Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-853/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs "ölkədən gütmək hüququnun müvəqqəti məhdudlaşdırılması" Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs "ölkədən gütmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(103)-3448/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İş materiallarından görünür ki,"xxxx" ASC-nin qanuni təmsilçisi Maraqlı şəxsdur. 2.Elektron iş materiallarına əlavə edilmiş şəxsi vərəqədən, bildirişlərdən görünür ki, vergi ödəyicisi olan "xxxx" ASC (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 05 may 2022-ci il tarixə vergilər üzrə ümumilikdə 247.518,51 manat vergi borcu yaranmışdır. Borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Birinci instansiya məhkəməsində icraat 3.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 116729,11 manat, DSMF-na 129928,74 manat, işsizlikdən sığorta fonduna 288,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan 571,99 manat vergi borcunun ödənilməsini təmin etmək üçün qanuni təmsilçisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" ASC (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 05 may 2022-ci il tarixə vergilər üzrə ümumilikdə 247518,51 manat vergi borcu yaranmışdır. Borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. 5.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3448/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) ərizə təmin edilmişdir. 6.Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi "xxxx" ASC xəbərdarlıq edilməsinə baxmayaraq, dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsini təmin etmədiyindən ərizəçinin vergi borcunun təmin edilməsi məqsədilə hüquqi şəxsin qanuni təmsilçisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsi əsaslıdır. Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-3448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsinin baxılmamış saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxsə vergilərin ödənməsi ilə bağlı heç bir xəbərdarlıq edilməmişdir. Məhkəmənin hansı sübuta əsasən vergi ödəyicisinə xəbərdarlıq edilməsi qənaətinə gəldiyini isə qətnamədə göstərilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin iddiası hesab edirik ki, baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir Ərizəçi tərəfindən vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmiş sənədlər barədə hesabatda qeyd edilən bildirişlərin vergi ödəyicisinin elektron kabinetinə daxil edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd edilən normaların tələblərinə əsasən vergi orqanı hesablanmış vergiləri ödəməyən vergi ödəyicisinə vergilərin 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərməli və bundan sonra ödənilməyən vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməli idi. MPM-nin 259.0.1-ci maddəsinə əsasən vergi orqanı pretenziya qaydasına riayət etmədiyindən iddia baxılmamış saxlanılmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
10. Ərizəçiyə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
11. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsi: - 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddə- əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -13.2.72. elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.1-ci maddə-vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2-ci maddə-vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 70.2-1-ci maddə-sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. - 77.3-cü maddə- vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddə- vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə- vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 12.Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3448/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. İşdəki şəxsi vərəqədən və bildirişlərdən görünür ki, Maraqlı şəxs qanuni təmsilçisi olduğu hüquqi şəxsin dövlət büdcəsinə ərizə verilən tarixə 116729,11 manat, DSMF-na 129928,74 manat, işsizlikdən sığorta fonduna 288,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan 571,99 manat borcu olmuşdur. Apellyasiya şikayətində maraqlı şəxs hüquqi şəxsin dövlət büdcəsinə borcu olduğu mübahisələndirmir.
15. Apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, hüquqi şəxsin dövlət büdcəsinə vergi borclarının ödənilməsi ilə bağlı vergi ödəyicisinə xəbərdarlıq edilməmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, ərizəyə əlavə edilmiş sübutlara əsasən "xxxx" ASC vergi orqanı arasında elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanmış, vergi ödəyicisi ilə yazışmalar barədə hesabatdan görünür ki, vergi borcu barədə bildirişlər vergi ödəyicisinə elektron qaydada göndərilmiş və oxunmuşdur. Vergi ödəyicisi ilə yazışmanın elektron qaydada həyata keçirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70-ci maddəsinin tələbinə uyğun olduğundan hazırkı halda vergi orqanı tərəfindən pretenziya qaydasına əməl edilməməsi və bu əsasla ərizənin baxılmamış saxlanılmalı olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır.
16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3448/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3448/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.