Məhkəmə qərarları › İş №2-2(103)-88/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-88/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-88/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-374/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli 07-LA/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 1.950.700 manat olan kompleks istixana avadanlığını satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 10 il müddətinə lizinq alana lizinqə vermişdir.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 07-LA/16 nömrəli müqavilə üzrə 611506 manat gecikdirilmiş əsas borc və hesablanmış 298501,36 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 910357,36 (doqquz yüz on min üç yüz əlli yeddi manat 36 qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 07-LA/16 nömrəli müqavilə üzrə 611506 manat gecikdirilmiş əsas borc və hesablanmış 298501,36 manat cərimə borcu yaranmışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-374/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 611506 manat, cərimə borcu üzrə 30000 manat olmaqla cəmi, 641506 (altı yüz qırx bir min beş yüz altı) manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istixanada tərəfindən kənd təsərrüfatı məhsulu (pomidor) yetişdirilərək yerli sahibkarlar tərəfindən ölkə xaricində satışa çıxarılırdı. Lakin pandemiya nəticəsində kənd təsərrüfatı məhsulları ölkə sərhədlərindən kənara çıxarıla bilməmiş, hətta məhsullar sərhəddə saxlanılmışdır. Baş vermiş fors major halından sonra ödənişləri tam həyata keçirilə bilməmişdir. Lakin hər ay müəyyən məbləğdə pul ödənilmişdir. Bütün bunlar öhdəliyin icrasından qərəzli olaraq yayınmadığını təsdiqləyir. Məhkəmə isə bu halları nəzərə almamışdır. Bundan başqa apellyasiya şikayətinə əlavə edilmiş ərizədən də göründüyü kimi 15 fevral 2020-ci il tarixdə tərəfindən "xxxx" ASC-nin idarə heyətinin sədrinə ərizə ilə müraciət edilmişdir. Həmin ərizədə müəyyən səbəblərdən yeni qrafik əsasında ödənişlərin həyata keçirilməsi xahiş edilmişdir. Müqavilə şərtlərindən də göründüyü kimi müqavilənin icrası qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə təxirə salına bilər. Ölkə sərhədlərinin bağlı olması, sərt karantin rejimi nəticəsində maddi çətinliklərin yaranması öhdəliklərin tam icrasına maneə yaratmışdır. Buna görə də, məhkəmə tərəfindən əsas borcla yanaşı 30000 manat məbləğində cərimə borcunun ondan tutularaq iddiaçının xeyrinə ödənilməsinin qət edilməsi qanunvericiliyin tələblərinə ziddir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz etdi.

11. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

18. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

19. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.

20. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

21. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli maliyyə arayışı və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə cavabdehin ödənişləri, gecikdirilən məbləğlər və gecikmə günlərinin sayı əks olunmuşdur) ilə təsdiq olunur ki, lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 611506 manat təşkil edir.

22. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə 611506 manat məbləğində əsas borcu vardır.

23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.

24. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

25. İşin hallarını, yəni əsas borcun məbləğini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və mövcüd məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 30.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

26. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120 saylı qərarında kənd təsərrüfatı sahəsinə, habelə dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsinə aid fəaliyyətlər qadağan edilməmişdir. Dəbbə puluna dair isə qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsi tənasübsüz surətdə yüksək olan dəbbə pulunun tam silinməsi deyil, azaldılması imkanını nəzərdə tutmuşdur ki, hazırki işdə məhkəmə tərəfindən həmin məbləğ kifayət qədər azaldılmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya müraciət edilməsi mübahisənin həllinə təsir etmir. Həmçinin kollegiya izah edir ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-374/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar