Məhkəmə qərarları › İş №2-2(103)-86/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-86/2022

24.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-86/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3578/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Grove Xüsusi” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh MMC ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasının xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi irəli sürsə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hər hansı tələb yönəltməmişdir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən cavabdehə qarşı 2 kranla bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılsa da, hər iki iddia təmin edilməmiş və həmin qərarlardan verilmiş apellyasiya və kassassiya şikayətləri təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3578/2021 nömrəli 16.09.2021-ci il tarixli qətnaməsində qeyd edilir ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsinin sonradan bəyənilməsi halı da müəyyən olunmur və iş materiallarından göründüyü kimi, iddiaçı ilk növbədə 26.09.2012-ci il tarixli alq-satqı müqaviləsini mübahisələndirmiş, daha sonra isə məhkəmə araşdırması zamanı məhkəmə sorğusu əsasında “Grove Xüsusi” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 MMC-nin mülkiyyətinə keçdiyi məlum olmuş, bundan sonra həmin müqavilə və onun etibarsız sayılmasına əsas verən hallar barədə iddiaçının məlumatı olmaqla onun tərəfindən mübahisələndirmişdir ki, bu halda da müqavilənin bəyənilməsindən söhbət gedə bilməz. Qətnamədə qeyd edilən bu cümlədən açıq-aydın hiss olunur ki, hakim iddiaçının əsassız iddia tələbinə hüquqi don geyindirməyə çalışır. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarında olan qətnamə və qərarlarada eyni tarixdə 3 kranla bağlı müqavilə bağlanıldığı öz əksini tapmışdır. Hakimin bu ədalətsiz mövqeyi ötürülmüş iddia müddətini və iddia tələbinin əsassızlığını pərdələmək məqsədi daşıyır. Çünki, qətnamənin hüquqi əsaslandırıcı hissəsində kəsici müddətlə bağlı məhkəmə hesab edir ki, guya iddiaçının mübahisələndirdiyi müqavilədən Bakı şəhəri Nizami Rayon Məhkəməsində işə baxılarkən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən sorğuya əsasən məhkəməyə göndərilən sənədlərlə tanış olduqdan sonra məlumatı olmuş, bundan sonra həmin müqaviləni mübahisələndirmişdir ki, bu halda da müqavilənin etirarsızlığına dair müddət keçmədiyindən həmin əsasa görə də iddia rədd oluna bilməz. O zaman nə üçün üçüncü kranla bağlı iddiaçı tərəf cavabdehə qarşı 4 il ərzində pretenziya bildirməmişdir?. Axı tərəflər arasında 2 kranla bağlı məhkəmə mübahisəsi mövcud olmuş və bu mübahisə bir ildən çox çəkmişdir. Üçüncü kran (hazırda mübahisələndirilən kran) iddiaçının yadından çıxmışdımı? Hakimin bu yanaşması tamamilə həqiqətdən uzaq və ədalətsiz mövqedir. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli qətnaməsində qeyd edilir ki, Cavabdeh2 həmin avtomobili satmaqla əlaqədar hər hansı bir səlahiyyətinin olması işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Əksinə, işdə olan sənədlərlə təsdiq olunmuşdur ki, “Satıcı” qismində çıxış edən Cavabdeh2 əmlakın hazırkı sahibi Cavabdeh1 MMC-nin əməkdaşıdır. Tamamilə yanlış əsaslandırmadır. Belə ki, mübahisəli avtokranın alqı-satqı müqaviləsini "xxxx" MMC-nin adından Cavabdeh2 imzalamışdır. Düzdür iş materiallarında Cavabdeh2 həmin hüquqi şəxsin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə mövcud deyil, amma möhür vardır. Həmçinin, həmin etibarnaməni Cavabdeh2 bu günə kimi özündə saxlamaq kimi üzərinə öhdəlik də götürməmiş və bununla bağlı hər hansı qanuni tələb də yoxdur. Həmçinin müqavilədəki möhürün əksi, müvafiq olaraq həmin möhürün "xxxx" MMCyə məxsus olması faktı nəinki iddiaçının qanuni nümayəndəsi - direktoru, hətta məhkəmə tərəfindən tərəfindən belə mübahisələndirilmir. Nədənsə məhkəmə möhürlə bağlı qətnamədə hər-hansı qeyd və ya fikir bildirmir. Qeyd olunan müqavilələrdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, digər anoloji işlərdə iddiaçının nümayəndəsi və direktoru müqavilədəki möhürün iddiaçıların vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğunu bildirmişdir. Yaranmış vəziyyətdə belə müqavilədə imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini gözaltına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Eyni zamanda, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi digər dəlil müqavilə üzrə pulun ödənilməməsindən ibarətdir. Lakin həmin dəlillər Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarından heç birinə aid deyildir. Həmçinin, nəzərdə tutulmuş etibarsız əqdlər üzrə müddətlər ötürülmüşdür. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi və vəkili şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır. İşdən müəyyən olur ki, mübahisə nəqliyyat vasitəsi - “Grove” xüsusi markalı **-JV- *** dövlət qeydiyyat nişanlı avtokranla bağlıdır, avtokran iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh1 MMC arasında 25.08.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən həmin nəqliyyat vasitəsi cavabdeh MMC-yə 10.000 manata satılmış, müqaviləni iddiaçının adından X1, cavabdeh MMC-nin adından Cavabdeh3 imzalamış, müqavilə AR Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsində rəsmiləşdirilmiş, müqavilə və AR DİN Baş dövlət yol polisi idarəsinə ünvanlanmış ərizə iddiaçının möhürü ilə təsdiq edilmişdir. Hazırda həmin nəqliyyat vasitəsi Cavabdeh1 MMC-nin mülkiyyətindədir. İddiaçının direktoru Nümayəndə3dur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MMC bir neçə il birlikdə fəaliyyət göstərmiş, yükdaşıma və bu kimi digər xidmətlər göstərilmişdir. Daha sonra şirkətlər müstəqil şəkildə qərar alaraq, fəaliyyətlərini ayırmışlar. Bu zaman onlara məxsus nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən qanunsuz şəkildə ələ keçirildiyi məlum olmuşdur. Belə ki, onlar arasında saxta nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini Grove Xüsusi markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təşkil edir. Belə ki, alqı-satqı müqaviləsi iddiaçının adından səlahiyyətli şəxs tərəfindən imzalanmamış, həmçinin iddiaçı heç bir şəxsə öz əmlakının özkəninkiləşdirilməsi üçün səlahiyyət verməmişdir. Odur ki, bu müqavilə onlar tərəfindən bağlanmadığı üçün etibarsız hesab olunmalıdır. Belə ki, müqavilədə satıcı qismində Cavabdeh2 göstərilmişdir. Lakin həmin şəxsin iddiaçı ilə heç bir əlaqəsi yoxdur və iddiaçı tərəfindən ona belə bir müqavilənin imzalanması üçün səlahiyyət verilməmişdir. Müqavilədə öz əksini tapan möhür zahirən iddiaçıya məxsus olsa da, imza iddiaçının səlahiyyətli şəxsi tərəfindən edilməmişdir. Cavabdeh1 MMC iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirir ki, mübahisələndirilən kran eyni tarixdə bağlanan eyni xarakterli nəqliyyat vasitəsinə dair analoji bir müqavilədir. 3 ədəd kran olub, 25 avqustda bağlanan 2 müqavilədən biridir və bu müqavilə digər bir müqavilə ilə bağlı məhkəmə qətnaməsi qüvvəyə minmiş məhkəmə mübahisəsində göstərilən müqavilə ilə eyni tarixdə bağlanmışdır. Tərəflər vaxtilə bir yerdə işləyiblər, işgüzar münasibətləri olmuşdur. Azərbaycanda bir ingilis iş adamı olub, mərhum Devid Teylor. O, Azərbaycana gəlib ilk sərmayə qoyan şirkətlərdən biri olmuşdur. Emin müəllim də və təmsil etdiyi şirkətin direktoru da onun işçiləri olmuşlar. Onun dəstəyi ilə və ya şəxsi bacarıqları ilə bu 2 şəxs də işgüzar aləmdə addımlarını atmışlar. Dost olduqları üçün bir şirkət yaratmışlar. Həmin maşınlar Emin müəllimin şirkətinin nəzdində olmuş, sonradan hər kəs öz yolunu seçib və qarşılıqlı şəkildə ayrılmaq qərarına gəlmişlər, bu 3 kranla da bağlı alqı-satqı müqaviləsi bağlanmış və həmin kranlar cavabdeh MMC-nin adına keçmişdir. Göstərdiyi xüsusatlar hamısı mübahisəsiz şəkildə olmuşdur. Qarşı tərəf mülahizələr bildirir ki, möhür 2 dənə olub, lakin hüquqi şəxsin neçə möhürü olmasından asılı olmayaraq möhür məsul hüquqi şəxsin özündə olmalıdır və hüquqi sənədlərə də şirkət cavabdehlik daşıyır. Bu gün şirkət möhürün oğurlanması və ya başqa bir saxta sənədlərin tərtib olunması ilə bağlı böyük iddialı fikirlər bildirir. Lakin bu belə deyil. Həmçinin, səlahiyyətli nümayəndəyə etibarnamə verilmişdir. Dövlət yol polisinin hərəkətlərindən narazıdılarsa, qarşı tərəf cavabdehə qarşı deyil, həmin dövlət orqanına qarşı iddia qaldırmalı idi. Etibarnamə verilib, möhür gəlib və bu onu göstərir ki, müqavilə qanunidir. Mübahisənin yaranma səbəbi isə, ingilis iş adamı Devid Teylor Azərbaycandan getdikdən sonra təmsil etdiyi şirkətin direktoru Əhməd müəllim Emin müəllimə Devid Teylorun şirkətini almağı təklif edir. Emin müəllim isə etiraz edir və başqa işləri olduğunu bildirir. Əhməd müəllim gedib Teylora şirkətini almaq istədiyini bildirir. Onlarda sonradan belə bir fikir formalaşmışdır ki, Emin müəllim bu məsələni qısqanclıqla qarşılamışdır. Əvvəlcə Teylorun hesabına Tatyana adından iddia qaldırırlar və iddiaçı səhvən Emin müəllimin təsisçisi olduğu digər şirkətin sənədini Nizami Rayon Məhkəməsində işlərin içərisinə qoyur. Oradan da görünür ki, qarşı tərəf qanunsuzluq etmək istəmişdir. Yəni bunlar Tatyana adından iddia qaldırıb, Teylorun varidatına sahib olmaq istəyirlər və bu günkü gündə Əhməd müəllim onların tərəfini saxladığı üçün ona qarşı hücuma keçmişlər. Bundan başqa, iddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Odur ki, iddia tələbləri Mülki Məcəllənin 354.2-ci maddəsində, eləcə də həmin Məcəllənin 165.2-ci maddəsində nəzərdə tutulmuş müddətləri ötürülməklə verildiyindən rədd edilməlidir. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsindən görünür ki, müqavilə iki hüquqi şəxs arasında bağlanılmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Ona qarşı isə iddia tələbi yönəlmədiyi üçün hazırkı iddia tələbini əsassız hesab edir. Həmçinin, tərəflər arasındakı çoxsaylı məhkəmə mübahisələrinə diqqət yetirdikdə məlum olur ki, əslində tərəflər arasında bu mübahisə yeni deyil və iddiaçının təsisçisi və direktoru Nümayəndə3 tərəfindən, eyni zamanda təsisçisi və direktoru olduğu "xxxx" MMC tərəfindən, eləcə də onun özü və dolayısıyla onun özünün bağlı olduğunu sübut edən digər şəxslər tərəfindən cavabdeh MMC-yə və onun təsisçi və direktoru Nümayəndə2, eləcə də Nümayəndə2 direktoru olduğu digər şirkətlərə qarşı haqsız iddia tələbləri qaldırılmışdır. O, həmin işlər üzrə də ifadə vermiş və qeyd etmişdir ki, tərəflər arasında 3 müqavilə imzalanıb, həmin müqavilə üzrə iddiaçı tərəf hazırkı mübahisəli kranın dəyərini almış və bu müqavilədən sonra da digər müqaviləni imzalamışdır. Əgər bu müqavilə üzrə əmlakın dəyərini almasaydı, onda nə üçün 11.11.2016-cı il tarixli 3-cü kranla bağlı müqaviləni bağlamışdır. “Bakexpedition MMC və "xxxx" MMC ilə cavabdeh MMC arasında əslində eyni tarixdə 3 avtokranla bağlı alqı-satqı müqaviləsi bağlanılmış və bu müqavilələrdən iddiaçı məlumatlı olmuş və müqavilə üzrə hər hansı qanun pozuntusu olmamışdır. Mübahisəli avtokranın alqı-satqı müqaviləsini iddiaçının adından o, imzalamış və bununla bağlı ona, iddiaçı şirkət tərəfindən etibarnamə verilmiş və möhürlə təsdiq edilmişdir. Həmçinin, müqavilədəki möhürün əksi, müvafiq olaraq həmin möhürün iddiaçıya məxsus olması faktı iddiaçının qanuni nümayəndəsi - direktoru tərəfindən belə mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia, Cavabdeh1 MMC-yə münasibətdə mahiyyəti üzrə əsassız olduğundan, digər iki cavabdehə qarşı isə hər hansı konkret tələb yönəldilmədiyindən, rədd edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid şərt, əqdin məzmununa aid şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid şərt, əqdin formasına aid şərt. Əqdlərin etibarsız hesab edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 339-350-ci maddələrində tənzimlənmişdir. İddiaçı ilk olaraq əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edir. O, bildirir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi onun tərəfindən səlahiyyət verilməmiş şəxs tərəfindən imzalanmışdır. Bu əsaslarla əqdin mübahisələndirilməsi Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə həmin nəticəyə gəlmək üçün əsaslar mövcud deyil. Belə ki, işdən göründüyü kimi, mübahisəli avtokranın alqı-satqı müqaviləsini iddiaçının adından Cavabdeh2 imzalanmışdır. İşdə Cavabdeh2 həmin hüquqi şəxsin adından alqı-satqı müqaviləsini imzalamaq səlahiyyəti verən hər hansı etibarnamə mövcud deyil. Bununla yanaşı, həmin sənəddəki möhür əksinin iddiaçıya məxsus olması faktı iddiaçı (onun qanuni nümayəndəsi, direktoru) tərəfindən mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədə möhürün həqiqiliyi təsdiq edildiyi halda, həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması eyni sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, iddiaçı müqavilədəki möhürün iddiaçının vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğunu bildirir. Məhkəmə kollegiyası bildirir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki, bir qayda olaraq, möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. İş üzrə mübahisələndirilən müqavilədə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapır. İddiaçı həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçının nümayəndəsinin bu barədə dəlili əsassızdır. Çünki, məhz sonuncu hüquqi şəxsin rəhbəri kimi möhürdən üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşdur. Bu baxımdan mübahisələndirilən müqavilədə olan möhürün iddiaçı tərəfindən vurulduğu qəbul edilir. Digər tərəfdən, müqavilədə imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Çünki, müqavilə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilməsi o mənaya gəlir ki, hüquqi şəxs həmin müqaviləni bəyənmişdir. Yaxud, əgər hüquqi şəxsin qanuni təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də o, hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini öncədən nəzərə alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Mülki Məcəllənin 360.1-ci maddəsinə görə, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsində isə təsbit olunmuşdur ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi digər dəlil müqavilələr üzrə pulun ödənilməməsindən ibarətdir ki, həmin dəlillər də Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarından heç birinə aid deyil. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi üçün əsas ola bilər. Həmçinin, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə müddət də ötürülmüşdür. Çünki mübahisələndirilən alqısatqı müqaviləsi 25.08.2016-cı il tarixdə bağlanmış, iş üzrə iddia ərizəsi isə 2020-ci ilin yanvar ayında verilmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə mübahisəli alqı-satqı müqaviləsindən məlumatlı olmalı idi. Ona görə ki, həmin müqavilənin predmeti olan avtokran müqavilə bağlandığı vaxtdan cavabdeh MMCnin sahibliyindədir. Bu nəticə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2- 2(103)-168/2020 nömrəli iş üzrə eyni tərəflər arasında digər iki avtokran barəsində eyni faktiki hallara istinad edən qanuni qüvvəyə minmiş 16.06.2020-ci il tarixli qətnaməsi ilə də təsdiq olunur. Hansı ki, həmin qətnamə ilə iddiaçı "xxxx" MMC-in Cavabdeh1 MMC-yə qarşı “Liebherr” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtokrana dair tərəflər arasında bağlanmış 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın cavabdehdən alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddiasını rədd edən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-521/2019 nömrəli iş üzrə 27.11.2019-cu il tarixli qətnaməsi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qarşı tərəflər arasında bağlanmış 03.11.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiasını rədd edən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-955/2019 nömrəli iş üzrə 27.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçıların apellyasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “İddiaçı "xxxx" MMC-nin iddia ərizəsi əvvəlcə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, Cavabdeh1 MMC isə bunun əvəzində iddiaçı şirkətə 255000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şifahi razılıq üzrə iddiaçı "xxxx" MMC öz mülkiyyətindəki “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verib. Cavabdeh şirkət həmin avtokranı artıq istifadə edir, lakin buna baxmayaraq, avtokranın dəyəri olan 255000 manat məbləğində pulu iddiaçıya verməkdən yayınır. Bu məsələ ilə bağlı iddiaçı "xxxx" MMC Cavabdeh1 MMC-yə dəfələrlə yazılı və şifahi müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Sonradan iddiaçı "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, cavabdeh şirkət “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı iddiaçıdan alaraq mülkiyyətinə keçirmişdir. Lakin həmin avtokranın dəyəri olan 255000 manat məbləğində pulu iddiaçı şirkətə ödəməkdən boyun qaçırır. Həmçinin avtokran 2 ildir ki, cavabdehin istifadəsindədir. Tərəflər arasında alqı-satqı müqaviləsi olsa da, müqaviləni hüququ olmayan şəxs Cavabdeh2 imzalamışdır. Həmin şəxsin "xxxx" MMC-yə aidiyyatı yoxdur. Həmçinin müqavilədə qiymət 12000 manat göstərilib. Bu da müqavilənin formallığını göstərir (cild 2, i/v 54). Apellyasiya baxışı zamanı isə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi bildirdi ki, müqavilənin bağlanmasından "xxxx" MMC-nin xəbəri olmayıb. 2019-cu ildə sistemə baxanda bilinib ki, əmlak Cavabdeh1 MMC-yə keçib. Əmlak şifahi razılıq əsasında və əvəzli qaydada qarşı tərəfin istifadəsində olub. Əmlak icarəyə verilməyıb, istifadə etdikdən sonra pul ödənilməli idi, lakin hər hansı ödəniş aparılmayıb və faktiki olaraq əvəzsiz istifadədə olub. Şifahi razılıq əsasında qərara gəlinmişdir ki, texnikalar qarşı tərəfə verilsin, onun müqabilində isə qarşı tərəf avtomaşınlar və pul verməli idi. Müqavilədə "xxxx" MMCnin adından iştirak edən şəxs həmin vaxt "xxxx" MMC-də işləməyib və müqavilə üzrə hər hansı məbləğdə pulu MMC-yə ödəməyib. "xxxx" MMC və Cavabdeh1 MMC birlikdə fəaliyyət göstərmişlər və bir anbardan istifadə etmişlər. Ona görə də, MMC-nin möhürü həmin anbarda olmuş və qarşı tərəf ondan istifadə etmək imkanına malik olmuşdur. ... Bundan başqa iş materiallarından göründüyü kimi iddiaçı "xxxx" MMC bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və hər dəfə istinad etdiyi halların əsaslarını dəyişmişdir. Belə ki, iddiaçı "xxxx" MMC alqı-satqı müqaviləsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını və tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirsə də, ilk dəfə verdiyi iddia ərizəsində əvvəlcə tərəflər arasında şifahi qaydada nəqliyyat vasitəsinin alqı-satqısının olduğunu qeyd etmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 27.02.2019-cu il tarixli pretenziya məktubunda qeyd olunmuşdur ki, “Liebherr” markalı avtokran Cavabdeh1 MMC-yə satılmasına baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Ona görə də satılmış avtokranların ödənişinin icra edilməsi, ödəniş 1 həftə ərzində həyata keçirilmədiyi halda isə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" MMC-nin istinad etdiyi dəlillər biri digərini təkzib edir.” Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hazırkı mübahisəli avtokran 2-2(103)-168/2020 nömrəli iş üzrə mübahisəli iki avtokranla bağlı tərəflər arasında mübahisə yarandıqdan sonra cavabdeh MMC-yə verilmişdir. Bu baxımdan məhkəmə kollegiya hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbi Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən etibarsız əqdlər üzrə 1 illik müddət ötürülməklə verildiyinə görə də rədd edilməlidir. Hazırkı tələbə iddia müddətinin tətbiq edilməməsi ilə bağlı iddiaçının istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu ümumiyyətlə itirir (həmin hüquqa xitam verilir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Bakı Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-168/2020 nömrəli iş üzrə 16.06.2020-ci il tarixli qətnaməsini qüvvədə saxlayan 2-2(102)-326/2020 nömrəli iş üzrə 04.11.2020-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, “49. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəli avtokranların alqı-satqı müqavilələrinin iddiaçıların adından Cavabdeh2 tərəfindən imzalandığını, iş materiallarında Cavabdeh2 həmin hüquqi şəxslərin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə olmasa da, sənədlərdəki möhür əkslərinin müvafiq olaraq iddiaçılara məxsus olması faktının onların direktoru tərəfindən mübahisələndirilmədiyini, alqı-satqı müqavilələri 25.08.2016-cı il və 03.11.2016-cı il tarixlərdə bağlanıldığı, iş üzrə iddia ərizələri isə müvafiq olaraq 2019-cu ilin mart və avqust aylarında verildiyindən, iddiaçılar tərəfindən həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə nəzərdə tutulmuş bir illik kəsici iddia müddətlərinin də ötürüldüyünü, bundan əlavə mübahisə predmeti olan avtokranların müqavilələr bağlandığı vaxtdan hazıra kimi cavabdehin mülkiyyətində olmaqla, sonuncu tərəfindən istifadə edildiyini, iddiaçıların isə hüquqi şəxslər olaraq mübahisəli avtokranların alqı-satqı müqavilələri üzrə onların mülkiyyətindən çıxmasını hər il müvafiq hesabatlar verərkən və müvafiq vergiləri ödəyərkən bilməli olduqlarını nəzərə alaraq kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır.” MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3578/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası təmin edilməsin. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov İlham Kərimli Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar