Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-885/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-794/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17 may 2017-ci il tarixli alqı-satqı və xidmət müqavilələrinə əsasən yaranmış 26.084 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli e-2-2(113)-794/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 17.05.2017-ci il tarixli XM002 saylı Xidmət Müqaviləsi üzrə 4157,53 manat (dörd min yüz əlli yeddi manat, əlli üç qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 17 may 2017-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı İddiaçı alıcı Cavabdeh MMC-yə müqaviləyə əlavədə göstərilən mal-material dəyərlərini satmağı, alıcı isə həmin malları qəbul edib, razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə malların dəyərinin bir qismini ona ödəsə də, 21.927 manat məbləğində pul vəsaiti bu günə qədər ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, alqı-satqı müqaviləsi üzrə malın təhviltəslim aktları saxtadır və cavabdehə təqdim edilməyib. Həmçinin malın alınması ilə bağlı olaraq elektron hesab-fakturalar cavabdehə göndərilməyib. Bundan başqa iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, tərəflər arasında malların alqı-satqısı ilə bağlı müqavilə bağlansa da, iddiaçı müqavilə üzrə nəzərdə tutulan malları cavabdehə təhvil verilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi aktlar isə həmin halları təsdiq edən sübut qismində qismətləndirilə bilməz. Belə ki, həmin aktlar İddiaçı malların alınması ilə bağlı deyil, layihə üzrə xərclərin çəkilməsi ilə bağlı tərtib edilmiş, bundan əlavə həmin aktlarda göstərilən xərclərin kim tərəfindən çəkilməsi də aydın göstərilməmişdir. İddiaçı tərəfindən hazırki apelyasiya baxışı zamanı təqdim edilmiş Xudaverdi Xudayev, Kənan Orucov, Pərvin Məmmədov, Rahib Quliyev, Zaur Bəşirov tərəfindən verilmiş ərizələr isə iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı həmin sənədləri təqdim etməmişdir. Apellyasiya icraatında həmin sənədlərə istinad olunması isə Mülki Prosessual Məcəllənin 371-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində təqdim olunmuş sübutlara əsaslanır. Həmçinin kollegiya qeyd edir ki, həmin sənədlər qəbul edilsə belə, sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin ərizələrdə göstərilən şəxslər çəkişmə prinsipinə riayət edilməklə şahid qismində dindirilməmişlər. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidir. Habelə iddia əsassız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-794/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-885/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-885/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver