Məhkəmə qərarları › İş №2-2(103)-862/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-862/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-862/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6500 manat məbləğində sığorta ödənişinin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi, cavabdehlər "xxxx" ASC-dən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 200 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində poçt xərci və 0,4 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 210,40 manat pulun müştərək qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələblərinin “xahiş etdi” hissəsinin 1-ci bəndinin “cavabdeh "xxxx" ASC-dən 5.000 manat məbləğində sığorta ödənişi və 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1% həcmində dəbbə pulu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi” kimi oxunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X4 qarşı iddia ərizəsi cavabdeh "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1% həcmində dəbbə pulunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi tələbinə dair hissədə baxılmamış saxlanılmışdır. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gələrkən nəzərə almamışdır ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Buna görə də hesab edirlər ki, cavabdehin ödəniş etdiyini iddia etdiyi ildən sonrakı ilin, yəni 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu da cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə məsələni MPM-in istinad edilən maddələri ilə əlaqəli şəkildə təfsir etməmişdir. Ali Məhkəmənin analoji iş üzrə xx.xx.2023-cü il tarixli, 2(102)-3086/2023 saylı qərarında da məsələyə məhz iddiaçının tələbinə müvafiq qaydada münasibət bildirilmişdir. Məhkəmə göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Belə ki, Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-382/2024 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmçinin, cavabdeh "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1% həcmində dəbbə pulu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadı ilə iddia məhz bu hissədə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Halbuki, birinci instansiya məhkəməsi bu maddə ilə müəyyən edilmiş prosessual hərəkətlərə tam əməl etməmişdir. Belə ki, bu tələbin irəli sürülməsi ilə bağlı iddia tələbinin dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında müzakirə edilərək, qəbul edilmiş, bundan sonra həmin iclasda çıxarılmış müvafiq qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra icraat təzələnmiş və iş üzrə 13 və 29 may tarixlərində hazırlıq, 10 iyun tarixdə isə baxış iclası keçirilərək, hazırda mübahisələndirilən qərardad qəbul edilmişdir. Bununla belə, işə baxan hakim hüquqi nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddianın dəyişdirilməsi qaydasında irəli sürülmüş bu tələb üzrə dəbbə pulunun məbləğinin qeyri-dəqiq olmasını işin həmin hissədə mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsan kimi qiymətləndirmiş, buna baxmayaraq, bu maddənin tələblərini elan etməmiş, o cümlədən nöqsanın aradan qaldırılması üçün hər hansı müddət müəyyən etməmişdir. Növbəti məhkəmə iclaslarında isə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Qeyd edilənlər öz növbəsində həmin tələbin istinad edilən maddə ilə baxılmamış saxlanılmasını istisna edir və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadının ləğv edilməsini şərtləndirir. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı qeyd edilən tələbini Mülki Məcəllənin 934.2-ci maddəsinə əsaslanaraq irəi sürmüş və tələb məzmun etibarı ilə bu maddənin məzmunu ilə eynilik təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu tələbə münasibətdə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü məsələsinə yenidən baxılarkən həmin tələbin dəqiqləşdirilməsinin zəruriliyinə məhz 934.2-ci maddənin məzmunu baxımından hüquqi qiymət verilməlidir. Bu zaman Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsi ilə müəyyən edilmiş müddət qismində məhz iş üzrə təyin edilmiş növbəti məhkəmə iclası qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən hissədə baxılmamış saxlamaqda haqlı olmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 382/2024 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-cu, 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar