Məhkəmə qərarları › İş №2-2(103)-849/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-849/2023

26.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-849/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3574/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 10.899,59 manat, İşsizlikdən sığorta fonduna olan 433,18 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1.734,68 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “X1” MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 10899,59 manat, İşsizlikdən sığorta fonduna 433,18 manat, İcbari Tibbi Sığorta Fonduna 1734,68 manat olmaqla, ümumilikdə 13.067,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə xx.xx.2023-cü il tarixli **********754200 nömrəli, xx.xx.2023-cü il tarixli **********833400 nömrəli, xx.xx.2023-cü il tarixli **********897600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir

3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, hazırda maliyyə çətinliyi ilə əlaqədar “X1” MMC Dövlət Sosial Müdafiə Fonduna, İşsizlik sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna olan 13.067,45 manat borcunu ödəyə bilmədiyi üçün "xxxx" ASC onun borc öhdəliklərini ödəməsi üçün ən qısa müddətdə törəmə müəssisəsi olan “X1” MMC-yə borc ayırmaqla borcun ödənilməsini təmin edəcəkdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3574/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Gürcüstanda doğulub, onun ailəsi və yaxın qohumları orda yaşayır, qoca, ahıl, xəstə doğmaları vardır, Gürcüstana gedib gəlməsinə hər vaxt ehtiyac yarana bilər. Maliyyə çətinliyi ilə əlaqədar “X1” MMC Dövlət Sosial Müdafiə Fonduna, İşsizlik sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna olan 13.067,45 manat borcunu ödəyə bilmədiyi üçün "xxxx" ASC onun borc öhdəliklərini ödəməsi üçün ona borc ayırmaqla borcun ödənilməsini təmin etməsini öhdəsinə götürür. Bundan əlavə borcun ödənilməsi üçün digər icra tədbirləri olduğu halda onun ölkədən getmək hüququ məhdudlaşdırılması ədalətsiz və əsassız bir qərardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.

17. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi və vergi borcunun ödənilməsinə dair xx.xx.2023cü il tarixli **********754200 nömrəli, xx.xx.2023-cü il tarixli **********833400 nömrəli, xx.xx.2023-cü il tarixli **********897600 nömrəli bildirişlərlə təsdiq olunur.

18. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.

19. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş 13.067,45 manat vergi borcu vardır. Ona görə də, maraqlı şəxsin maliyyə çətinliyinin olması ərizənin rədd olunması üçün əsas deyil. Həmçinin digər icra tədbirlərinin də olub-olmamasının hazırda əhəmiyyəti yoxdur. Çünki həm Vergi, həm də Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan müddəalarında birbaşa təsbit olunmuşdur ki, vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

20. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3574/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar