Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-869/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-395/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 37224,96 manat məbləğində əsas borcun (ƏDV ilə birlikdə), borc ödənilmədiyinə görə bank uçot dərəcəsi kimi hesablanmış 5955,9 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 134136 manat cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğində pulun və 30 manat məbləğinə dövlət rüsumunun Cavabdeh MMC tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli e-2-2(113)-395/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 37224,96 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə olmaqla ümumilikdə 38224,96 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 7 manat və hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıdan əsas borc məbləğinin tutulmasını tərəflər arasında imzalanmış üzləşmə aktı ilə əsaslandırsa da, lakin iddiaçı tərəfindən həmin məbləğdə malların həqiqətən cavabdehə təhvil verilib-verilmədiyini araşdırmamışdır. Bundan başqa, sözügedən üzləşmə aktının əsli iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, məhkəmə isə sənədin surətini “mötəbər” sübut kimi nəzərə almışdır. Həmçinin, üzləşmə aktını İddiaçı MMC deyil, başqa bir hüquqi şəxs “X1 Azerbaijan (Pic)” MMC ilə Cavabdeh MMC arasında imzalanmışdır. Buna baxmayaraq, məhkəmə İddiaçı MMC-nin adıçəkilən hüquqi şəxslə hər hansı şəkildə bağlılığını müəyyən etməmişdir. Həmçinin məhkəmə cavabdehdən 1000 manat məbləğində cərimə tutulması barədə nəticəyə gəlmişdir ki, cərimənin hansı səbəbdən tutulmasını öz qətnaməsində əsaslandırmamışdır. Halbuki, müqavilənin 6.2-ci bəndində alıcının (cavabdehin) deyil, məhz satıcının (iddiaçının) məsuliyyəti (cərimə ödəmək öhdəliyi) müəyyən edilmişdir. Məhkəmə cavabdehdən hüquqi xidmətə görə 300 manat pulun iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlsə də, öz qətnaməsini həmin hissədə də kifayət qədər əsaslandırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə etdi və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MMC arasında QSZA 224/1118 nömrəli 07 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən alıcı müqaviləyə əlavə edilən qaimə-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və həmin malın müqabilində satıcıya qaimə faktura/hesab fakturada nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, həmin alqı-satqı müqaviləsi onun tərəfindən icra edilmiş və razılaşdırılmış mallar bir neçə partiya üzrə Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş çoxsaylı elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən yalnız bir qismi ödənilsə də, 18 sentyabr 2020-ci il tarixli arayışa əsasən Cavabdeh MMC-nin iddiaçıya 33349,47 manat əsas, 3875,49 manat ƏDV ödənilməmiş borcu vardır. Bundan əlavə cavabdeh iddiaçıya ödəməli olduğu borcu 2 il ərzində ödəməməklə iddianı əldə edəcəyi mənfəətdən məhrum etməklə maddi ziyan vurmuşdur. Odur ki, cavabdeh tərəfindən borc ödənilmədiyi üçün bank faizinin uçot dərəcəsi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən olan çıxarışa əsasən, 2018-ci ildən bu gündək bank faizinin uçot dərəcəsi 8 % (orta faiz dərəcəsi) təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 5955,9 manat (37224,96 x 8 % x 2 il) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə istinadən, 02.05.2019-cu il tarixli elektron qaimədən qalıq 15223,86 manat məbləğində borc məbləği bu günədək ödənilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, hər gecikdirilən gün üçün 1% cərimə məbləği ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 04.03.2019-cu il tarixli, İNV-190255 saylı hesab fakturaya əsasən 41442,78 manat dəyərində mal Cavabdeh MMC-yə verilmiş və ödəniş şərtləri isə 40% avans ödənişi, 60% təslim tarixindən 30 gün ərzində ödənilməsi kimi nəzərdə tutulmuşdur. EAAT seriyalı, 910232 saylı 02.05.2019-cu il tarixli və EBAC seriyalı, 604393 saylı 18.11.2019-cu il tarixli elektron qaimələrə əsasən "xxxx" MMC tərəfindən müvafiq olaraq 19441,68 manat və 22001 manat dəyərində mallar Cavabdeh MMC-yə təqdim olunmuşdur. Cavabdeh MMC də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bundan başqa 02.05.2019-cu il tarixli elektron qaimə üzrə qismən ödəniş edilmişdir. Bu hallar isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən 37224,96 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti hər partiya üzrə tərəflər arasında əvvəlcədən razılaşdırılaraq satıcı tərəfindən alıcıya təqdim olunmuş qaimə/hesab faktura əsasında müəyyən olunur. İş materiallarında olan EAAT seriyalı, 910232 saylı 02.05.2019-cu il tarixli elektron qaiməyə əsasən 19441,68 manat dəyərində, 604393 saylı 18.11.2019-cu il tarixli elektron qaiməyə əsasən isə 22001 manat dəyərində mallar Cavabdeh MMC-yə təqdim olunmuşdur. Eyni zamanda iddiaçı 02.05.2019-cu il tarixli elektron qaimə üzrə cəmi 15223,86 manat məbləğində borcun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi müqavilə şərtlərinə uyğun olaraq cavabdeh müvafiq olaraq 15223,86 manat və 22001 manat məbləğində ödənişləri müvafiq olaraq 02.05.2019-cu il və 18.11.2019-cu il tarixlərdə həyata keçirməli olduğu halda etməmişdir. 02.05.2019-cu il tarixdən hazırki iddianın qaldırıldığı 28.10.2020-ci il tarixə kimi 1 il 6 ay müddətində gecikdirmiş faiz borcunun məbləği 1134 manat təşkil edir (15223,86 x 5% = 761; 761 / 12 = 63; 63 x 18 = 1134). 18.11.2019-cu il tarixdən hazırki iddianın qaldırıldığı 28.10.2020-ci il tarixə kimi 11 ay müddətində gecikdirmiş faiz borcunun məbləği isə 1001 manat təşkil edir (22001 x 5% = 1100; 1100 / 12 = 91; 91 x 11 = 1001). Beləliklə, müəyyən olunur ki, hər iki qaimə üzrə ödənilməli faiz borcunun məbləği ümumilikdə 2135 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, 2135 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Lakin hazırki işdə cavabdehdən dəbbə pulunun tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə görə satıcı müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı satıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Göründüyü kimi müqavilə ilə alıcının (cavabdehin) deyil, məhz satıcının (iddiaçının) məsuliyyəti (cərimə ödəmək öhdəliyi) müəyyən edilmişdir. Həmin müqavilədə ödənişin gecikdirilməsi ilə bağlı alıcının dəbbə pulu ödəməsi ilə bağlı şərtlər nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Həmçinin iş materiallarında olan "xxxx" QSC-nin 06.10.2020-ci il tarixli əməliyyat təfərrüfatından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən hüquqi xidmətə görə "xxxx" MMC-yə 1000 manat ödənilmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələblərinin əsas hissəsinin təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni dəbbə pulunun tutulması, faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi və hüquqi xidmətə görə ödənilmiş vəsaitin tutulması hissəsində ləğv edilməli və həmin hissələrdə mübahisə yuxarıda göstərilən qaydada həll olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-395/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması, faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi və hüquqi xidmətə görə ödənilmiş vəsaitin tutulması hissəsində ləğv edilsin. Faiz borcunun tutulması barədə iddia qismən təmin edilsin və Cavabdeh MMC-dən 2135 manat faiz borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Həmin iddia qalan hissədə və dəbbə pulunun tutulması barədə iddia rədd edilsin. Hüquqi xidmətə görə Cavabdeh MMC-dən 1000 manat tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-869/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-869/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver