Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-882/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2467/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 517.674,04 manat məbləğində borcun, 807 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2467/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 507.674,06 (beş yüz yeddi min altı yüz yetmiş dörd manat, altı qəpik) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 807 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2467/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən otel rezervasiyalarının sifarişlərinə dair müraciətlərin əksəriyyəti pandemiya dövrünə təsadüf etmiş və ölkə ərazisində xüsusi karantin rejimi mövcud olduğu üçün faktiki olaraq istifadə olunmamışdır. İddiaçının təqdim etdiyi 03 iyun 2024-cü il tarixli maliyyə arayışından da aydın olur ki, borc məbləğinin 187186,75 manatı 2020-ci ilə aiddir. Bu da pandemiya dövrünü əhatə edir. Məhkəmə prosesinin ilkin vaxtlarında məhkəmə bildirişləri cavabdehə çatmamış və buna görə də iddia ərizəsinə dair Mülahizə, Etiraz və Sübutları məhkəməyə təqdim edə bilməmişdir. Faktiki olaraq məhkəmədə tərəflərin çəkişmə prinsipi təmin olunmamış və məhkəmə prosesi birtərəfli qaydada aparılmışdır.
5. Apellyasiya şikayətinə verilmiş əlavə belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının təqdim etdiyi akta əsaslanmışdır. Halbuki həmin aktı heç bir sənədlə möhkəmləndirilməmişdir. Məhkəmə ekspert və ya mütəxəssis cəlb etməmişdir. Məhkəmə göründüyü kimi birtərəfli araşdırma aparmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
16. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cü il tarixli topdan satış tarif müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən müqaviləyə daxil olan bütün tariflər 18% məbləğində ƏDV və bir gecəyə bir nəfər üçün 0.65 ABŞ dolları məbləğində bələdiyyə vergisi nəzərə alınmadan tətbiq olunacaqdır. Hökümət tətbiq edilən vergi tutumu ilə bağlı hər hansı dəyişiklik olduqda, otel qüvvəyə minən yeni vergi tutumunu dərhal tətbiq etmək hüququnu özündə saxlayır. Müqavilənin 5.1-ci bəndinə əsasən yerləşdirmə haqları şirkət tərəfindən nağd, kredit kartı və ya bank köçürməsi yolu ilə ödəniləcək. Müqavilənin 5.2-ci bənidnə əsasən tərəflər qarşılıqlı öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnələrinə uyğun olaraq “Məzənnələr” bəndinə göstərilən məbləğdə manat ekvivalentində olduğunu və ödəniş tarixində mövcud olan məzənnəyə uyğun ödəniləcəyini təsdiqləyirlər. Lakin göstərilən xidmətlərin müqabilində qarşılıqlı üzləşmə aktı ilə borc məbləği cavabdeh tərəfindən təsdiq edilsə də, həmin aktdan sonra cəmi 10.000 manat ödəniş edilmiş, qalan xidmət haqqı məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.
24. İddiaçı müqavilə, akt, maildən çıxarış və digər sübutlar təqdim etmişdir. xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdimrə aktına əsasən Cavabdeh MMC xx.xx.2021-ci il tarixə İddiaçı MMC-yə cəmi 517.674,04 manat borcu olmasını imza və möhürü ilə təsdiq edilmişdir. Borc rezervasiya edilmiş hotel nömrələrinə görə yaranmışdır.
25. Cavabdeh apellyasiya şikayətində pandemiyanı əsas gətirərək onsuz da hotelin işləməyinə məhdudiyyət qoyulduğunu əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.
26. Cavabdeh şikayətə əlavədə qeyd edilən aktı mübahisələndirərək əsassız hesab etmişdir. Lakin məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsi nəticəsində cavabdeh tərəfindən müqavilə üzrə borcun olmasını təsdiq edən tərəflər arasında qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir və həmin üzləşmə aktında göstərilən məbləğdən 10.000 manat ödəniş edilmişdir.
27. Cavabdeh üzləşdirmə aktını imza və möhürü ilə təsdiq etmişdir, əlavə olaraq orda qeyd edilən məbləği qismən ödəmişdir. Cavabdehin bu hərəkətləri iddianın əsaslı olmasını göstərir. Cavabdeh aktın mötəbərliliyini şübhə altına alsa da, mövqeyini əsaslandırmamışdır.
28. Məhkəmə cavabdehə bildiriş göndərmiş, əlavə olaraq sms bildiriş də göndərmişdir. Məhkəmə tərəfi iclas barədə məlumatlandırma vəzifəsini yerinə yetirmişdir.
29. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2467/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.