Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-877/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1644/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “X4” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 276.601,86 manat məbləğində borcun, 400 manat mediasiya xərcinin və 166 manat tutularaq “X4” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-e-2-2(113)-1644/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tərəflərin izahatları
4. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 icraata xitam verilməsi barədə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.
5. İddiaçı elektron kabinet vasitəsilə ərizə göndərərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbindən imtinanın qəbul edilərək, iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
Məhkəmənin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır.
8. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçı iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
9. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə kommersiya mübahisəsi üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
10. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı “X4” MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçının öz iddiasından imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1644/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.