Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-858/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2996/2024 nömrəli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh X5 arasında bağlanılmış 19 iyul 2023-cü il tarixdə SQ/ASC-23 nömrəli malların alqı-satqısı haqqında müqaviləsinin ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 70 000 manat pulun və məhkəmə üçün ödənilmiş 300 manat rüsum xərcinin, cəmi 70300 manat pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh X5 arasında bağlanılmış 19 iyul 2023-cü il tarixdə SQ/ASC-23 nömrəli malların alqı-satqısı haqqında müqavilə ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 70000 manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən 70 000 manat əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 2895,89 manat faiz borcunun, məhkəmə üçün ödənilmiş 300 manat rüsum xərcinin, cəmi 73195,89 manat pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2996/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh QSC-dən 70000 manat məbləğində pul, 1245,40 manat faiz borcu, ödənilmiş 300 manat dövlət rüsumu, ümumilikdə 71545,40 (yetmiş bir min beş yüz qırx beş manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2996/2024 nömrəli qətnaməsinin 1245,40 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh QSC arasında 19 iyul 2023-cü il tarixdə SQ/ASC-23 nömrəli malların alqı-satqısı haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə sözügedən müqavilə üzrə X3 imzalanmışdır. Sözü gedən müqavilə və X1 əsasən qiyməti 105 000 manat olan 150 000 kq həcmində Qarabağ 22 R1 sortlu Arpa Toxumunun və qiyməti 35000 manat olan 50 000 kq həcmində Dəyanətli R 1 sortlu Arpa Toxumunun dəyərinin 50%-i avans şəklində qalan 50%i isə mallar təhvil alındıqdan 3 gün ərzində iddiaçı tərəfindən SARA QRUP QSC – yə ödənilməli idi. İddiaçı tərəfindən ümumilikdə 70 000 manat pul avans şəklində ödənilmişdir. Müəyyən səbəblərdən malların düzgün ceşiddə çatdırılması mümkün olmamışdır. Şirkətin maddi durumu ilə əlaqədar olaraq həmin avans məbləğinin bugünə qədər ödənilməsi mümkün olmamışdır. Məhkəmənin həmin avans puldan başqa 1245,40 manat faiz borcu hesablamasını düzgün hesab etmirik. Mülki Məcəllənin 29-cu fəsli olan Alğı-satqı fəslində müqavilə öhdəliyinin icra edilməməsinə görə heç bir faiz borcu nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmi n edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı kommersiya iş üzrə isə borclunun qaytarmadığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Ona görə də, 1245,40 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini düzgün hesab etmir. Məhkəmə hazırkı məhkəmə təcrübəsinə zidd olaraq tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmasına lazımi şərait yaratmamış, şahidləri əvvəlcə dindirməkdən imtina etmiş, şahidi çağıran tərəfə ilk sualı vermək imkanı verməmişdir. Yuxarıda qeyd edilən kimi, iddia tələbinin əsas hissəsi olan 70.000 manatla razı olsaq da hesablanmış borc faizi ilə razı deyil. Hazırkı kommersiya iş üzrə isə borclunun qaytarmadığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın 1245,40 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək, malların dəyərini (70 000 manat) ödəmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. İddiaçı hazırda təhvil verilməmiş mallara görə ödəmiş olduğu vəsaitin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin vəsaitin illik 5 faiz borcunun geri qaytarılmasını və alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
23. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 449.1-ci maddəsinə əsaslanaraq yalnız faiz borcunu mübahisələndirmişdir.
24. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
25. Cavabdehin mövqeyinə görə qeyd edilən maddənin tələbinə əsasən özgəsinin pul vəsaitindən faydalanmaq iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.
26. Halbuki iddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 2895,89 manat (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
27. İddiaçı iddia ərizəsində avansın ödənildiyi tarixdən ərizə verilən günə qədər hesablanmış ümumilikdə 2895,89 manat pulun tutulmasını xahiş etsə də, materiallardan görünür ki, iddiaçı ödədiyi 70000 manat avans məbləğin qaytarılmasını xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim etdiyi xəbərdarlıq məktubunda (xəbərdarlığın alınmasından sonra 10 gün müddətində) tələb etmiş, lakin cavabdeh həmin vəsaiti qaytarmamışdır.
28. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizə verilən gün) MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən 1245,40 manat faiz borcu (70000 * 5 /365 * 130 gün) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Göründüyü kimi məhkəmə Mülki Məcəllənin 449.1-ci maddəsinə deyil, 445.7-ci maddəsinə əsaslanaraq faiz borcunu cavabdehdən tutmuşdur. Bu maddəyə əsasən faydalanmanın sübut edilməsi məsələsi nəzərdə tutulmamışdır.
30. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Apellyasiya şikayətində qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
34. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2996/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.