Məhkəmə qərarları › İş №2-2(103)-860/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-860/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-860/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-388/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 21.04.2014-cü il tarixli 465/29/2011-1 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, X2 həmin lizinq müqaviləsi üzrə 9534,91 manat əsas borcun, 7771,74 manat faiz borcunun, 11103,76 manat dəbbə pulunun, cəmi 28410,41 manat borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X6 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 465/29/2011-1 saylı, 21 aprel 2014cü il tarixli müqavilə üzrə onun xeyrinə 4805 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.10.2020-ci il tarixli e-2-2(113)-388/2020 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, X2 8267 (səkkiz min iki yüz altmış yeddi) manat, faiz məbləği üzrə 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat, 950 (doqquz yüz əlli) manat cərimə, cəmi 11145 (on bir min yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsinin iddiaçıya aid edilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh X6 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdeh X6 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, lizinqverən İddiaçı QSC (əvvəlki adı “X11” QSC) ilə lizinqalan X6 arasında 21.04.2014-cü il tarixli 465/29/2011-1 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinqverən İddiaçı QSC 1 ədəd “İVECO EUROCARGO” markalı yük avtomobili 24 ay müddətinə lizinqalan X4 lizinqə vermişdir. Lizinq obyektinin dəyəri 20000 manat təşkil etmiş və lizinqalan lizinq obyektinin ümumi qiymətinin 3000 manat hissəsinin ödəmişdir. Lizinq müqaviləsi üzrə əsas məbləğ (əmlakın dəyəri) 17000 manat, lizinq şirkətinin gəliri (mükafatı) isə 5625 manat məbləğində razılaşdırılmışdır. 05 may 2016-cı il tarixdə lizinq obyekti olan yük avtomobili lizinqalan tərəfindən lizinqverənə geri qaytarılmışdır. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməyib, cəmi 11952 manat məbləğində lizinq ödənişi edib və onun müqavilə üzrə əsas borcu 9534,91 manat, faiz borcu 7771,74 manat, dəbbə pulu 11103,76 manat, cəmi borcu 28410,41 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, o, lizinqverən “X11” QSC-yə müvafiq qəbzlərə əsasən 12952 manat məbləğində pul ödənişi etmişdir. 2015-ci ilin fevral ayında Respublikada baş vermiş devalvasiya səbəbindən o, cəmiyyətin ödənişlərini ödəniş cədvəlinə uyğun ödəyə bilməmişdir. Bu barədə lizinqverənin rəhbərliyinə dəfələrlə məlumat vermişdir. Lizinqə sonuncu ödənişi 07 iyul 2014-cü il tarixdə olmuşdur. 05 may 2014-cü il tarixdə lizinq obyekti onun sahibliyindən və istifadəsindən geri götürüldüyü vaxt ona qarşı heç bir iddia və pretenziyanın irəli sürülməyəcəyi bildirilmişlər. Ödədiyi pullarla yük avtomobilinin dəyər qiymətinin 18000 manat qəbul etməklə, ümumilikdə 30952 manat təşkil edir. Həmin pulun 3000 manatını əvvəlcədən ödədiyi üçün, ödəniş cədvəli üzrə 23147 manat olduğundan iddiaçı ona 4805 manat məbləğində pul ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən əsaslıdır. Belə ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri tam vaxtında ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun tutulması tələbləri qismən əsaslıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10.12.2019-cu il tarixli 19163 nömrəli ekspert rəyinə əsasən “X11” QSC ilə X6 bağlanmış 21 aprel 2014-cü il tarixli 465/29/2011-1 saylı müqavilə üzrə X3 21.04.2016-cı il və 18.02.2019-cu il tarixə əsas borcu 8267 manat, faiz borcu üzrə 1928 manat təşkil edir. Bununla yanaşı, işin hallarını və Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748-11.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı onun tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilən avans da nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Məhkəmə kollegiyası hesab edir ki, lizinq obyekti olan yük avtomobili iddiaçıya geri qaytarıldığı üçün onun əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni ödədiyi avans məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkilləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Hazırki işin də mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə ilkin ödəniş avans kimi 3000 manat məbləğində pul ödənişi etmiş, lakin nə iddiaçı, nə də birinci instansiya məhkəməsi tərəfindən borc hesablanarkən həmin ödəniş nəzərə alınmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin ödəniş də əsas borcdan çıxılmalı və cavabdehdən 5267 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir (8267 - 3000 = 5267). Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması tarixini və lizinq obyektinin qaytarıldığı tarixi müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 11103,76 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 950 manat məbləğdə deyil, əsas borcun 10%- i həcmində, yəni 500 manat məbləğində müəyyənləşdirilməlidir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya dair əsas borc, cərimə borcu və cəmi borca aid hissədə dəyişdirilməlidir. Həmçinin kollegiya hesab edir ki, cavabdeh X3 qarşılıqlı iddiası isə əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Lakin hazırki işdə bu əsaslar müəyyən olunmur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh X6 tərəfindən avans olaraq ödənilmiş 3000 manat əsas borcdan silinmiş və nəticədə cavabdehin iddiaçıya cəmi 7695 manat borcu mövcuddur. Göründüyü kimi cavabdeh tərəfindən öhdəlikdən kənar ödənilmiş pul vəsaitin mövcud olması müəyyən olunmur. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir və birinci instansiya məhkəməsi düzgün olaraq həmin nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-388/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.10.2020-ci il tarixli qətnaməsi əsas borc, cərimə borcu və cəmi borca aid hissədə dəyişdirilsin. Əsas borc 5267 manat, cərimə borcu 500 manat, cəmi borc isə 7695 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar