Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-876/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2594/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İG- 07/07/22 saylı 07 iyul 2022 tarixli alqı-satqı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan ƏDV daxil 47183,39 manat pul vəsaitinin və məhkəmə rüsumlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2594/2024 nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 07 iyul 2022 tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 47183 (qırx yeddi min yüz səksən üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 232 (iki yüz otuz iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2594/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin 15000 manat hissəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: nağd şəkildə 15 000 manat pul ödənilmişdir. İş məhkəməyə verilən zaman iddiaçı təkilat bu məbləğin iddiadan çıxılacağına söz versə də bunu hansısa səbəbdən etməmiş və qətnamə ilkin borc məbləği olan 47 183.39 manat çıxarılmışdır. İddiaçı ilə aramızda olan şifahi danışığa görə biz hətda məhkəmə proseslərinə belə getmədik. Lakin sonradn qətnamə bizə təqdim ediləndə borcun artıq tutulduğunu gördük. Məhkəmə Kollegiyasının nəzərinə çatdırırıq ki, Məhkəməni borc məbləğinə dair gəldiyi nəticə işin faktiki halına uyğun deyilidr. Belə ki, tərəfimizdən 15000 manat ödəniş edilsədə iddiaçı bu barədə məlumatı qəsdən məhkəməyə bildirməmişdir. Bu hal isə obyektiv səbəbdən araşdırılmamışdır. Tələb edilıən 47183.39 manat borcun 15000 manat hissəsinin ödənilməsinə dair fakt araşdırılmadığı üçün borc məbləğimiz yüksək müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi borcun məbləğinin müəyyən edilməsinə dair iş üçün əhəmiyyətli olan əsas halı sübut etməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi iddiaçının 15000 manatın ödənilməsinə dair halı məhkəməyə bildirməməsi Kommersiya məhkəməsinin müəyyən etdiyi iş üçün əhəmiyyəti olan halın sübut edilməməsinə səbəb olmuşdur. Bu isə cavabdeh olaraq bizim səhvimiz deyildir. Mülki dövriyyənin bütün iştirakçıları vicdanlılıq əsasında hərəkət etməlidir. Biz cavabdeh olaraq borcumuzu etiraf edirik lakin borc məbləğinin 47183.39 manat olmadığını nəzərinizə çatdırırıq. Bu hal isə dəqiq araşdırılmalı və borcun məbləği 32183.39 manat kimi müəyyən edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır.
15. 10 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 07 iyul 2022-ci il tarixli İG07/07/22 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 897955 nömrəli, 365623 nömrəli, 809905 nömrəli, 435453 nömrəli, 025151 nömrəli, 438471 nömrəli, 781177 nömrəli elektron qaimə-fakturalar əsasında ƏDV daxil olmaqla qalıq borcu 47183,39 manat olmuşdur.
16. EBCİ seriyalı, 897955 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6862 manat, EBCK seriyalı, 365623 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5561,05 manat, EBCK seriyalı, 809905 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4980,78 manat, EBCL seriyalı, 435453 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaiməyə əsasən 4481,05 manat, EBCM seriyalı, 025151 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5144,98manat, EBDF seriyalı, 438471 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 20321,42 manat, EBDH seriyalı, 781177 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2040,22 manat dəyərində müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
17. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
18. Cavabdeh apellyasiya şikayətində borcu qismən qəbul etmişdir. Belə ki, cavabdehin 15 000 manat nağd qaydada iddiaçıya ödəniş etdiyini, 32183 (otuz iki min yüz səksən üç) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun müəyyən edilməsini qeyd etmişdir. İddiaçı təqdim etdiyi ərizə ilə bu halı təsdiq etmiş və iddianın Cavabdeh MMC-dən 07 iyul 2022 tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 32183 (otuz iki min yüz səksən üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaitinin tutulmasına etiraz etmədiyini ərizədə və əvvəlki iclasda verdiyi izahatda bildirmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehdən tələb etdiyi pulun 15000 manat hissəsini apellyasiya icraatı zamanı tələb etmir, ödənildiyini etiraf edir, həmin hissədə iddianın rədd edilməsinə etiraz etmir. Həmçinin cavabdeh 32183 (otuz iki min yüz səksən üç) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun olmasını etiraf edir.
21. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən edilməli, cavabdehin iddiaçı qarşısında borc məbləği 32183 (otuz iki min yüz səksən üç) manat 39 (otuz doqquz) qəpik müəyyən edilməli və həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2594/2024 nömrəli qiyabi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 07 iyul 2022 tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 32.183,39 (otuz iki min yüz səksən) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 232 (iki yüz otuz iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.