Məhkəmə qərarları › İş №2-2(103)-851/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-851/2025

12.09.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-851/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə (Açar sözlər: vergi borcu, mütənasiblik prinsipi, vergi ödəyicisi barəsində məcburiyyət tədbirinin tətbiq edilməsi, kameral yoxlama borcu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4874/2025 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. “X9” MMC-nin xx.xx.2025-ci il tarixə təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənilməli borc 9693.99 manat təşkil edir.

2. “X9” MMC-nin xx.xx.2025-ci il tarixə təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənilməli borc 9693.99 manat təşkil edir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən “X9” MMC-yə ünvanlanan vergi borcun ödənilməsinə dair xx.xx.2025ci il tarixli **********9 nömrəli bildirişdən görünür ki, vergilər üzrə 23649.10 manat, maliyyə sanksiyaları üzrə 120 manat, faizlər üzrə 5173.24 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən “X9” MMC-yə ünvanlanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********3 nömrəli bildirişdən görünür ki, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5168,47 manat, faizlər üzrə 261,07 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən “X9” MMC-yə ünvanlanan icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********5 nömrəli bildirişdən görünür ki, vergilər üzrə 830.23 manat, faizlər üzrə 73.89 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən “X9” MMC-yə ünvanlanan işsizlikdə sığorta haqı üzrə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********7 nömrəli bildirişdən görünür ki, işsizlikdən sığorta haqqı üzrə 210,36 manat, faizlər üzrə 23,53 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

6. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 10040 manat ƏDV, xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 177 manat məbləğində işləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 200 manat məbləğində işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli 8665 saylı ödəniş qəbzinə əsasən 750 manat məbləğində digər işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli 18888 saylı ödəniş qəbzinə əsasən 750 manat məbləğində digər işəgötürülənlərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı ödənişi, xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə 120 manat məbləğində ƏDV üzrə maliyyə sankiyalarından daxilolmalar ödənişi, xx.xx.2025-ci il tarixli 10935 saylı ödəniş qəbzinə əsasən 9400 manat məbləğində ödənişi ödənilmişdir. Əlavə olaraq xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən 600 manat məbləğində sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxil olmalara dair ödənişi, eyni tarixli ********** saylı ödəniş qəbzinə əsasən 100 manat məbləğində işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə fazilərin hesablanmasından daxil olmalar üzrə ödənişi, eyni tarixli ********** nömrəli qəbzə əsasən 400 manat məbləğində ƏDV ödənişi, eyni tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən isə 349 manat məbləğində icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə fazilərin hesablanmasından daxilolmalara dair ödənişi vergi ödəyici tərəfindən həyata keçirilmişdir.

7. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlərə əsasən maraqlı şəxs tərəfindən 84 və 4100 manat məbləğində ƏDV ödənişləri həyata keçirilmişdir.

8. İş materiallarından görünür ki, maraqlı şəxs ərizəçiyə ərizə ünvanlayaraq, ərizənin 3cü bölməsində göstərilən vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların ləğvi barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edildiyini bildirmiş, bu qərara əsasən fəaliyyətinin ləğv tarixini göstərmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqi şəxsin fəaliyyətinin dayandırılması arayışına əsasən “X9” MMC-nin xx.xx.2025-ci il tarixindən xx.xx.2029-cu il tarixinə kimi fəaliyyəti dayandırılmışdır.

10. “X9” MMC-nin xx.xx.2025-ci il tarixli, 07 saylı məlumat cədvəlinə əsasən tərəfindən 31850 manat məbləğində vergi ödənişləri həyata keçirilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış vergi ödəyicisinin ərizəsinə əsasən icarə müqailəsinin xitam verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində fəaliyyətinin ləğv edildiyi qeyd olunmuşdur.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu (VÖEN: **********) 53,12 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

13. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 25065,76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5293,33 manat, İşsizlikdən sığorta fonduna olan 225,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 904,12 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 25065,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 19465,1 manat, faizlər üzrə 5480,66 manat, maliyyə sanksiyası üzrə 120 manat) , İcbari Tibbi Sığorta Fonduna 904,12 manat, İşsizlikdən sığorta fonduna 225,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 5293,33 manat olmaqla, ümumilikdə 31489,11 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********977600, xx.xx.2024-cü il tarixli **********796400, xx.xx.2024-cü il tarixli **********798800, xx.xx.2024-cü il tarixli **********797100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 35, mənzil 33 ünvanında yaşayır.

15. xx.xx.2025-ci il tarixdə maraqlı şəxs məhkəməyə etiraz ərizəsi təqdim etmiş, etirazı onunla əsaslandırılmışdır ki, göstərilən “əsas vergi borcu” müəssisə tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edildikdən sonra xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Müəssisə tərəfindən xx.xx.2024-cü il tarixində Elektron kabinet vasitəsilə “obyektin ləğv edilməsi ilə bağlı ərizə” verilmiş, faktiki fəaliyyət həmin dövrdə tamamilə dayandırılmışdır. Bundan əlavə, xx.xx.2025-ci il tarixində “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” ilə bağlı Elektron kabinet vasitəsilə aidiyyəti üzrə ərizə təqdim olunmuşdur. Müəssisənin fəaliyyət göstərdiyi dövrdə, bir sıra subicarəçilərin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbilə Cəmiyyət maliyyə baxımından ciddi çətinliklərlə üzləşmişdir. Həmin borclularla bağlı görülən hüquqi tədbirlər nəticəsində məhkəmə orqanları “X9” MMC-nin xeyrinə qətnamə qəbul etmiş, bu qətnamə vergi orqanının nümayəndəsinə həmin dövrdə təqdim edilmiş, eyni zamanda müəssisənin baş mühasibi X4 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsindən cağırışına cavab olaraq ora yaxınlaşmış və məlumat vermişdir ki, müəssisə öhdəliklərini yerinə yetirilməsi üçün qətnaməyə əsasən borclunun öhdəliyini yerinə yetirməsini gözləməkdədir. Lakin sonradan əmlakın yeni mülkiyyətçisi tərəfindən eyni borcluların onların fəaliyyətinə yaratdığı problemlər səbəbindən Cəmiyyətə edilən müraciətini nəzərə alaraq, işə xitam verilməsi üçün 2025-ci ilin fevral ayında “X9” MMC və həmin borclular arasında barışıq sənədi imzalanmış və müəssisə məcbur qalaraq borcun ödənilməsi iddiasından imtina etmişdir. Nəticədə, müəssisə ödəniş qabiliyyətini ciddi şəkildə itirmişdir. Bütün çətinliklərə baxmayaraq, müəssisənin təsisçisi tərəfindən vergi orqanının bildirişlərinə əsasən borc öhdəliyi yerinə yetirilmişdir. Qalıq faiz borcu ilə bağlı ödənişlər də qısa müddət ərzində həyata keçiriləcəkdir. Borcun əsas hissəsinin artıq ödənildiyini nəzərə alınaraq, faiz tələbinin fəaliyyətin dayandığı tarixdən sonrakı hissəsinin əsassız hesab edilməsi, müəssisənin çətin maliyyə şəraiti və hüquqi mübahisələr nəticəsində yaranmış gecikmənin əsaslı səbəb kimi qəbul edilməsinə, və qalıq faiz borcunun könüllü şəkildə ödəniləcəyi nəzərə alınaraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4874/2025 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. (hakim-İ.Əhmədov)

17. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, vergi ödəyicisi olan “X9” MMC öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu, o cümlədən DSMF-yə, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borc məbləğlərinin ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxsə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, məhkəmə icraatının gedişində Maraqlı şəxs hesablanmış vergi borcu üzrə ödənişi həyata keçirərək bunu təsdiq edən sənədləri (qəbzləri) məhkəməyə təqdim etmişdir. Belə ki, ərizəçinin tələbində göstərdiyi məbləğ dövlət büdcəsi üzrə 25065,76 manat, Dövlət Sosial Müdafiə Fondu üzrə 5293,33 manat, İşsizlikdən sığorta fondu üzrə 225,9 manat, İcbari Tibbi Sığorta Fondu üzrə 904,12 manat olmaqla, ümumilikdə 31489 manat təşkil edir. Məhkəməyə təqdim edilən ödəniş cədvəlindən və qəbzlərdən isə görünüb ki, maraqlı şəxs tərəfindən ümumilikdə 31850 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli şəxsi hesab vərəqəsindən görünüb ki, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcu tam ödəmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu (VÖEN: **********) 53,12 manat təşkil etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Məhkəmə maraqlı şəxsin vergi orqanının bildirişlərinə biganə qalmayaraq müvafiq fondlara olan borcları tam ödəməsini, qalıq vergi borcu məbləğinin cüzi həcmdə olmasını, vergi orqanı tərəfindən borcun alınması üçün görülmüş digər tədbirlər və onların nəticəsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsini, 28-ci maddəsinin İİİ hissəsini, 59-cu maddəsini, 71-ci maddəsinin İİ hissəsini, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsini, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2 və 3-cü hissələrini, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4, 6.1.1, 23.1.15-3, 24.0.2-1, 77.3, 78.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.1, 26.2, 355-5.1, 355-5.2, 355-7.1, 355-7.3-cü maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarını göstərmişdir.

19. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri 20.1 Apelyasiya şikayətində maddi hüquq normalarının pozulmasına əsas verən hallar kimi göstərilmişdir ki, vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə 2837.86 manat borc məbləği olmuşdur. Bu məbləğ barəsində “cüzi borc” ifadəsinin işlədilməsi və şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına mütənasib olmaması yanaşması doğru deyil. Bu məbləğ ölkənin hazırki əmək haqqı minimumundan yeddi dəfə daha çoxdur. Həmçinin 16 may 2008-ci il tarixinədək 2000 (iki min) manat məbləğindən artıq vergilərin yayınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin tərkibini yaradırdı. Yuxarıdakı yanaşmaları nəzərə alaraq, 2837.86 manat məbləğ vergi orqanının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi üçün adekvat və mütənasibdir. Borc məbləğinin həmin zaman 53,12 manat kimi görünməsi isə vergi ödəyicisinin vergisi təsdiqlənməmiş kameral azalma ilə əlaqəlidir. Belə ki, vergi ödəyicisi olan ,"X9" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixdə dəqiqləşmiş bəyənnamə təqdim edilmişdir (azalma). Şəxsi hesab vərəqəsindən görünüb ki, hələki əlavə dəyər vergisi üzrə cari bəyannaməyə vergi orqanı tərəfindən münasibət bildirilməmişdir. Maraqlı şəxsin borcu dövlət büdcəsinə ödəniş etdiyinə görə yox, hesabatlarında xx.xx.2025-ci il tarixində azalma verdiyi üçün həmin məbləğ sistemdə və şəxsi hesab vərəqəsində avtomatik olaraq azalmış görünməkdədir. Həmin hesabatlardakı azalmalar isə vergi orqanı tərəfindən təsdiqlənmədikcə, maraqlı şəxsin dövlət büdcəsinə olan borcu qalmaqdadır. Vergi ödəyicisinin verdiyi hər bəyannamə üzrə kameral vergi yoxlaması başa çatmadığı müddətcə həmin bəyannamənin göstəriciləri əsas götürülə bilməz. Qaldı ki, vergi orqanı tərəfindən borcun alınması üçün görülmüş digər tədbirlər və onların nəticəsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilməməsi əsası, bu da tamamilə qanunvericiliyə ziddir. 20.2 Qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar etməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Bu nöqteyinəzərdən vergi orqanı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə veribverməməsi ilə bağlı sənədlərin ərizəyə əlavə edilməməsi məsələsinə münasibətdə qeyd etmək lazımdır ki, məhdudlaşdırcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir. Vergi orqanı mövcud vergi borcunun alınması üçün ən effektiv olan və məqsədəmüvafiq hesab etdiyi üsulu seçmək hüququna malikdir. Belə olan halda da məlumdur ki, borcun alınması istiqamətində ən təsirli və tez nəticə verən tədbir məhz maraqlı şəxsin ölkədən getmək hüquqununun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkdir. 20.3 İşin faktiki hallarından da göründüyü kimi vergi ödəyicisi vergi borcunun mövcudluğunu aylar öncədən bilməsinə baxmayaraq onun ödənilməsi istiqamətində hər hansı addım atmamış, yalnız vergi orqanı məhkəməyə müraciət etdikdən sonra məhdudlaşdırıcı tədbirdən yayınmaq məqsədi ilə vergi borcunun azalmasına yönələn bəyannamə təqdim etmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmənin ərizəni təmin etməsi vergi ödəyicisinin borcunun ödənilməsi istiqamətində əhəmiyyətli təsirə malik olacaqdı. Lakin məhkəmə ərizəni təmin etməyərək dolayısı ilə vergi ödəyicisinə vergi borcunu ödəməməyə imkan yaratmış, vergi orqanını vergi borcunun ödənilməsi üçün təsirli vasitələrinin birindən və ən vacibindən məhrum etmişdir. Məhkəmə vergilərin dövlət büdcəsinə alınması vəzifəsini yerinə yetirmək üçün vergi orqanının qanunvericilikdə, daha dəqiq desək, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməsinə mane olan qanunsuz qətnamə qəbul etmişdir. 20.4 Vergi borcunun alınmasını təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş məcburetmə tədbirlərindən birinin tətbiq edilməsi digərinin də tətbiq edilməsini istisna etmir. Vergi orqanları vergilərin ödənilməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş mümkün olan bütün vasitələrdən məhdudiyyətsiz istifadə edə bilər və həmin üsullarından birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Ərizə üzrə tələb olunan borc məbləğləri barədə vergi orqanının borc bildirişləri və **********5 nömrəli xx.xx.2025-ci il tarixli alınmalı sərəncam da göndərilmişdir. Eləcə də vergi ödəyicisinə müvafiq bildirişlər göndərildikdən sonra borc ödənilmədiyindən ona 15 gündən sonra SMS göndərilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi yenə də vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən 60 gün sonra ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Lakin yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. 20.5 Məhkəmə vergi orqanının şikayətinin formal mülahizələrdən ibarət olduğunu bildirsə də, özü məhdudiyyət tədbirinin gözlənilən nəticəyə hansı səbəbdən mütənasib olmadığını əsaslandırmamışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi vergi ödəyicisi uzun müddətdir, ödəniş etmir. Bunun özü də göstərir ki, məhdudiyyətin tətbiqi gözlənilən nəticəyə, yəni borcun ödənilməsinin təmin edilməsinə yönəldiyindən mütənasibliyin pozulmasından söhbət gedə bilməz. Eyni zamanda, vergi ödəyicisinin siyahıya alınmalı əmlakı da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. (Vergi Məcəlləsi maddələr: 16.1.1, 23.1.15-3, 37.2, 77.1,78.1) 20.6 Apellyasiya şikayətində prosessual hüquq normalarının pozulmasına əsas verən hallar kimi göstərilmişdir ki, qətnamə qanuni və əsaslı deyildir. Məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalı olduğu halda ərizəçinin dəlillərinə lazımi hüquqi qiymət verməyərək vergi ödəyicisinin azalma ilə verdiyi bəyannaməni əsas götürmüş, iş üzrə faktiki halları nəzərə almayaraq məhkəmə baxışının prinsiplərinin pozuntusuna yol vermişdir. (MPM maddələr: 4.1, 14.2, 76.3, 88, 175, 217.4, 355-5)

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Maraqlı şəxs apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixinə qədər sahibkarın şəxsi hesabından tam şəkildə ödənilmişdir. Bu, iddia səbəbinin ortadan qalxmasına səbəb olmuş və məhkəmə haqlı olaraq işə mahiyyəti üzrə xitam vermişdir. Bildirir ki,öhdəliklərin zamanında yerinə yetirilməməsinin səbəbi fəaliyyət dövründə müəssisənin çətin maliyyə şəraiti və hüquqi mübahisələrin yaranması omuşdur. xx.xx.2025 tarixə borc məlumatı çıxarışında görünən cüzi məbləğin 53.12 manat səbəbi isə ödəniş qəbzlərindən göründüyü kimi DSMF üzrə ödənilən 78 manat artıq ödəmə vardır ki, şəxsi vərəqədə əksini tapmamışdır. Qeyd edilən məbləğlər qarşılıqlı kompensasiya edilmədiyi təqdirdə ödəniş ediləcəkdir. Qərarda haqlı olaraq Mülki Prosessual Məcəllənin 14.2, 217.1, 216-220, 227, 355.7 və 360-cı maddələri, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi əsas götürülmüşdür. Qətnamədə qeyd edilmişdir ki, hərəkət azadlığının məhdudlaşdırılınası yalnız qanuni, zəruri və mütənasib hallarda mümkündür. Qanunvericiliyə əsasən, artıq ödənilmiş borc üzrə tələbin davam etdirilməsi mütənasiblik meyarına ziddir və şəxsin hüquqlarının əsassız məhdııdlaşdırılmasına səbəb ola bilər. Vergi orqanının apellyasiya şikayəti yalnız forma və prosedur baxımından verilmiş, amma mahiyyətdə yeni hüquqi əsas və ya fakt yoxdur. Şikayət mövcud qanunvericiliyin və faktların əksinə olaraq məhkəmənin əsaslı qərarına qarşı çıxmaq məqsədi daşıyır. Nəticə olaraq Kommersiya Məhkəməsinin qətnaməsi hüquqi cəhətdən əsaslandırılmış, sübutlara və müvafiq maddələrə istinad edilərək qəbul olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişlər.

23. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

25. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. -65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. -65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. -65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. -65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. -65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. -65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. -65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir. -77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

26. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri:

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan “X9" MMC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Bundan sonra vergi orqanı dövlət büdcəsinə olan ümumilikdə 31489,11 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatında olarkən vergi ödəyicisi tərəfindən ödəniş qəbzləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə cəmi 22.886 manat məbləğində pul ödənilmişdir. Vergi borcunun 9476.63 manat hissəsi isə yeni vergi bəyannaməsi təqdim edilməsi nəticəsində azaldımışdır. Nəticədə birinci instansiya məhkəməsinin çıxarıldığı tarixə iddiaçının vergilər üzrə borcu 53.12 manat təşkil etmiş, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu olmamışdır.

30. Kollegiya qeyd edir ki, birincisi, işin yuxarıda istinad edilən hallarından da göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılarkən vergi ödəyicisi tərəfindən hazırkı ərizədə istinad edilən borcun əhəmiyyətli hissəsi ödənilmişdir. Göstərilən hal isə öz növbəsində maraqlı şəxsin borcunu ödəməkdən yayınmaq niyyətinin olmamasına dəlalət edir.

31. İkincisi, məhkəmə kollegiyası vergi borcunun maraqlı şəxsin təqdim etdiyi bəyannaməyə əsasən azadılma nəticəsində silinməsi, həmin azaldılmanın vergi orqanı tərəfindən təsdiqlənməməsi, vergi orqanının bəyannamə verildiyi gündən 60 iş günü ərzində kameral yoxlama keçirmək hüququnun olması barədə ərizəçinin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə qeyd etməyi zəruri sayır ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmunundan da göründüyü kimi qanunda yalnız mövcud vergi öhdəliyinin ödənilməsini təmin etmək məqsədilə vergi orqanının vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı nəzərdə tutulmuşdur.

32. Gələcəkdə keçiriləcək kameral yoxlamanın nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə vergilərin düzgün hesablanmamasının aşkarlanması və bəyannamənin təsdiqlənməməsi ehtimallarına əsaslanaraq maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması isə qanuna uyğun olmamaqla fundamental insan azadlıqlarından biri olan hərəkət azadlığının qanuni əsas olmadan məhdudlaşdırılmasına səbəb olur.

33. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, kameral vergi yoxlamasının keçirilməli olduğu müddətin - vergi ödəyicisi tərəfindən gəlir vergi bəyannaməsinin təqdim edildiyi tarixdən 60 iş günü müddətinin - keçməsinə baxmayaraq vergi orqanı tərəfindən həmin yoxlamanın keçirilməsinin nəticələri barədə məlumat da məhkəməyə təqdim edilməmişdir.

34. Üçüncüsü, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülüb-görülməməsi (bank hesabına sərəncam qoyulması, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

35. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.

36. Həmçinin nəzərə alınmalıdır ki, BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X5 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar.

37. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.

38. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanunauyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.

39. Yuxarıda göstərilənləri rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı halda vergi ödəyicisinin 53,12 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4874/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar