Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-870/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair Açar söz: alqı-satqı müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1206/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə ümumi mal satmağı, cavabdeh isə iddiaçıdan aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. Satılmalı olan sement məhsulunun qiyməti müqaviləyə 1 və 2 saylı əlavələrdə nəzərdə tutulmuşdur. 2.Müqaviləyə xx.xx.2021-ci il tarixli 2 nömrəli əlavənin 3-cü bəndinə əsasən təqdim edilmiş mallar üzrə yaranmış borc 1 ay müddət ötdüyü halda, həmin mallar üzrə hər tona ayda bir dəfə olmaqla cavabdehə əlavə 10 manat (ƏDV xaric) maliyyələşdirmə xidməti üçün hesab (elektron qaimə faktura) təqdim olunur.
3. xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə iddiaçıya olan borcu əsas məbləğ üzrə 23169,24 manat və ƏDV üzrə 3892,46 manat, cəmi 27061,7 manat təşkil etmişdir.
4. 3 ədəd əmtəə nəqliyyat qaimələrindən görünür ki, iddiaçı tərəfindən üzləşmə aktından sonra cavabdehə xx.xx.2021-ci il tarixdə 29,08 ton, xx.xx.2021-ci il tarixdə 31,88 ton və xx.xx.2021-ci il tarixdə 31,02 ton mal göndərilmişdir. Bu malların təqdim edilməsi ilə bağlı ümumi məbləği 13675,58 manat olan xx.xx.2021-ci il tarixdə elektron sistem vasitəsilə göndərilmiş 257971, 257761, 285166 saylı elektron qaimələr iş materiallarına əlavə edilmişdir.
5. EBBC seriyalı 959576 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, xx.xx.2021-ci il tarixli 2 nömrəli Əlavənin 3-cü müddəasına əsasən cavabdehə 3428,14 manat dəyərində maliyyələşdirmə xidməti göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı cavabdehdən alqı-satqı müqaviləsi üzrə 44165,42 (ƏDV daxil) manat borcun, 223 manat dövlət rüsumunun, cəmi 44388,42 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020- ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin məzmununa görə iddiaçı “satıcı”, cavabdeh isə “alıcı” qismində tanınmış, “satıcı” “alıcı”ya ümumi mal satmağı öhdəsinə götürmüş (bənd 1.1.), “satıcı” isə “alıcı”dan aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi (bənd 2.4.2.) üzərinə götürmüşdür. Bundan başqa tərəflər arasında xx.xx.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsinə 001 nömrəli Əlavə sayılan xx.xx.2020-ci il tarixli Qiymətlərin razılaşdırma protokolu və xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. “Satıcı” qismində iddiaçı xx.xx.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirərək “alıcı”ya mal satmışdır. Bununla bağlı “alıcı” tərəfindən hər hansı bir etiraz olmamışdır. Lakin “alıcı” qismində cavabdeh xx.xx.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə müəyyən məbləğdə borcu yaranmışdır. Bununla bağlı “satıcı” tərəfindən “alıcı”ya müvafiq bildirişlər təqdim edilmiş və nəticədə tərəflər arasında xx.xx.2021-ci il tarixdə üzləşmə aktı imzalanmışdır. Akta əsasən, cavabdehin xx.xx.2021-ci il tarixə iddiaçıya borcu əsas məbləğ üzrə 23169,24 manat və ƏDV üzrə 3892,46 manat təşkil edir. Cavabdeh xx.xx.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan 23169,24 manat əsas və 3892,46 manat ƏDV borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktından sonra tərəflərin müqavilə münasibətləri davam etmiş və “satıcı” “alıcı”ya mal satmaqda davam etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə “satıcı” iddiaçı tərəfindən “alıcı” cavabdehə 4323,61 (ƏDV daxil) manat dəyərində, xx.xx.2021-ci il tarixdə 4739,92 (ƏDV daxil) manat dəyərində, xx.xx.2021-ci il tarixdə 4612,05 (ƏDV daxil) manat dəyərində və xx.xx.2021-ci il tarixdə 3428,14 (ƏDV daxil) manat dəyərində mal satmışdır. Sözügedən mallar “alıcı” tərəfindən qəbul edilmiş və bu barədə hər hansı bir etiraz aşkar olunmamışdır. Buna baxmayaraq “alıcı” cavabdeh sözügedən 4 satış üzrə hər hansı bir ödəniş ödəməmişdir. Dəfələrlə bu barədə “alıcı” tərəfindən cavabdehə yazılı və şifahi məlumat verilsə də hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Nəticədə, cavabdehin iddiaçıya yekun olaraq 44165,42 (ƏDV daxil) manat borcu yaranmışdır.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1206/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, Cavabdehndən 40737,28 (ƏDV daxil) manat borcun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi mal satmağı, cavabdeh isə iddiaçıdan aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixli 2 nömrəli Əlavə bağlanmış və həmin Əlavənin 3-cü bəndinə əsasən iddiaçı təqdim edilmiş mallar üzrə yaranmış borc 1 ay müddətini ötdüyü halda, həmin mallar üzrə hər tona ayda bir dəfə olmaqla cavabdehə əlavə 10 manat (ƏDV xaric) maliyyələşdirmə xidməti göstərməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı tərtib olunmuş və həmin akta əsasən cavabdeh xx.xx.2021-ci il tarixə əsas məbləğ üzrə 23169,24 manat və ƏDV üzrə 3892,46 manat iddiaçıya borcu olmasını etiraf etmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə 03-04 mart tarixlərində 4323,61 manat dəyərində 29,08 ton, 4739,92 manat dəyərində 31,88 ton və 4612,05 manat dəyərində 31,02 ton, ümumilikdə 13675,58 manat dəyərində 91,98 ton sement satılmış, xx.xx.2021- ci il tarixdə 3428,14 manat dəyərində maliyyələşdirmə xidməti göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. Cavabdeh tərəfindən üzləşdirmə aktı üzrə borc və elektron qaimələr üzrə borclar iddiaçıya ödənilməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 44165,42 manat borcu yaranmışdır.
11. Məhkəmə hesab etmişdir ki, işdə olan sübutlarla cavabdehi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borcu olduğu təsdiq edildiyindən iddia 40737,28 manat borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir.
12. İddiaçı həmin xidmətə görə elektron qaiməyə istinad etməklə cavabdehdən 3428,14 manat məbləğində pul tələb etsə də, xidmətin göstərilməsini təsdiq edən (təhviltəslim aktı, maliyyələşdirmə sənədləri və s.) hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi maliyyələşdirmə xidmətinə görə tələb olunan 3428,14 manat hissəsində əsaslı olmadığından təmin oluna bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1206/2022 saylı qətnaməsinin ləğv edilməsini, qətnamə ilə müəyyən edilmiş 40 737,28 manat borc məbləğinin 11 213,45 manat azaldılmasını və 29 523,83 manat məbləğində müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən dəyəri 6619,23 manat olan 44,52 ton çəkidə sement xx.xx.2021-ci il tarixli ******* №-li əmtəə- nəqliyyat qaiməsinə əsasən cavabdeh tərəfindən qəbul edilməmiş, qaimədə malın tərəflərindən qəbul edilməsinə görə heç bir imza yoxdur. Həmin tarixdə tərtib edilmiş ******* №-li əmtəənəqliyyat qaiməsi üzrə göndərilmiş və çəkisi 30,9 ton, dəyəri 4594,2 manat olan sement də tərəflərindən qəbul edilməmiş, qaimədəki imza cavabdeh şirkətin hər-hansı işçisinə məxsus deyil. Onu da qeyd etmişdir ki, hər 2 qaimə üzrə həmin mallarin cəmi dəyəri 11.213,4 manat təşkil edir və həmin mallara görə iddiaçı tərəfindən elektron qaimələr göndərilməmiş və qaimələr cavabdeh tərəfindən qəbul edilməmişdir. Göstərilən səbəblərə görə iddiaçıya olan borc qətnamədə göstərilən 40 737,28 manat dəyərində yox, 11 231,4 manat az, yəni, 29 505,88 manat məbləğindədir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə -öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə- Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. 154.1-ci maddə-iİşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir: 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; 217.3-cü maddə- qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə-məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddə-qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 17.Qətnamə cavabdeh tərəfindən qismən-11 213,45 manat pulun tutulması hissəsində mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissə təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1206/2022 saylı qətnaməsi mühabisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. xx.xx.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin iddaçı "xxxx" MMC-yə 29 505,88 manat məbləğinda borcunun olması işin mübahisəsiz halıdır. Apellyasiya şikayətində cavabdeh borcu bu hissədə qəbul edir.
20. Cavabdehin apellyasiya şikayətində qeyd edilir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən dəyəri 6619,23 manat olan 44,52 ton çəkidə sement xx.xx.2021-ci il tarixli ******* №-li əmtəə-nəqliyyat qaiməsinə və ******* №-li əmtəə-nəqliyyat qaiməsi üzrə göndərilmiş və çəkisi 30,9 ton, dəyəri 4594,2 manat olan sement cavabdeh tərəfindən qəbul edilməmiş, qaimələrdə malın tərəflərindən qəbul edilməsinə görə heç bir imza olmamışdır.
21. Məhkəmə cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də MPM-nin 154-cü maddəsinin tələbinə əməl etməmiş, iddianı hansı hissədə qəbul etdiyini, qəbul etmədiyi hissənin hansı hissə olduğunu, etirazının əsaslandığı fakt və hallar barədə birinci instansiya məhkəməsinə hər hansı məlumat verməmişdir.
22. Cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə səlahiyyətli nümayəndə göndərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, həmin məhkəmə iclasına cavabdehin adından etibarnamə təqdim etmədən bir nəfər şəxs gələrək məhkəməyə arayışlar təqdim etmişdir. Arayışlarda xx.xx.2021-ci il tarixli 619337 və 619333 saylı qaimələr üzrə sement məhsulunun daşıyıcı maşınlar tərəfindən gətirildiyi, lakin maşınların məhsul boşaldılmadan geri qaytarıldığı, qəbul edilmiş mallar və elektron qaimələr barədə məlumatlar qeyd edilmişdir. Qeyd edilən sənədlər elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmədiyindən məhkəmə düzgün olaraq MPM-nin 78.1-1-ci maddəsinə əsasən sənədləri sübut olaraq qəbul etməmiş və qətnamədə hər hansı hüquqi qiymət verməmişdir.
23. Elektron iş materiallarından görünür ki, qeyd edilən sənədlər cavabdehin direktoru Qanuni nümayəndə elektron kabineti vasitəsilə işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edildikdən sonra- xx.xx.2022-ci il tarixdə sistemə yüklənmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2021-ci il tarixli üzləşmə aktı tərtib edildikdən sonra göndərilmiş 3 ədəd elektron qaimə üzrə malı təhvil aldığını qəbul etdiyini, mübahisələndirilən elektron qaimələr üzrə təqdim edilmiş malın dəyərini ödəməyi xx.xx.2021-ci il tarixli üzləşmə aktını təsdiq etməklə öz üzərinə götürdüyünü nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
25. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verildiyi müəyyən edilməmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1206/2022 qətnaməsi mühabisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1206/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.