Məhkəmə qərarları › İş №2-2(103)-851/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-851/2024

26.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-851/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-4257/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 2187,48 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 26,99 manat, İşsizlikdən Sığorta Fonduna olan 7,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 115,55 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-4257/2024 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan hansından istifadə edib-etməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Mövcud praktikada isə yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmələ verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmə hüququnun məhdudlaşdırılmasıdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixli **********204600 nömrəli ərizə üzrə onun ödənilməmiş borcları qalmaqdadır. Vergi orqanları vergilərin ödənilməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş mümkün olan bütün vasitələrdən məhdudiyyətsiz istifadə edə bilər və həmin üsullarından birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Lakin, bununla belə qeyd edirik ki, ərizəçi vergi orqanı tərəfindən borcun alınması istiqamətində tədbirlər görülmüş, borcun alınması üçün təsirli vasitələrdən biri olan maraqlı şəxsin bank hesablarına sərəncamlar qoyulmuşdur. Həmin sərəncamlar nəticəsində borcun alınması mümkün olmadığından borcun ödənilməsinin təsir tədbiri kimi ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin məhdudiyyətin mütənasib olması ilə bağlı mövqeyinə münasibətdə onu da bildiririk ki, hazırkı iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Belə ki, burada söhbət borclu hüquqi şəxsin rəhbərinin ölkədən çıxışına qadağanın yalnız həmin borc məbləği ödənilənədək qoyulmasından gedir. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Göründüyü kimi borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, yəni məhdudlaşmaya səbəb olan əsaslar aradan qalxanadək məhdudlaşdırılması çatmaq istənilən məqsədə mütənasibdir və qanunvericiliyə uyğundur. Həmçinin tətbiq olunmuş məhdudiyyət tədbirinin qüvvədə olma müddəti həmin məhdudiyyətin qoyulmasına səbəb olan əsasların vergi ödəyicisinin iradəsinə uyğun olaraq aradan qaldırılması ilə məhdudlaşır. Məhkəmənin ərizəni rədd edərkən irəli sürdüyü digər arqumentlə (vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərdən ancaq bank hesabına sərəncam qoyulması ilə bağlı sənədi təqdim etmiş, digər tədbirlərin görülüb-görülməməsi (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə edilməməsi) ilə bağlı bildiririk ki, məhkəmənin sadaladığı məhdudlaşdırcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4257/2024 nömrəli qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. İş üzrə maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun dövlət sosial müdafiə fonduna, işsizlikdən sığorta fonduna, icbari tibbi sığorta fonduna, eləcə də dövlət büdcəsinə vergilər və faizlər üzrə borclarının olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə yalnız vergi ödəyicisinin təqdim etdiyi ödəniş qəbzlərinə istinad edərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlillərə istinad etməklə iş üzrə yanlış qərar vermişdir. Halbuki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda görürük ki, məhkəməyə təqdim edilmiş ərizə üzrə ödənilməmiş borc qalmaqdadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

9. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

14. Belə ki, ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 7,66 manat, Dövlət Sosial Müdafiə Fonduna 26,99 manat, İcbari Tibbi Sığorta Fonduna 115,55 manat, dövlət büdcəsinə 2187,48 manat məbləğində (o cümlədən vergilər üzrə 1853,6 manat, faizlər üzrə 333,88 manat) olmaqla, ümumilikdə 2337,68 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********158800, xx.xx.2024-cü il tarixli **********829200, xx.xx.2024-cü il tarixli **********830600, xx.xx.2023-cü il tarixli **********973200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

15. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdır. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 2452,91 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 463,99 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 25,42 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 192,05 manat təşkil edir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMCdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

17. Ərizəçi vergi ödəyicisinin dövlət büdcəsinə olan 2187,48 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 26,99 manat, İşsizlikdən Sığorta Fonduna olan 7,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 115,55 manat borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

18. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcdan 1854 manat ödəniş edildikdən sonra qalıq borcu 610,05 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcdan 294 manat ödəniş edildikdən sonra qalıq borcu 190,32 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 25,42 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 192,05 manat təşkil edir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Ərizəçi dövlət büdcəsinə olan 2187,48 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 26,99 manat, İşsizlikdən Sığorta Fonduna olan 7,66 manat və İcbari Tibbi Sığorta Fonduna olan 115,55 manat borcların ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş, hüquqi şəxs dövlət büdcəsinə olan borcdan 1854 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcdan 294 manat ödəniş etmiş, bundan sonra vergi ödəyicisinin dövlət büdcəsinə 610,05 manat, Dövlət Sosial Müdafiə Fonduna 190,32 manat, İşsizlikdən Sığorta Fonduna 25,42 manat, İcbari Tibbi Sığorta Fonduna 192,05 manat borcu qalmışdır.

20. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

21. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

23. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

24. Vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərdən ancaq bank hesabına sərəncam qoyulması ilə bağlı sənədi təqdim etmiş, digər tədbilərin görülüb-görülməməsi (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

26. Maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq Dövlət Sosial Müdafiə Fonduna olan borca görə ərizədə qeyd olunan borc (26,99 manat) məbləğindən borcun məbləğinə münasibətdə əhəmiyyətli dərəcədə - artıq (294 manat) ödəniş etdiyindən, dövlət büdcəsinə olan borca görə ərizədə qeyd olunan borc (2187,48 manat) məbləğindən borcun məbləğinə münasibətdə əhəmiyyətli (1854 manat) ödəniş etdiyindən, bu ödənişlər ərizədə qeyd olunan borc məbləğlərinə münasibətdə əhəmiyyətli ödəniş olduğundan və vergi orqanının borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə veribverməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, qalıq dövlət büdcəsinə olan 610,05 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 190,32 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 25,42 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 192,05 manat borclara görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, vergi orqanının vergi borcuna görə hazırkı ərizəni verməsi onun hüququdur. Bu hüquq mütləq deyil və mütənasiblik prinsipinə riayət olunmalıdır. Əks halda qanun qarşısında bərabərlik pozulmuş olardı. Vergi orqanının vergi borcunu təmin etmək üçün digər qanuni vasitələri olduğuna görə ərizənin təmin edilməməsi azalmış vergi borcu məbləğinin ödənilməməsinə səbəb olmayacaq. Məhkəmə gəldiyi nəticəni qanunvericilik normalarına və Avropa Məhkəməsinin presedent hüququna uyğun əsaslandırmışdır.

28. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-4257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar