Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-868/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndələri Nümayəndə, X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən artıq hesablanmış 343339,10 manat borcun silinməsi və İddiaçınə ******* manat məbləğində dəymiş zərərin Cavabdeh İB tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İB ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 343339,10 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(113)-392/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndələri Nümayəndə və X4 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, 01.01.2017-ci il tarixdə iddiaçı ona məxsus istixanaların sayğaclarının tənzimləyicilərinin texniki istismar qaydalarına zidd olaraq yeri dəyişdirilərək sayğacdan sonraya keçirilmişdir. Halbuki, həmin tarixə kimi tənzimləyici sayğacdan öndə yerləşmişdir. Belə olan halda tənzimləyicinin yeri dəyişdiyindən təbii qaz tənzimlənmədən birbaşa sayğaca daxil olduğundan və təzyiq çox olduğu üçün sərfiyyat da artmışdır. Bundan əlavə cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və qaz təchizatını qanunsuz olaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən 15.12.2020-ci ildə dayandırması ilə iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Belə ki, cavabdeh tərəfindən 26.02.2016-cı il tarixli qazın alqı-satqısı barədə müqavilənin 1, 2.2.7, 2.1.14-cü bəndlərinin tələbləri pozulmuş və iddiaçıya yazılı bildiriş vermədən qazın verilməsini dayandırmışdır. Cavabdeh İB-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ******* manatdan artıq məbləğdə zərər vurulmuşdur. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 16.06.2020-ci il tarixə 343339,10 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmışdır. Belə ki, iş materiallarında olan abonent saldosundan (abonent kodu **********00088) görünür ki, iddiaçı tərəfindən müəyyən tarixlərdə ödənişlər edilmiş, lakin 16.06.2020-ci il tarixə onun ödənilməmiş borcu 343339,10 manat təşkil etmişdir. Göründüyü kimi həmin borc qaz sərfiyyatı nəticəsində yaranmışdır. İddiaçı isə həmin borcun cavabdeh tərəfindən tənzimləyicinin yeri dəyişdirilməsi nəticəsində yarandığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu (tənzimləyicinin harada yerləşməsini özündə əks etdirən texniki şərt, yerinin dəyişdirilməsi barədə akt və digər sənədlər) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qaz sərfiyyatı nəticəsində yaranmış həmin borcun silinməsi üçün əsaslar mövcud deyildir. İlk iddiada irəli sürülmüş maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər Lakin hazırki işdə həmin əsaslar mövcud deyildir. Belə ki, apelyasiya baxışı zamanı Bakı şəhəri X1 adlanan ünvanda yerləşən "xxxx" MMC-yə məxsus istixanada 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar və fevral aylarında qaz təchizatının dayandırılması ilə bağlı Cavabdeh İB tərəfindən Qaz İxrac İdarəsinə müraciət olunub-olunmaması, həmçinin qaz təchizatının dayandırılıb-dayandırılmaması ilə bağlı məlumatı məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə sorğu göndərilmişdir. Sonuncu tərəfindən məhkəməyə göndərilən cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı MMC-yə məxsus “Türkan-1” qaz paylayıcı stansiyasındakı (QPS) “Təzə Türkan” qaz ölçü qovşağı üzərində quraşdırılmış, diametri 530 mm-lik sənaye kollektorundan qidalanan qeyri-yaşayış sahəsinin (istixana. G- 400 №********) təbii qazla təmin edən orta təzyiqli qaz xəttindən qaz təchizatı 16.12.2020-ci il tarixində saat 17:05-dən dayandırılmış (Cavabdeh İB-nin SOCAR**********30150339X000367 nömrəli telefonoqramı), lakin SOCAR-ın Cavabdeh İB ilə borclu İddiaçı MMC arasında təbii qaz təchizatına görə yaranmış debitor borcun qısa müddət ərzində ödənilməsinə dair razılaşma olduğundan təbii qazın təchizatı 16.12.2020ci il tarixində saat 19:00-dən etibarən bərpa edilmişdir (‘Azəriqaz* İB-nin SOCAR**********30150339X000370 nömrəli telefonoqramı). SOCAR-ın Cavabdeh İB-nin müraciətinə uyğun olaraq. İddiaçı MMC-nin qeyd olunan qeyri-yaşayış sahəsinin (istixana, G-400 №********) təbii qazla təchizatı SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən 22.12.2020-ci il tarixində, saat 14:50-dən dayandırılmışdır (Cavabdeh İB-nin SOCAR**********30150339X000380 nömrəli telefonoqramı). Göründüyü kimi həqiqətən də iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin təbii qazla təchizatı SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən 22.12.2020-ci il tarixində, saat 14:50dən dayandırılmışdır. Bununla yanaşı qazın dayandırılması ilə bağlı iddiaçıya yazılı bildiriş göndərilməmişdir. Halbuki, “Qazdan istifadə qaydaları”nın 3.1 və 3.1.5-ci bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Bununla belə, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında 13 noyabr 2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolu imzalanmışdır. Həmin razılaşma protokoluna əsasən tərəflər istehlakçının istifadə etdiyi təbii qaza görə Cavabdeh qarşısında 343339,10 manat məbləğində yaranmış debitor borcunun aşağıda göstərilən şərtlərlə ödənilməsinə dair razılığa gəldilər.
1. “İstehlakçı”: 1.1. təbii qazdan istifadəyə görə “Azəriqaz" İstehsalat Birliyinə 343339,10 (üç yüz qırx üç min üç yüz otuz doqquz manat 10 qəpik) manat məbləğində borcunun olmasını qəbul edir. 1.2. həmin borcdan ilkin olaraq 10000,00 manat ödədikdən sonra qalan 333339,10 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında hər ayın 15-nə qədər 55556,52 manat olmaqla Cavabdehnə ödəməyi öhdəsinə götürür. 1.3. “İstehlakçı”ya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Göründüyü kimi tərəflər arasında bağlanmış razılaşma protokoluna əsasən İddiaçı MMC qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dərhal dayandırılacağını qəbul etmiş və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirmişdir. İş materiallarında olan abonent saldosundan isə görünür ki, iddiaçı tərəfindən 2020ci ilin noyabr ayında 10000 manat ödənilsə də, 2020-ci ilin dekabr ayında cəmi 50000 manat ödənilmişdir. Bununla da təsdiq olunur ki, iddiaçı razılaşdırılmış qaydada ödəniş etməmişdir. Ona görə də, cavabdeh tərəfindən təbii qazın verilişinin dayandırılması razılaşma protokolunun şərtlərinə uyğun olmuş və həmin razılaşma da, “Qazdan istifadə Qaydaları”nın 3.1.5-ci bəndində müəyyən edilən qaydaya uyğun tərtib edilmişdir. Çünki həmin razılaşma 2020-ci ilin noyabr ayında tərtib edilmiş və iddiaçı növbəti aydan ödəniş etmədiyi halda qazın verilməsinin dayandırılması ilə bağlı məlumatlandırılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin razılaşma olduğu halda yazılı bildirişin göndərilməməsinə istinad edilməsi əsaslı hesab edilə bilməz. Çünki yazılı bildirişin verilməsinin məqsədi istehlakçını bir ay əvvəlcədən məlumatlandırmaqdan ibarətdir və tərəflər arasında imzalanmış razılaşma da həmin məlumatlandırma həyata keçirilmişdir. Beləliklə, Cavabdeh İB tərəfindən öz öhdəliklərinin təqsirli pozması halı müəyyən edilmir. Belə olan halda isə ondan zərərin əvəzinin ödənilməsi tələb edilə bilməz və iddiaçı tərəfindən təqdim edilmiş zərərin mövcudluğu ilə bağlı sübutlar araşdırılmadan həmin iddia tələbləri rədd edilməlidir. Qarşılıqlı iddia isə əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi abonentin saldosuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən müəyyən tarixlərdə ödənişlər edilmiş, lakin 16.06.2020-ci il tarixə onun ödənilməmiş borcu 343339,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.5-ci bəndinə əsasən isə iddiaçı istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova