduğu qeyd edilmişdir (i/v 24). Qarışıq məhkəmə tərkibi hesab edir ki, sözügedən üzləşdirmə aktında qeyd olunanlar tərəflər arasında yaranmış mübahisənin məhz sahibkarlıq fəaliyyətindən irəli gəldiyinə dair ehtimalları daha da artırır. Cavabdehin şikayətində “onun ekspeditor kimi əmək müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməsi” ilə bağlı dəlillərə istinad edilsə də, yuxarıda qeyd olunanlar hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərin əmək hüquqlarından yarandığını istisna edir. Qarışıq məhkəmə tərkibi bu nəticəyə gələrkən onu da nəzərə alır ki, ekspeditorun anlayışı və fəaliyyətinin xarakteri öz əksini mülki qanunvericilikdə tapmışdır. Yuxarıda vurğulanan “mövcud borcun etirafı haqqında müqavilə” və üzləşdirmə aktı tərəflər arasındakı hazırkı mübahisənin əmək münasibətlərindən yaranmadığı qənaətinə gəlməyə əsas verir.”
17. Cavabdehin nümayəndəsi 02 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.
18. Məhkəmənin 20 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Məhkəmə Ekspertiza Mərkəzi) həvalə olunmuşdur.
19. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş 20 fevral 2025-ci il tarixli məktubda göstərilən 02 adda soyuducuların istifadədə olmuş normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 47 770 manat müəyyən edilir. Dərin dondurucu “Şən Oçak” markalı soyuducunun satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı”.
20. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, “...2020-2021-ci ildə "xxxx" MMC-də satışı müdiri, menecer vəzifəsində çalışmış, Cavabdeh həmin MMC ilə əməkdaşlıq edən 21 ekspeditordan biri olmuşdur. Cavabdeh MMC-dən dondurma məhsullarını alıb müxtəlif mağazalara satırdı. X3 2003-cü ildə Bayıl, 20-ci sahə, Biləcəri zonalarında olan soyuducuları aparıb mağazalara qoymuşdu. Soyuducular 2003-cü ildə Türkiyənin “Uğur” firmasına aid yeni soyuducular idi, 220 manata alınmışdı. Onun səhhəti ilə bağlı olaraq 2014-2015-ci ildə Cabbarov Asifin iştirakı ilə soyuducular Cavabdeh təhvil verildi. Cavabdeh 2005-ci, 2006cı illərdə sürücü işləyirdi, daha sonra 2011-ci ildə o işdən ayrıldı, 2014-cü ildə Camalov Vidadinin yerinə işə düzəldi. 2020-ci illərdə dondurma işi üzrə işlər yaxşı olmadığından, işçilər çıxarılırdı, 2020-ci ildə təqribən o da işdən ayrıldı. Hər bir ekspeditorla Elşad da daxil olmaqla ayda bir dəfə üzləşmə aparılırdı, ümumi borcla bağlı (soyuducunun itirilməsi, reklam xərci, maşın xərci) üzləşmə aparılırdı. Hər bir borcun alt sənədi (dondurma borcu, yarımfabrikat borcu, süd borcu, soyuducu borcu və sairə) olurdu. Elə ekspeditor olurdu ki, onun depoziti olurdu. Üzləşmə olan zaman 1 həftə əvvəlcədən ekspeditora məlumat verilirdi. Elə ekspeditor olurdu ki, 7000 manat, eləsi olurdu ki, 80 000 manat borcu olurdu. M.Elşadın üzləşmələrinin 90 faizində bilavasitə özü iştirak etmişdir. Həmin üzləşmələr aparılanda qalıq borcla bağlı mübahisə olmur, Elşad özü üzləşmə aktını oxuyub qol çəkirdi, lakin hədsiz səhlənkar idi. İşdən çıxmamışdan öncə 2019-2020-ci illər yadındadır, 2021-ci il artıq işdən ayrılacaqdı, bu səbəbdən işlərlə maraqlanmamışdır. Ekspeditorlar borcla razı olmadıqda borcun alt sənədinə əsasən izahat verilirdi ki, borc nədən yaranıb. Soyuducuların 20 yaşı var idi. Bəzilərinin istismarı artıq başa çatırdı, bununla bağlı borclar da qeyd olunurdu. Təhvil verilən soyuducular anbara verilirdi, hər təhvil verilən soyuducu ilə bağlı ekspeditor və əməkdaş qol çəkirdi. M.Elşadın nə qədər borcu olduğunu xatırlamır, borcunu həmişə nağd qaydada verirdi. Ekspeditorun borcu çoxalanda və o, ödəmə qabiliyyətində olmayanda tərəflərin qarşılıqlı razılığı ilə borcun əvəzinə əmlak verilir, həmin əmlak qiymətləndirilir, ekspeditorun razılığı ilə borcundan silinirdi. Ekspeditorun ödəmə qabiliyyəti baxdığı sahənin alıcılıq qabiliyyətinə uyğun müəyyənləşdirilirdi. Ekspeditorun borcu yarandıqda ona bildirilirdi ki, bundan artıq borc ola bilməz, ona yeni mallar verilmirdi. M.Elşad borcu yuxarı həddə çatdığından qarşılıqlı razılıqla “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsini onun adına keçirmişdi. Satış müdiri olaraq rəhbərliyin ona etibarı var idi, buna görə də əmlak onun adına keçirilirdi. Əmlakın dəyəri 14 000-15 000 manat idi, əmlakın dəyərinə nisbətdə borcdan silinmə aparılmışdı. İddiaçının təqdim etdiyi analitik uçot kitabları mötəbər sənəddir, orada yanlışlıq ola bilməz, qara mühasibatlıq sənədi olsa da, orada bütün əməliyyatlar tam dəqiqliklə qeyd edilmişdir. Həmin sənəd vergidən yayınmaq üçündür. Orada nə borc yazılıbsa odur, sonda həmin borca müdaxilə etmək olmur. Ola bilməz ki, həmin sənəddə yanlışlıq olsun. 2017-ci ildə Cavabdeh borcundan maşının dəyərini (14 500 manat) çıxmışlar, sonradan cavabdeh istəsə gəlib maşının dəyərini ödəyib maşınını geri götürə bilərdi. Cavabdehlə eyni vaxtda işdən çıxmağı yadında deyil, maşınla bağlı alt sənəddə bütün detallar qeyd olunmalıdır. Cavabdeh soyuducuların əksər hissəsini MMC-yə qaytarmışdır. Bu barədə MMC-nin kitabı olur, soyuducu qaytarılanda orada qeydlər aparılır.”.
21. Cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə yazılı çıxış təqdim etmiş və qeyd etmişdir ki, “...pul tələbi ilə bağlı cavabdeh ilk vaxtlardan, yəni hazırki işə Suraxanı Rayon Məhkəməsində baxılan zaman da iddia tələbini qəbul etməmiş, həmin dövr üzrə, yəni 2020-ci ilə qədər borcunun 3 min manatdan çox olmadığını bildirmişdir. Həmin pulu da müəssisə, ümumiyyətlə, bu dövrlər ərzində tələb etməmişdir. Soyuduculara münasibətdə isə şahid ifadələrindən də göründüyü kimi, böyük əksəriyyəti müəssisəyə təhvil verilməsinə baxmayaraq müəssisə qəsdən həmin təhvil-təslim sənədlərini ortaya çıxartmır. Soyuducularla bağlı iddianın əsassız olmasının ən başlıca göstəricisi iddiaçının Suraxanı Məhkəməsinə müraciət edərkən soyuducularla bağlı tələbinin olmamasıdır. Sadəcə işçilərin əlində sənədlərin olmamasından istifadə edərək təhvil verilmiş soyuducuları bir daha tələb etməklə əsassız varlanmaq niyyətindədirlər. Belə ki, cavabdeh izahatında bildirdi ki, 80 ədəd soyuducunu 2017-2020-ci illər ərzində təhvil vermiş, qalan 20 ədəd soyuducu isə faktiki olaraq yararsız vəziyyətdə mağazalarda qalmışdır. Müəssisə heç maraqlanıb həmin soyuducuları nə təhvil almaq, nə də götürmək istəmir. Əgər istəsə, bu hərəkətləri edər. Sadəcə olaraq keçmiş işçilərə qarşı qərəzli iddialar qaldırmaqla düşdükləri çətin vəziyyətdə əsassız varlanmaq istəyirlər. Soyuduculara münasibətdə də iddia müddəti ötürülmüşdür. Bununla bağlı ayrıca ərizə verilmişdir.”.
22. Birinci instansiya məhkəməsinin 22 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 19 335,60 manat əsas borc, 1933 manat faiz borcu, dəymiş zərərin əvəzi qismində 45 350 manat, 289,86 manat dövlət rüsumu olmaqla ümumilikdə 66 908,46 (altmış altı min doqquz yüz səkkiz manat qırx altı qəpik) manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsi verilərkən ödənilmiş 20,14 (iyirmi manat on dörd qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi, Cavabdeh aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
23. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
23.1. İddia ərizəsi üç hissədən ibarətdir: 1. əsas borcun tutulması 2. əsas borcun ödənilməsinin gecikdirilməsinə görə faiz borcunun tutulması; 3. malların geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi. 23.2. Məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2015-ci ildən alqı-satqı münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin sonlarına qədər müxtəlif həcmdə və çeşiddə mallar satılmış, tərəflər arasında müxtəlif tarixlərdə borcla bağlı üzləşmələr aparılmışdır. Tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “mövcud borcun etirafı haqqında müqavilə”yə görə cavabdeh iddiaçıya dondurma satışından 20 335,66 manat borcunun olduğunu qəbul etmiş, həmin borcu 05 fevral 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, 17 oktyabr 2023-cü il tarixdə iddiaçıya 1000 manat ödəniş etmişdir. Məhkəmə cavabdehin materiallarda olan üzləşmə aktlarının, borcun etirafı barədə müqavilənin oxumadan imza etməsi barədə dəlili ilə razılaşmır. Belə ki, cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş şahid A.Şükürov ifadəsində göstərmişdir ki, cavabdeh də daxil olmaqla digər alıcılarla ayda bir dəfə üzləşmələr aparılmış, cavabehlə aparılmış üzləşmələrin 90 faiz hissəsində iştirak etmiş, qalıq borcla bağlı hər hansı mübahisə olmamışdır. Alıcı borcla razı olmadığı təqdirdə bu barədə hər iki tərəfin iştirakı ilə əlavə müvafiq araşdırma aparılırdı. 23.3. Məhkəmə cavabdehin MMC-yə depozit olaraq 18 aprel 2016-cı ildə verdiyi nəqliyyat vasitəsinin (“X5” yük markalı) dəyərinin borcdan çıxılmalı olması barədə dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş analitik uçot kitablarından görünür ki, cavabdehin 15 oktyabr 2017-ci il tarixə 19 071,44 manat borcu olmuş (i.v.24-də olan üzləşmə aktında da 09 noyabr 2017-ci il tarixə 19 071,44 manat borcunun olmasını cavabdeh imzası ilə təsdiq etmiş, məhkəmə iclasındakı izahatlarında materiallarda olan ona aid olduğu göstərilən imzaların ona məxsus olmasını təsdiq etmişdir), 23 dekabr 2017-ci ildə tarixdə Cavabdeh məxsus **-GO-*** nəqliyyat vasitəsinin dəyəri olan 14 500 manat məbləğ qalıq borcdan çıxılmış, yekun borc 4571,44 manat müəyyən edilmiş, Cavabdeh həmin qeydi imzası ilə təsdiq etmişdir (i.v.140). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslı olduğundan təmin edilməli, 19 335,60 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 23.4. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 1933 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi (əsas borc 19 335,60 manat * 5 faiz /100 * 2 il) tələbini də irəli sürmüşdür. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. 23.5. Məhkəmə iddia tələbini üçüncü hissədə qismən əsaslı hesab edir. İddia tələbində iddiaçı tərəfindən cavabdehə verilmiş soyuducuların geri qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən tutulması xahiş olunmuşdur. İddiaçının həmin soyuducuların üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsində göstərilmiş əmlakların üzərinə həbs qoyulmuş, lakin həmin əmlaklar aşkar edilməmiş, cavabdeh 04 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə yazdığı izahatında tələb edilən soyuducuların 10-12 ədədinin Badamdar, Bayıl və Qum adasında olan mağazalarda olmasını, digərlərinin isə iddiaçı MMC-yə təhvil verildiyini göstərmişdir. 23.6. Cavabdeh soyuducuların əksər hissəsini iddiaçıya təhvil verdiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, hazırda geri tələb edilən soyuducuların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 300 litr tutumu olan soyudunun dəyəri (380 manat), 400 litr tutumu olan soyuducunun dəyəri (530 manat) 05 mart 2025ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir. 23.7. Məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilərək 54 ədəd 300 lt-lik soyuducunun əvəzi qismində 20 520 manat, 01 ədəd 314 lt-lik soyuducunun əvəzi qismində 450 manat, 46 ədəd 400 lt-lik soyuducunun əvəzi qismində 24 380 manat, ümumilikdə 45 350 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 23.8. Cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə həmin ərizə ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “mövcud borcun etirafı haqqında müqavilə” ilə cavabdeh borcunu 05 fevral 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, göstərilən tarixdən iddia müddətinin axımı başlamış, iddiaçı tərəfindən cavabdehə 13 iyun 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, habelə cavabdeh tərəfindən iddiaçıya 17 oktyabr 2023-cü il tarixdə ödəniş edilmiş, bununla da 3 illik iddia müddətinin axımı kəsilmişdir. İddiaçı tərəfindən soyuducuların qaytarılması ilə bağlı yazılı xəbərdarlıq cavabdehə hazırkı iddia ərizəsi verilən zaman, mediasiyanın tətbiqi barədə təklif isə 13 iyun 2023-cü il tarixdə göndərilmiş, həmin tələb üzrə də iddia müddəti ötürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işdə iddia müddətinin tətbiq edilməli olması barədə cavabdeh tərəfin ərizəsi əsassızdır.
24. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1ci, 21.2-ci, 386.1-ci, 372.1-ci, 372.2-ci, 373.2-ci, 398.1-ci, 399.1-ci, 442-ci, 448.1-ci, 448.2ci, 449.1-ci, 567-ci, 598.1-ci, 598.2-ci, 600.1-ci, 600.4-cü, 736.1-ci, 736.2-ci, 736.3-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.
25. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə borcun etirafı haqqında müqavilədəki yazıların (1500 və ya 2000 manat borcun olması hissəsi istisna olmaqla) cavabdehə məxsus olmamasını nəzərə almamış, həmçinin borcun yaranması səbəbini araşdırmayaraq əsassız nəticəyə gəlmişdir. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir:
- Tərəflər arasında yaranan münasibət əmək münasibətlərindən irəli gəlmişdir və məhkəmə qətnaməsində Cavabdeh iləİddiaçı MMC arasında 09 aprel 2020-ci il tarixdə bağlanmış və 08 iyun 2020-ci il tarixdə xitam verilmiş əmək müqaviləsinə, həmçinin Əmək Məcəlləsininin müvafiq maddələrinə istinad etmişdir. Belə olan halda tərəflər mediasiya prosesindən keçməli və müvafiq mediasiya arayışı məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilməli idi. Lakin iş materiallarından görünür ki, qanunvericiliyin tələbləri baxımından həmin qaydalara riayət edilməmiş, iddiaçı mediasiya prosesindən keçməmişdir. Belə olan halda məhkəmə iş üzrə iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda, iş üzrə mahiyyəti üzrə qərar qəbul edərək iddia ərizəsinin təmin etməklə qanunsuz qətnamə qəbul etmişdir. - Birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi hallar iş materialları ilə bütövlükdə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, guya iş materiallarında olan 05 yanvar 2021-ci il tarixli üzləşmə aktında qeyd edilir: “Biz aşağıda imza edənlər bir tərəfdən İddiaçı MMC-nin direktoru X2, digər tərəfdən ekspeditor Cavabdeh bu aktı imza edirik ondan ötrü ki, ekspeditor Cavabdeh İddiaçı MMC-yə 20 335,66 manat borcu var”. Sonunda “Mən, CavabdehB 2021.04 ayında 1500 vəya 2000 manat borcumdan ödəyəcəm” qeydi yazılmışdır. Bir daha qeyd edirik ki, həmin üzləşmə aktından göstərilən yazılar və borcun etiraf edilməsi barədə müqavilədəki yazılar Cavabdeh məxsus deyildir. Həmin məbləğlər başqa şəxs tərəfindən sonradan yazılaraq doldurulmuşdur. Yalnız üzləşmə aktının sonunda qeyd edilən 1500 və ya 2000 min manat borcun ödənilməsi qeydi Cavabdeh məxsusdur. Yəni yuxarıdakı qeydlər Cavabdeh məxsus deyildir. Bununla bağlı ekspertiza təyin edilməsi barədə şifahi vəsatət verilsə də, məhkəmə bunu təmin etməmiş, əsassız və qanunsuz olaraq həmin üzləşmə aktına əsaslanmışdır. - Bundan başqa məhkəmə qətnaməsində bildirir ki, iş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilədən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə dondurma satışı ilə bağlı yaranmış 20 335,66 manat məbləğində borcu olduğunu etiraf edir və həmin borc məbləğini tamamlanaraq 05 fevral 2021-ci il tarixədək MMCyə qaytarmağı öhdəsinə götürür. - Bununla bağlı da qeyd edirik ki, həmin borcun etirafı haqqında müqavilə də saxtadır və sonradan kənar şəxslər tərəfindən doldurulmuşdur. Yəni Cavabdeh həmin borcu etiraf etməmişdir. Belə ki, Cavabdeh Üzləşmə aktının sonuna öz qeydini, yəni 1500-2000 manat borcu verəcəyi barədə qeydini əlavə etmişdir. Həmin vərəqin ikinci səhifəsində isə heç bir məbləğ göstərilməmişdir. Sonradan həmin müqavilənin birinci səhifəsi kənar şəxslər tərəfindən doldurulmuş, özlərindən istədiyi rəqəmi yazaraq müqaviləni 2 səhifə edərək iş materiallarına əlavə etmişlər. Məhkəmə bunları nəzərə almamış, nə də qətnaməsində hüquqi qiymət verməmişdir. Halbuki, borcun olamsını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. - Həmçinin cavabdeh Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına istinad edərək qeyd etmişdir ki, hazırki münasibətlər sırf əmək münasibəti olmasa da, münasibətlər eyni qaydada cərayan etmişdir. Yəni boş sənədə imza etdirmək hələ şəxsin həmin məbləğdə mal götürərək onun borclu olması demək deyil. Qaimələr məhkəməyə təqdim edilməli, həmin borcun yaranma əsasları müəyyən edilməli, ekspertiza təyin edilməli və borc həqiqətən varsa, həmin borcun məbləği müəyyən edilməli idi. Hazırki Konstitusiya Məhkəməsinin qərarı sırf hazırkı münasibətlərə aiddir və həmin münasibətlərdən yaranan halları tənzimləyir. Birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, həmin vəsatət əsassız olaraq təmin edilməmişdir. - Bundan başqa, soyuducularla bağlı iddia tələbində iddiaçı tərəfindən cavabdehə verilmiş soyuducuların geri qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən tutulması xahiş edilsə də, məhkəmə yalnız pulun tutulması hissəsində iddianı təmin etmişdir. Məhkəmənin gəldiyi mövqe ilə razı deyilik, məhkəmə yalnız pulun tutulması hissəsində düzgün qənaətlə gəlməmişdir. Məhkəmə bunu belə əsaslandırmışdır ki, guya soyuducuların yerini müəyyən etmək mümkün olmamışdır. Soyuducular cavabdehdə deyil. Onda belə çıxır ki, məhkəmə cavabdehdə olmayan soyuducuların pulunu tələb edir. Yox əgər məhkəmə o qənaətə gəlib ki, əgər həmin soyuducular cavabdehdədirsə, onda həmin soyuducuları tələb edilməsi barədə hissəni təmin etməli, digər məsələ artıq icra qaydasında həll olunarkən mümkün olmadıqda pulun tutulması hissəsi icra edilməli idi. Lakin məhkəmə hazırda belə bir qənaətə gəlməklə cavabdehi çıxılmaz və maddi vəziyyətini çətinliyə salan bir qətnamə qəbul etmişdir. Halbuki, həmin soyuducuların əslində 20 ildən artıq istifadə edildiyinə görə istismar müddəti belə ötmüş, artıq heç bir maddi dəyəri qalmamışdır. Bununla bağlı məhkəmə iclasında da bildirdik ki, həmin soyuducular yararsız vəziyyətdə olar. İddiaçı tərəfin rəhbər işçisi olmuş şəxs də məhkəmə iclasında bildirdi ki, həmin soyuducuların istismar müddəti bitmişdir. Həmin soyuduculara ekspert tərəfindən soyuducular olmadan qiymətin qoyulması absurd və qeyri-obyektivdir. Cavabdeh əslində bir qisim soyuducuların mağazalarda qalmasını bildirsə də, həmin soyuducuları iddiaçının özü gedib götürmədiyini bildirsə də, məhkəmə bunlara heç bir hüquqi qiymət verməmişdir. Bu isə ədalətsiz və birtərəfli yanaşma olmaqla yalnız iddiaçının maraqları baxımından onun mənafeyinə xidmət etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
27. Cavabdeh məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
28. Bununla belə sonradan tərəflərin (səlahiyyətli nümayəndələrinin) imzaladıqları barışıq sazişi elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış, növbəti məhkəmə iclasında iştirak edən Cavabdeh, habelə iddiaçının nümayəndələri (vəkilləri) tərəflərin artıq barışdıqlarını və barışıq sazişi bağladıqlarını bildirməklə sazişin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir.
29. Təqdim olunmuş barışıq sazişinə görə, “TƏRƏFLƏR: İddiaçı məhud məsuliyyətli cəmiyyəti (bundan sonra “Birinci tərəf”) və Cavabdeh (bundan sonra “İkinci tərəf”) (bundan sonra “Birinci tərəf” və “İkinci tərəf” birlikdə ismin müvafiq hallarında “Tərəflər adlanacaq”) aralarındakı yaranmış fikir ayrılığını qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra “Saziş”) imzaladılar: 2.1. Birinci tərəf bu sazişlə icranın gecikdirilməsinə görə hesablanmış faizlər də daxil olmaqla ümumilikdə 20 000 (iyirmi min) manat borc məbləğini, habelə soyuducuların dəyərinə uyğun olaraq 12 000 (on iki min) manat məbləğini qəbul etməklə, ikinci tərəfdən cəmi 32 000 (otuz iki min) manat borcunu tələb etməklə kifayətləndiyini bildirir. 2.2. İkinci tərəf bu Sazişi imzaladıqdan sonra hər il 5000 (beş min) manatdan az olmamaqla, ümumilikdə 32 000 manat məbləğində vəsaiti hissə-hissə birinci tərəfə ödəməyi öhdəsinə götürür. İlk ödəniş 30 sentyabr 2025-ci il tarixinədək həyata keçirilməlidir. Sonrakı illərdə ödənişlər hər ilin 30 sentyabr tarixindən gec olmayaraq icra olunmalıdır. 2.3. Əgər İkinci tərəf yuxarıda göstərilən öhdəliyi müəyyən olunmuş qaydada və müddətlərdə icra etməzsə və ödənişlərin yerinə yetirilməsində gecikdirməyə yol verərəsə, bu halda birinci tərəf 19 335,6 manat (on doqquz min üç yüz otuz beş manat 60 qəpik) əsas borc məbləğini, həmin məbləğin icrasının gecikdirilməsinə görə illik 5% (beş faiz) hesabı ilə müəyyən edilən faiz məbləğini, habelə soyuducuların ümumi bazar dəyəri olan 50 050 (əlli min əlli) manat məbləğində vəsaitin ödənilməsini tələb etmk hüququna malikdir. 2.4. Tərəflər bu Sazişi imzalamaqla razılaşırlar ki, sazişin bağlanması, məhkəmə qaydasında təsdiqi və tam icrası nəticəsində tərəflər arasında həmin əmlaklarla bağlı gələcəkdə heç bir iddia və ya tələbin irəli sürülməyəcəyini təsdiq edirlər. 3.1. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş yalnız məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edildikdən və məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra qüvvəyə minmiş sayılır”.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
31. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
32. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
33. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
34. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya baxışının həddi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında bağlanmış “TƏRƏFLƏR: İddiaçı məhud məsuliyyətli cəmiyyəti (bundan sonra “Birinci tərəf”) və Cavabdeh (bundan sonra “İkinci tərəf”) (bundan sonra “Birinci tərəf” və “İkinci tərəf” birlikdə ismin müvafiq hallarında “Tərəflər adlanacaq”) aralarındakı yaranmış fikir ayrılığını qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra “Saziş”) imzaladılar: 2.1. Birinci tərəf bu sazişlə icranın gecikdirilməsinə görə hesablanmış faizlər də daxil olmaqla ümumilikdə 20 000 (iyirmi min) manat borc məbləğini, habelə soyuducuların dəyərinə uyğun olaraq 12 000 (on iki min) manat məbləğini qəbul etməklə, ikinci tərəfdən cəmi 32 000 (otuz iki min) manat borcunu tələb etməklə kifayətləndiyini bildirir. 2.2. İkinci tərəf bu Sazişi imzaladıqdan sonra hər il 5000 (beş min) manatdan az olmamaqla, ümumilikdə 32 000 manat məbləğində vəsaiti hissə-hissə birinci tərəfə ödəməyi öhdəsinə götürür. İlk ödəniş 30 sentyabr 2025-ci il tarixinədək həyata keçirilməlidir. Sonrakı illərdə ödənişlər hər ilin 30 sentyabr tarixindən gec olmayaraq icra olunmalıdır. 2.3. Əgər İkinci tərəf yuxarıda göstərilən öhdəliyi müəyyən olunmuş qaydada və müddətlərdə icra etməzsə və ödənişlərin yerinə yetirilməsində gecikdirməyə yol verərəsə, bu halda birinci tərəf 19 335,6 manat (on doqquz min üç yüz otuz beş manat 60 qəpik) əsas borc məbləğini, həmin məbləğin icrasının gecikdirilməsinə görə illik 5% (beş faiz) hesabı ilə müəyyən edilən faiz məbləğini, habelə soyuducuların ümumi bazar dəyəri olan 50 050 (əlli min əlli) manat məbləğində vəsaitin ödənilməsini tələb etmk hüququna malikdir. 2.4. Tərəflər bu Sazişi imzalamaqla razılaşırlar ki, sazişin bağlanması, məhkəmə qaydasında təsdiqi və tam icrası nəticəsində tərəflər arasında həmin əmlaklarla bağlı gələcəkdə heç bir iddia və ya tələbin irəli sürülməyəcəyini təsdiq edirlər. 3.1. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş yalnız məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edildikdən və məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra qüvvəyə minmiş sayılır” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-458/2025 saylı iş üzrə 22 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov