Məhkəmə qərarları › İş №2-2(103)-860/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-860/2024

27.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-860/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4170/2024 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Hüquqi şəxs haqqında məlumata əsasən "xxxx" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur.

2. Fiziki şəxs haqqında məlumata əsasən maraqlı şəxs xx.xx.2010-cu ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.

3. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə borcu yoxdur.

4. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə və müvafiq fondlara borcu yoxdur.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 2691,2 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 159,06 manat, İşsizlikdən sığorta fonduna olan, 65 manat, İcbari Tibbi Sığorta Fonduna olan 31,83 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan X1 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 31,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 159,06 manat, İşsizlikdən sığorta fonduna, 65 manat, dövlət büdcəsinə 2691,2 manat məbləğində (o cümlədən, vergilər üzrə 1971,58 manat, faizlər üzrə 719,62 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 2882,74 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********640600, xx.xx.2022-ci il tarixli **********639200, xx.xx.2021-ci il tarixli **********432200, xx.xx.2023-cü il tarixli ******************.10.2023-cü il tarixli **********288100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 4170/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Həşimova) ərizə rədd edilmişdir.

4. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur. Fiziki şəxs haqqında məlumata əsasən maraqlı şəxs xx.xx.2010-cu ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.

5. Məhkəmə qeyd etmişdir ki, maraqlı şəxsin icra orqanının direktoru olduğu "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə borcu olmadığına görə, hazırki ərizə təmin edilə bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4170/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən də göründüyü kimi Maraqlı şəxs xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 31,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 159,06 manat, İşsizlikdən sığorta fonduna 0,65 manat, dövlət büdcəsinə 2691,2 manat məbləğində olmaqla, ümumilikdə 2882,74 manat borcu olmuşdur. Məhkəmənin istinad etdiyi şəxsi hesab vərəqəsinin vergilər üzrə vərəqəsindən göründüyü kimi vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il gəlir vergisi bəyannaməsinə dəqiqləşdirmə verərək mövcud vergi borcunu azaltmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin məzmunundan da göründüyü kimi vergi orqanının təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə 60 iş günü ərzində kameral vergi yoxlaması keçirmək hüququ vardır. Belə ki, kameral vergi yoxlaması yerlərə getmədən vergi orqanında olan sənədlər və mənbəyi məlum olan hər hansı digər məlumatlar əsasında həyata keçirilən vergi nəzarəti formasıdır. Belə olan halda da məhkəmənin Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə və müvafiq fondlara borcunun olmaması ilə bağlı qeydi əsaslı sayılmamalıdır. Məhkəmə nəzərə almamışdır ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən etibarən artıq başlamış olur. Bunun nəticəsi olaraq da vergi ödəyicisi tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilərkən bir sıra kənarlaşmalar yaranmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. iş üzrə vergi ödəyicisi olan fiziki şəxslərin onlara aid şəxsi hesab vərəqəsindəki borcları onların icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılmaması onun mövcud vergi öhdəliyinin onun tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyasının:

28-ci maddənin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

10. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun: 11. 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarı Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər.

13. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsi

Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz.

14. Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar

Hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.

15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:

16.1.1-ci maddəsinə əsasən - qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən - vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-5.1-ci maddəsinə əsasən - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə və müvafiq fondlara borcu yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

20. Göründüyü kimi, maraqlı şəxsin icra orqanının direktoru olduğu "xxxx" MMCnin (VÖEN: **********) dövlət büdcəsinə borcu olmadığına görə, hazırki ərizə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı ərizədə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas olaraq göstərilmiş hallar, yəni yuxarıda göstərilən hüquqi şəxsin, həmçinin maraqlı şəxsin fərdi sahibkar kimi ərizədə qeyd edilən dövr üçün icra edilməmiş öhdəliklərinin mövcudluğu aradan qalxdığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilə bilməz.

21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar