Məhkəmə qərarları › İş №2-2(103)-884/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-884/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-884/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Şirinovun sədrliyi və məruzəsi ilə, X17 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2679/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli № 2323/20M nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.

2. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 19.373,77 manat məbləğində əsas borc, 3.874,72 manat məbləğində dəbbə pulu, 160 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2679/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 19373.77 (on doqquz min üç yüz yetmiş üç manat yetmiş yeddi qəpik) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində cərimə borcu, 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin etirazının müavilənin etibarsız olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması və tərəflər arasında mövcud müqavilənin cavabdeh tərəfindən bəyənilməsi, həmin müqavilə üzrə mütəmədailaraq iddiaçı tərəfindən mallar alınması lə, həmçinin təhvil verilmiş təhvil verilən mallar üzrə cavabdeh tərəfindöən mütəmadi olaraq ödənişlər edilməsi və s hallarla öz təsdiqini tapır. Cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 19.373,77 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdehin direktoru tərəfindən tam etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh "xxxx" MMCdən 19.373,77 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 400 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.

6. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2679/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə nə o, nə də müqavilə imzalanarkən "xxxx" MMC-nin direktoru olmuş, X8 tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi 26 oktyabr 2020-ci il tarixdə bağlanmışdır. Həmin tarixdə cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi (direktoru) atam X8 olmuşdur. Təqdim olunmuş müqavilədən isə görünür ki, müqaviləni X8 deyil, anası X3 imzalamışdır. Belə ki, müqavilənin sonuncu səhifəsində X3 diyircəkli qələmlə “26 oktyabr 2020-ci il tarixdən müqavilə X8 imzalamadığı üçün mən hal - hazırkı rəhbər X3 öz imzamla təsdiq edirəm” yazaraq imzalamışdır. Bu ifadələr açıq - aydın təqsiq edir ki, müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclası dövründə iddiaçının nümayəndəsi G.M.İbrahimovanın adına etibarnamənin olduğunu bildirmiş, tərəflərindən isə həmin etibarnamənin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Burada artıq sübut etmə yükü iddiaçının üzərinə düşdüyü üçün onu məhkəməyə təqdim etməli idi. Lakin iş materiallannan da göründüyü kimi iddiaçı belə bir etibarnaməni təqdim etməmişdir. Məhkəməyə etiraz təqdim edərkən, konkret sübutları məhkəməyə təqdim etməklə, Cəmiyyətin həmin vaxt qanuni təmsilçisi olan X4 xx.xx.2021- ci il tarixdə vəfat etdiyi, məhz bundan sonra miras əmlaka paylarən əldə edilməsinə dair şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 52 saylı notairat ofisinə müraciətin olunduğu, zamanda vərəsəlik müəyyən olunanadək miras əmlakın idarə olunması ilə bağlı qərar verilməsinin notariusdan xahiş edildiyi bildirilmişdir. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli qərar verilərək, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X16 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti idarə edilməsi məqədilə mərhumun arvadı X5 əmlak inzibatçısı təyin edilmişdir. Daha sonra, yəni 07 yanvar 2022-ci ildə isə vərəsəlik işi yekunlaşmış və həmin tarixdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Göründüyü kimi müqavilə imzalandığı vaxt, yəni 26 oktyabr 2020-ci ildə X1 olmuş və X3 həmin hüquqi şəxsə xx.xx.2021-ci il tarixdə əmlak idarəçisi (inzibatiçısı) təyin edildikdən sonra rəhbərik etməyə başlamışdır. Bütün bu qeyd edilənlər onu göstərir ki, 26 oktyabr 2020-ci il tarixli müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalandığı üçün əhəmiyyətsiz əqddir və buna görə də bağlandığı andan etibarsızdır. İkinci əsas bundan ibarətdir ki, onlar malların təhvil verilməsi ilə bağlı nə təhvil aktı nə də üzləşmə aktı imzalamamışdır. Aktı imzalayan şəxsin kimliyi onlara bəlli deyil. Direktorun heç bir etirafi yoxdur. Məhkəmə isə qətnamədə "xxxx" MMC-nin direktorunun İddiaçı MMC-dən mal aldığlnı etiraf etdiyini bildirmişdir. Bu məlumat necə və hardan qaynalandığını biz bilmirik. Məhkəmənin bu qənaətə gəlməsinin səbəbi bizə məlum deyil. Etiraf o halda ola bilərdi ki, bu ya kağız daşıyıcıda ya elektron daşıyıcıda etiraf edilmiş, iradə bildirilmiş olsun. Odur ki, məhkəmənin gəldiyi qənaət tamamilə qanunsuz və əsasızdır və hüquqi həqitədən uzaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir

19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir .Belə ki,iddiaçı tərədindən cavabdehə EBDZ 133113 nömrəli xx.xx.2024-cü il tarixli 6173.67 manat,EBEB 528610 nömrəli xx.xx.2024cü il tarixli 6078.62 manat, EBEA 762879 nömrəli xx.xx.2024-cü il tarixli 5868.01 manat, EBEA 754794 nömrəli xx.xx.2024-cü il tarixli 5435.25 manat, EBDZ 185825 nömrəli xx.xx.2024-cü il tarixli 7522.22 manat,EBEA 289928 nömrəli xx.xx.2024-cü il tarixli 6278.57 manat məbləğində elektron qaimələr göndərilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 6078.62 manat dəyərində, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 6173.67 manat ,13.xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 5435.25 manat, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 6278.57 manat, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 5868.01 manat xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 7522.22 manat dəyərində mallar İddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

27. Cavabdeh tərəfindən təhvil verilən malların dəyərinə münasibətdə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin hesabına 5231.92 manat xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasə 3374.76 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 847.46 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, 4500 manat köçürülmüşdür.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalandığından əhəmiyyətsiz əqd olduğu qeyd olunsada, cavabdeh "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmuş, yəni alınan malların dəyəri qismən ödənilmişdir. Həmçinin iddiaçı tərəfidən göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq olunmuş, ödəniş tapşırıqlarına əsasən e-qaimələrə əsasən ödənilşlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən müqavilə etibarsız (səlahiyyəti olmayan şəxs tərəfindən izalanmış) hesab olunsa idi tərəflərindən eqaimələr mübahisələndirilməli, e-qaimələrin hansı müqavilə üzrə göndərilməsi sual doğurmalı və tərəflərindən araşdırılmalı idi. Cavabdeh qaimələri isə mübahisələndirməmiş əksinə ödənişlər həyata keçirmişdir. Bu hal cavabdeh MMC tərəfindən müqavilənin bəyənilməsi kimi qiymətləndirilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Konsitutsiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına əsasən, mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir

30. AR Mülki Məcəlləsinin 360-cı maddəisnə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2.-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

31. Kollegiya apellyasiya şikayətinin direktor tərəfindən etiraf olunmaması dəlilinə münasibtədə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh "xxxx" MMC-nin direktoru X9 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək, sədrlik edənin sualına cavab olaraq tərəflər arasında alqı-satqı müqaviləsinin, elektron qaimələrin olduğunu, şərti olaraq mal mübadiləsinin olduğunu qəbul etsələr, onların sadəcə malların dəyərini ödəmək öhdəliyi olduğunu, cavabdehlə danışdığını, ödəniş etmək üçün vaxt istədiyini bildirmişdir.Cavabdehin səlahiyyətli nümayəndəsi qeyd olunan izahatla razılaşmadığı təqdirdə tərəfindən məhkəmə iclas protokoluna hər hansı qeyd verilələrk etiraz oluna bilərdi.Lakin heç bir münasibət bildirilməmişdir. Göründüyü kimi cavabdehin dəlilləri əsassızdır.

32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2679/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar