Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-863/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-656/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.06.2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialında şirkətin hesabına mədaxil edilən ******* ABŞ dolları məbləğində pulun 01/03 saylı, 30.07.2019-cu il tarixli, 01/04 saylı, 06.08.2019-cu il tarixli, 01/09 saylı, 17.10.2019-cu il tarixli, 01/07 saylı, 10.09.2019-cu il tarixli, 01/05 saylı, 19.08.2019-cu il tarixli, 01/10 saylı, 23.10.2019-cu il tarixli, 01/08 saylı, 24.09.2019-cü il tarixli, 01/06 saylı, 27.08.2019-cu il tarixli müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin cəmiyyətin hesabından təsisçi Nümayəndə1 İnsalla oğlunun borcunun qaytarılması üçün Nümayəndə1 bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(113)-656/2021 saylı qətnaməsinə əsasən iddia rədd edilmişdir. İddiaçı "xxxx" QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, e-2-2(113)-656/2021 saylı qərardadı ilə apellyasiya şikayəti “elektron kabinet” vasitəsilə verilmədiyi, məhkəmənin və şikayət verən şəxsin ünvanı qeyd edilmədiyi üçün geri qaytarılmışdır. Bundan sonra iddiaçı "xxxx" QSC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apelyasiya şikayəti vermiş, eyni zamanda prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(113)-656/2021 saylı qətnaməsindən apelyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(113)-656/2021 saylı qətnaməsi 28.03.2021-ci ildə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 09 aprel 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur (i/v 82). Göründüyü kimi iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti verilən zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməmişdir. Həmin apellyasiya şikayəti də müddətin ötürülməsi əsası ilə deyil, digər əsaslarla, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi üçün geri qaytarılmışdır. İşin qeyd olunan hallarını, yəni "xxxx" QSC-nin ilk dəfə qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, həmin şikayətin digər əsaslarla geri qaytarıldığını, bundan sonra qüsurlar aradan qaldırılaraq apellyasiya şikayətinin verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-656/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və iddiaçı "xxxx" QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(113)-656/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-863/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-863/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver