Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-849/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-205/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2018-ci il tarixli. 211.00928 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı istehsal və topdan satş olunan malları alıcıya satmağı, alıcı isə müqavilədə qeyd olunan malın satış qiymətini müəyən edilən məbləğdə və şərtdə ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 3740 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik (2 il) 5% hesablanmaqla 374 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 4144 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 fevral 2019-ci il tarixində tərtib olunan və cavabdeh tərəfindən imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 3740 manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Borcun olması faktı cavabdehin Bakı şəhər Prokurorluğuna vermiş izahatda da öz təsdiqini tapmışdır. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Həmçinin, tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, dəyəri 3740 manat məbləğində olan tikinti materiallarını almamış, üzləşmə aktında olan yazılar isə onun tərəfindən yazılmamışdır. Materialların onun tərəfindən alınmasını təsdiq edən qəbz, qaimə və ya digər sənədlər yoxdur. Prokurorluqda izahat verərkən ona təzyiq göstərilməsə də, ilk dəfə orada olduğuna görə həyəcanlı olmuş və buna görə də borcunun olmasını etiraf etmişdir.
5. Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli e-2-2(113)-205/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
11. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
12. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
15. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 3740 manat borcunun olduğunu etiraf etmişdir.
16. Cavabdeh birinci instansiya məhkəməsində həmin aktda onun adından olan imzanı mübahisələndirmişdir.
17. Həmin halların aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 noyabr 2021-ci il tarixli, 4/1364 №-li ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş 13 fevral 2019-cu il tarixli üzləşmə aktında “Hüquqi və fiziki şəxs:” qrafasındakı “Qoça Təhməzov D o” yazıları və imza Cavabdeh tərəfindən icra olunmuşdur.
18. Daha sonra cavabdehin vəsatəti əsasıında birinci instansiya məhkəməsi tərəfindən təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 aprel 2022-ci il tarixli, 4/482 №-li rəyi ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, işin 58-ci vərəqində olan xx.xx.2019-cu il tarixli Üzləşmə aktında “Hüquqi və fiziki şəxs:” qrafasındakı “Qoça Təhməzov D o” yazıları və qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. “...“Cavabdeh KARTAŞ LTD-yə - 3740- Azn üç min yeddi yüz qırx manat borcu vardır.” yazıları - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
19. Bundan əlavə Cavabdeh Bakı şəhər prokurorluğuna verdiyi izahatda qeyd olunmuşdur ki, “...İddiaçı MMC-dən şpaklovka, kafel sementi, ara doldurucu, izolatekslər, penoplast və sair məhsullar almışam. Almış olduğum mallar mənə qaimə ilə verilmiş, mallara görə pullar dərhal və ya 1-2 gün fasilə olmaqla nağd şəkildə satış təmsilçilərinə ödənilmişdir. Mənim MMC-yə 3740,02 manat borcum qalsa da, faktiki olaraq bu o qədər deyil. Belə ki, onlara qaytarılası mallarım var ki, bu barədə MMC-nin satış müdiri Həsən müəllimə demişəm...”
20. Göründüyü kimi cavabdehin 3740 manat iddiaçıya borcunun olması faktı həm tərəflər arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli üzləşmə aktı, həm də cavabdehin Bakı şəhər prokurorluğuna verdiyi izahatla təsdiq olunur.
21. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
22. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən ümumilikdə 3740 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
23. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır.
24. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini, tərəflər arasında müqavilənin bağlanması tarixini və şərtlərini, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi müddətini nəzərə aldıqda kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cəmi 374 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (3740 x 5% = 187); (187 x 2 il = 374).
25. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəylər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş və ekspert tərəfindən aparılmış tədqiqat müfəssəl təsvir olunmuşdur. Cavabdeh isə ekspert rəylərinin qeyridəqiq olmasını bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmişdir. Həmçinin, prokurorluqda verdiyi izahatının düzgün olmamasını da ağlabatan şəkildə izah edə bilməmişdir. Cavabdehin bildirdiyi hallar (həyəcanlı olmasına görə borcunun olmasını etiraf etməsi) həm ağlabatan, həm də inandırıcı deyil.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-205/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova