Məhkəmə qərarları › İş №2-2(103)-876/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-876/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-876/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Qulaməli oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-287/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12530 manat əsas borc, 11342,64 manat cərimə borcu və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.02.2021-ci il tarixli e-2-2(113)-287/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, əsas borc 12530 manat, cərimə 1000 manat olmaqla ümumilikdə 13530 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin dəbbə puluna aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən son dövrlərə kimi bütün ödənişlər vaxtında aparılmışdır. Lakin Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi ilə əlaqədar çətinlikləri yarandığından borcu yaranmışdır. Bu səbəbdən hesab edir ki, cərimənin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Qulaməli oğlu apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız dəbbə pulunun tutulması hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16.11.2018-ci il tarixli 2624-GL/16 saylı lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən ümumi məbləği 18608 manat olan kənd təsərrüfatı texnikaları ilkn dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin həmin müqavilə üzrə dəbbə pulu 11342,64 manat təşkil edir. Birinci instansiya məhkəməsi dəbbə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 11342,64 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10 faizinə yaxın məbləğdə, yəni 1000 manat məbləğində müəyyənləşdirmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər gecikdirilib və cavabdeh özü də həmin halları etiraf edir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə görə də lizinq ödənişləri gecikdirildiyi halda cərimənin hesablanması nəzərdə tutulmuşdur. Bundan başqa Mülki Məcəllənin 467-ci maddəsində cərimənin tamamilə silinməsi deyil, azaldılmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-287/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar