Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-874/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kommersiya işi Açar söz: Alqı-satqı (təchizat) müqaviləsi, elektron qaimə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-728/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC (Təchizatçı) və "xxxx" MMC (Sifarişçi) arasında bağlanan 16 may 2022-ci il tarixli 13/22 nömrəli alqı-satqı (təchizat) müqaviləsinin:
2. 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, Sifarişçinin sifarişi əsasında Təchizatçı adı, növü, miqdarı, icra müddəti, təhvil verilmə ünvanı və s. bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd olunan mallar və xidmətlərlə Sifarişçini təchiz etməyi, Sifarişçi isə müqaviləyə uyğun qaydada və şərtlərlə təchiz olunmuş malları və xidmətləri qəbul edərək, əvəzində bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrdə müəyyənləşdirilmiş miqdarda və qaydada pul məbləğini Təchizatçıya ödəməyi öhdəsinə götürür.
3. 1.3-cü bəndinə əsasən, Təchizatçı Sifarişçinin sifarişində qeyd edilən malları/xidmətləri müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavədə göstərilən müddət ərzində Sifarişçiyə Təhvil-Təslim Aktı əsasında təhvil verir. Əgər malların/xidmətlərin təhvil verilməsində gecikmələr olarsa, Təchizatçı Sifarişçiyə bununla bağlı məlumat verir.
4. 2.1.4-cü bəndinə əsasə, Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini və ya onların bir hissəsini icra etmədiyi və ya tam şəkildə icra etmədiyi təqdirdə, bu müqaviləni birtərəfli qaydada ləğv etmək, malların təhvil verilməsindən və xidmətlərin icra edilməsindən imtina etmək, təslim edilmiş malların geri qaytarılmasını icra edilmiş xidmətlərin haqqının ödənilməsini Sifarişçidən tələb etmək, tələb Sifarişçi tərəfindən yerinə yetirilmədikdə isə AR qanunvericiliyinə müvafiq olaraq borcun qaytarılması ilə bağlı bütün lazımi hərəkətləri etmək Təchizatçının hüququdur.
5. 2.1.7. Sifarişçinin ona təhvil verilmiş malların saxlanma və daşınmaz şəraitinə əməl etməsini yoxlamaq məqsədilə istənilən vaxt monitorinqlər həyata keçirmək hüququ vardır.
6. 3.1.1. Sifarişçinin Təchizatçıdan bu müqavilənin şərtlərinə uyğun qaydada malların /xidmətlərin təhvil verilməsini tələb etmək hüququ vardır.
7. 3.2.1. Sifarişçinin Təchizatçı tərəfindən təchiz edilən malları/xidmətləri bu müqavilə və onun Əlavələrində qeyd edilmiş qaydada və müddətdə qəbul etmək, malın alışı, satışı və saxlanması ilə məşğul olmaq hüququ verən bütün zəruri sənədlərə (icazə, lisenziyalar, sertifikatlar, müqavilələr və s.) malik olmaq.
8. 3.2.2.Sifarişçi təchizatçıdan malları və xidmətlərin nəticələrini təhvil alacaq səlahiyyətli nümayəndə barədə məlumatları təchizatçıya rəsmi yazılı qaydada təqdim etməlidir. Həmin məlumatların sifarişçi tərəfindən təchizatçıya təqdim edilmədiyi təqdirdə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində qeyd edilmiş ünvanda təhvil verilmiş mallar sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir.
9. 4.1-ci bəndinə əsasən, Sifarişçi tərəfindən edilmiş mallarln/xidmətlərin qiyməti və ödəniş qayda və şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrlə müəyyən edilir.
10. 4.5-ci bəndinə əsasən, Sifarişçi borcu haqqında məlumat aldıqda yaranan borcu bu məlumatı aldığı gündən 5 gün ərzində ödəməlidir.
11. 5.5. Malın-Xidmətlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlu Mal və Xidmətlər üzrə tələb təhvil-təslim başa çatdığı andan etibarən ən geci 5 təqvim günü ərzində təchizatçıya göndərilməlidir.
12. İddiaçı MMC tərəfindən Zaferoğlu İnşaat” MMC-yə təqdim edilən 16 avqust 2023-cü il tarixli EBDM seriyalı 170187 nömrəli elektron qaimədən görünür ki, ödənilməli olan yekun məbləğ 11040.44 manat təşkil edir.
13. Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 11040,44 manat məbləğində əsas borc, 489,19 manat faiz borcu, 6348 manat müqavilə üzrə cərimə, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 18077,63 manat pul məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. 07 mart 2024-cü il tarixdə İddiaçı “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə “iddia tələbinin azaldılmasına dair” ərizə təqdim edərək 11040,44 manat əsas borc və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 11240.44 manat pul məbləğinin Cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 16 may 2022-ci il tarixli 13/22 nömrəli Müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, Təchizatçı Sifarişçini mallar və xidmətlərlə təchiz etməyi, Sifarişçi isə mallar və xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin şərtlərinin birtərəfli qaydada pozulması nəticəsində "xxxx" MMC nin İddiaçıya ümumilikdə 11040,44 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı qarşı tərəfə dəfələrlə edilmiş şifahi və yazılı müraciətlər müsbət nəticə verməmiş, borc məbləği hazırkı vaxtadək Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bu hal İddiaçının qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq işgüzar fəaliyyətinə mənfi təsir göstərir. İddiaçı tərəfindən yaranmış mübahisəinin mediasiya qaydasında həllinə cəhd göstərilsə də Cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən təşkil edilmiş 09 oktyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasını davam etdirməyə razılıq verməmiş, nəticə etibarı ilə, mübahisənin mediasiya qaydasında həlli baş tutmamışdır. Beləliklə, "xxxx" MMC müqavilə üzrə yaranan borcu ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir.
17. Məhkəmənin 12 mart 2024-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. 01 may 2024-cü il tarixdə "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq qiyabi qətnamənin ləğv edilməsini tələb etmişdir.
18. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə qiyabi qətnamə çıxarılmışdır. Lakin bu qətnamədən 15 aprel 2024-cü il tarixdə məlumatları olmuşdur. Müəssisə ümumiyyətlə qeydiyyata alındığı ünvanda deyil, Bakı şəhəri Xətai rayonunda Babək Plazada fəaliyyət göstərir. Ona görə də qətnamə rəsmi qaydada onlara təqdim edilməmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-728/2024 nömrəli qətnaməsi ilə (hakim İlham Əhmədov) iddianın rədd edilməsi qət edilmişdir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 16 may 2022-ci il tarixdə 13/22 nömrəli Alqı-satqı (Təchizat) müqaviləsi bağlanmışdır. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin və satılmış mallara görə cavabdehin borcunun olub-olmaması işin mübahisəli halını təşkil edir. Hazırda iddiaçı malların veriməsi və xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün məhkəməyə yalnız ƏDV məbləği 1684.13 manat olmaqla 11040 manat dəyərində EBDM seriyalı, 170187 nömrəli 1608.2023-cü il tarixli elektron qaiməni təqdim etmişdir.
21. Məhkəmə iddiaçının 16 may 2022-ci il tarixli müqavilə üzrə 11040.44 manat məbləğində xidmətlərin göstərilməsi və malların verilməsi faktını təsdiq etmək üçün elektron qaimədən əlavə digər sübutları məhkəməyə təqdim etmədiyini, cavabdehin isə xidmətlərin göstərilməsi faktını inkar etdiyini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi faktlar öz təsdiqini tapmadığından cavabdehdən 11040.44 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbi əsassızdır.
22. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a. Apellyasiya şikayətlərinin dəlilləri
23. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-728/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və rüsumların cavabdehə aid edilməsi barədə qətnamə qətnamə edilməsini xahiş etmişdir.
24. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız cavabdehin nümayəndəsinin verdiyi izahata əsaslanmış və İddiaçıya izahatın əksini sübut etmək üçün vaxt tanımayaraq, eyni iclasda yekun qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.4-cü maddəsinə əsasən, Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. İşlə bağlı yeni faktlar aşkar olunmuşdur. Qətnamə çıxana qədər sübutlar əldə edə bilməmişlər. Səbəb olaraq, Cavabdehin məsul şəxsi ilə yazışmaların arxivlənməsi nəticəsində yazışmaların silindiyini düşünürdülər. Təsadüf nəticəsində yazışmaların mobil cihazın yaddaşında qaldığını müəyyən etmişlər. Eyni zamanda, işin mahiyyətini tam şəkildə ortaya qoyan Cavabdehin məsul şəxsi ilə onların əməkdaşlarının telefon əlaqəsi Qətnamə qəbul olunduqdan sonra baş tutmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
26. iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
27. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Əsaslandırıcı hissə
31. Apellyasiya baxışının hədləri
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
33. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-728/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.
36. Həmin qaydaların:
37. 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.
38. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;
39. 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
40. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
41. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10 cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
42. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.
43. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
44. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.
45. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
46. Hazırkı halda məhkəmə iddiaçının 16 may 2022-ci il tarixli müqavilə üzrə 11040.44 manat məbləğində xidmətlərin göstərilməsi və malların verilməsi faktını təsdiq etmək üçün elektron qaimədən əlavə digər sübutları məhkəməyə təqdim etmədiyini, cavabdehin isə xidmətlərin göstərilməsi faktını inkar etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia etdiyi faktlar öz təsdiqini tapmadığından cavabdehdən 11040.44 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbi əsassızdır.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-728/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.