Məhkəmə qərarları › İş №2-2(103)-89/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-89/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-89/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi Cavabdeh3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)564/2018 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” Şirkəti Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 185001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2- 2(82)564/2018 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(103)-137/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. İddiaçı “İddiaçı” Şirkəti həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(103)-422/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(103)-137/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İkinci apellyasiya icraatı zamanı “X9” şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(103)-62/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. İddiaçı “İddiaçı” Şirkəti həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-270/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(103)-62/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Cavabdeh3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili X5 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, tərəflər arasında malların göndərilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı şirkəti tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş mallara görə Cavabdeh2 MMC-nin 185001,41 avro məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə və danışıqlar aparılmasına baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən müqavilənin predmetini İddiaçı şirkəti tərəfindən istehsal olunan “GAME”, "BPT”, “Domino Led” əmtəə nişanlı malların müqaviləyə uyğun olaraq Cavabdeh2 MMC-yə satılması təşkil edir. Müqaviləyə əsasən “Cavabdeh2" MMC almağı və İddiaçı şirkəti tərəfindən göndərilən malın Azərbaycan Respublikası ərazisində olan müştərilərə satmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hesab-faktura, yol-nəqliyyat, CMR sənədlər Cavabdeh2 MMC şirkəti adına hazırlansa da, onların nəql edilməsi İtaliyanın Triyest şəhərinin NUOVO dayanacağında bitir. Bu malın son olaraq Azərbaycan Respublikası sərhədindən keçərək, Cavabdeh2 MMC şirkəti tərəfindən qəbul edilməsinə dair sübut və dəlil təqdim edilməyib. Tərəflər arasında bağlanan müqavilənin 4.3-cü bəndində qeyd olunur ki, Şirkət müştərinin tapşırığı ilə onun adından daşınma yolunu və həmçinin daşıyıcını müəyyən edir. Belə olan halda iddiaçı MMC adından verilən uyğun rəsmi tapşırığı məhkəməyə təqdim etməli idi. Müqavilənin mülkiyyət hüququna dair 10-cu bəndində göstərilir ki, razılaşmaya müvafiq olaraq kimin sərəncamında olmasına baxmayaraq, alınmış mallar müştəri onların qiymətini tam ödəməyincə Şirkətin mülkiyyətində qalır. Bu da bir daha sübut edir ki, dəyəri Cavabdeh2 MMC tərəfindən ödənilməyən, alınmayan malların üzərində MMC-nin hüququ olmamışdır. J ******* saylı CMR sənədi MMC-nin adına tərtib olunsa da, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında “Mucalov” şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında isə MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. İş materiallarına kserosurət olaraq əlavə olunmuş sənədə əsasən cavabdehin CAME-ə 201638,68 avro borcunun olması qeyd olunmuş, eyni zamanda həmin borcun ödənilməsi ilə bağlı yeni ödəniş cədvəli tərtib edilmişdir. Həmin sənəd tərəflərin imza və möhürləri ilə təsdiq olunmuş, lakin həmin sənədin əslinin təqdim olunmasının təklif edilməsinə baxmayaraq iddiaçı tərəf sənədin əslini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı istinad etdiyi iddiaçı şirkətin nümayəndəsi ilə MMC-nin qanuni təmsilçisi Cavabdeh3 arasında e-mail yazışmalarının olması, həmin yazışmalarla sonuncunun borcla bağlı etirafı və ödəmə ilə bağlı razılaşma əldə olunmasına cəhd etməsinin təsdiq olunduğunu bildirsə də, qeyd olunan e-mail yazışmaları hazırki mübahisənin həlli üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki e-mail yazışmaları yalnız onun tərəfindən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verdiyi hallarda (elektron imza, möhür olmaqla təsdiq edildiyi) sübut kimi qəbul oluna bilər. Əlavə edilən Gömrük sənədi İtaliyadan çıxan mal üçün hazırlanmış, məbləği və iddia rəqəmləri müxtəlif olmaqla, malların sadəcə ixracat sənədidir. Malların ixracatı Cavabdeh2 MMC adına yanlış olaraq göstərilsə də, Avropa şirkətlərinin 18% ƏDV-dən yayınması üçün vacib ola bilər, lakin onların həqiqətən Azərbaycana nəqli və həmçinin tərəflərindən qəbul edilməsi demək deyildir. Belə bir sənəd olmadığından, da bir daha sübut edir ki, iddiaçı şirkətə borcu yoxdur. Üçüncü şəxs “X9” şirkətinin nümayəndəsi bildirir ki, hazırki mübahisə ilə bağlı olan yüklərin daşınması və ya o yüklərin “Mucalov” şirkətindən alınması ilə bağlı hər hansı sənədlər mövcud deyildir. Lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilə bilməz. İlk olaraq kollegiya qeyd edir ki, hazırki işə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilib-edilməməsi məsələsi aydınlaşdırılmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi xx xxxxxx 2015-ci il tarixli müqavilənin 14.1-ci bəndinə görə satışın ümumi şərtlərinə müvafiq olaraq bağlanmış satış müqavilələri italyan qanunvericiliyin normalarına müvafiq olaraq tənzimlənir və şərh edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir. Həmin müqavilənin 14.2-ci bəndində isə göstərilmişdir ki, yuxarıda sadalanan şərtlərlə bağlı bütün mübahisə və fikir ayrılıqdan İtaliya, Trevizo şəhəri Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq, istənilən halda Şirkət, Müştərini sonuncunun hüquqi ünvanının olduğu ölkənin Məhkəməsinə çağırmaq hüququnu qoruyub saxlayır. Bununla bağlı hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin sonuncu, yəni xx.xx.2020-ci il tarixli 2-2(102)-270/2020 saylı qərarında göstərilmişdir ki, doğurdan da tərəflər arasında bağlanmış 2015-ci il 1 yanvar tarixli Ümumi alqı-satqı şərtlərinin 14-cü bəndində bu şərtlərə uyğun olaraq bağlanmış alqı-satqı müqavilələrinin İtaliya qanunvericiliyi normalarına uyğun tənzimlənməsinin və təfsirinin olunması, bu zaman hər hansı digər qanunvericiliyin tətbiqinin istisna olması nəzərdə tutulmuşdur. Bununla belə həmin məhkəmədə (işin ikinci apellyasiya baxışı zamanı) işə baxılarkən İtaliya mülki qanunvericiliyinin əldə olunması ilə bağlı hərəkətlər edilmiş, İtaliyanın Azərbaycan Respublikasındakı səfirliyinə də Rus və Azərbaycan dillərində İtaliya Respublikasının Mülki Məcəlləsinin Səfirliyin kitabxanasında mövcud olduğu halda bu məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu da göndərilmişdir. Həmin Səfirliyin 2020-ci il 6 mart tarixli apellyasiya instansiya məhkəməsinə daxil olmuş cavab məktubunda adı çəkilən Məcəllənin 2000-ci ildə yenilənmiş nüsxəsinin bu səfirlikdə hələ mövcud olmadığı, lakin həmin Məcəllənin məktubda göstərilən link vasitəsilə ingilis dilində dərhal tanış ola bilinməsi göstərilmiş, onun kitab nüsxəsinin Səfirliyə daxil olan təqdirdə bu məhkəməyə göndərilməsi bildirilmişdir. Bundan başqa, məhkəmə iclasının 2020-ci il 25 fevral tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının vəkili (Fuad Qəşəmov) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad edərək İtaliya qanunvericiliyinin tətbiqinin əlavə xərc tələb etdiyindən həmin Qanunun bu maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinə istinad edilməsi bildirilmişdir (2-ci cild i.v 176). Həmin məhkəmənin 2020-ci il 10 mart tarixli məhkəmə iclas protokolunda isə o da görünür ki, həm iddiaçının vəkili (F.Qəşəmov), həm cavabdehin nümayəndəsi (Cavabdeh3) hazırki işə ölkə qanunvericiliyi ilə baxılmasını xahiş etmişlər (2ci cild i.v 184). Beləliklə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki iş üzrə tərəflərin ifadə etdikləri razılığa əsasən apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının qanununu tətbiq etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsası kimi məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin göndərmə müqaviləsi üzrə münasibətləri tənzimləyən 4-cü fəslinin müddəalarına istinad olunmalıdır. Mülki Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. Həmin Məcəllənin 630.2-ci maddəsinə görə göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. İddiaçının təqdim etdiyi xx xxxxxx 2015-ci il tarixli müqavilənin 1.1-ci bəndinə görə bu sənəd birbaşa müştərilər üçün nəzərdə tutulub (bundan sonra İddiaçı. (bundan sonra «CAME») şirkətinin «Müştərilər»); - 1.2-ci bəndinə görə sənədin məqsədi CAME/Şirkət ilə hər bir Müştəri arasında bağlanmış bütün alqı-satqı müqavilələrini (CAME/Şirkət tərəfindən yerinə yetirilən montaj işləri istisna olmaqla) tənzimləyəcək müddəaları (bundan sonra «Ümumi satış şərtləri») müəyyən etməkdən ibarətdir. - 1.3-cü bəndinə görə ümumi satış şərtləri ilə tənzimlənən satış müqavilələri “Came”, “BPT” və “Domino Led” markalı mallara aid olacaq. - 3.1-ci bəndinə görə MM 1329-cu maddəsinə müvafiq olaraq Müştərilər tərəfindən imzalanmış və CAME Şirkəti üçün nəzərdə tutulmuş alış sifarişləri CAME şirkəti onları aldığı tarixdən etibarən 30 (otuz) gün ərzində sabit və geriçəkilməz təklifləri ifadə edir. - 3.2-ci bəndinə görə satış müqaviləsi aşağıdakı hallardan sonra bağlanmış hesab edilir: a) Şirkətin alış sifarişini təsdiq etməsi; b) Şirkətin alış sifarişini yerinə yetirməsi. Qeyd olunan maddi hüquq normalarının tələblərini və iddiaçının təqdim etdiyi müqavilənin şərtlərini nəzərə alaraq kollegiya qeyd edir ki, iddianın əsaslı hesab edilməsi üçün iddiaçı aşağıdakı halları sübut etməlidir:

1. cavabdeh tərəfindən həmin müqavilə üzrə malların göndərilməsi barədə sifariş verilmiş;

2. iddiaçı sifarişi təsdiq etmiş və yerinə yetirmişdir. Lakin iddiaçı qeyd olunan halların təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, birinci halın, yəni cavabdehin həmin müqavilə üzrə malların göndərilməsi barədə sifariş verilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Digər halların təsdiqi barədə iddiaçı tərəfindən təqdim edilən sübutlar isə qeyrimötəbər sübutlardır. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi bütün yazılı sənədlər (pretenziya məktubu istisna olunmaqla) kserosurətlərdən ibarətdir. Həmçinin xx xxxxxx 2015-ci il tarixli müqavilənin 4.1-ci bəndinə görə malların çatdırılması onların istehsal yerində, yəni “İddiaçı” Şirkətinin hüquqi ünvanında həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə görə mallar X10–də franko-zavod şərtlərində (İnkoterms 2010) təchiz edildikdə mallara görə məsuliyyətin ötürülməsi malların Şirkət ilə həmçinin, onların daşınmasına görə xərcləri öz üzərinə götürən müştəriyə çatdırılması anında baş verir. Həmin müqavilənin 4.3-cü bəndinə görə Şirkət, müştərinin tapşırığı ilə və onun adından daşınma yolunu və həmçinin daşıyıcını müəyyən edir. Göründüyü kimi müqavilədə xüsusi şərt, yəni malların məhz onların istehsal yerində, yəni “İddiaçı” Şirkətinin hüquqi ünvanında və məhz müştəri olan Cavabdeh2 MMC-nin tapşırığı ilə onun adından müəyyən olunan daşıyıcıya verilməsi yolu ilə çatdırılması razılaşdırılmışdır. İddiaçı bildirir ki, Cavabdeh2 MMC-yə daşıma xidmətləri Azərbaycanda fəaliyyət göstərən “ASE (X8)” şirkəti tərəfindən həyata keçirilmişdir. Şirkətə məxsus mallar “Mucalov” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə “ASE (X8)” şirkətinin göstərişi əsasında yüklənmişdir. Cavabdeh həmin hallara etiraz edir və bildirir ki, onun ümumiyyətlə “Mucalov” və “ASE (X8)” şirkətləri ilə hər hansı bir daşıma müqaviləsi mövcud deyildir. Göründüyü kimi qeyd olunan hallarla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Yəni iddiaçı “İddiaçı” Şirkəti sübut etməlidir ki, “Mucalov” və “ASE (X8)” şirkətləri məhz Cavabdeh2 MMC-nin tapşırığı ilə onun adından malları daşıyan şirkətlərdir və iddiaçı “İddiaçı” Şirkəti də məhz bu əsasla malları “Mucalov” şirkətinə təhvil vermişdir. Qeyd olunanlarla bağlı iddiaçı J2396908 saylı CMR yük sənədinin kserosurətinə istinad etmişdir. İlk olaraq kollegiya qeyd edir ki, həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyinə görə Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa həmin yük sənədinə əsasən “İddiaçı” Şirkətinin, “Mucalov” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə malları yükləməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin Cavabdeh2 MMC-nin “X8” şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC-nin “X8” şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 12 mart qanunu ilə təsdiq edilmiş 1975-ci il noyabrın 14-də Cenevrədə qəbul edilmiş “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 1-ci maddəsinə görə bu konvensiya nəqliyyat vasitələri ilə yüklərin daşınmasına o halda tətbiq olunur ki, müqavilədə nəzərdə tutulmuş yükün qəbul ediləcəyi və yükün təhvil veriləcəyi yer iki müxtəlif ölkədə yerləşir, tərəflərdən heç olmasa biri yerləşdiyi yerdən və milliyyətindən asılı olmayaraq bu konvensiyanın iştirakçısıdır. Konvensiyanın 3-cü maddəsinə görə daşıyıcı öz fəaliyyəti ilə itirmələri ilə yanaşı, yükün daşınması üçün cəlb etdiyi agentləri, xidmətçiləri və digər şəxslərin fəaliyyəti və itirmələrinə cavabdehlik daşıyır. Adı çəkilən Konvensiyanın: -4-cü maddəsinə görə yük daşıma qaimə (CMR) tərtibi ilə təsdiq olunur. -5-ci maddəsinə görə гaimə 3 nüsxədə tərtib olunur, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. -9-cu maddəsinə görə qaimə yükün daşınması müqaviləsinin, müqavilə şərtlərinin və yükün daşıyıcı tərəfindən qəbul edilməsini təsdiq edir. -11.1-ci maddəsinə görə yükün qəbulediciyə çatdırılana qədər gömrük və digər rəsmiləşmələrlə bağlı yükgöndərən qaiməyə lazımı sənədləri əlavə etməli və daşıyıcıya təqdim etməlidir. -11.2-ci maddəyə əsasən daşıyıcı bu sənədlərin tamlığını və ya düzgünlüyünü yoxlamağa məcbur deyil. Yükgöndərən bu sənədlərin olmaması, natamam olması və ya düzgün olmaması ilə bağlı yaranmış itkilərə görə daşıyıcı qarşısında bir şərtlə məsuliyyət daşıyır ki, bu daşıyıcının günahı üzündən baş verməsin. Beləliklə, sadalanan normalardan görünür ki, beynəlxalq yük daşımalarında beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi CMR tərtib olunur, həmin qaimə-yükü müşayiət edir, qaimədə yüklə bağlı məlumatlar (yükün adı, miqdarı, qablaşdırılması, çatdırılma müddəti, və s) öz əksini tapır. CMR-in tərtib olunması, doldurulması hər iki tərəfin, yəni yükgöndərən və ya daşıyıcının məsuliyyət dairəsinə aiddir. Yükgöndərən göndərdiyi mallarla bağlı məlumatı əmtəə-nəqliyyat qaiməsinə daxil etməli, daşıyıcı əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşınma üçün qəbul etməməli, yükü alan isə əmtəə nəqliyyat qaiməsinə əsasən təqdim olunmuş malların uyğunluğunu yoxlayaraq onları qəbul etməsini və ya malların zədələnməsi, korlanması ilə bağlı etirazı varsa bu qeydlərini etməklə öz imzası və möhürü ilə təsdiq etməlidir. Lakin iddiaçının təqdim etdiyi J2396908 saylı CMR sənədi Cavabdeh2 MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında iddiaçı şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında “Mucalov” şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında Cavabdeh2 MMCnin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, həmin CMR sənədi iddia edilən malların cavabdeh üçün daşınması və sonuncu tərəfindən qəbul edilməsini təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası “X9” şirkətinin nümayəndəsi X2 verdiyi izahatı iddia edilən malların cavabdehə təqdim edilməsini təsdiqləyən sübut qismində qəbul etmir. Belə ki, malların təhvil verilməsi müvafiq daşıma sənədləri ilə təsdiqlənmir. Nümayəndənin izahatı da hər hansı sənədə deyil, onun şəxsi mühakiməsinə əsaslanmışdır; əks halda, A.Sadıxov öz izahatında “... lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir” fikrini ifadə etməzdi. Eyni zamanda iş materiallarında Cavabdeh2 MMC ilə “Mucalov” şirkəti və “ASE (X8)” şirkəti arasında daşıma müqaviləsi bağlaması və onlar arasında daşıma münasibətlərinin olmasına dair hər hansı sübut da mövcud deyildir. İddiaçının tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli təkrar ödəmə planına istinad etməsi də əsassızdır. Belə ki, həmin sənədin də əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyinə görə Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının apellyasiya baxışında təqdim etdiyi e-mail yazışmaları da sübut kimi qəbul edilə bilməz. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 371-ci maddəsində isə təsbit olunmuşdur ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçının nümayəndəsi həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Cavabdehin birinci instansiya məhkəməsində iştirak etməməsi və bu səbəbə görə təqdim edilmiş sübutların kifayət etməsi ilə bağlı iddiaçının nümayəndəsinin izahatı isə Mülki Prosessual Məcəllənin 371-ci maddəsində göstərilən qeyri-mümkünlük hallarına aid edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 371-ci maddələrində təsbit olunan müddəalar çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Sübut etməni tərəflər bir qayda olaraq birinci instansiya məhkəməsində həyata keçirməlidirlər. Apellyasiya icraatı zamanı verilmiş yeni tələbə dair sübutlar istisna olmaqla apellyasiya instansiyası məhkəməsində yeni sübutlar o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Qanunvericiliyin göstərilən normaları bütün tərəflərə eyni dərəcədə şamil edilir. Sözsüz ki, hər hansı tərəfin aşkar hüquqi savadsızlığı və ya prosesdə açıq əlverişsiz vəziyyəti bu qaydadan istisnaya əsas verə bilər, lakin birinci instansiya məhkəməsində hüquqi yardımdan istifadə etmiş (vəkillə və ya peşəkar hüquqşünasla təmsil olunmuş) tərəflərə münasibətdə belə istisna yolverilməzdir. Digər tərəfdən prosessual qanunvericiliyin mənasına görə tərəf birinci instansiya məhkəməsində iddia qaldıranadək kimdən, nəyi və nəyin əsasında tələb etmək istədiyini müəyyən etməli, bütün bunları öz ərizəsində əsaslandırmalı, öz sübutlarını və ya sübut qismində araşdırılmasını arzuladığı faktlar barədə məlumatları iddia ərizəsinə əlavə etməlidir. Eyni zamanda tərəf məhkəmə baxışında ortaya çıxmış, ona sonradan məlum olmuş və ya sonradan əldə etdiyi sübutlarını da birinci instansiya məhkəməsinə təqdim etməyə, habelə zərurət yarandığı hallarda iddia tələbinin həcmini azaltmağa və ya artırmağa borcludur. Lakin tərəflər bu hüquqlarından qanuna uyğun şəkildə və vicdanla istifadə etməli, məhkəmə prosesinin əsassız şəkildə, qeyri-müəyyən müddətə uzanmasına səbəb olan hərəkətlərə yol verməməlidirlər. Bu mənada tərəfin iddia ərizəsini məhkəməyə təqdim edərkən artıq malik olduğu sübutları uzun müddət davam etmiş məhkəmə baxışında təqdim etməməsi həmin sübutların birinci instansiya məhkəməsinə üzrlü səbəblərdən təqdim edilməməsi kimi qiymətləndirilə və apellyasiya icraatında qəbul edilə bilməz. Belə bir vəziyyət çəkişmə prinsipi əsasında həyata keçirilən mülki prosesin müəyyənliyini şübhə altına almaqla yanaşı, həmçinin digər tərəflər üçün qanuna zidd əlverişsiz şəraitin yaranması ilə nəticələnə bilər. Qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə icraatı qaydalarını dəyişdirmək, tərəfləri ədalətli məhkəmə araşdırılması hüququndan və ya məhkəmə müdafiə təminatlarından məhrum etmək, məhkəmələrin ədalət mühakiməsini həyata keçirmək təyinatını məhz qanun əsasında həyata keçirməsini şübhə altına qoymaq hüququ yoxdur. Məhkəmələr hər kəsin işinin qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının qaydaları üzrə lazımınca həll olunması hüququna hörmətlə yanaşmalıdırlar. Bu qaydalar mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində bir-biri ilə bağlı və asılıdır. Həmin qaydaların bir məhkəmədə pozulması digər məhkəmələrdə tərəflərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Tərəflərdən hər biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçını apellyasiya baxışında təqdim etdiyi email yazışmalarının sübut kimi qəbul edilməsi prosessual normaların tələblərinə ziddir. Cavabdeh də həmin e-mail yazışmalarına etiraz edir və onun tərəfindən həmin məzmunda elektron məktubların yazılmadığını bildirir. Bununla yanaşı həmin e-mail yazışmaları ilə bağlı hazırki iş üzrə Ali Məhkəmənin sonuncu qərarında göstərişlər qeyd olunmuşdur. Həmin göstərişlər məhkəmə iclasında müzakirə olunaraq, iddiaçının vəsatəti və cavabdehin razılığı ilə elektron yazışmaların (e-mail) eyniləşdirilməsinin aparılması və həqiqiliyinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmişdir. Sonuncu tərəfindən isə xx.xx.2021-ci il tarixli 1-3-12/1918-21 saylı məktubla bildirilmişdir ki, məktubda qeyd olunan məlumatlar üzrə eyniləşdirilmənin aparılması və həqiqiliyinin müəyyən edilməsi texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını tələb edir. Bu işlər “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının 1-ci hissəsinin üçüncü abzasında göstərilən əməliyyat-axtarış subyektləri tərəfindən həyata keçirilir. Bundan başqa cavabdehin vəsatəti və iddiaçının razılığı ilə 2014-2015-ci illərdə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqlara dair gömrük bəyannamələrinin (həmçinin digər gömrük rəsmiləşdirmə sənədləri və s.) olub-olmaması barədə məlumatları, həmin sənədlər olduğu təqdirdə, həmin gömrük bəyannamələrdə olan mal və avadanlıqların dəyərinin ödənilibödənilməməsi barədə məlumatları, o cümlədən gömrük bəyannamələrinin təsdiq olunmuş surətlərini, həmçinin iş materiallarında olan gömrük bəyannaməsində göstərilən mal və avadanlıqların dəyərinin ödənilib-ödənilməməsi barədə məlumatları, həmin gömrük bəyannaməsində göstərilən malların eksport edilməsinin hansı müqavilə əsasında hazırlanması barədə məlumatları, habelə həmin gömrük bəyannaməsində olan malların Cavabdeh2 MMC adına Azərbaycan Respublikasına 2015-2016-cı illərdə giriş qeydiyyatının olub-olmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq xx.xx.2021-ci il tarixli 1000-170/1xx-xx/004552 saylı məktubla bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında 2014-2015-ci illər ərzində Cavabdeh2 MMC (VÖEN: **********) tərəfindən “İddiaçı.” şirkətindən hər hansı malın idxalı haqqında məlumat yoxdur. Həmçinin Cavabdeh2 MMC tərəfindən 2015-2020-ci illər və cari ilin ilk 2 ayı ərzində “İddiaçı.” şirkətindən XİF MM kodu 83026000 olan, brutto çəkisi 14109.473 kq olan malın (məktuba əlavə olunmuş bəyannamənin rekvizitlərinə uyğun olaraq) idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur. Göründüyü kimi iddiaçının qeyd etdiyi mallar, ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi elektron yazışmalarının (e-mail) həqiqiliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaya lüzum yoxdur. Çünki həmin yazışmalarda malların cavabdehə təhvil verildiyi və onun anbarında yerləşməsi barədə məlumatlar qeyd olunmuşdur. Lakin iddiaçının qeyd etdiyi malların (xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqların) Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən əsas və birbaşa sübut gömrük bəyannaməsi olardı. İddiaçının təqdim etdiyi elektron yazışmaları (e-mail) isə öz həqiqiliyi təsdiqini tapsaydı dolayı sübut qismində qəbul edilə bilərdi. Lakin yuxarıda qeyd olunanlara və ən əsası Dövlət Gömrük Komitəsinin məhkəmənin verdiyi sorğuya cavabına əsasən müəyyən olundu ki, Komitənin məlumat bazasında 2014-2015-ci illər ərzində Cavabdeh2 MMC tərəfindən “İddiaçı.” şirkətindən hər hansı malın idxalı haqqında məlumat mövcud deyildir. Bundan başqa həmin elektron yazışmalarda borcun mövcud olması qeyd edilsə də, həmin borcun hansı malların, ən əsası isə iddiaçının xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqların alınmasına görə yaranması qeyd olunmamışdır. İddiaçının xx.xx.2015-ci il tarixli müqavilənin 4.2-ci bəndinə (X10–də franko-zavod şərtləri, İnkoterms 2010) istinad edilməsi də əsaslı hesab edilmir. Çünki yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən malların sifariş verilməsi, onun tapşırığı ilə və onun adından daşınma yolunu və daşıyıcının seçilməsi, cavabdehlə “Mucalov” şirkəti və “ASE (X8)” şirkəti arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərinin olması öz təsdiqini tapmamışdır. Hazırkı iş üzrə Ali Məhkəmənin sonuncu qərarında “Mucalov” şirkəti ilə bağlı əks olunan göstərişlərə dair kollegiya qeyd edir ki, iddiaçı “İddiaçı.” şirkəti özünün və ya Cavabdeh2 MMC-nin “Mucalov” şirkəti arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərin olmasına və “Mucalov” şirkətinin hazırki mübahisəyə aidiyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Təqdim etdiyi J2396908 saylı CMR yük sənədi isə kserosurət olduğuna görə sübut hesab edilmir. Belə olan halda məhkəmə tərəfindən “Mucalov” şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi və mübahisəyə münasibətinin öyrənilməsi ilə bağlı məhkəmə tapşırığının göndərilməsi bir növ məhkəmə tərəfindən sübut toplanması, obyektiv həqiqətin müəyyənləşdirilməsi və mülki prosesə aid olan çəkişmə, tərəflərin bərabərliyi və formal həqiqət prinsiplərinin pozulması anlamına gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası ilə Xorvatiya arasında mülki işlər üzrə hüquqi yardım haqqında ikitərəfli müqavilə bağlanılmamış, həmçinin Azərbaycan Respublikası x xxxx 1954-cü il tarixdə Haaqada qəbul edilmiş “Mülki Proses Üzrə Konvensiya”ya qoşulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, Xorvatiyada qeydiyyata alınan və Azərbaycan Respublikasında fəaliyyət göstərməyən “Mucalov” şirkətinin hazırki mübahisə ilə bağlı mövqeyinin öyrənilməsi və onu üçüncü şəxs qismində cəlb edilməsi üçün məhkəmə tapşırığının göndərilməsinə həm zərurət yoxdur, həm də bunun həyata keçirilməsi qeyrimümkündür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə mal və avadanlıqların cavabdehin sifarişi əsasında sonuncuya göndərilməsi və çatdırılması halları sübut olunmadığına görə iddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən ödəniş tələb etməsi əsassızdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməli və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçının çəkdiyi məhkəmə xərcləri onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)564/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh2 MMC-yə qarşı cavabdehdən 185001,41 avro məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Emin Mehdiyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar