Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-850/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-710/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən CPSX19/0417 nömrəli, 11.04.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən ödənilməmiş 9576,35 manat məbləğində borcun, məhkəmə xərcləri üçün 500 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.04.2021-ci il tarixli e-2-2(113)-710/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 9576,35 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq, İddiaçınə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC fəaliyyət göstərdiyi ünvan üzrə icarə obyektindən kənarlaşdırılmışdır. Buna görə də, məhkəmədən gələn bildirişlər həmin obyektin nəzarətçisi tərəfindən qəbul olunmuş və onlara bu barədə heç bir məlumat verilməmişdir. Nəticədə məhkəmədən xəbərsiz olduqlarından iştirakları təmin olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 11.04.2017-ci il tarixli CPSX19/0417 saylı yükdaşıma xidmətlərinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi və göstərişi üzrə müvafiq yüklərin təyinat ünvanına çatdırmağı və təhvil verməyi, cavabdeh isə öz növbəsində göstərilmiş xidmət müqabilində tərəflər arasında razılaşdırılmış ödənişi etməyi öhdələrinə götürmüşlər. İddiaçı bildirir ki, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2017-2018-ci illər ərzində Respublikanın müxtəlif rayon və şəhərləri istiqamətində müqavilə üzrə daşıma xidməti həyata keçirmiş və hazırda cavabdehin həmin müqavilə üzrə 9576,35 manat məbləğində borcu qalmışdır. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, iddiaçıya olan borcu çox cüzidir, lakin borcun konkret məbləği onlara aydın deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, yükdaşıma xidmətinə görə pulun tutulması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan yük daşınması müqaviləsinin bağlanması mübahisəsizdir. Eyni zamanda iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya daşıma xidmətləri həyata keçirmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini həyata keçirməmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, həmin müqavilə üzrə 04.09.2018-ci il tarixli 700 saylı hesab fakturaya əsasən 4128,04 manat dəyərində, 21.09.2018-ci il tarixli 736 saylı hesab faktura üzrə 2545 manat dəyərində, 22.10.2018-ci il tarixli 789 saylı hesab-faktura üzrə 1597 manat dəyərində və 22.10.2018-ci il tarixli 790 saylı hesab faktura üzrə 1453,60 manat dəyərində yük daşıma xidməti həyata keçirilmiş, bununla bağlı iddiaçı tərəfindən cavabdehə 22.10.2018-ci il tarixdə 031658 və 031452 saylı elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdehin özü tərəfindən təsdiqlənmiş, 21.09.2018-ci il tarixdə 249678 saylı elektron qaimə göndərilmiş və həmin qaimə cavabdehin özü tərəfindən təsdiqlənmiş, 19.09.2018-ci il tarixdə 187861 saylı elektron qaimə göndərilmiş və həmin qaimə sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, məhkəmə bildirişləri cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-710/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-850/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-850/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver