Məhkəmə qərarları › İş №2-2(103)-864/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-864/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-864/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, sübutetmə vəzifəsi, dəbbə pulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 23 sentyabr 2021-ci il tarixdə 2021-01-001 nömrəli müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı satır, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları satıcıdan alır və malın müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

3. Müqavilənin 2.1-ci bəndinə görə, bu müqavilə üzrə malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir.

4. Müqavilənin 4.1-ci bəndinə əsasən, malın sifariş edilməsi tərəflərin qarşılıqlı razılaşmasına əsasən alıcı tərəfindən yazılı və/və ya şifahi qaydada həyata keçirilir. Malın sifariş edildikdən sonra çatdırılma müddəti müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilir; 4.5-ci bəndinə görə, mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar.

5. Müqavilənin 5.1-ci bəndinə görə, satıcının alıcıdan malın qiymətinin bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənməsini tələb etmək hüquqü vardır. Satıcının alıcı müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ödənişi gecikdirdikdə alıcıya müqavilə ilə müəyyən edilmiş cərimələri tətbiq etmək hüquq vardır; 5.3.3-cü bəndinə əsasən, alıcının satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə ilə müəyyən edilmiş cərimələri tətbiq etmək hüquq vardır; 5.4-cü bəndinə görə, alıcının malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək və bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək vəzifəsi vardır.

6. Müqavilənin 6.3-cü bəndinə əsasən, alıcı müqavilə ilə müəyyən edilmiş vaxtda və müddətdə ödənişləri qismən və ya ümumiyyətlə ödənişləri həyata keçirməzsə, satıcı alıcıdan hər gecikdirilən gün üşün müqavilənin ümumi qiymətinin 0,1%-i həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

7. Tərəflər arasında həmin müqaviləyə aşağıdakı əlavələr (razılaşdırma protokolları) bağlanmış (tərəflərin imzası və möhürü ilə təsdiq olunmaqla), əlavələrin 2-ci bənd(lər)ində nəzərdə tutulmuşdur ki, satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalı, alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətdə ödəməlidir.

- 15 fevral 2024-cü il tarixli 1 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1684,92 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 19 fevral 2024-cü il tarixli 2 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 3608,44 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 20 fevral 2024-cü il tarixli 3 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 295 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 22 fevral 2024-cü il tarixli 5 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 3516,19 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 22 fevral 2024-cü il tarixli 6 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 265,5 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 01 mart 2024-cü il tarixli 7 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 2277,40 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 12 mart 2024-cü il tarixli 8 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 2382,89 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 16 mart 2024-cü il tarixli 9 saylı əlavə razılaşdırma protokoluna görə, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1080,88 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 19 mart 2024-cü il tarixli 10 saylı əlavə razılaşdırma protokoluna əsasən, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1769,29 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 28 mart 2024-cü il tarixli 11 saylı əlavə razılaşdırma protokoluna əsasən, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1975,56 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 10 aprel 2024-cü il tarixli 13 saylı əlavə razılaşdırma protokoluna əsasən, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 975,86 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 12 aprel 2024-cü il tarixli 14 saylı əlavə razılaşdırma protokoluna əsasən, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 908,60 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 29 aprel 2024-cü il tarixli 15 saylı əlavə razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1298 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 13 may 2024-cü il tarixli 16 saylı əlavə razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 871,08 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 29 may 2024-cü il tarixli 17 saylı əlavə razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 853,14 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. - 07 iyun 2024-cü il tarixli 18 və 19 saylı əlavə razılaşma protokollarına görə, tərəflər protokollarda adıçəkilən və ümumi dəyəri müvafiq olaraq 760,27 manat və 263,14 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər.

8. 23 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin imzası və möhürü ilə təsdiq olunmaqla aşağıdakı məzmunlu təhvil-təslim aktları tərtib olunmuşdur:

- 21 fevral 2024-cü il tarixli 4 saylı əlavə olan təhvil-təslim aktına görə, İddiaçı MMC tərəfindən ümumi dəyəri 1900,39 manat (ƏDV daxil) olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. - 06 aprel 2024-cü il tarixli 12 saylı əlavə olan təhvil-təslim aktına əsasən, İddiaçı MMC tərəfindən ümumi dəyəri 2034,32 manat (ƏDV daxil olmaqla) təşkil edən və həmin aktda göstərilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. - 07 iyun 2024-cü il tarixli 18 saylı əlavə olan təhvil-təslim aktına əsasən, İddiaçı MMC tərəfindən ümumi dəyəri 760,27 manat (ƏDV daxil olmaqla) təşkil edən və həmin aktda göstərilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.

9. 23 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aşağıdakı ayları əhatə edən elektron-qaimələr tərtib edilmişdir:

10. 15.02.2024-cü il tarixli EBDY seriyalı, 848998 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1684,92 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBDZ seriyalı, 045902 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3608,44 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBDZ seriyalı, 061545 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 295 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBDZ seriyalı, 133047 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1900,39 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024cü il tarixli EBDZ seriyalı, 259809 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3516,19 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBDZ seriyalı, 260687 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 265,50 manat (ƏDV daxil) təşkil edir.

11. 01.03.2024-cü il tarixli EBDZ seriyalı, 795084 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2277,40 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBEA seriyalı, 304582 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2382,89 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli MT2403 seriyalı, 00296339 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1080,88 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBEA seriyalı, 828206 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1769,29 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024cü il tarixli EBEB seriyalı, 064352 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1975,56 manat (ƏDV daxil) təşkil edir.

12. 06.04.2024-cü il tarixli EBEB seriyalı, 597234 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2034,32 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBEB seriyalı, 740535 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 975,86 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir; xx.xx.2024-cü il tarixli EBEB seriyalı, 766444 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 908,60 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli EBEC seriyalı, 522873 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1298 manat (ƏDV daxil) təşkil edir.

13. 13.05.2024-cü il tarixli EBED seriyalı, 048714 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 871,08 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir; xx.xx.2024-cü il tarixli EBED seriyalı, 628310 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 853,14 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2024-cü il tarixli EBED seriyalı, 861733 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 760,27 manat (ƏDV daxil) təşkil edir; xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 864185 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 263,14 manat (ƏDV daxil) təşkil edir.

15. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 02 fevral 2024-cü il tarixdə 8260 manat, 06 fevral 2024-cü il tarixdə 3540 manat, 07 mart 2024-cü il tarixdə 15 340 manat, 30 aprel 2024-cü il tarixdə 8000 manat pul vəsaiti köçürülmüşdür.

16. 08 yanvar 2025-ci il tarixli üzləşmə aktına görə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 28 524,31 manat borcu vardır. Akt tərəflərin imzası və möhürü ilə təsdiqlənmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 28 524,32 manat (iyirmi səkkiz min beş yüz iyirmi dörd manat otuz iki qəpik) əsas borc məbləği, 6960 (altı min doqquz yüz altmış) manat dəbbə pulu və 197 (yüz doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 35 681,32 manat (otuz beş min altı yüz səksən bir manat otuz iki qəpik) pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 2024-cü il üzrə ümumilikdə 28 524,32 manat (ƏDV daxil) məbləğində tikinti materialları satılmış, müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən, satıcı alıcıdan hər gecikdirilən gün üçün 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehə sonuncu eqaimə 07 iyun 2024-cü il tarixdə göndərilmişdir və ötən 244 gün üçün alıcı satıcıya 6960 (altı min doqquz yüz altmış) dəbbə pulu ödəməlidir.

19. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamış, cavabdehin nümayəndəsi də məhkəməyə gəlməmişdir.

20. Birinci instansiya məhkəməsinin 22 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 28 524,32 manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumununa görə 166 (yüz altmış altı) manat olmaqla, ümumilikdə 30 190,32 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

21. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, tərəfər arasında alqısatqı müqaviləsindən yaranan öhdəlik münasibətləri yaranmışdır və alıcı satıcıdan aldığı malların dəyərini ödəmək vəzifəsini daşıyır. Məhkəmə iş materiallarında olan təhvil-təslim aktlarını, qiymət razılaşdırma protokollarına və elektron-qaimələri təhlil edərək hesab etmişdir ki, iddiaçı satıcı kimi malları təqdim etmiş, lakin cavabdeh alıcı kimi ödəniş etməmişdir. Belə olan halda isə iddiaçı cavabdehdən 28 524,32 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlı olmuşdur.

22. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 1500 (min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

23. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 467-ci 567.1-ci, 598.1-ci maddələrinə istinad etmişdir.

24. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, məhkəmənin işin faktiki hallarını aydınlaşdırmadığını, borcun mövcudluğunu təsdiq edən sübutun olmadığını, ödənişlərin nəzərə almadığını, eləcə də yüksək məbləğdə dəbbə pulu təyin etməklə və borcun məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməməklə əsassız nəticəyə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

25. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “...Apellyasiya şikayətinə əlavə edilmiş bir sıra ödəniş tapşırıqlarının məhkəməyə təqdim edilməsi, məhkəmədən müvafiq ekspertizanın keçirilməsi kimi tələb irəli sürülməsi lüzumsuz yerə işin icraatını uzatmaq məqsədi daşıyır. Belə ki, təqdim edilən e-qaimələrə uyğun ödənişlərin aparılıbaparılmamasını müəyyən etmək üçün xüsusi bilik və bacarıq tələb edilmir. Sadəcə ödəniş tarixləri və e-qaimənin nömrəsini baxdıqda bunu sadə şəkildə müəyyən etmək mümkündür. Bunun üçün müvafiq ekspertizanın keçirilməsinə dair cavabdeh tərəfin irəli sürdüyü tələb mülki iş üzrə icraatın uzadılmasından başqa bir məqsəd daşımır. Belə ki, şikayətə əlavə edilmiş ödəniş tapşırıqlarında qeyd olunan, ümumilikdə 35 140 AZN (ƏDV daxil) məbləğ 2024-cü ilin fevral, mart və aprel aylarını əhatə edir. Bu ödənişlər iddia tələbində göstərilən və məhkəməyə təqdim edilən 15 fevral 2024-cü ildən 07 iyun 2024-cü ilə qədər olan e-qaimələrdən yaranmış 28 524,32 AZN (ƏDV daxil) borc məbləğini tamamilə əhatə etmir. İddia tələbinə əlavə edilmiş e-qaimələrin tarixi və nömrəsi ilə təqdim edilən ödəniş tapşırıqlarının bəziləri arasında uyğunluq yoxdur. Cavabdehlə bağlanmış müqavilə münasibətləri ilə əlaqədar olaraq cavabdehlə külli miqdarlarda ticarət dövriyyəmiz olmuşdur və bu müddət ərzində müxtəlif tarixlərdə müxtəlif qaimələr əsasında ödənişlər aparılmışdır. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh tərəf “X6" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 iyun 2025-ci il tarixdə, yəni Bakı Kommersiya Məhkəməsi iş üzrə qətnamə qəbul etdikdən sonra iddia ərizəsində qeyd olunan 28 524,32 manat əsas borc məbləğindən qismən, yəni 23 600 manat məbləğ ödəniş həyata keçirmişdir. Lakin 12 aprel 2024 il tarixli EBEB seriyalı 766444 nömrəli elektron qaiməyə əsasən 908,60 AZN, 29 aprel 2024 il tarixli EBEC seriyalı 522873 nömrəli 1298 AZN, 13 may 2024 EBED seriyalı 048714 nömrəli 871,08 AZN, 29 may 2024 EBED seriyalı 628310 nömrəli 853,14 AZN, 07 iyun 2024 EBED seriyalı, 861733 nömrəli 760,27 AZN, 07 iyun 2024 EBED seriyalı 864185 nömrəli 263,14 AZN olmaqla göstəriən e-qaimələr üzrə ümmulikdə 4924,32 AZN (ƏDV daxil) əsas qalıq borc və məhkəmə qətnaməsi ilə təyin edilmiş 1500 (min beş yüz) manat cərimə və 166 (yüz altmış altı) manat dövlət rüsumu ödənilməmiş olaraq qalır. Qanunun tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hesab edirik ki, Bakı Kommersdiya Məhəkməsinin gəldiyi nəticə tam ədalətlidir və yuxarıda göstərilənləri nəzərə alaraq Apellyasiya şikayətini təmin edilməməsini, Bakı Kommerssiya Məhkəməsinin 22 may 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirik.”.

Apellyasiya baxışı, izahatlar

26. Cavabdeh MMC-nin əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini qeyd etməklə yanaşı, təmsil etdiyi şirkətdən tutulması qət olunan məbləğdən 23 600 manatın artıq ödənildiyini, iddiaçı cərimə tələbindən güzəşt edərsə qalan 7000 manatın da ödəniləcəyini göstərmiş; bu təklifə cavab olaraq iddiaçı, cərimənin 500 manatını güzəşt edəcəyini bildirmişdir.

27. Bununla belə cavabdehin nümayəndəsi növbəti iclasa gəlməmiş və cavabdeh tərəfindən müvafiq ödənişin həyata keçirilmədiyi müəyyənləşdirilmiş, buna görə də iddiaçı qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

34. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

35. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

37. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

38. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

46. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

47. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

48. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

49. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

50. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

55. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

56. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

57. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır.

58. Cavabdeh iddiaçının borcun məbləği ilə bağlı mötəbər sübut təqdim etmədiyini və borcun məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsinin zəruri olduğunu bildirsə də, iş materiallarında olan təhvil-təslim aktları, elektron qaimələr və üzləşdirmə aktı iddiaçının cavabdehə malları təhvil verilməsini təsdiq edir və cavabdeh də həmin sənədləri mübahisələndirməmişdir.

59. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 28). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi aktların və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

61. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

62. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə ekspertizanın təyin olunmasına hər hansı zərurət mövcud deyildir.

63. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.

64. Həmçinin kollegiya qeyd edir ki, cavabdehin təqdim etdiyi ödəniş tapşırıqları faktiki olaraq 2024-cü ilin fevral, may və aprel ayların əhatə edir, halbuki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə üzləşdirmə aktı tərtib edilmiş və həmin aktda cavabdeh 28 524,31 manat məbləğində borcunun olmasını təsdiq etmişdir (§ 16).

65. “Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 fevral 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.

66. Beləliklə, cavabdehin təsdiq etdiyi borc məbləğini 2024-cü ildə tərtib edilmiş ödəniş tapşırıqları əsasında mübahisələndirməsi əsassızdır.

67. Kollegiya apellyatorun dəbbə pulunun yüksək məbləğdə müəyyənləşdirilməsi ilə bağlı dəlilini də əsassız hesab edir.

68. Belə ki, işin halları, yəni cavabdehin müqavilə üzrə ödənişləri gecikdirdiyi günlərin sayı və cərimə məbləğinin əsas borc məbləğinə nisbəti nəzərə alındığında, birinci instansiya məhkəməsi dəbbə pulunu 1500 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

69. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin ödənişlər etməsi (§ 25, 26) qətnamənin dəyişdirilməsinə əsas yarada bilməz.

70. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin borcunun məbləğini qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi və qətnamədən sonrakı ödənişləri nəzərə alması mümkün deyildir. Apellyasiyanın məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPM-in 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından ibarətdir. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu müəyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır.

71. Baxılan iddia tələbi cavabdehin qətnamə çıxarılana qədər yaranmış borcunun tutulması barədədir. Birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin borcun bir qismini ödəməsi səbəbilə qətnamənin ləğv olunması və ya dəyişdirilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyənlik xüsusiyyətinə xələl gətirər və apellyasiyanın məqsədlərinə uyğun gəlməz.

72. Ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması funksiyasını yerinə yetirən Ali Məhkəmənin bənzər işlərlə bağlı qərarlarında (Ali Məhkəmənin “PARA” BOKT açıq səhmdar cəmiyyətinin X2 qarşı iddia tələbi üzrə xx.xx.2021-ci il tarixli qərarı) da vurğulanmışdır ki, “bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”.

73. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin “cavabdehdən 28 524,32 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi” nəticəsinin dəyişdirilməsi üçün əsas yoxdur; bununla belə qətnamənin icrası zamanı nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdeh tərəfindən həmin məbləğin 23 600 manat hissəsi ödənilmiş və onun 4924,32 manat əsas borcu qalmışdır.

74. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2710/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən, Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar