Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-857/2022 29.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-2(113)-4181/2022 saylı qərardadından ərizəçinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1198,54 manat, işsizlikdən sığorta fonduna olan 1,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxxxx 1956-cı il, doğulduğu yer – Kəlbəcər rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-2(113)-4181/2022 saylı qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçiyə izah edilmişdir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizənin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, Maraqlı şəxs qeydiyyatda olan ünvanı Kəlbəcər rayonu, N.Gəncəvi prospekti, 99-dur. Məhkəmə qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş komendant K.F.Quliyevin tərtib etdiyi arayışda Maraqlı şəxs X2 İdman Akademiyasının yataqxanasında 307 saylı otaqda məskunlaşması hazırki ərizənin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz, belə ki, yataqxananın komendantı məcburi köçkünlərin müvəqqəti yaşayış yerini müəyyən etmir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə görə isə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi qanunverici, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizənin fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yerə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuş və ümumi qaydadan istisna olan bu imkanı hər hansı məhdudiyyətlə şərtləndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs qeydiyyatda olan ünvanı Kəlbəcər rayonu, N.Gəncəvi prospekti, 99 qeydiyyat ünvanı olsa da məcburi köçkün kimi hazırda məskunlaşdığı Bakı şəhəri ərazisində yerləşən ünvanı onun yaşayış yeri sayılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş X2 İdman Akademiyasının arayışında Maraqlı şəxs Bakı şəhəri, X3, ev 98 ünvanında yerləşən DBTİA-nın yataqxanasının 307 saylı otaqda məcburi köçkün kimi məskunlaşaraq yaşaması təsdiq olunur. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “yataqxananın komendantı məcburi köçkünlərin müvəqqəti yaşayış yerini müəyyən etmir” əsaslandırması ilə ərizəni geri qaytarmaqda haqlı olmamış, MPM-nin 355-5.2-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-2(113)-4181/2022 saylı qərardadı ləğv edilsin və ərizənin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-857/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-857/2022
29.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver