Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-89/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “X1” LLC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” ilkin və "xxxx" MMC-nin “X1” LLC qarşı razılaşma hesabatının və razılaşmanın etibarsızlığı tələbinə dair qarşılıqlı - iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2020 saylı 14.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “X1” LLC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 480.100,00 ABŞ dolları məbləğində əsas öhdəliyin, 125.000,00 ABŞ dolları məbləğində çəkilmiş xərcin və 96.749,00 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğinin, ümumilikdə 701 849 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, zaminin cavabdehin ümumi öhdəliklərinə zamin hesab edildiyi 125.000,00 ABŞ dolları məbləğində pulun zamin və cavabdehdən birgə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə “X1” LLC arasında bağlanmış 24.08.2018-ci il tarixli Razılaşma Hesabatının qismən, yəni "xxxx" MMC tərəfindən 150000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, "xxxx" MMC ilə “X1” LLC arasında bağlanmış 24.08.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2020 saylı 14.10.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 480.100,00 ABŞ dolları məbləğində əsas borc, 24.005,00 ABŞ dolları faiz, cəmi 504105 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,54 manat məbləğində pul tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilməsi, 480.100,00 ABŞ dolları məbləğində olan əsas borcdan cavabdeh "xxxx" MMC tərəfindən 300.000,00 ABŞ dolları məbləğində pul ödənilənədək, əsas borcun 125000 ABŞ dolları məbləğində olan hissəsinin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 birgə tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilməsi qət edilmiş, Hazarbalıq” MMC-nin qarşılıqlı iddiası isə rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində fevral 2017-ci ildən iyun 2018-ci ilədək 150.000,00 ABŞ dolları bank köçürməsi, 391.000,00 ABŞ dolları nağd olmaqla 541.000 ABŞ dlolları məbləğində pul vəsaiti verildiyini iddia edilir. "xxxx" MMC LLC-dən 391.000,00 ABŞ dolları məbləğində nağd pul və ya mal almamış, bu barədə heç bir sənəd mövcud deyil. Tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas tərəflər arasında bağlanmış 18 fevral 2017-ci il və 14 mart 2018-ci il tarixli beynəlxalq müqavilələr olmuşdur. Həmin müqavilələrin 2.4-cü bəndinə əsasən məhsulun hər partiyasına görə ödəniş alıcı tərəfindən invoys alındıqdan sonra 5 iş günü ərzində pul vəsaitlərinin satıcının bank hesabına köçürülməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirilir. Göründüyü kimi, müqavilələrdə pul vəsaitlərinin nağd nağd qaydada verilməsini nəzərdə tutan hər hansı bir şərt müəyənləşdirilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 27.05.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydaların 2.1.2-ci bəndində nağd şəkildə ödənişlərə olan tələblər sadalanmışdır. Mübahisələndirilən razılaşma hesabatının əsasını təşkil edən nağd pul vəsaitinin və malın alınmasını təsdiq edən hallar mövcud olmamışdır. Müqavilələrdə də nağd qaydada pulun verilməsi şərtləndirilməmiş, iddiaçının adından kim tərəfindən təqdim edilməsi, ölkəyə gətirilməsi, gömrük orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində Cəmiyyətin kassasına mədaxil edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də nağd pul və vəsaitinin və malın alınmasını təsdiq edən halların mövcud olmadığına baxmayaraq, razılaşma hesabatını imzalayan zaman "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olmuş X2 diqqətsizliyə yol vermiş, bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət edərək, imzaladığı razılaşma hesabatının məzmunu barəsində səhv etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli 2- 2(103)-391/2021 saylı qətnaməsi ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1132/2020 saylı 2020-ci il 14 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-2(102)- 426/2021 saylı qərarı ilə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli 2-2(103)- 391/2021 saylı qətnaməsi ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq, apelyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - 2018-ci il 24 avqust tarixli MMC və LLC arasında "xxxx"nda göstərilmişdir ki, MMC tərəfindən 2017-ci il fevral - 2018-ci il may aylarını əhatə edən dövrdə ümumilikdə 541.000 ABŞ dolları məbləğində pul vəsaitləri və inventar alınmış, 2018-ci ilin aprel-iyul aylarını əhatə edən dövrdə isə ümumilikdə 60.900 ABŞ dolları məbləğində vəsaitlər qaytarılmışdır. MMC-nin 2018-ci il 24 avqust tarixə ümumi borcu 480.100 ABŞ dolları təşkil etmişdir. - 2018-ci il 24 avqust tarixli (imzalanmış), 23/18 nömrəli razılaşmaya əsasən borclu MMC şirkətlər arasında imzalanmış 2018-ci il 24 avqust tarixli yekun aktına əsasən və əvvəlki razılaşmalar çərçivəsində aldığı mal-maddi və pul-kredit vəsaitlərinə görə kreditora LLC-yə bu razılaşmanın imzalandığı günə 480.100 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edir, borclu 2018-ci il oktyabr-dekabr, 2019-cu ilin yanvar ayında hər ay 120.025 ABŞ dolları olmaqla ödəməyi öz öhdəsinə götürür, razılaşmanın şərtləri borclu tərəfindən pozulduğu halda kreditor qarşılıqlı kredit münasibətlərinin başlandığı andan çəkdiyi xərclərin əvəzi olaraq əlavə 125.000 ABŞ dollarından 60.000 ABŞ dolları əlavə olaraq borcludan tələb etmək hüququna malikdir. - 2/08 nömrəli, 2018-ci il 24 avqust tarixli zaminlik müqаviləsinə əsasən Cavabdeh1 (bundan sonra – Cavabdeh1) MMC-nin kreditorla (LLC şirkəti) bağladığı 2018-ci il 24 avqust tarixli, 23/18 nömrəli razılaşmaya uyğun olaraq üzərinə götürdüyü borcun qaytarılması üzrə öhdəliklərin bir qisminin icrasına görə kreditor qarşısında cavabdeh qismində çıxış etməyi öz üzərinə götürür. Məsuliyyət məbləği 125.000 ABŞ dolları təşkil edir və bu məsuliyyət borclu tərəfindən kreditora 300.000 ABŞ dolları ödənildiyi zamandan bitmiş sayılır. Kollegiya ilk öncə qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini “cavabdehdən 480.100,00 ABŞ dolları məbləğində əsas öhdəliyin, 125.000,00 ABŞ dolları məbləğində çəkilmiş xərcin və 96.749,00 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğinin, ümumilikdə 701849 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, zaminin cavabdehin ümumi öhdəliklərinə zamin hesab edildiyi 125.000,00 ABŞ dolları məbləğində pulun zamin və cavabdehdən birgə tutulması” tələbinə dair mübahisə təşkil edir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin edərkən ona əsaslanmışdır ki, "xxxx" MMC ilə “X1” LLC arasında qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış, 24.08.2018-ci il tarixdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən cavabdeh Hazarbalıq” MMC-nin iddiaçıya 480 100 ABŞ dolları məbləğində borcun olması təsdiq edilmiş və həmin tarixdə bağlanmış razılaşmaya əsasən həmin borcun ödənilməsinin qaydası tərəflər arasında razılaşdırılmış, Cavabdeh1 isə həmin öhdəliyin bir hissə ilə bağlı zamin duraraq müvafiq müqaviləni imzalamışdır. Göründüyü kimi Hazarbalıq” MMC iddiaçı “X1” LLC qarşısında 480 100 ABŞ dolları məbləğində əsas borcun olması, Cavabdeh1 isə iddiaçının qarşısında 125000 ABŞ dolları məbləğə münasibətdə zamin durması məhkəmədə öz təsdiqini tapmışdır. …” Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. AR Mülki Məcəlləsinin 389.1-ci maddəsində müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Kassasiya instansiyası öz qərarında, həmin "xxxx"nın forma baxımından olmasa da, məzmun və onun icrası prosesi baxımından Azərbaycan Respublikası qanunvericiliyinə uyğunluğunun dəyərləndirilməsinə dair göstəriş vermişdir. AR MPM-nin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 2018-ci il 24 avqust tarixli MMC-nin LLC-yə 480.100 ABŞ dolları borcunun olduğunu nəzərdə tutan Razılaşma, eyni tarixli "xxxx"nın əsasında bağlanmışdır. Həmin hesabata əsasən LLC tərəfindən MMC-yə 2017-ci ilin fevral ayında 100.000 ABŞ dolları, 2018-ci ilin mart ayında isə 50.000 ABŞ dolları müqaviləyə əsasən bank köçürməsi yerinə yetirilmiş, 2018-ci ilin fevral ayında 41.000 ABŞ dolları məbləğində mal, eyni zamanda 2018-ci ilin mart ayında 2 dəfə ayrıayrılıqda 100.000 ABŞ dolları, 2018-ci ilin may ayında isə ayrı-ayrılıqda 40.000 ABŞ dolları və 60.000 ABŞ dolları nağd pul vəsaitləri verilmişdir. Göründüyü kimi iddiacı 150000 ABŞ dolları məbləğində vəsaitin bank köcürməsi, 391.000 ABŞ dolları məbləğində isə nağd qaydada olmaqla, ümumilikdə cavabdehə 541.000 ABŞ dolları məbləğinddə pul vəsaitinin verildiyini iddia edir. İlkin iddia üzrə cavabdeh, yalnız iddiaçı tərəfindən 2017-ci ilin fevral və 2018-ci ilin mart ayında 150 000 manat pulun onların bank hesablarına köcürüldüyünü, öhdəliyinin bir hissəsini yerinə qetirdiyini, hazırda iddiaçıya 89.600 manat borcları olduğunu etiraf edərək, ilkin iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə 391.000 ABŞ dolları dəyərində nağd pul vəsaiti və ya mal verilmədiyini bildirmişlər. Eyni zamanda, kollegiyanın iclasında dindirilmiş X2 ifadəsində bildirmişdir ki, “2018 aprel-oktyabr aylarında direktor vəzifəsində işləmişəm. Mal mübadiləsi üzrə məndən əvvəl müqavilə bağlanıb. Müqavilə əsasında bank hesabına pul mədaxil olub, qarşılığında mal göndərilib. O zaman direktor olaraq, 3 təşkilatda rəhbər vəzifələrdə çaışırdım. Həftədə 1-2 dəfə yığılmış sənədlərə qol çəkmək üçün gedirdim. Bu sənəd də toplu mühasibatlıq sənədlərinin içərisində olub. Belə sənədlər adətən mühasibatlıqlar tərəfindən razılaşdırılmış olduğu üçün, yoxlamadan imza atmışam. Mühasibat sənədi gələndə yoxlamaq öhdəliyim yoxdur, təsdiq edirəm sadəcə. Sonradan bəlli oldu ki, bu sənəd reallığı əks etdirmir, ehtiyatsızlıqdan olub. Sonrakı razılaşmadan və zaminlik müqaviləsindən mənim xəbərim olmayıb. Mənə nağd pul verilməyib, MMC-yə verilməsindən də xəbərim yoxdur. Bank köçürmələrindən başqa ödənişlər barədə məlumat və ya sübut yoxdur.” “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, qeyri-rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və çıxarmaq hüququna malikdirlər. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqandır. Azərbaycan Respublikası Mərkəzi Bankı bu Qanuna müvafiq olaraq valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər (2.1, 2.3-cü bəndləri) Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 8 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən, Rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir. İdxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır. Valyuta əməliyyatını təsdiq edən gömrük bəyannaməsi elektron formada tərtib edildikdə, sənədə ödənişin tam və ya qismən həyata keçirilməsi barədə qeyd bankın məsul işçisi tərəfindən elektron formada daxil edilir (5.1, 5.2, 5.3-cü bəndləri). Sadalanan normaların məzmunundan aydın olur ki, rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən xarici valyuta Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi yalnız, müəyyən prosedur çərçivəsində gömrük prosedurlarına əməl edilməklə mümkündür. Hazırkı halda, tərəflər arasında bağlanmış 2018-ci il tarixli "xxxx"nda LLC tərəfindən MMC-yə nağd qaydada ödənildiyi iddia edilən, ümumilikdə 350.000 ABŞ dollarının, habelə 41.000 ABŞ dolları dəyərində olan malın xarici hüquqi şəxs olan LLC tərəfindən Azərbaycan Respublikası ərazisinə qanunvericiliyinə əsasən müəyyən edilmiş prosedur qaydalarına uyğun şəkildə gətirilməsi iş materialları ilə müəyyən edilmir. Qeyd olunan məbləğdə pulun iddiaçının adından kimin tərəfindən nə vaxt və harada "xxxx" MMC-yə təqdim edilməsi də görünmür. Bundan əlavə, ilkin iddia tələbi üzrə iddiaçı iddia ərizəsindıə cavabdehlə onun arasında müxtəlif biznes münasibətlərinin: mal alqı-satqısı, borc, investisiya və sair münasibətlər olduğunu bildirsə də, hüquqi şəxslər olan tərəflər arasında borş, investisiya yatırımı və sair barədə müqavilə olduğu müəyyən edilməmişdir . Tərəflər arasında, yalnız 18.02.2017-ci il tarixli və 14.03.2018-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 2.4-cü bəndində məhsulun hər partyasına görə ödəniş Alıcı tərəfindən İnvoys alındıqdan sonra 5 iş günü ərzində pul vəsaitlərinin Satıcının bank hesabına köcürülməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirilməsi nəzərdə tutulduğu müəyyən olunur. Göründüyü kimi qeyd edilən müqavilələrdə pul vəsaitlərinin nağd qaydada verilməsini nəzərdə tutan hər hansı şərt nəzərdə tutulmamışdır. İşin yuxarıda sadalanan maddi hüquq normaları və işin faktiki halları onu deməyə əsas verir ki, “Razılaşma müqaviləsi” və "xxxx" forma baxımından mülki qanunvericilik norma və prinsiplərinə (müqavilə azadlığı, iradə sərbəstliyi, tərəflərin hüquq bərabərliyi və sair) prinsipləri) uyğun olca da, qeyd edilən əqd 391.000 ABŞ dolları məbləğində pulun verilməsi hissəsində məzmun və onun icrası prosesi baxımından qanunvericiliyə uyğun deyildir. Belə ki, valyuta siyasətini tənzimləyən qanunvericilik normalarından göründüyü kimi hazırkı halda pul vəsaitini təqdim etmiş LLC tələb edilən məbləğin 150.000 ABŞ dolları məbləğində hissəsi istisna olmaqla, qalan məbləğin köcürmə yolu ilə nağdsız və ya gömrük prosedurlarına əməl etməklə pul vəsaitinin nağd şəkildə və malın Azərbaycan Respublikasına gətirilməsini təsdiq edə bilmir. Beləliklə kollegiya hesab edir ki, 24.08.2018-ci il tarixli "xxxx"nda göstərilən 541 000 ABŞ dolları borcun, yalnız 150 000 ABŞ dolları (2017-ci ilin fevral ayında 100.000 ABŞ dolları, 2018-ci ilin mart ayında isə 50.000 ABŞ dolları məbləğində bank köçürməsi) məbləğində pul vəsaitinin cavabdehə verildiyi iş materialları ilə öz təsdiqini tapır. Digər qalıq 391 000 manat borcun reallığı - 2018-ci ilin fevral ayında 41.000 ABŞ dolları məbləğində malın verilməsi, eyni zamanda 2018-ci ilin mart ayında 2 dəfə ayrıayrılıqda 100.000 ABŞ dolları, 2018-ci ilin may ayında isə ayrı-ayrılıqda 40.000 ABŞ dolları və 60.000 ABŞ dolları miqdarında nağd pul ödənişlərinin edilməsi, isə məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, iddiaçı tərəfindən qeyd edilən halları sübut edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda işin hallarından və 24.08.2018-ci il tarixli razılaşma hesabatından görünür ki, 2018-ci ilin aprel-iyul aylarını əhatə edən dövr üzrə 60.900 ABŞ dolları (2018, aprel - 20 000 $, 2018, may – 8 600 $, 2018, iyun - 20 000 $, 2018, iyul – 12 300 $) məbləğində vəsait və mal "xxxx" MMC tərəfindən “X1” LLC-yə geri qaytarılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunan hazırki işin həqiqi hallarına əsasən, kollegiya bu nəticəyə gəlir ki, ilkin iddia tələbi üzrə ödənilməli olan 541 000 ABŞ dolları məbləğin, yalnız 150.000 ABŞ dolları miqdarı real borc olduğundan, həmin məbləğin isə 60.900 ABŞ dolları miqdarı cavabdeh tərəfindən ödənilmiş olduğundan, cavabdeh MMC-nin iddiaçı LLC qarşısında ödənilməli olan öhdəliyi 89.100 ABŞ dolları təşkil edir. AR MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun qərarının 2.4cü bəndi). Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 70. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. AR MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbinin 12,7%-i təmin edildiyindən, kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumunun 12,7%-i, yəni 3,81 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ilkin iddia tələbi üzrə cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1728/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, ilkin iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2020 saylı 14.10.2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 89.100 (səksən doqquz min yüz) ABŞ dolları və 3,81(üc tam yüzdə səksən bir) manat dövlət rüsumu tutularaq iddiaçı “X1” LLC-yə ödənilsin. Qalan hissədə ilkin iddia təmin olunmasın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aytən Oruczadə Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-2(103)-89/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-89/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver