Məhkəmə qərarları › İş №2-2(103)-850/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-850/2023

25.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-850/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3735/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2014-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsidir.

2. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 7055,61 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 257,12 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 39,98 manat təşkil etmişdir

3. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 257,12 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 39,98 manat təşkil edir. Həmçinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 2022-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi üzrə cari vergi bəyannamələr verilmiş, bununla vergi borcunun məbləği azalmış, vergi ödəyicisinin dövlət büdcəsinə 4,55 manat artıq ödəməsi yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 6098,63 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 257,12 manat, İcbari Tibbi Sığorta Fonduna olan 39,98 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 6098,63 manat məbləğində (o cümlədən vergilər üzrə 5662,61 manat, faizlər üzrə 436,02 manat), İcbari Tibbi Sığorta Fonduna 39,98 manat, Dövlət Sosial Müdafiə Fonduna 257,12 manat olmaqla, ümumilikdə 6395,73 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********976500, xx.xx.2023-cü il tarixli **********368200, xx.xx.2023-cü il tarixli **********369900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3735/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə rədd edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, işə məhkəmədə baxılan zaman Maraqlı şəxs dövlət büdcəsinə borcu qalmamış, əksinə vergi ödəyicisi tərəfindən 2022-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi üzrə cari vergi bəyannamələri verildikdən və vergi borcunun məbləği azaldıldıqdan sonra vergi ödəyicisinin 4,55 manat artıq ödəməsi yaranmışdır. Eyni zamanda müəyyən edir ki, maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna 257,12 manat, İcbari Tibbi Sığorta Fonduna isə 39,98 manat borcu qalmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

9. Məhkəmə onu da qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində vergi ödəyicisi müvafiq vergi hesabatını təqdim etmiş, həmin hesabat üzrə hər hansı kameral yoxlama məhkəmə araşdırmasının həyata keçirildiyi tarixdə aparılmamışdır.

10. İş üzrə məhkəmə eyni zamanda qeyd etmişdir ki, maraqlı şəxsin əmlakının siyahıya alındığı, bank hesabları üzərində alınmalı məbləğlə bağlı sərəncam olduğu, borcun ödənilməsi istiqamətində digər addımlar atıldığı işin halları ilə təsdiqlənmir, borcun məbləği də belə bir məhdudiyyətin qoyulmasına rəvac vermir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3735/2023 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin etməməklə Maraqlı şəxs məcburi dövlət sosial sığorta, İcbari Tibbi Sığorta haqqını və dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmış, qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Məhkəmənin də qeyd etdiyi kimi vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə vergi orqanına 2022-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi üzrə dövriyyə göstərilmədən boş hesabat təqdim edilmişdir. Bundan əvvəl də vergi ödəyicisi tərəfindən vergi orqanına həmin dövr üçün bəyannamə təqdim edilmədiyindən və 283.358 manat dövriyyəsinin olduğu müəyyən olunduğu vergi orqanı tərəfindən hesablama aparılmışdır. Məhkəmə vergi ödəyicisi tərəfindən 2022-ci ilin 3-cü rübü üzrə vergi orqanına təqdim edilmiş bəyannaməni əsas tutaraq təqdim edilmiş bəyannamə nəticəsində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində vergi borcunun azalmasını vergi borcunun olmaması kimi qəbul edərkən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnaməsində vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlamasının keçirilməsi barədə hər hansı məlumatın olmadığını qeyd edərkən kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən vergi orqanına bəyannamə təqdim edildikdən dərhal sonra başladığını, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş müddətlər bitdikdən sonra qəbul edilərək borcun azalmasına səbəb olduğunu diqqətindən qaçırmış, iş üçün mühüm əhəmiyyəti olan bu halları araşdırmamışdır. Məhkəmə yalnız borc olmadığı, yaxud həmin borc artıq ödənildiyi təqdirdə, bu tədbirin tətbiqinə zərurətin qalmadığı nəticəsinə gələ bilər. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisinin müvafiq fondlara borcları mövcuddur və eyni zamanda dövlət büdcəsinə olan vergi borcu da kameral vergi yoxlaması ilə bərpa edilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdirlər.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddəsinin İİ hissəsi- əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Vergi Məcəlləsi; 1.4-cü maddə- həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 37.2-ci maddə- kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin ... təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə ... münasibətdə isə 30 iş günü müddətində keçirilir. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyası 4 saylı Protokolunun 2-ci maddəsi- dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə- vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

15. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3735/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşə apellyasiya qaydasında baxılarkən ərizəçinin apellyasiya şikayətinə əlavə edilmiş Maraqlı şəxs şəxsi vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs vergilər üzrə 5667,16 manat vergi borcuna azalma verilmiş, xx.xx.2023-cü il tarixdə həmin məbləğ yenidən şəxsi vərəqəyə bərpa edilmişdir. Belə olan halda müəyyən olunur ki, Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən vergi borcu azaldılsa da sonradan bərpa edilmişdir.

18. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə bu hissədə razılaşır ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsas hüquqlardan biri olan sərbəst hərəkət hüququna müdaxilə olduğu üçün vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcu olan vergi ödəyiciləri barəsində bu tədbirin görülməsi qanuni olsa da, məhkəmə digər tədbirlərlə borcların alınmasının mümkün olmadığı, məhz bu tədbirin görülməsinin zəruri olduğu da vergi orqanı tərəfindən sübutlara təsdiq edilməlidir. Hazırkı iş üzrə maraqlı şəxsin əmlakının siyahıya alındığı, bank hesabları üzərində alınmalı məbləğlə bağlı sərəncam olduğu, borcun ödənilməsi istiqamətində digər addımlar atıldığı hər hansı sübutla təsdiq edilmir. Halbuki ərizəyə əlavə edilmiş fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs "xxxx" ASC-də və "xxxx" ASC-də bank hesabları mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, ərizənin təmin edilməməsi barədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3735/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3735/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar