Məhkəmə qərarları › İş №2-2(103)-875/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-875/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-875/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı “X3 Təsərrüfatı” MMC-nin cavabdeh “Team Gubaljecic D.O.O Gradacac-a qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 5435/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı “X3 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı “X3 Təsərrüfatı” MMC (bundan sonra-iddiaçı) cavabdeh “Team Gubaljecic” D.O.O Gradacaca (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53700 ABŞ dolları, 91290 manat borcun, habelə ödənilmiş 363.87 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 5435/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı “X3 Təsərrüfatı” MMC-nin cavabdeh “Team Gubaljecic” D.O.O Gradacac qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçı “X3 Təsərrüfatı” MMC-yə geri qaytarılması, iddia ərizəsi verilərkən ödənilmiş 364 manat dövlət rüsumunun iddiaçı “X3 Təsərrüfatı” MMC-yə qaytarılması, iddiaçı “X3 Təsərrüfatı” MMC-yə izah, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmaması hüququnun izah edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1, 40.2, 45.1, 114.1.3, 152.1.3,443.0.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən və Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının hüquqi ünvanı Şəki rayonu, Cumaykənd kəndidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Şəki - Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə yaranacaq mübahisələrə Azərbaycan Respublikasının Məhkəmələrində baxılması razılaşdırılsa da, iddiaçın hüquqi ünvanı ünvan 2əməsində baxıla bilməz. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5435/2025 saylı, xx.xx.2025-ciil tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsinə istinadən qeyd edilmişdir ki, Geri qaytarma qərardadının müəyyən etdi hissəsində məhkəmə qeyd etmişdir ki, “İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən müqavilənin icrası zamanı yarana biləcək bütün mübahisələrin, fikir ayrılıqları və ya şikayətlər, habelə onun pozulması,xitam verilməsi və ya icra edilməməsi, danışıqlar zamanı sülh yolu ilə həlli mümkün olmadıqda Azərbaycan Respublikasının Məhkəmələrində baxılması razılaşdırılmışdır.” Bundan başqa məhkəmə qərardadında məhkəmə aidiyyatı ilə bağlı 443-cü və 40-cı maddələrinə istinad edilmiş,sonda da iddiaçının hüquqi ünvanı Şəki rayonu, Cumaykənd Kəndidir deyərək iddianı geri qaytarmışdır. Hesab edir ki, geri qaytarma qərardadı tam qanunsuz və əsassızdır. Belə ki, göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə görə mübahisələrə Azərbaycan Respublikasının Məhkəmələrində baxılması razılaşdırılmışdır. Müqavilədə məhkəmə mübahisələrinə iddiaçının qeydiyyatı olduğu yer üzrə baxılması qeyd olunmamışdır. Hal-hazır ki vəziyyətdə işə baxılması iddiaçıya Bakı Kommersiya Məhkəməsində baxılması daha çox əlverişlidir. Hesab edir ki, iddia ərizəsində heç bir aidiyyat qaydaları pozulmamış və iddia ərizəsi qanunvericliyin tələblərinə əsasən tərtib edilmişdir. Nə müqavilədə nə də qanunvericlikdə hazırki vəziyyətdə iddia ərizəsinin iddiaçının olduğu yer üzrə baxıılması nəzərdə tutulmamış və Azərbaycan Respublikasının Məhkəmələrində baxılması razılaşdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5435/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Kommersiya Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə istinadən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, elektron Məhkəmə İnformasiya Sistemindən və Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının sonuncu məlum olan yeri Şəki rayonu, Cumaykənd kəndidir və tərəflər arasında bağlanan müqavilə də Şəkidə bağlanılıb, müqavilədə Azərbaycan Respublikası baxılması ilə bağlı müddəa əks olunsa da, həmin müqavilədə konkret olaraq mübahisə yarandığı halda Bakı Kommersiya Məhgkəməsində baxılması ilə bağlı müəddəa yoxdur. Bundan əlavə iddiaçı iddia ərizəsində də özü işin Şəki Kommersiya Məhkəməsində baxılmalı olmasını qeyd etmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı “X3 Təsərrüfatı” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Rayon Məhkəməsinin 2-2(113)-5435/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar