Məhkəmə qərarları › İş №2-2(103)-889/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-889/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-889/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1664/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı İB Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC (Nərimanov rayon Sukanal İdarəsi) tərəfindən 090683 abonent kodu üzrə əsasız olaraq hesablanmış 17565,33 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.05.2021-ci il tarixli e-2-2(113)-1664/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı İB Bakı Regional Qaz İstismarı Departamentinə (BRQİD) 090683 abonent kodu üzrə hesablanmış 16043,45 manat məbləğində borcun silinməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı İB-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verilsə də, mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi ilə əvvəllər İddiaçı İB X5 Sahəsi arasında müqavilələr olmuş, sonradan 10 noyabr 2015-ci il tarixindən Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılmışdır. Sonuncu müqavilə Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi ilə İddiaçı İB arasında 05.01.2021-ci il tarixdə bağlanmışdır. İddiaçı bildirir ki, həmin müqavilə şərtlərinə əsasən BRQİD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında 12.01.2021-ci il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2021-ci illər ərzində Birlik tərəfindən Nərimanov rayonu üzrə TİX-nin su sərfiyyatına görə Cavabdeh ASC-yə 12164,39 manat ödənilmişdir. Həmin dövr ərzində 12164,39 manat dəyərində sudan istifadə edilmişdir. Nərimanov rayon Sukanal İdarəsi əsassız olaraq üzləşmə aktlarında və hesablarında Nərimanov rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 17565,33 manat borcu olduğu qeyd etmişdir. Borc əsasız olduğundan həmin üzləşmə aktları qəbul edilməmişdir. Ödənişlərin olunmasına baxmayaraq Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə Abonent Saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq, bu cür borc məbləğinin yaranmasını tamamilə qanunsuzdur. Cavabdeh iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Abonent haqqında məlumat, Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi tərəfindən təqdim edilmiş ödənilməyən borc məbləğinin fakturalar üzrə məlumat vərəqi və ödənişin və borc məbləğini əks etdirən cədvəldən görünür ki, hesablanmış borc məbləğləri 1998-2020-ci il tarixləri əhatə edir. Kollegiya qeyd edir ki, həmin borcların “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın tələbləri pozulmaqla əsassız hesablanması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyil. Bununla yanaşı, kollegiya hesab edir ki, abonent tərəfindən su istehlakına görə ödənilən məbləğlər vaxtaşırı ödənişlər hesab edildiyinə görə Mülki Məcəllənin 551-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin maddənin tələblərinə görə isə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (maddə 551.2, 551.2.1). Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsi verildiyi tarixdən (01.03.2021) əvvəlki 5 il üçün hesablanmış borc çıxılmalı və ondan əvvəlki illərə aid hesablanmış borc məbləği silinməlidir. Belə ki, təqdim edilmiş abonent haqqında məlumat, ödənişin və borc məbləğini əks etdirən cədvəl və Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi tərəfindən təqdim edilmiş ödənilməyən borc məbləğinin fakturalar üzrə məlumat vərəqindən müəyyən edilir ki, silinməsi tələb olunan borc məbləğindən 11241,25 manat borc 01.01.2016-ci il tarixinədək olan qalıq borcdur və 2016-cı ilin yanvar ayı üçün 4802,2 manat borc 174 manat borc hesablanmışdır. Beləliklə, 2016-cı ilin yanvar ayı üçün hesablanmış 4802,2 manat borc da daxil olmaqla, ondan əvvəlki tarixdə qalıq borc kimi göstərilmiş 11241,25 manat, cəmi 16043,45 manat məbləğində hesablanmış borc üzrə tələb etmə müddəti keçdiyinə görə Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən həmin məbləğdə borc silinməlidir. İddia ərizəsi verildiyi tarixdən əvvəlki 5 il üçün hesablanmış 1521,88 (17565,33 – 16043,45 = 1521,88) manat borcun tutulması hissəsində isə iddia əsassızdır. Belə ki, həmin məbləğdə borc 2016-cı ilin mart ayından sonrakı tarixə yaranmış borcdur, həmin borcun silinməsi üçün hər hansı əsaslar mövcud deyil və həmin borclar üzrə Mülki Məcəllənin 551.2.1-ci maddəsində müəyyən edilən müddət də keçməyib. Həmçinin kollegiya iddiaçı tərəfindən verilən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda qeyd olunan ərizə cavabdeh tərəfindən təqdim edildiyi halda qəbul edilə və ona qiymət verilə bilər. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçının bu qaydada, yəni elektron qaydada göndərdiyi iddia ərizəsində isə cavabdeh kimi Nərimanov rayon Sukanal İdarəsi deyil, Cavabdeh ASC göstərilmişdir. Ona görə də, iddianın əsl olmayan cavabdehə qarşı irəli sürülməsi barədə dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi də bu əsasa görə cavabdeh tərəfindən verilmiş əsl olmayan cavabdehin əvəz edilməsi barədə vəsatəti rədd etmişdir. İddiaçı tərəfindən mütəmadi ödənişlərin həyata keçirilməsi və bu səbəbə görə Mülki Məcəllənin 553.1.1-ci maddəsinə əsasən müddətin axımının kəsilməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından müəyyən edilir ki, 01.01.2016-ci il tarixədək olan qalıq borc 11241,25 manat və 2016-cı ilin yanvar ayı üçün borc 4802,2 manat, cəmi borc 16043,45 manat təşkil edir. 2016-cı ilin mart-dekabr ayları üzrə müvafiq olaraq 435,5, 417,3, 274,3, 862, 636, 424, 428, 854, 208, 288,02 manat, cəmi 4827,12 manat, 2017-ci il üzrə 1582 manat, 2018-ci il üzrə 2584 manat, 2019-cu il üzrə 2586 manat, 2020-ci il üzrə 1486 manat, cəmi həmin illər üzrə 13047,12 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda iddiaçı tərəfindən 2016-cı ildə 3132,41 manat, 2017-ci ildə 961,72 manat, 2018ci ildə 3555,73 manat, 2019-cu ildə 3698,45 manat, 2020-ci ildə 1243,98 manat, cəmi isə 12592,29 manat ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi verildiyi tarixdən əvvəl 5 il ərzində aparılmış ödənişlərin cəmi (12592,29 manat) həmin müddət üçün hesablanmış cəmi borc məbləğindən (13047,12 manat) azdır. Bu isə o anlama gəlir ki, həmin ödənişlər 2016-cı ilin mart ayından əvvəl yaranmış borclara aid edilə bilməz və ona görə də, həmin dövr üçün hesablanmış borc üzrə Mülki Məcəllənin 553.1.1-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1664/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar