Məhkəmə qərarları › İş №2-2(103)-871/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-871/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-871/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı2 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: şifahi alqı-satqı müqaviləsi, tərəflərin qarşılıqlı münasibəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 2522/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDE 035907 saylı dəyəri 22302,58 manat olan, xx.xx.2023-cü il tarixli EBDE 035071 saylı dəyəri 19384,47 manat olan, xx.xx.2023-cü il tarixli EBDE 034491 saylı dəyəri 14901,35 manat olan, xx.xx.2023-cü il tarixli EBDG 239893 saylı dəyəri 18000 manat olan, xx.xx.2023-cü il tarixli EBDG 241211 saylı dəyəri 15977,93 manat olan, xx.xx.2023-cü il tarixli EBDG 235137 saylı dəyəri 15000 manat olan, xx.xx.2023-cü il tarixli EBDJ 945120 saylı dəyəri 46338,67 manat olan, xx.xx.2023-cü il tarixli EBDM 335002 saylı dəyəri 71112,2 manat olan, xx.xx.2023-cü il tarixli EBDO 493048 saylı dəyəri 49398,08 manat olan, xx.xx.2023-cü il tarixli EBDS 928806 saylı dəyəri 73.449,02 manat olan, xx.xx.2024-cü il tarixli EBDX 039660 saylı dəyəri 72424,59 manat olan, xx.xx.2024-cü il tarixli EBDZ 222878 saylı dəyəri 39238,03 manat olan elektron qaimələr göndərilmişdir.

2. İddiaçı2 məxsus bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 50.900 manat, xx.xx.2023-cü il tarixdə 50.000 manat, xx.xx.2023-cü il tarixdə 10.883,90 manat, xx.xx.2024-cü il tarixdə EBDS 928806 saylı elektron qaimə üzrə 50.000 manat, EBDX 039660 saylı elektron qaimə üzrə 20.000 manat məbləğində ödəniş edilmişdir.

3. İddiaçı2 aid olan ƏDV sub-uçot hesabından çıxarışlardan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 3.050,85 manat, xx.xx.2023-cü il tarixdə 9.612 manat, xx.xx.2023-cü il tarixdə 9.000 manat, xx.xx.2023-cü il tarixdə 1.959,1 manat, xx.xx.2023- cü il tarixdə 4.485,2 manat, xx.xx.2023-cü il tarixdə 1.328,16 manat, xx.xx.2023-cü il tarixdə 5.400 manat, xx.xx.2023-cü il tarixdə 2.005 manat, xx.xx.2023-cü il tarixdə 6.840 manat, xx.xx.2023-cü il tarixdə 2.500 manat, xx.xx.2023-cü il tarixdə 4.200,77 manat, xx.xx.2023-cü il tarixdə 6.800 manat, xx.xx.2024-cü il tarixdə 6.625,7 manat, xx.xx.2024- cü il tarixdə 1.137,77 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42.777,48 manat məbləğində əsas borcun, cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə illik beş faiz əsasında 11 fevral 2025-ci il tarixinədək hesablanmış 2.074,41 manat məbləğində faiz borcunun, 11 fevral 2025-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən 42.777,48 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun, vəkilə ödənilmiş 300 manatın, ödənilmiş 226 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı-satıcı İddiaçı2 ilə bundan sonra alıcı- Cavabdeh MMC arasında 20 aprel 2023-cü il tarixdə razılaşma olmuşdur. Tərəflər arasında olan bu razılaşmaya əsasən, iddiaçı cavabdehin işçilərini yeməklə təmin edilməsi üçün lazım olan ərzaq malları ilə təmin etməyi, cavabdeh isə bu malların dəyərini elektron qaimələrə əsasən iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı aralarındakı razılaşma üzrə öhdəliklərini tam şəkildə icra edərək cavabdehə təsdiqlənmiş elektron qaimələlərə əsasən müxtəlif tarixlərdə razılaşma çərçivəsində 457.526,92 manat manat məbləğində mallar, yəni ərzaq məhsulları təhvil vermişdir. Cavabdeh müqavilə çərçivəsində aldığı malların dəyərinin 414.749,44 manat məbləğini ödəmiş, qalan yəni 42.777,48 manat hissəsini isə ödəməmişdir. Ona görə də, cavabdeh iddiaçı tərəfindən ona verilmiş malların dəyərinin bir hissəsini-42.777,48 manat məbləğində əsas borcu ilə birlikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2.074,41 manat faiz borcu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın 11 fevral 2025-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən 42.777,48 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun tutulması hissəsində baxılmamış saxlanılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2522/2025 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və 42.777 manat 48 qəpik məbləğində pulun, əsas borca illik 5% hesablanmaqla 632 manat 87 qəpik məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sadə riyazi hesablama ilə görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 457.526,92 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir, əksinə qeyd edilmiş elektron qaimələrə istinad etməklə müvafiq olaraq ödənişlər edilmişdir.

9. Məhkəmə vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndi ilə müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edib. Ona görə də, Məhkəmə hesab etmişdir ki, ümumi dəyəri 457.526,92 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncunun da, ona verilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. İddiaçı tərəf verilmiş mallara görə 42.777,48 manat borcun qaldığını bildirir, cavabdeh tərəf isə, verilmiş malların dəyərini ödəməsi barədə hər hansı bir sənədi Məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla xx.xx.2025-ci il tarixədək hesablanmış 2.074,41 manat pulun tələb edilməsi hissəsinə münasibətdə qeyd edib ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun xx.xx.2025-ci il tarixində göndərildiyini, iddia ərizəsinin isə Məhkəməyə xx.xx.2025-ci il tarixdə yəni 108 gün sonra verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faiz hesablanmaqla 632,87 (42.777,48x5/100=2.138,874 (1 il üçün), 2.138,874/365=5,859 (1 gün üçün), 5,859x108=632,87 (108 gün üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünüb ki, iddiaçı tərəfində ona hüquqi yardım göstərilməsi məqsədi ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosuna 300 manat məbləğində pul ödənilmişdir. Bundan başqa da, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş rüsumun əvəzi olaraq 220,23 manat məbləğində pul da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 445.7, 567, 600.4-cü maddələrini göstərmişdir.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim olunmuş sübutlar və məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində tərəflər arasında yazılı formada bağlanmış hər hansı bir alqı satqı müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə qərarında tərəflər arasında şifahi razılaşma əsasında alqı-satqı münasibətlərinin yarandığı qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanır və onun bağlanmasını iddia edən şəxs bu faktı sübuta yetirməlidir. Hazırkı mübahisədə iddia tələbinin əsasında tərəflər arasında ərzaq mallarının təchizinə dair alqı-satqı müqaviləsinin mövcudluğu dayanır. Belə olan halda, məhkəmənin vəzifəsi ilk növbədə bu müqavilə münasibətlərinin yaranıb-yaranmadığını, müqavilənin predmeti olan malların təhvil verilib-verilmədiyini araşdırmaqdan ibarət olmalı idi. İddiaçı bu halların heç birini hüquqi baxımdan dolğun və qəti sübutlarla təsdiqləyə bilməmişdir. Tərəflər arasında bağlanmış yazılı müqavilənin olmaması, eyni zamanda cavabdeh tərəfin şifahi alqı-satqı münasibətlərinin mövcudluğunu qəbul etməməsinə baxmayaraq, məhkəmə tərəfindən belə bir müqavilənin mövcudluğunu qəbul edilməsi hüquqi baxımdan əsassızdır. Belə ki, şifahi müqavilənin bağlanması yalnız və yalnız bu münasibətlərin real həyata keçirildiyini sübut edən dolğun sübutlarla təsdiqlənə bilərdi. Lakin iş materiallarında nə malların təhvil verilməsinə dair akt, nə təhvil-təslim sənədləri, nə daşıma sənədləri, nə də müqavilənin predmeti və şərtlərini əks etdirən hər hansı sənəd mövcuddur. Yeganə sübut qismində təqdim edilmiş elektron qaimə-fakturalar isə, Mülki Məcəllə kontekstində müqavilə münasibətlərinin və malların faktiki təhvil verilməsinin sübutu kimi çıxış edə bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, proqram təminatı tərəfindən avtomatik şəkildə təsdiqlənmiş hesab edilir. Bu isə o deməkdir ki, qaimələrin sistem tərəfindən avtomatik təsdiqlənməsi təkbaşına onların hüquqi öhdəlik doğuran sənəd kimi qəbul edilməsinə və müqavilə münasibətlərinin sübutu kimi çıxış etməsinə əsas vermir. Cavabdeh tərəfindən təqdim edilən malların faktiki qəbul edilməsi və ya razılaşdırılmış əsaslarla müqavilə münasibətinə daxil olunması halları sübut olunmadığı üçün, məhkəmənin belə bir razılaşmanın və müqavilə öhdəliklərinin mövcudluğu barədə nəticəyə gəlməsi hüquqi və sübutetmə prinsipləri baxımından əsassızdır. (AR Mülki Məcəlləsinn 324.1, 324.2, 324.4, 329, 567, 568.1-ci maddələri və “Elektron qaimə fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 14 mart tarixli 89 nömrəli qərarının 3.4-cü bəndi). Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. İş üzrə iddiaçı tərəfindən təqdim edilən sübutlar əsasında tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlandığı və malların cavabdehə təhvil verildiyi qənaətinə gəlinmişdir. Lakin iddiaçı bu iddianı sübuta yetirməli olduğu halda, təqdim olunan materiallarda nə müqavilənin bağlanmasını, nə də malların faktiki təhvil-təslimini təsdiq edən hər hansı bir hüquqi sənəd – təhvil-təslim aktı, daşıma sənədi və ya müqavilə rekvizitləri yer almamışdır. Cavabdeh tərəf bu cür razılaşmanı heç vaxt təsdiqləməmiş, müqavilə münasibətlərinin mövcudluğu iddiasını qəbul etməmişdir. Məhkəmə tərəfindən qəbul olunmuş qətnamə cavabdeh tərəfin iştirakı təmin edilmədən qəbul edilmiş, baxmayaraq ki, cavabdeh prosesə nümayəndə vasitəsilə qoşulmuş və məhkəmə iclasının təxirə salınması barədə ərizə təqdim etmişdir. Bu ərizədə göstərilən səbəblərin nəzərə alınmaması, əsaslandırılmadan rədd edilməsi və nəticədə işə tərəfin iştirakı olmadan baxılması cavabdeh tərəfin öz hüquqlarını müdafiə etmək, sübut təqdim etmək və məhkəmə araşdırmasında iştirak etmək imkanlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə tərəflərə iş üzrə sübutlarını təqdim etmək üçün real və obyektiv şərait yaratmalı, həmçinin tərəfin prosesdə fəal iştirakını təmin etməlidir. Qeyd olunan hallarda isə cavabdehə bu imkanlar faktiki olaraq yaradılmamış, formal mülahizələr əsasında iş üzrə qərar çıxarılmışdır. Məhkəmə araşdırmasının hərtərəfli, tam və obyektiv aparılması, sübutların qərəzsiz şəkildə tədqiqi və hüquqi qiymətləndirilməsi prosessual qanunvericiliyin tələblərindəndir. Bu prinsiplərə əməl olunmadan qəbul edilmiş qətnamə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmaqla yanaşı, iş üzrə faktiki halların tam aydınlaşdırılmasına da imkan verməmişdir. Bu cür yanaşma hüquqi baxımdan qəbul edilməzdir və həmin qətnamənin ləğv olunmasını zəruri edir. (AR Mülki- Prosessual Məcəlləsinin 14, 47.2, 77.1, 88, 185.3, 185.6-cı maddələri)

13. Apellyaisya şikayətinə əlavə təqdim edilmiş və əlavədə göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 12 ədəd elektron qaimə-faktura təqdim olunmuşdur və məhkəmə həmin elektron qaimə-faktura istinad etmişdir. Həmin elektron qaimə-faktura üzrə cəmi məbləğ məhkəmə tərəfindən adi riyazi hesablama düzgün aparılmamış, bu nəticəyə gəlmişdir ki, elektron qaimə-faktura üzrə 457.526,92 manat elektron qaimə-faktura göndərilmişdir. Halbuki, məhkəmə riyazi hesablamasında bir elektron qaiməni iki dəfə hesablamışdır. xx.xx.2023-cü il tarixli EBDM 335002 saylı dəyəri 71.112,2 manat olan elektron qaiməni iki dəfə hesablamış və hətta qətnamədə iki dəfə sadalamışdır. Bununla da məhkəmə 13 elektron qaimə-fakturaya istinad etmişdir. Lakin fakt üzrə 12 elektron qaimə-faktura mövcuddur və həmin elektron qaimə-faktura üzrə məbləğ 354951,42 manat təşkil edir. İddiaçı iddia əzəsində göstərmişdir ki, cavabdeh tərəfindən 414749,44 manat ödənilib. İş materiallarında olan sübutlardan görünür ki, realda cavabdehin iddiaçıya borcu yoxdur, əksinə iddiaçının cavabdehə təqribən 59798,02 manat borcu vardır. Qeyd edilən halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini və ona edilmiş əlavəni müdafiə etmişdi. İzahatında bildirmişdir ki, bir elektron qaimə iki dəfə nəzərə alınmaqla ümumi borc səhv hesablanmışdır.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": -1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; -3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. -3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. -3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. -3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı2 Cavabdeh MMC ilə aralarında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərinin yarandığını, İddiaçı2 həmin müqavilə üzrə cəmi ƏDV daxil 457.526,92 manat məbləğində malları Cavabdeh MMC-yə təqdim etdiyini, həmin malların müqabilində cəmi 414.749,44 manat məbləğində ödəniş edildiyini, ƏDV daxil 42.777,48 manat borcun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC isə tərəflər arasında yazılı formada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin olmamasını, tərəflər arasında hər hansı alqı-satqı münasibətinin yaranmadığını əsas gətirərək, iddiaya etiraz edir.

27. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567, 598.1-ci maddələri təşkil edir.

28. Məhkəmə kollegiyası ilk növbədə tərəflər arasında yazılı formada bağlanmış alqı-satqı müqaviləsinin və belə olan halda alqı-satqı münasibətlərinin mövcud olmaması barədə dəlillərə münasibət bildirərək qeyd edir ki, əqd bağlamaq niyyətində olan şəxs öz daxili iradəsini əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunla nəzərdə tutulmuş və ya müqavilə iştirakçılarınını müəyyən etdiyi üsullarla çatdıra bilər. Bu üsullar müqavilənin formasını ifadə edir.

29. Hazırkı halda iddiaçının tərəflər arasında bağlanması iddia olunan alqı-satqı müqaviləsinə münasibətdə qanunvericilikdə yazılı forma tələbi nəzərdə tutulmamış, eləcə də tərəflərin həmin müqavilənin yazılı formada bağlanmalı olması barədə razılığa gəlmələri müəyyən edilməmişdir. Şifahi formada bağlana bilən əqdlər isə iradənin şifahi formada ifadə edilməsi ilə yanaşı konklyudent hərəkətlərlə də rəsmiləşdirilə bilər. Odur ki, kollegiya hesab edir ki, hazırkı halda iddiaçının xeyrinə avans ödənişlərin edilməsi, iş üzrə təqdim edilən malların dəyərinin ödənilməsi məqsədilə göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz bildirilməməsi şifahi alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən konklyudent hərəkətlər kimi qiymətləndirilməlidir.

30. Alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi məsələsinə münasibətdə qeyd edilir ki, iddiaçı malların təqdim edilməsi faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələrlə yanaşı mübahisəli alqı-satqı müqaviləsi üzrə daha əvvəlki dövr üçün cavabdehə göndərilmiş elektron qaimələri və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından və ƏDV sub-uçot hesabından çıxarışları məhkəməyə təqdim etmişdir. Göstərilən sübutlar ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə göndərilməklə rəsmiləşdirilməsi ilə bağlı işgüzar münasibət formalaşmışdır.

31. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri ƏDV daxil 457526,92 manat məbləğində olan elektron qaimələrin təqdim edildiyi, cavabdeh tərəfindən isə həmin qaimələr üzrə ƏDV daxil 414.749,44 manat məbləğində ödəniş edildiyi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı həmin qaimələr üzrə qalıq borc məbləği olan ƏDV daxil 42.777,48 manat məbləğində pulun tutulmasını tələb etmək hüququna malikdir.

32. Bununla yanaşı kollegiya cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini gecikdirməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% ilə hesablamaqla cavabdehdən 632,87 manat məbləğində faizlərinin tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. İclasın təxirə salınması barədə vəsatətinin rədd edilməsi, eləcə də cavabdeh tərəfin öz hüquqlarını müdafiə etmək imkanlarının məhdudlaşdırılması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində 14 mart və 19 may 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclaslarında cavabdehin nümayəndəsi və vəkili iştirak etmiş, eləcə də hazırlıq iclası bir dəfə sonuncunun vəsatəti əsasında təxirə salınmışdır. Cavabdehin nümayəndəsi və vəkili baxış iclasının təxirə salınması barədə məhkəməyə ərizə ünvanlasa da, ərizəsinə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməsini təsdiq edən sübutları əlavə etməmiş, məhkəmə həmin ərizəni təmin etməmiş və işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yuxarıda göstərilən hallar ona dəlalət edir ki, cavabdehin işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə araşdırmasında iştirak etmək hüququnun məhkəmə tərəfindən məhdudlaşdırılması barədə cavabdehin dəlilləri əsassızdır.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 2522/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar