Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-877/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Açar söz: lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-881/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları .İş materiallarında olan 13 may 2013-cü il tarixli, 479-L/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən müvafiq texnikaların ümumi dəyərindən 3760 manat əvvəlcədən, qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X3 verilməsi nəzərdə tutulmuşdur. 2.Lizinq müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, 3760 manat ilkin ödəniş nəzərə alınmadan lizinq alan tərəfindən 2020-ci ilin ikinci rübünə kimi 33840 manat lizinq ödənişi həyata keçirilməli idi. xx.xx.2013-cü il tarixli aktdan görünür ki, lizinqə verilmiş 3 ədəd texnika cavabdehə təhvil verilmişdir. 3.09 iyun 2021-ci il tarixli maliyyə arayışında lizinq müqaviləsinin ümumi məbləğinin 37600, lizinq alan X2 gecikdirilmiş əsas borcunun 31840 manat, hesablanmış cərimə borcunun 54568,90 manat, cəmi 86408,9 manat borcunun olması qeyd olunmuşdur.
4. Lizinq müqaviləsinin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
5. Lizinq müqaviləsinin 8-ci bəndində nəzərdə tutulur ki, tərəflər razılığa gələ bilmədikdə müqaviləni yerinə yetirilə bilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları lizinq verənin olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalı və həll edilməlidir. Müqavilənin qeyd edilən bəndinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xx.xx.2021-ci il tarixdə pretenziya göndərilmiş, borc ödənilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. 27 dekabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı ilə hüquqi xidmət müqaviləsi bağlamış "xxxx" MMC tərəfindən Xırdalan Şəhər Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat 7.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 may 2013-cü il tarixli, 479-L/13 nömrəli müqavilə üzrə 31840 manat gecikdirilmiş əsas borc, 54568,9 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, ümumilikdə 86758,90 manat məbləğində pul vəsaitinin X1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə X4 arasında bağlanmış 13 may 2013-cü il tarixli, 479-L/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 09 iyun 2021-ci il tarixə 13 may 2013-cü il tarixli, 479-L/13 nömrəli müqavilə üzrə 31840 manat gecikdirilmiş əsas borcu yaranmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2-2(113)-881/2022 nömrəli qərardadına əsasən cavabdehin lizinq müqaviləsi üzrə əsas və cərimə borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
10. Məhkəmə-mühasibatlıq ekspertizasının 13 may 2022-il il tarixli, 9/2533 №-li rəyində qeyd olunmuşdur ki, 09 iyun 2021-ci il tarixə 13 may 2013-cü il tarixli, 479-L/13 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin borcu əsas borc üzrə 31840 manat, cərimə borcu üzrə 54568,9 manat məbləğində müəyyən olunmuşdur. 11.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-881/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımova) iddia qismən təmin edilərək 13 may 2021-ci il tarixli, 479-L/13 nömrəli müqavilə üzrə 31840 manat gecikdirilmiş əsas borcun və 1500 manat cərimə olmaqla, ümumilikdə 33340 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. 12.Məhkəmə 31840 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 54568,9 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən dəbbə pulunun məbləği azaldılmaqla 1500 manat məbləğində müəyyən edilməlidir. 13.Məhkəmə MPM-nin 119, 121-ci maddələrinə istinad etməklə hüquqi yardıma görə cavabdehdən 250 manat xərc tutmuşdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli e-2-2(113)-881/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və nəticədə maddi və prosesual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Belə ki, lizinqə verilən texnikalara 40 faiz dövlət güzəşti tətbiq edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı ilə “kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında əsasnamə”nin 12.2-ci bəndinə əsasən aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı təsdiq edilmişdir. Həmin siyahıda traktorlar da yer almışdır. İş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə baxmayaraq, ekspert rəyində cavabdehin ödədiyi məbləğlər öz əksini tapmamış, ekspertizanın keçirilməsində cavabdehin iştirakı təmin edilməmiş, ödənilən məbləğlər düzgün hesablanmamışdır. Məhkəmə gəldiyi nəticələrə iddiaçı tərəfin izahatlarından müəyyən olunmuş hallar üzrə gəlmişdir. MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxalnılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Eyni zamanda MPM-nin 14.2, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuş, məhkəmə iclasında iştirakı təmin edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 18.Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
19. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -217.3-cü maddə-qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 20.Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Lakin məhkəmə tərəfindən yol verilmiş maddi və prosessual pozuntulara görə qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-881/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, məhkəmə MPM-nin tələblərini pozaraq məhkəmə iclaslarında cavabdehin iştirakını təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin həm elektron kabinetinə, həm də yaşayış yeri üzrə qeydiyyatda olduğu Quba rayonu, 2-ci Nügədi kəndinə məhkəmə iclasları barədə kağız daşıyıcıda bildirişlər göndərilmiş, iş materiallarının 7-ci, 13-cü, 20-ci, 55-ci vərəqlərinə əlavə edilmiş xəbərnamələrdən və AVİS sistemi vasitəsilə göndərilən sənəd barədə məlumatdan görünür ki, bildirişlər cavabdehə çatmış, hətta cavabdeh məhkəməyə vəsatət göndərərək iş üzrə ekspetiza təyin edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən müəyyən olunur ki, apellyasiya şikayətində qeyd edilənlər həqiqətə uyğun deyil.
23. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, məhkəmə mühasibalıq ekspertizası yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında həyata keçirilmiş, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmamışdır.
24. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd edilir ki, cavabdeh qrafik üzrə cəmi 2000 manat ödəniş həyata keçirmişdir.
25. MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaya etirazının əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh lizinq müqaviləsi üzrə ödənişlərin iddiaçının bildirdiyi məbləğdən çox olması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, eyni zamanda ödənişlərlə bağlı sənədlər apellyasiya şikayətinə də əlavə edilmədiyindən məhkəmə iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir və hesab edir ki, cavabdehin apellyasiya şikayəti hər hansı sübuta əsaslanmayan formal mülahizələrdən ibarətdir.
26. Öhdəliyin icrası gecikdirildiyi üçün cavabdehdən lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən cərimə tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual pozunuya yol verildiyi müəyyən edilmir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-881/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-881/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.